525.Az

Türkiyə Konstitusiya dəyişikliklərinə doğru


 

Ərdoğan növbəti qələbə ərəfəsindədir

Türkiyə Konstitusiya dəyişikliklərinə doğru<b style="color:red"></b>

Türkiyə ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən növbəti tarixi hadisənin astanasındadır: ölkədə əsas diqqət aprelin 16-da keçiriləcək referenduma yönəlib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifi və Milliyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi, Cümhuriyyət Xalq Partiyasının isə böyük səs çoxluğunun dəstəkləmədiyi, Türkiyə Böyük Millət Məclisində yanvar ayında böyük səs çoxluğu ilə qəbul olunan Konstitusiyaya dəyişikliklər layihəsi milli iradənin, ölkədə əsas söz sahibi olan xalqın seçiminə, ixtiyarına verilib. Dəyişikliklər paketini dəstəkləyib-dəstəkləməyəcəyinə xalq bir neçə sayılı gündən sonra qərar verəcək.

Hazırda gündəmdə olan başlıca mövzu da bununla bağlıdır. Siyasi hərarətin gücləndiyi və artdığı bir ərəfədə seçki qutusundan hansı nəticənin gələciyinə dair çoxsaylı fikirlər, şərhlər səslənir. Siyasi qüvvələr isə ötən ayın sonlarından başlayaraq iri şəhərlərdə və əyalətlərdə referendumla bağlı təşviqat kampaniyasını keçirməkdədirlər. Siyasi mübarizənin əsas etibarilə iki qütbü var - AKP və CHP. Ölkədə aparılan seçki təbliğatı da məhz bu iki siaysi təşkilatın şüarları altında aparılır - referendumda səsverməyə çıxarılacaq dəyişikliklər paketinə “Bəli” və “Xeyr”.

Konstitusiyaya təklif olunan dəyişikliklərin əsas təşəbbüskarı olan AKP daha geniş, əhatəli və əsaslı təbliğat kampaniyası aparmaqdadır. CHP isə "xeyr" kampaniyasında nə qədər israrlı olsa da, AKP kimi izdihamlı, milyonların axışdığı inamlı mitinqlər təşkil edə bilmir. AKP-nin güclü xalq dəstəyinə malik olmasını meydanlarda saatlarla şən əhval-ruhiyyədə, inamlı və mübariz ruhda keçən mitinqləri təsdiqləyir. AKP-nin ötən 15 illlik təkbaşına hakimiyyət qurması və güclü reytinqinin olması, ölkənin iqtisadi-siyasi uğurlarında təkrarolunmaz nailiyyətlərə imza atması bu siyasi qurumun qələbə qazanmaq imkanlarını artırır. Ən əsası, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzu, xarizması, təbliğat kampaniyasında aktiv iştirakı və xalq qarşısında möhtəşəm çıxışları “bəli” qərarının üstün olacağına dəlalət edir.

AKP və Ərdoğan indiyə qədər qatıldığı bütün seçkilər qazanıb. Digər tərəfdən, AKP referendumlarda qalib gəlmək təcrübəsinə malikdir, 2010-cu ilin sentyabrında keçirilən Konstitusiyaya dəyişikliklərdə ölkədəki bütün siyasi qüvvələrin əks tərəfdə dayanmasına rəğmən, xalqın dəstəyini qazanaraq (59 faiz) böyük səs üstünlüyü ilə qalib gəlib. İndiki Prezident, həmin dövrdə ölkənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanun qeyd etdiyi kimi, "Referendumdan əldə olunan nəticə xalqımızın demokratiyaya qarşı hiss etdiyi həsrətin ifadəsidir. Ramazan bayramını qeyd edən xalqımız demokratiya bayramını da alnı açıq qarşıladı. Hərbi dövlət çevrilişi düşüncəsinə sahib olan insanlar bu gün məğlub oldu!".

2010-cu ildə keçirilmiş referendumda qəbul edilən dəyişikliklərin əsas mahiyyəti Türkiyədə siyasi hakimiyyətin rolunun artırılması, ordunun

səlahiyyətlərinin məhdudlaşdırılması, Hakimlik və Prokurorluq Ali Şurasının tərkibinin dəyişdirilməsi və Ədliyyə Nazirliyinin nəzarətinin çoxaldılmasından ibarət idi. Xalq həmin seçkilərdə "Bəli" deməklə demokratik islahatların güclənməsinə güclü dəstək verdi. Bu, "paralel dövlət"ə sahib olan və hərbi çevrilişlə siyasi hakimiyyətin zorla devrilməsini illərdir əlində saxlayan qüvvələrin planlarını alt-üst etdi. Həm də yeni Konstitusiya islahatlarının davam etdirilməsi üçün zəmin yaratdı. Aprelin 16-da keçiriləcək referendum da məhz indiyədək keçirilmiş referendumlarda qəbul olunmuş demokratik islahatların məntiqi davamı hesab olunur. Yeni islahatlar paketi Türkiyənin demokratikləşməsi, güclənməsi, ölkədə nizam-intizamın möhkəmlənməsini nəzərdə tutur.

Türkiyə Konstitusiyasına dəyişikliklərin mahiyyəti Türkiyənin unitar dövlət sisteminin qorunub saxlanmasından və daha müasir, təkmil və vahid dövlət idaretmə və nəzarət sisteminin qurulmasından ibarətdir. Dəyişikliklər paketinə əsasən, Türkiyə Prezident üsul-idarəsinə 2019-cu ildə rəsmən keçəcək. Türkiyə prezidentinin iki müavini – vitse-prezident olacaq. Yeni qanuna görə, Türkiyə Prezidenti 5 il müddətinə - iki dəfə seçiləcək. Böyük Millət Məclisinə (BMM) seçkilər də 4 ildən 5 ilə qədər artırılır. Prezidentliyə namizədi parlament partiyaları irəli sürəcək. Eyni zamanda, parlament seçkilərində 5 faizdən çox səs alan, ancaq parlamentə girə bilməyən partiyaların və eləcə də vətəndaş qruplarının imza toplayaraq namizəd irəli sürməsi də mümkün hesab olunur.

18 maddə üzrə dəyişikliyi nəzərdə tutan Yeni Konstitusiya layihəsində prezidentin səlahiyyətləri artırılır. Dövlət başçısı Baş Qərargah rəisi, MİT (Kəşfiyyat) rəhbəri, universitet rektorları da daxil olmaqla ali vəzifədəki dövlət məmurlarını, Konstitusiya Məhkəməsi və HSYK (Hakimlər və Prokurorlar Ali Qurumu) üzvlərinin yarısını təyin etmək hüququna malik olur. Ordu birbaşa dövlət başçısının nəzarətində olacaq. Dövlət başçısı fövqəladə və fors-major hallarda ölkədə fövqəladə vəziyyət elan edə biləcək. Dəyişikliyə əsasən, Prezidentin məsuliyyəti də artır. Onun təməl hüquqlar və azadlıqlar mövzusunda sərəncam vermək hüququ olmayacaq, yürütdüyü daxili və xarici siyasət haqqında Böyük Millət Məclisinə hesabat verəcək. Prezidentin fəaliyyəti dövlətçiliyə və milli mənafelər uyğun olmadıqda BMM səs çoxluğu ilə istintaqa cəlb ediləcək. Millət Məclisinə seçkilər Prezident seçkisi ilə birlikdə keçiriləcək. Məclisdə deputatların sayının 550-dən 600-ə qaldırılması əks olunub. Təklif olunan mühüm məqamlardan biri də gənclərin seçim hüququnun genişləndirilməsi, seçkili orqanlara, xüsusilə parlamentə seçilmək yaşının 25-dən 18-ə endirilməsidir.

Referendumda AKP və MHP-nin dəstəklədiyi dəyişikliklərin qəbul olunacağına daha böyük ümidlər var. Siyasi şərhçilər, seçki texnologiyaları ilə məşğul olan analitik mərkəzlər, ictimai rəy sorğusu keçirən qurumların hazırkı proqnozları AKP-nin daha şanslı, qələbəyə yaxın olduğunu göstərir. Ölkədəki ən nüfuzlu reytinq agenti olan “A&G”nin son sorğusuna görə, vətəndaşların 87 faizi seçkiyə gedəcəklərini yəm, səsimi istifadə edəcəyəm deyir. Onların təxminən 55-57 faizi bülletendə "Bəli" xanalarını doduracaqlarını ifadə edirlər. Eləcə də "Konsensüs", "Politics", "Orc", "Tüsiar", "Mak", "Argetus", "Genar", "Konsensus" kimi reytinq təşkilatlarının sorğularında iştirak edənlərin də 50 faizdən çoxu dəyişiklikləri dəstəkləyəcəklərini bildiriblər.

 





10.04.2017    çap et  çap et