525.Az

Şeirlərinlə yol çəkirəm ən yaxın ulduza....


 

Şeirlərinlə yol çəkirəm ən yaxın ulduza....<b style="color:red"></b>

(Xalq şairi Rəsul Rzaya ithaf)

lll
Bir insan şəkli tapdım,            
Asdım qəlbimin üstündən.
Dərdlərini dəstələyib
Asdım qəlbimin üstündən.

Hər gün,hər saat yanıltmac,
Bir gün ayrılıq salacaq..
Ömür, həyat bir oyuncaq
Asdım qəlbimin üstündən...

Nə dedin dua olası.
Ruhuma işıq salası...
Rəsul Rza haqq qalası
Asdım qəlbimin üstündən!..
lll
Qarşımda bir insan şəkli var,Ustad,
Başımda dolaşıq fikirlər kələfi..
Qulaqlarımda səslənir həyat himni :
             "Ömür keçdi, gün keçdi"
Aramızda böyük yaş fərqi var
             Sən... mənim atam...
Eh, bu gün hara, dünən hara
             Lap mat qalır adam.
lll
...Sözlərin elə bil indicə hopub
             Ağ varaqlara
Yol ağzında yel vurub titrədən sarı sünbül
             kimidi ürək.
Ürəyimdən gözlərimə gələn yolda
             Tanımadığım kimsə var...
Ürək dözmədiyinə göz dözür,
             Lap əmr alıbmış kimi
             "Döz!" dözür...
lll
...Yanağımda  ilk müəllimin
                             sillə səddi,
Saçımda yoldan tapdığım lentin
                Acı parıltısı..
Qulağımda qonşu partada oturan
qızın "Bu mənim lentimdi"
                                  pıçıltısı...
Sürətlə sifətimə çırpılır
qaynar qanımın qızartısı...
Robot əsridi indi...
Şagirdə çırtma vurmağa müəllimin
                                  nədir həddi... 
lll
Anadan gözəl kim var..
Anama bənzəyir bu qadın.
Bax gecə keçib gedir,
Ev sükut,hamı yatıb..
O qadındır,o ana
Gecənin bir yarısı
Qalxıb şirin yuxudan
Dolanır otaqları..
Nəfəsimi dinləyir,
Çəkib örtür üstümü.
Sığallayır telimi,
Düzəldir yastığımı..
Və rahat olub gedir...
lll
... Anamın əqrəb sancan əlinə,
         vaxtsız ağaran telinə,
bükülən belinə ağlayırdım...
Əlimdən bir şey gəlməyəndə isə...
 öz günümə.
Qonşumuzun davada itkin düşən
                                     ərinə,
dağılmış yulğun  çəpərinə ağlayardım.
 
Sonsuz bir qarının sahibsiz
                              həyətinə....
Ondan sonra da həyəti tərk etməyən
                              vəfalı  itinə ağlayardım...
Dünyada ölüm adlı cəlladın olduğunu
                biləndə  hələ çox uşaqdım
həmin gün bitdi uşaqlıq çağım...
lll
Sinəm altı qoruqdu,
Üstü varaq-varaqdı,
Məni bir səs çağırdı,
Qaçdım, çata bilmədim!

Yanıb keçdi ocaqlar,
İlıq, yumşaq axşamlar.
Pərişan qara saçlar....
Qaçdım, çata bilmədim!..
lll
"Əl tutmaq Əlidən qalıb" dedilər, Ustad,
      bir də "Balığı at dəryaya"
Əl verdiyim adım əlimi kəsir indi,                                     
dil öyrətdiyim dilimi...
Vallah hərdən nahaq qınayırıq ölümü!...
Vaxt keçir, yerimi dəyişmək istədim,
Gördüm hələ də dünyanın darısqallıq həddi keçilməyib!..
lll
Önümü qəlibə salınmış
sevgilər kəsdi, Ustad,
Canımı ölçülü -biçili
adamlar sıxdı...
Yenə də
"Ən dəhşətli nüsxə insanlar içindədir..."
...Bu gecə başım üstündə
Nurlu siman, ürəyimdə xeyir-duan,
Şeirlərinlə yol çəkirəm
ən yaxın ulduza...
Heyif sənə, heyif...
Rəsul Rza!..

 





05.04.2017    çap et  çap et