525.Az

TRT-nin baş direktoru: “Sonuna qədər Azərbaycan xalqının yanındayıq”


 

TRT-nin baş direktoru: “Sonuna qədər Azərbaycan xalqının yanındayıq”<b style="color:red"></b>

TRT-nin baş direktoru İbrahim Şahin və onu müşayiət edən heyət Bakıda səfərdədir.

525.az-ın "trtazerbaycan"a istinadən verdiyi məlumata görə, dünən Türkiyənin Bakıdakı səfirliyində İbrahim Şahin və mayın 1-də Bakıda konsert verəcək “Akşam sefası” qrupunun şərəfinə ziyafət verilib. Azərbaycan meida mənsublarının və sənət adamlarının da iştirak etdiyi ziyafətdə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alpər Coşqun iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişaf etdiyini deyib. İki ölkənin mədəniyyətinin eyni olduğunu qeyd edən səfir qeyd edib ki, bu eynilik iki tərəfi də arxayın salmamalıdır, əksinə, həm Türkiyə, həm də Azərbaycan əlaqələrin inkişafı üçün daha çox fəaliyyət göstərməlidir. İsmayıl Alpər Coşqun bu baxımdan mayın 1-də “Akşam sefası”nın verəcəyi konsertin çox mühüm olduğunu söyləyib. Bu təşəbbüsün çox mühüm olduğunu vurğulayan səfir TRT-nin baş direktoruna dəstəyinə görə təşəkkür edib: “Bu gözəl tədbir vasitəsilə bizim qardaşlığımız, dostluğumuz daha da güclənəcək”.

TRT-nin baş direktoru İbrahim Şahin isə səfirə minnətdarlıq edərək “Akşam sefası”nın TRT-nin qürur mənbəyi olduğunu deyib. Azərbaycanın TRT-nin ən çox diqqət ayırdığı və Türkiyədən hər kəsin çox sevərək gəldiyi bir ölkə olduğunu söyləyən İbrahim Şahin Bakıda dövlət rəsmiləri, televiziya rəhbərləri, Radio-Televiziya Şurası rəhbərliyi ilə görüşəcəklərini, şəhidləri ziyarət edəcəklərini, media mənsubları ilə bir araya gələcəklərini qeyd edib. TRT-nin istər “TRT Avaz”, istər digər 15 kanal, istərsə də internet saytları vasitəsilə Azərbaycana ciddi diqqət ayırdığını vurğulayan İbrahim Şahin

Azərbaycanla ciddi mədəniyyət ayrılığı yaşamadıqlarını, Azərbaycan dilindəki kəlmələri çox böyük zövqlə oyrənməyə çalışdığını bildirib. TRT-nin baş direktoru Türkiyənin sonuna qədər Azərbaycan xalqını dəstəkləyəcəyini və Azərbaycan xalqının üzüləcəyi heç bir məsələdə yer almayacağını vurğulayıb: “TRT də bu məsələdə bir ictimai yayımçı olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”.

Daha sonra İbrahim Şahin Türkiyə səfirinə hədiyyələr təqdim edib.

TRT-nin baş direktoru bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək. Daha sonra Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sədri Əli Həsənov və rabitə və texnologiyalar naziri Əli Abbasovla görüşü planlaşdırılan Şahinin prezident İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.

Səfər çərçivəsində Qadın Jurnalistlər Birliyinin təşkilatçılığıyla “Türkiyə-Azərbaycan əlaqələrində TRT-nin rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

Sabah isə İbrahim Şahin televiziya və MTRŞ rəhbərləri ilə görüşəcək, media mənsubları ilə bir araya gələcək və nəhayət “Akşam sefası”nın konsertində iştirak edəcək.

 





30.04.2013    çap et  çap et