525.Az

Tanrılarla baş-başa - Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj


 

Tanrılarla baş-başa - <b style="color:red">Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj</b>

Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb yatmağa gedirdi.

Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu, Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl gəzdirir ki, özüm məəttəl qalıram.

Uzaq səksəninci illərdə Jurnalistika fakültəsində bizə antik yunan ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir, bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin, Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm, yaşından xeyli qıvraq bir ehtirasla təsvir etdiyi o mifik dünyaya yola düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm, muza-tanrıçalarla gap edəcəm.

Elə o cür də oldu... 

BİRİNCİ GÜN: Zaman maşınıyla tarixi adladım 

Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı - ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.

Mövsümsonu olduğundan idi yəqin, “Bravo Tours” turist firmasının müştəriləri arasında uşaq-muşaq, gənc-cavan yoxuydu - elə bir az canısulu biziydik - hamısı pensiya pulundan qənaət edib səfərə çıxan yaşlılarıydı. Uçuş boyu elə onlardan danışdıq, bizim qocalarla müqayisə elədik.

Niyə bizdə adamlar yaşı yetmişə çatmamış əldən düşürlər? Niyə bizim nənə-babalar əl-ələ tutub dünyanı gəzməyə çıxmırlar?

Titrək əliylə odeyalı yuxuya gedən qarısının üstünə çəkən yaşı, yalan olmasın, doxsanı haxlayan, üzündən elə danimarkalı yazıçı Hans Xristian Andersenə oxşayan qocaya baxıram...

lll

Təyyarədən düşən turistləri müxtəlif istiqamətə gedən iki avtobusa mindirdilər. Bizim üzümüz Toloya sarıdı. Yolboyu dərə-təpəyə, çöl-çəmənə, bağ-bostana, kənd-kəsəyə baxıb düşünürdüm, Məmmədbağır müəllimin bizə oxutduğu kitablardakı o mifik olaylar buralardamı baş verib?

O qaya qorxunc Minotavra oxşayır!

Uzaqda otlayan at da, elə bilirsən, at deyil, Kentavrdı!

Yolu keçən yunan qızların birini hüznlü Elektra, o birini eşq ilahəsi Afrodita sanırsan!

Timenio qəsəbəsindən keçəndə sahildəki yelkənli qayığı “Arqo” gəmisi, içindəkiləri arqonavtlar zənn edirsən, Kolxidaya “Qızıl dəri” dalınca gedirlər. Göyərtədəki Yasondu, son göstərişlərini verir.

Qafqaz gözəli Medeya, nə olar, vurulma Yasona! Ona sən yox, qızılı qoyun dərisi lazımdı!

Eşitməz məni Medeya. Sevginin gözü kor, qulağı kardı.

Eh qadınlar, elə bilirsiniz kişilərə tək sevgi üçünmü lazımsınız?! Sevgi..! Sevgi deyilmi, sehrini qıran, tilsimin puç edən sehrbaz Medeyanın?!

Heç bilmədim, müqəddəs qoçu tanrısına birinci kim qurban kəsib, İbrahimmi Allahına, ya Friksmi Zevsinə?

Amma yol boyu gördüyüm neçə yunan kişisini nə Axillesə, nə də Herakla bənzətdim. Ya elə Kalamatada doğulmuş məşhur Yanni qrupunun yaradıcısı Yanni Xrisomallisə oxşayırdılar, ya da futbolçu Yorqos Qaraqunisə.

Kalamatadan Toloya - qədim Spartanın zeytunluqlar, çimərliklər, antik əfsanələr diyarına iki saata çatdıq. Tolo Egey dənizinin Arqolis körfəzi sahilində balaca bir şəhərdi.

Biz çatanda günün əyilən vaxtıydı. Sanki zaman maşınıyla tarixin o üzünə keçmişdim.

Hotelin balkonundan açılan füsünkar mənzərə adamı özündən alıb qəribə duyğularla uzaq xəyalların ağuşuna atır. Nə gizlədim, elə burda qaldığım həftəboyu min-bir düşüncəyə qərq oldum. Hara getsəm də, nə etsəm də gecəyarısı, sübhçağı, günortaüstü, qürub vaxtı demədim - bu gözəlliyə tamaşa durdum, fikirlərimdə aranı dağa, dağı arana daşıdım. Özüm-özümə suallar verdim, özüm-özümdən cavab aldım, bəzən bu söhbətə yunan tanrıları, tanrıçaları da qoşuldu. 

İKİNCİ GÜN: Ağzıbağlı Ağapaşa Camisi 

Tolo haqda ilk dəfə Homer öz “İlliada”sında yazıb. Troya müharibəsində öz donanması ilə iştirak edən şəhərlərin biri də Tolo imiş. Bu, əfsanəyə görə belədi, tarixi reallıq isə deyir ki, bura əsrlərlə venesiyalıların, türklərin işğalında olub.

Bu günsə Yunanıstan büdcəsinin əhəmiyyətli hissəsini tutan (ÜDM-un 20 faizi) turizmə öz töhfəsini verir. Ölkəyə hər il gələn 22 milyon turistin neçəsi yolunu burdan salır, bilmirəm, onu bilirəm ki, Yunanıstanın elə hər yeri beləcə, görməli, gəzməli, öyrənməlidi.

Afinadan 90 kilometr cənub-qərbdə yerləşən Tolonun 1500 nəfər sakini var. Turizmin Yunanıstan iqtisadi həyatında rolu barədə təsəvvür yaratmaq üçün elə Tolodan bir statistik rəqəm desəm bəs edər - bu balaca şəhərcikdə 64 hotel var. 

913 pilləkənli Palamidi qalası  

Afinaya səfəri nəzərə almasaq, demək olar, burda olduğumuz günlərdə yalnız Poleponnes periferiyası, xüsusilə də onun Arqolis nomu ərazisindəki tarixi yerlərə baş çəkdik. Poleponnes Yunanıstanın 13 periferiyasından, Arqolis isə 54 nomundan, bizim dillə, rayonundan biridi. Ölkənin materik hissəsində yerləşir.

Xanımımla sözləşmişdik ki, bir gün hansısa tarixi yerə getsək də, o biri gün mütləq Egey sahilində qalaq, İsveçdə ələ düşməyən isti dənizlə, qaynar günəşlə baş-başa olaq. Qərara sonacan əməl edə bilmədik, gəzmək həvəsi üstün gəldi.

Çoxbilmişlik çıxmasın bir söz deyim, bir yeri yaxşı tanımaq istəyirsizsə, oranı piyada, ya da ictimai nəqniyyatda gəzin. Səfərin ikinci günü şəhərlərarası avtobusa minib Tolodan 10 kilometr aralıdakı Nafplion şəhərinə getdik. Yol boyu narıngi, portağal, limon, zeytun bağları səliqəsiylə diqqət çəkir.

Nafplion Arqolis nomunun mərkəzidi. Liman şəhəridi. Afina Osmanlı şəhəri olduğu vaxtlarda Yunanıstanın paytaxtı olub. Qədim hissəsi dar küçələrdən, iki-üçmərtəbəli evlərdən ibarətdi. 1730-cu ildə inşa edilən Ağapaşa Camisi sonra Yunanıstanın ilk parlament binası olub, təmirsiz, ağzıbağlı tikilidi.

Şəhərin hər yerindən görünən uca dağ başındakı Palamidi qalasına çıxmaq təklifim qəbul olundu. Nə dik pillələr, nə başgicəlləndirən hündürlük, nə də yarıyolda yorulub qalmaq qorxutmadı - “getdik üzü küləyə”.

Palamidi qalasını 1687-ci ildə türkləri məğlub edən venesiyalılar tikib. İçində bir-birindən ayrı 8 bürc var. Qala darvazasına qədər 913 pilləkən saydım. İçəridəki istehkam-bürclərə daha neçə yüz pillə qalxdığımı bilmədim.

Sonuncu dəfə buna bənzər yolla Krımda, Baxçasaray yaxınlığındakı Çufutkalaya qalxmışdım. Oranın yaşatdığı sehirli təəssüratı “Ölü şəhərlər muzeyi”ində təsvir etmişəm.

Axilles üzümə baxmadı - Qarabağa görə 

Pilləkənləri qalxdıqca arxanda bir yanı Nafplion şəhəri, o biri yanı Arqolis körfəzi olan ecazkar mənzərə açılır. “Axilles istehkamı”nda qala bürcünə çıxıb sınırsız sonsuzluğa tamaşaya durdum. Xəyalımda göydə qədim yunan tanrılarını, yerdə mifik qəhrəmanlarını gəzdim.

Qala divarına dirsəklənib üfüqü seyr etdiyim yerdə Axilles bürcündən çıxıb yanıma gəldi. Xeyli söhbət elədi. Qəhrəmanlığından danışdı. Amma üzünü mənə çevirmədi. Səbəbini soruşdum. Belə cavab verdi:

“Bizim Troyada uğrunda illərlə can verdiyimiz Yelenamız var. Amma sizin Qarabağ ondan da gözəldi. Müqəddəs sevgilərdə bütün hədəflər canlıdı. Qarabağ sadəcə dağ-daş deyil. Görüb gələn səyyahlarımız elə vəsf edirlər ki oranı. İsgəndər Nuşabəyə yox, Bərdədən üzüyuxarı Qarabağ gözəlliyinə aşiqmiş. Gör neçə ildi əsirdi. Elə gözəli düşmən əsirliyində qoyarlarmı? Növbəti dəfə qalibiyyətlə gəl yanıma, sənə qələbə şərabını özüm süzəcəm”.

Gecələrimi ərşə çəkən Mnemosina, burda da rahat buraxmayacaqsanmı məni?!

Axilles sözünü dedi, sonra çevrilib getdi, bürcün alaqapısında görünməz oldu. Elə bil onunla söhbətdən ayılan kimi oldum.

Sonra xanımla yorulub-ərinmədən, xırda addımlarla, ehmal-ehmal sürüşkən yastı daşların üstüylə səkkiz bürcün səkkizinə də baş vurduq. Bürclərin adı hər yeni sahib dövründə dəyişdirilib. Venesiyaların, türklərin, yunanların öz dillərində ad qoyduqları bu bürclər bir-biriylə yeraltı əlaqəlidi. Burda ərzaq anbarı, böyük su çəlləyi, silah cəbbəxanası, hələ desən, zindan da var.

Geri qayıdanda, elə sonuncu pilləkəni düşən kimi yolun o üzündə hündür çinarlı, şəlaləli “Propolis” kafesinin sərinliyində yorğunluğu çıxardıq. Oturduğumuz yerdən təzəcə düşdüyümüz hündürlüyə baxıb, xanımla bir-birimizi xeyli öydük: “Hələ qocalmamısan!”

Payız 2016

Tolo, Yunanıstan - Karlskrona, İsveç

(Ardı var)

 





03.04.2017    çap et  çap et