525.Az

Zərifə Salahova və onun miniatür kitabları


 

Zərifə Salahova və onun miniatür kitabları<b style="color:red"></b>

“Azərbaycanda miniatür kitabların nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.

Heydər Əliyev 

Bu il mənim üç qadın dostumun 85 yaşı tamam oldu. Amma qəribədir, bu qadınlar qəlbən o qədər cavan, enerjili və hər şeyə maraq göstərən insanlardır ki, bu yaş üçünə də qətiyyən yaraşmır. 

Mən bu gözəl qadınlarla dostluğumdan fəxr duyur və onları bir daha təbrik edirəm. Onların adını tez-tez eşidirik, bu - Əməkdar jurnalistlər Elmira Əliyeva, Qalina Mikeladze və Azərbaycanın əməkdar kolleksiyaçısı Zərifə Salahovadır. Amma doğrudan, heyf ki bizdə belə fəxri ad yoxdur. Əgər bu cür ad nə vaxtsa təsis edilsəydi, sözsüz ki, Zərifə xanım ilk alanlardan biri olardı. Zarafat deyil: 35 il kolleksiyaçılıqla məşğul olasan, 7 mindən artıq miniatür kitab kolleksiyası toplayasan (bunların arasında yüzlərcə nüsxə sadəcə unikaldır) və nəticədə Ginnesin rekordlar kitabına düşəsən! Zərifə Salahova haqlı olaraq bu nailiyyətlə öyünür, biz isə onunla öyünürük ki, ölkəmizdə bu bənzərsiz qadın yaşayır və onun sayəsində dünyanın ən uzaq dövlətlərində Azərbaycanın adı çəkilir.

Bir dəfə day.az agentliyinə müsahibəsində Zərifə Salahova demişdi ki, bu körpə kitablar bütün həyatını dəyişmişlər. Yəqin, elədir ki var, axı miniatür kitabların sayəsində o, ən müxtəlif ölkələrdə onlarla dost qazanıb və bu insanlar onun kolleksiyasının çoxalmasına kömək edərək, Zərifə xanımın könüllü köməkçiləri olublar. Bu “körpə”lər sayəsində onun görüşlərinin və səfərlərinin coğrafiyası son dərəcə genişlənmişdir, zira öz kolleksiyasıyla birgə bizim Zərifə xanım həqiqətən bütün dünyanı gəzib-dolaşmışdır. Bu və ya digər ölkədə olduqda isə mütləq bukinist dükanlarının antikvar bölmələrinə baş çəkmiş, kitab rəflərini alt-üst edərək, bəzən yol üçün götürdüyü pulun hamısını gözü tutduğu “körpə”lərin əldə edilməsinə sərf etmişdir.

Və nəhayət, əgər bu kolleksiya olmasaydı Bakı, Miniatür kitab muzeyi simasında zəngin hədiyyə -- həqiqətən mənəviyyat mərkəzinə çevrilmiş məkan əldə etməzdi. Burada demək olar hər ay yaradıcı ziyalıların nümayəndələri görüşür, muzey direktorunun nəşr etdirdiyi növbəti yeni nüsxəni müzakirə edirlər. Bu gün Miniatür kitab muzeyi minlərlə turistin ziyarət yeridir, onların bir çoxu Bakıya məxsusi buranı görməyə gəlir. Yeri gəlmişkən, bilməyənlər üçün:  Miniatür kitab muzeyinə giriş tamamilə pulsuzdur və bu da onu digər muzeylərdən və muzey mərkəzlərindən fərqləndirir.

Bu yaxınlarda mən Rusiyanın sanballı turistik tripadvizor.ru saytına daxil oldum və “muzeylər” sorğusu üzrə paytaxtımızın adının yanında Bakı Miniatür kitab muzeyi haqda orada olmuş turistlərin sayta yerləşdirdiyi 200-ə yaxın rəy gördüm. Bir neçə rəyi nümunə kimi göstərmək həzzindən özümü saxlaya bilmirəm:

“Köhnə şəhərin mərkəzində çox qeyri-adi muzeydir, ora mütləq getmək, bu kolleksiya və bu muzeyin yaranması ilə bilavasitə bağlı olan insanlar bərədə maraqlı söhbəti dinləmək lazımdır”.

“Son dərəcə maraqlı miniatür kitab muzeyidir. Burada unikal tarixi qiymətə malik əsərlər toplanmışdır...”.

“Mən bu muzeydən çıxanadək, ərimlə oğlum gözləməkdən yoruldular. Bu gözəl cırtdan kitablara baxmaqdan, onları incələməkdən heç cür ayrıla bilmirdim. Kitabçalar çeşid-çeşiddir!.. Əsl həzz aldım...”.

“Təsadüfən girdik və heyfsilənmədik. Muzeyin sahibəsi - öz işinin əsl fanatı və bilicisidir...”.

“Bəli, bu, nadir, deyərdim ki, ilk dəfə rastlaşdığım təsadüfdür - şəxsi muzey və pulsuz! Bakıdakı Miniatür kitab muzeyi özlüyündə təkcə Azərbaycan üçün deyil, elə bütün dünya üçün də unikal hadisədir...”.

“Muzeyə tamamilə təsadüfən gəlib çıxdıq. Dərhal ab-havadan heyran olduq. Sanki, muzeyə deyil, köhnə kolleksiyaçı dostunun yanına düşmüsən. Çox xoşdur ki, öz işini sevən, onunla nəfəs alan insanlar hələ də qalıb”.

Zərifə xanımın muzeyi barədə şəhərimizin qonaqları bax bunları söyləyirlər və əlbəttə, bu, çox sevindiricidir. Axı muzey elə mövcudiyyətinin özü ilə ölkəmizi təbliğ edir, yüksək mədəniyyət və tolerantlıq mərkəzi kimi Bakının imicini qaldırır. Təsadüfi deyil ki, Quran və Bibliya muzeyin rəflərində yanaşı duraraq Azərbaycan paytaxtına hakim kəsilmiş həmrəylik və dinlərarası razılığı təcəssüm etdirir.

Lakin Zərifə xanımın yalnız nadir miniatür kitablar toplamadığını, “İndiqo” mətbəəsində özünün də sənət əsəritək  incə kitabçalar nəşr etdirdiyini hamı bilmir. Zərifə Salahovadakı tükənməz enerji və kreativliyə təəccüb etməmək olmur, belə ki, onun kitabları həqiqətən ölkəmizdəki bütün əlamətdar və əhəmiyyətli hadisələrlə səsləşir.

Təkcə müstəqillik illəri ərzində onun tərəfindən miniatür formatda ən müxtəlif təmayüllü 200 kitab çap edilmişdir - bu, həm müstəqil Azərbaycanda əsas siyasi hadisələr haqqında (məsələn, prezidentlərin inauqurasiya  nitqləri, Heydər Əliyevin neft strategiyası haqqında kitablar və s.) , həm “yaxın” və “uzaq” xaricin tanış şəxsiyyətləri barədə kitablar, həm də Azərbaycan mədəniyyəti korifeylərinin yubileyləriylə bağlı oçerklərdir.  Məsələn, Mustafa Kamal Atatürkün çıxışları toplanmış üçcildlik, yaxud “Kuba xalqının lideri - Fidel Kastro” ikicildliyi. Tükənməz enerjili Zərifə xanım uzaq Kubada iki dəfə səfərdə olmuş və hər dəfə orada ən yüksək səviyyədə qarşılanmışdır. 2011 və 2014-cü illərdə Havanada təşkil etdiyi miniatür kitab sərgilərinə isə ölkənin bütün siyasi və mədəni elitası, üstəlik çoxsaylı diplomatik nümayəndələr baş çəkiblər.

Əlbəttə, Zərifə Salahovanın kolleksiyasında əsas yeri, onu miniatür kitab muzeyi yaratmağa təşviq etmiş kumiri, ümummilli lider Heydər Əliyevlə bağlı kitablar tutur (37 nəşr!).

Sərgilərlə Paris və Londonda, Pekin və Ankarada, Moskva, Minsk və Kiyevdə olan Zərifə xanım öz doğma respublikasını da unutmamışdır, o, dəfələrlə kolleksiyanın bir qismini M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, Naxçıvanda Heydər Əliyev muzeyində sərgiləmişdir. Bir neçə il əvvəl isə NMR parlamentinin başçısı Vasif Talıbovun köməyi ilə Naxçıvanda Miniatür  kitab muzeyinin filialını açmışdır. Bundan sonra Gəncədə filialın açılışı olmuşdur. Hər iki filiala təmənnasız 2 mindən artıq kitabça verilmişdir. Düşünürəm ki, bu hələ başlanğıcdır, zira Zərifə xanım mənəviyyat, gözəllik və harmoniyanın yüksək nümunələriylə sevimli vətəninin hər bir sakinini tanış etmək arzusundadır.

Ölkəmizdə ən unikal kolleksiyaya malik olan bu güclü, iradəli qadına baxarkən anlayırsan: onun üçün dünyada mümkünsüz heç nə yoxdur. Belə ki, rəylər kitabında Beynəlxalq kitabsevərlər birliyinin prezidenti Sergey Yesinin yazdığı kimi, “mədəniyyət üçün ən əlverişli zaman olmayan bizim dövrümüzdə mahiyyətcə bu cür unikal muzeyin meydana gəlməsi - təkcə onun müəssisinin, yaradıcısının mücahidliyi yox, həm də hansısa möcüzə, bəlkə hətta ilahi hikmət faktıdır”.

Sergey Nikolayeviç və muzeyə gəlib öz rəylərini qeyd etmiş 14 min seyirçi ilə tamamilə razıyam (2002-ci ildən keçən zaman ərzində isə muzeyə 300 mindən artıq insan baş çəkmişdir!) və bizim sevimli xanıma deyirəm: əziz Zərifə Teymurovna, Kitab naminə fədakar əməyinizə, şərəfinə əllərinizlə abidə ucaltdığınız Kitaba sədaqətinizə görə çox sağolun!

Şəlalə Həsənova məqaləsində haqlı olaraq qeyd etdiyi kimi, miniatür kitab həmişə varlıların imtiyazı olub. Orta əsrlərdə miniatür dua kitabçaları, Bibliyalar, Quranlar hamısı kübarlar, şah və kral ailəsi üzvlərinin sifarişi ilə yaradılırdı. ABŞ prezidenti Franklin Ruzvelt miniatür kitab kolleksiyası toplayırdı, sən demə, hazırda Böyük Britaniya kraliçası II Yelizavetanın miniatür kitabxanası var. “Bu cür cəzbedici tarixi məlumatların fonunda, - yazır Ş.Həsənova, - varlı regional dövlət olan Azərbaycanın bu gün bütün dünyada mənəvi miniatür cavahiratın ən zəngin şəxsi kolleksiyasının Vətəni kimi məşhurlaşması xüsusi simvoliklik qazanıb”.

Zərifə xanım bizim hamımızı, onun çoxsaylı dostları və pərəstişkarlarını da miniatür kitab kolleksiyaçılığına “yoluxdurub” və indi bir çox bakılıların evində belə kitablarla dolu bir, yaxud lap iki rəfi olar.

... Bu kiçik məqalədə mən Zərifə xanımın çoxcəhətli fəaliyyətinin digər mahiyyətlərindən - həm Milli Olimpiya Komitəsinin üzvü, həm Hərbi əsirlərin, girovların və itkin düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyasının üzvü simasında - danışmadım. Bir şey dəyəcəyəm: öz vətəndaşlıq vəzifəsini bu qadın, kolleksiyası üçün miniatürləri topladığı elə həmin ehtiras, həmin qeyrətlə yerinə yetirir. Ona Azərbaycan haqda söhbət açmağa, nüfuzlu beynəlxalq forumlarda ədalətin tərəfimizdə olduğunu sübut etməyə isə yenə də Kitab kömək edir. Zərifə xanım bizim haqlı mübarizəmiz, erməni təcavüzü və bunun  nəticələri haqqında kitabları, sənədli materialları isə xarici səfərlərinə çamadan-çamadan aparır. Ən qəddar düşmənlər belə onun təzyiqi, bizim haqq işimizə müqəddəs inamı qarşısında susurlar. Buna çoxlu misal gətirə bilərəm, lakin təkrarlamayacağam, zira Zərifə Salahovanın fəaliyyətinin yorulmaz təbliğatçısı - Əməkdar jurnalist Elmira Əliyevanın məqalələrində və başqa materiallarda bu haqda müfəssəl danışılır. Yalnız bunu deyim: Zərifə Salahova çox mərd və əsl vətənpərvər insandır. Və Belarus Respublikasının mədəniyyət naziri Boris Svetlov Zərifə xanımın yubileyi ilə əlaqədar öz təbrik məktubunda qeyd etdiyi kimi, bu keyfiyyətlər işinə sədaqət, peşəkarlıq və unikal təşkilatçılıq istedadıyla birlikdə “bugünkü və gələcək nəsillərə parlaq nümunə olacaqdır”.

...Gülümsər, xoş üzlü, bəstəboy qadın sevimli körpələrinin rahatca yerləşdikləri görüncəklər qarşısında dayanmışdır və yeni kitabçanı başı üzərində uca tutub bizə, onun növbəti təqdimatına toplaşmış qonaqlara daha bir nəfis nəşrin tarixçəsindən danışır.

 O, sanki dünyanı bürümüş bayağı, mənasız kütləvi mədəniyyətə meydan oxuyaraq, sanki yeni “Pepsi nəsli”nin yaxşı qiraətə üz tutmaq istəməməsinə qarşı etiraz edərək, sanki əvvəlkitək əlahəzrət Kitabın hakim olacağı gələcək uğrunda döyüşərək ovcundakı körpəsini başı üzərində tutub. Və mən inanıram ki, total cəhalətlə bu savaşda o, bizim Zərifə Salahova, qalib gələcək!..

Zərifə xanımı onun gözəl yubileyi münasibətilə təbrik etmək və ona hələ uzun illər artıq ümummilli sərvətimizə çevrilmiş şəxsi muzeyinin qoruyucusu və dayağı olmasını arzulamaq istərdim. Arzu edərdim ki, Mədəniyyət Nazirliyi Zərifə Salahovanın unikal Miniatür kitab muzeyini Dövlət mükafatına təqdim etsin. O və onun kolleksiyası buna tam mənada layiqdilər.

 





17.04.2017    çap et  çap et