525.Az

Azərbaycan təəssüratım


 

Azərbaycan təəssüratım<b style="color:red"></b>

Azərbaycanda Mədəni attaşe və Mədəniyyət mərkəzinin müdiri Əhməd Sami əl-Ayidinin dəvəti ilə Bakıya gəldim. Bu bizimlə dərin əlaqələrlə bağlı olan ölkənin mədəniyyəti və tarixi ilə tanış olmaq üçün bir fürsət idi. Hazırda əlaqələrin möhkəmləndirilməsi işi davam edir.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmilin ölkələrimizin müştərək ali komitəsinin yaxında Misirdə keçirilməsi qərara alınmış iclasının hazırlanmasına sərf etdiyi səylərin şahidi oldum. Bu iclasda müxtəlif sahələrə aid anlaşma protokolları və sazişlərinə imza atılacaq.

Mənim bu səfərim mədəniyyətlə bağlı qərarları hazırlayanlarla görüşməyimə də imkan yaratdı. Bu adamlar eyni zamanda yaradıcılıqda çəkisi olan ziyalılar və ədiblərdir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik  Kamal Abdulla ilə də görüşdüm. Onun ümumi rəhbərliyilə çalışan Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və 2016-cı il ölkədə “Multikulturalizm ili” kimi qeyd olunub. Akademik Kamal Abdulla təsdiq edir ki, Azərbaycan multikulturalizmin nadir nümunəsidir. Bu il münasibətilə Azərbaycanda mövcud olan multikulturalizmin mənası və əhəmiyyətini göstərmək üçün daxildə və xaricdə bir sıra tədbirlər keçirilib. Doktor Əhməd Saminin müşayiəti ilə bu mərkəzə gəlməyim münasibətilə Kamal Abdulla mənə Azərbaycanın ölməz dastanı “Kitabi Dədə-Qorqud”un bir nüsxəsini hədiyyə etdi. Həmin əsər 24-dən artıq dilə, o cümlədən, ərəb dilinə tərcümə olunub.

Səfərim ərzində Azərbaycan Tərcümə Mərkəzinin müdiri yazıçı Afaq Məsud ilə də görüşüm oldu. O mənə mərkəz haqqında, onun inkişafı və buraxdığı kitablar haqqında məlumat verdi. Həmçinin “Azərbaycan hekayələri” başlığı altında ərəb dilinə tərcümə olunmuş bir sıra yazıçıların əsərlərini ehtiva edən kitabın bu yaxınlarda çapdan çıxacağını qeyd etdi. Bu kitab Azərbaycandakı Tərcümə Mərkəzi və Misirdəki Milli Mərkəzin arasında əməkdaşlıq nəticəsində hazırlanmış, tərcüməsini isə doktor Əhməd Sami həyata keçirib.

Ziyarətim çox qısa - cəmi 5 gün olmasına baxmayaraq, mən “İnsanlar dünyası” kitabının ərəbcəyə tərcüməsini oxuduğum üçün onun müəllifi doktor Vaqif Sultanlı ilə görüşmək istədim. O, böyük yaradıcılıq təcrübəsinə malikdir, BDU-nin Filologiya fakültəsinin professorudur. Onun romanı Azərbaycan xalqının istiqlaliyyət və azadlıq uğrunda mübarizəsini təsvir edir.

Şairə Sona Vəliyeva milli hissləri və ərəbcəyə diqqət çəkən münasibəti ilə maraq doğurur. Onun ərəb dünyasında baş verən bütün hadisələrdən xəbərdar olduğu aşkarlandı.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla tanış olmaq xoşbəxtliyi də mənə nəsib oldu. O, yüksək mədəniyyətə malik bir insandır, bizə Birliyin əhəmiyyətindən, əsas nəşrlərdən söhbət etdi və Yazıçılar Birliyinin jurnallarından birinin müasir ərəb ədəbiyyatına həsr olunmasını arzu etdiyini bildirdi.

Bu səfərimdə əvvəllər bir çox münasibətlə görüşdüyüm, böyük şərqşünaslardan biri, dəfələrlə Misirə gəlmiş doktor İmamverdi Həmidovla tanış oldum. O mənə “Ərəb ədəbiyyatında Azərbaycanın klassik ədibləri” kitabını hədiyyə etdi. Bu mühüm əsərdə olan ən maraqlı fikirlər ətrafında mənimlə ətraflı söhbət etdi. O söylədi ki, Azərbaycan ədəbiyyatı Misirdəki tədqiqatlardan kənarda qalmamışdır. Misir tənqidçiləri böyük Azərbaycan şairlərindən üçünün əsərlərini təqdim etmiş, onların ortaya qoyduqları problemlərə diqqət yetirmişlər. Bu şairlər - Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulidir.

Səfərim həm də Misir Mədəniyyət Mərkəzini ziyarət etməyə imkan yaratdı. Mərkəz, onun müdiri Əhməd Saminin fəaliyyəti və əlaqələri sayəsində il boyu müxtəlif tədbirlərin keçirildiyi yer olub.

Gözləmək olar ki, ölkələrimiz arasında əlaqələr yaxın zamanlarda daha geniş addımlar atmağa yönələcək.

Tarık ƏT-TAHİR
“Əl-Əxbar” qəzeti, 5 dekabr 2016
Ərəbcədən çevirən: Fidan Rzayeva

 





20.03.2017    çap et  çap et