525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi <b style="color:red">(davamı)</b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor

1864-cü ildə Axund molla Məhəmməd Hüseyn Bakı qubernatoruna “Təzəpir”in həyətində yeni məscidin tikilməsinə razılıq verilməsi haqqında ərizə ilə müraciət etmişdi. Lakin qubernator məscidin bir nəfər tərəfindən deyil, “Müsəlman Cəmiyyəti” tərəfindən tikilməsinin mümkün olduğunu bildirmişdi. Hətta 1872-ci il sentyabrın 11-də məscidin tikinti layihəsi qubernator tərəfindən təsdiq olunmuşdu.

1874-1885-ci illər üçün Bakı quberniyasının vəqf daşınmaz torpaqları üzrə xəbərlərindən məlum olur ki, Təzəpir məscidinə aşağıdakı torpaqlar daxil idi:   

1. Məscidin həyətinin qərbə tərəf olan küncündə daşdan tikilmiş dükan. Bu dükan üç qapıdan ibarət olaraq Aşağı Təzəpir küçəsinin tini və döngəsində yerləşir, Yuxarı və Aşağı Təzəpir küçələrinə çıxırdı. Sərhədləri bunlar idi: şərqdən –Aşağı Təzəpir, cənubdan – döngə, qərbdən və şimaldan – məscidin həyəti.

2. Məscidin həyətinin şimal-qərb istiqamətindəki küncündə daşdan tikilmiş dükan mövcud idi. Bu dükan Aşağı Təzəpir və Kamenisti küçələrinin küncündə  yerləşirdi. Sərhədləri bunlar idi: qərbdən Aşağı Təzəpir küçəsi, həyət tərəfdən Kamenisti küçəsi, qərbdən və cənubdan – məscidin həyəti. Bu dükan da məscid cəmiyyəti tərəfindən tikilmişdi və vəsiyyətnaməsi haqqında məlumat yoxdur.

3. Məscidin şimal tərəfi istiqamətində daşdan tikilmiş dörd dükan mövcud idi. Bu dükanlar Kamenisti küçəsində yerləşirdi  və sərhədləri şimaldan–Kamenisti küçəsi, şərqdən, cənubdan və qərbdən–məscidin həyəti və məscidin özü ilə əhatələnirdi. Bu dörd dükandan ikisi bir-birinə yaxın olduğu üçün birləşdirilmiş və məscid tərəfindən pulsuz olaraq məktəb kimi istifadə olunmasına icazə verilmişdi.

4. Məscidin qərb hissəsində səkkiz daş hündürlüyündə tikili mövcud idi. Bu tikili Yuxarı Təzəpir küçəsində yerləşirdi və sərhədləri aşağıdakı kimi idi: Qərbdən Yuxarı Təzəpir küçəsi, şimaldan Kamenisti küçəsi, qərbdən və cənubdan – məscidin həyəti yerləşirdi. Bu binalar məscid cəmiyyəti tərəfindən tikilmişdi. Bu səkkiz tikilidən ikisi məscid cəmiyyətinin razılaşmasına əsasən Bakı sakini Hacı Baloğlan Abbas oğlunun şəxsi hesabına tikilmiş və ona bu iki binadan 1902-ci ilin mayına qədər istifadə etmək hüququ verilmişdi. Bu müddət qurtardıqdan sonra dükanlar məscidin istifadəsinə keçirdi.

1883-cü ildə Bakı şəhər bələdiyyə idarəsi Bakı şəhər əhalisinin xahişini nəzərə alaraq müsəlman dini təşkilatlarına şəhərin mərkəzindəki köhnə müsəlman qəbristanlığında məscidin tikilməsinə razılıq verdi. Bakı şəhər bələdiyyəsi qeyd olunan yerdə məscidin tikilməsi ilə bağlı qərar da çıxarmışdı. Lakin məscidin tikilməsi ilə bağlı ayrı-ayrı imkanlı şəxslərlə “Müsəlman Cəmiyyəti” arasında mübahisələr yarandı və çəkişmələr xeyli vaxt apardı. Müsəlman dindarlarının çəkişmələrini bəhanə edən çar hökuməti bu ərazidə “Qızıllı” və ya “Aleksandr Nevski” kilsəsinin tikilməsinə qərar verdi. Çar III Aleksandr köhnə müsəlman qəbristanlığında (indiki 190 saylı orta məktəbin yerində – A.İ.) möhtəşəm bir xristian kilsəsinin tikilməsi üçün kifayət qədər pul buraxılmasına göstəriş verdi. Akademik Marfeld tikintiyə baş memar təyin edildi. Layihə tamamlananda məlum oldu ki, nəzərdə tutulan məbləğ azlıq edir. Kilsənin tikintisini başa çatdırmaq üçün ianə toplanmasına başlandı. Qısa müddət ərzində 200 min manat ianə toplandı, onun  150 min manatı müsəlman əhalisindən yığılmışdı. “Qızıllı kilsə” Bakı şəhərinə xüsusi yaraşıq verirdi. Qızılı rəngə çalan, par-par parıldayan kilsənin qübbələri on kilometrlərlə uzaqdan görünür, səfərdən qayıdan gəmilərin kapitanları səmti bu qübbələrlə müəyyənləşdirirdilər.

Müsəlman dindarları da sürətlə böyüyən və inkişaf edən Bakı şəhərində möhtəşəm bir dini mərkəzin, yəni məscidin tikilməsinə böyük ehtiyac hiss edirdilər. Doğrudur, Bibiheybət ziyarətgahında orta əsrlərdə tikilmiş məscid gözəlliyinə görə hamını heyran edirdi. Bu abidə təkcə Bakı şəhərinin deyil, həm də Abşeronun ən məşhur və möhtəşəm ibadət yeri idi. Cümə günləri əhali şəhər və kəndlərdən piyada, atla, uzunqulaqla, qazalaqda, faytonda, varlılar isə karetada və avtomobillərdə ziyarətə gəlirdilər. Yazda və payızın ilk aylarında burada zəvvar və dindarların əlindən tərpənmək olmurdu. Bayılı keçəndən sonra Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi yol Bibiheybət dərəsindəki buruqların arası ilə dolana-dolana dağa qalxırdı. Dağın yamacındakı üzü günçıxana baxan məscid qədim qalaları xatırladır, diqqəti uzaqdan cəlb edirdi. Böyük və balaca qübbələr firuzəyi rəngdə parıldayır, göylərə baş qaldırmış minarə günəş altında qızılı rəngə çalırdı. Məscidin ətrafındakı kiçik binalar ağarırdı. Püstə, ərik, söyüd, əncir və çinar ağacları, üzüm tənəkləri bu mənzərəni tamamlayırdı. Dağın döşündəki məsciddən xeyli aralı fəhlələrin qara damları, daxmaları yerləşirdi. Şosse yolları zəmilərin arasından qarala-qarala dağ zirvəsinə qalxırdı. Dərədə bir-birinə sıxılmış, neft və palçığa bulaşmış ağac buruqlar qaralırdı.

Zəvvarlar məscidin ətrafında palaz, həsir döşəyir, qadınlar imam halvası çalır, xörək bişirir, sacda lavaş salırdılar. Çarşablı qadınlar, çuxalı, arxalıqlı, papaqlı kişilər məscidin qabağında toplaşırdılar.

Varlılar süfrə açıb “əliaşı” verirdilər. Müəzzinlər minacat çəkir, dərvişlər qəsidə oxuyurdular. Məscidin həyətində, eyvanlarda zəvvarlar qarışqa kimi qaynaşırdılar. Başı əmmaməli, əynində ləbbadə və əba olan şeyxlər uzaqdan diqqəti cəlb edir, onlar savadsız və avam zəvvarlar üçün ziyarətnamə oxuyurdular.

Bibiheybət məscidinin içərisi qaranlıq və rütubətli idi. Pəncərələrdən zəif, dumanlı işıq süzülürdü. Abı rəngli uca tavan göy qübbəsini xatırladırdı. Baş tərəfdə, mehrabın yanında minbər dururdu, yerə həsir, palaz, köhnə xalça-kilim döşənirdi. Burada həmişə namaz qılanlara rast gəlinirdi. Ortadakı qəbri zəvvarlar dövrəyə alırdılar. Uşağı olmayan gəlinlər, ərə getmək istəyən qızlar, zürriyyətsiz kişilər, dili tutulanlar, karlar, korlar, bir sözlə min bir dərdə düçar olanlar özlərini qəbir daşına, dəmir məhəccərlərə bağlayıb, dua edə-edə, ağlaya-ağlaya Bibidən, daş məqbərədən dərdlərinə çarə, azarlarına şəfa diləyirdilər.

Orucluq və Qurban bayramlarında, Peyğəmbərin mövludu günlərində Bibiheybət məscidində tərpənmək olmurdu. Amma qış aylarında, yağışlı və qarlı günlərdə  ziyarətə gələnlərin sayı azalırdı. Bu səbəbdən Bakı dindarları Bakının mərkəzində möhtəşəm bir məscidin tikintisində israrlı idilər. İçəri şəhərdə onlarla məscidin olmasına baxmayaraq, onların həcmcə kiçik olması və uzaqdan diqqəti cəlb edə bilməməsi, Bibiheybət məscidinin isə şəhərdən uzaqda yerləşməsi “Təzəpir” məscidinin yerində yeni bir məscidin tikilməsini zəruri edirdi.

Bakı şəhər dumasının köhnə müsəlman qəbristanlığında məscidin tikilməsi haqqında qərarının uzun müddət icra olunmaması, onun yerində Qızıllı kilsənin tikilməsi müsəlman dindarların ciddi narazılığına səbəb oldu. Ona görə də məscidin tikilməsi ilə bağlı əlaqədar təşkilatların razılığı və qərarından sonra məscidin kim tərəfindən maliyyələşdirilməsi mübahisə doğurmadı.

(Ardı var)

 





26.04.2013    çap et  çap et