525.Az

Yalçın Qocayla söhbət


 

Yalçın Qocayla söhbət <b style="color:red"></b>

Hə, Yalçın Qoca, sənin bizlərdən cismən həmişəlik (birdəfəlik, qəti...) ayrıldığın, cənab Əzrailə təslim olduğun günün qırxına nə qaldı ki, necə deyərlər, sayılı günlər...

Səhv etmirəmsə, səninlə elə bu ilin 7-si martında, düz bir ay qabaq zəngləşmişdik. Dedin ki, darıxıram, səni çoxdandır görmürəm, vaxt tapaq bir görüşək. Mən də qayıtdım ki, elə mən də səni çoxdan görmürəm, indi hardasan?

Sən də gülə-gülə dedin ki, indi özümdəyəm...

Bəd xəbər yüyürək olar, deyərlər. 11 martda səhər-səhər ABŞ-da yaşayan istəkli bacın Pərvanə dünyanın o başından sənin ölüm xəbərini Pakizəyə (Pakizə mənim xanımımdır, Yalçıngillə qohumdur - R.M.) çatdırdı.

Yerimizdəcə donub qaldıq... Sən hara, ölüm hara?..

Hə, Yalçın, atalar yaman deyib: Sən saydığını saxla, gör fələk nə sayır... Bilirsən də, Yalçın, mart ayı budaqların qanı qaynayan, torpağın damarlarının keyi açılan, buludların qanadlanıb sellənən, Günəşin nazlana-nazlana tellənən... çağıdır.

Novruz təntənəsinin hərarəti, tonqalların işığı, ev-eşiyin, həyət-bacanın təmiz ovqatı, könüllərin aşıb-daşan fərəhi Yerə, Göyə sığmaz hər il mart ayı üşüyə-üşüyə üzü bizlərə tərəf çərşənbə tonqallarında qızınmağa gələndə...

Və bu yerdə böyük Nazim Hikmətin məşhur misralarını bu yazıya köçürməyi vacib bildim:

- Bahar gəldi, Bahar gəldi,
Gəldi Bahar, oğlan!
Tumurcuqlandı içimdə qan!..

Çox təəssüf, min dəfə, milyon dəfə təəssüf ki, 2017-ci ilin Novruz bayramını sənsiz qarşıladıq (qəmli, küskün bir ovqatla), sənsiz yola saldıq, Yalçın...

İş elə gətirdi ki, ötən əsrin doxsanıncı illərində səninlə Nazirlər Kabineti aparatında bir yerdə (bir şöbədə) işləməli olduq, sonralar sən diplomatik sahəyə keçdin, Xarici İşlər nazirliyində, Ukraynadakı səfirliyimizdə çalışdın və s...

Bu ötən illər ərzində vaxtaşırı görüşmüşük, bir də baxırdım ki, zəngsiz-filansız, necə deyərlər, əlidolu Şüvəlandakı kasıb daxmama gəlib çıxmısan, bəzi hallarda ən yaxın dostlarınla da gəlmisən...

Yəni demək istəyirəm ki, həmişə ünsiyyətdə olmuşuq, xeyirdə-şərdə görüşmüşük, bir-birimizi axtarmışıq...

Bu da təbii idi, çünki səninlə hər görüş maraqlıydı, nikbin ab-hava vardı söz-söhbətlərində.

Axı, sən həm də kövrək duyğulu, sözə həssas, söz sənətinə qiymət verməyi bacaran şairsən. Hərdən mənə də sataşıb bir vaxtlar yazdığım “Bəlkə mənimlə gedəsən” şeirimdən misraları əzbərdən deyərdin:

Bu yol gedər bizim dağa
Dağdan burular bulağa,
Bulaqdan gedər uzağa,
Bəlkə mənimlə gedəsən...

Sən şairsən. Sayca neçə kitabın çıxmasının şeir sənətinə dəxli yoxdur. Hörmətli xalq yazıçımız Elçin müəllim demişkən, indi kərpic-kərpic kitablar çıxır ki, poeziyaya, nəsrə, bir sözlə, söz sənətinə xidmət etmir.

Sənin pencək cibinə sığışa bilən “Hələ ki, təmizəm...” adlı şeir kitabın qarşımdadır və qüdrətli şairimiz Məmməd Arazın kitabdakı ön sözünü oxuyuram: “O, heç kəsə bənzəmək istəmir. Hətta gözəl şairimiz, atası Fikrət Qocaya oxşamaq istəmir. Halbuki o, üzdən, boy-buxunundan balaca, cavan Fikrəti çox xatırladır...”

Əlbəttə, dəqiq və səmimi fikir bildirmişdi ustad şairimiz sənin haqqında.

Sən maraqlı bir söz adamı kimi tanıdığımız şair dayın rəhmətlik Rüfət Zəbioğluna da bənzəmirdin poetik duyumunla, şair xislətinlə...

Yaxın gəl, sənin “Cütcü” şeirini birlikdə başdan ayağa oxuyaq, Yalçın Qoca:

Cütcü, belə qamçılama öküzü,
Xışına bax, gör yamana ilişib.
Düzlük sevir bu torpağın boz üzü,
Hərdən geri dön, yalana ilişib.

Qəzəblənib söymə xışı, kotanı,
İlmələyib tarım çəkmə qaytanı.
Qamçılayıb oyatmısan yatanı,
Zalım oğlu, vaxt tamama ilişib.

Neçə vaxtdı şumladığın yetər, dur!
Bir budaqdan min bərəkət bitər, dur!
Əkdiyini göstər görüm nədir, bir,
Elə bumu, bir samana ilişib?

Bu dünyanın seli axar yarğana,
Dolu döyər bostanına, bağına.
Yağış deyib Yeri, Göyü qarğıma,
Vaxt adlanan bir zalıma ilişib.

Suyun da var, torpağın da, dənin də
Batırmısan bu dünyanın qəmində.
Biçinçilər hələ yığım dəmində
Səbirləri haqq-salama ilişib.

Bu qoşmadakı misralar, maraqlı qafiyələr, obrazlı ifadələr əsl poeziya nümunəsi deyilmi, Dostum?!..

Hələ “qamçı”, “xış”, “kotan”, “ilmə”, “tarım”, “qaytan”, “şum”, “saman”, “yarğan” və şeirlərdə az-az rastlaşdığımız bu kimi başqa ifadələrin yeri-yerində işlədilməsini demirəm...

Əslində, bu kitabdakı şeirlərinin əksəriyyətini elə özünəcə həsr etmisən. Ona görə də hər misranın, hər kəlmənin səmimiliyinə inanmamaq mümkün deyil.

“Tövbə” şeirindəki fikirlər oxuyanı dərin düşüncələrə qərq edir, desəm düz olar:

Sən ey, Ulu Tanrı.
  Sən ey Yaradan,
Alnıma yazdığım ömürlə, günlə
Barışdır, sən Allah, məni barışdır.
Hər addım ömrümdən, günümdən keçər,
Cığırlar səsimdən, ünümdən keçər.
Atdığım hər addım - qatı dumandı,
Üzülüb, üzülüb zülümdə keçər...
Dolaşdı cığırlar ayaqlarıma
Ayaq ayrı getdi,
  Yolum qarışdı.
Sən ey, Ulu Tanrı,
  Sən ey Yaradan,
Alnıma yazılan ömrümlə, günlə
Barışdır, Sən Allah,
  məni barışdır...

Heyrət doğuran bu misraları sən nə vaxt yazdın, nədən yazdın, bu sözləri sənə kim diqtə elədi, göylərmi, yerlərmi, buludlarmı, gecələrmi, yağışlarmı, küləklərmi pıçıldadı bu kəlmələri?..

Sən qəribə şairsən, Yalçın Qoca...

Sənin Məmməd Araza müraciətlə yazdığın şeirdə nə güclü özünütəsdiq, özünəinam (həm də təvazökarlıq!) var, əziz Dost:

Torpağımda mən bir Kürəm, Arazam
Dərin çaylar arasında dayazam...
İndən belə mən də Məmməd Arazam!
Məmməd Araz, bacarırsan dan məni....

Yox, səni necə danmaq olar, necə unutmaq olar, Yalçın Qoca?!
Kitabına “Hələ ki, təmizəm....” adını təsadüfən qoymamısan, Sən həqiqətən təmiz (tərtəmiz!) kişisən, ailəcanlısan, istiqanlısan. İki göyərçin qız balanı köçürdün, indi babasan, gözəl-göyçək nəvələrin hələ süd yuxusundadı...

Oğlun Əli sənin yandırdığın çırağı sönməyə qoymaz, inşallah!

...Səndən sonra doğmaların, dostların bir az solublar, elə bil...

Elə mən də sənin səsini eşidib, üzünü görmək, həmişə gülən gözlərinin giləsinə baxmaq istəyənlərin sırasındayam, Yalçın Qoca, unudulmaz Dost!

7 aprel 2017-ci il

 





17.04.2017    çap et  çap et