525.Az

Ədəbi-fəlsəfi fikir tariximizin diqqətəlayiq səhifəsi


 

Ədəbi-fəlsəfi fikir tariximizin diqqətəlayiq səhifəsi<b style="color:red"></b>

Ömür yolu, yaradıcılıq istiqamətləri barədə indiyədək geniş, sistemli tədqiqat işi aparılmayan görkəmli ədəbiyyatşünas, istedadlı nəzəriyyəçi, peşəkar ədəbiyyat tarixçisi, Azərbaycan - Rusiya ədəbi-mədəni əlaqələri sahəsində müstəsna xidmətləri olan alimlərimizdən biri də, uzun illər Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçilikdən şöbə müdiri vəzifəsinədək yüksələn professor Mikayıl Rəfilidir (1905-1958).

Aprel ayının 25-də dünyaya gələn və eyni gündə də həyatını dəyişən bu böyük şəxsiyyəti yaxından tanıyanlar onu çox istedadlı, sərt və mərd insan kimi xarakterizə edirdilər.

Mikayıl Rəfili 1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektorunda elmi tədqiqat fəaliyyətə başlamışdır. O vaxt həmin sektorda Böyükağa Talıblı, Əmin Abid, Salman Mümtaz, Həmid Araslı, Həbibulla Səmədzadə, Avadyay Avadyayev, Qulu Quluzadə, Davud Quliyev, Paşa Sultanov, Mir Əbdülqasım Mirqasımov və b. çalışırdı. Mikayıl Rəfiliyə "Ədəbiyyat ensiklopediyası"nın sözlüyünü tərtib etmək və hazırlamaq həvalə olunmuş, o, 1935-ci ildə "A"-dan "M"-dək 15 m.v. həcmində iş görmüşdür. 1938-ci ilin fevral ayında Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor İdris Həsənovun 26 saylı əmri ilə Mikayıl Həsən oğlu Rəfili böyük elmi işçi vəzifəsinə təyin edildi. Sentyabr ayında tarix müstəqil instituta çevrildi, Ədəbiyyat və Dil İnstitutuna isə Nizaminin adı verildi. 1939-cu il yanvar ayının 1-dən Nizami adına Ədəbiyyat və Dil İnstitutuna Heydər Hüseynov direktor təyin edildi. Bu vaxt institutun strukturu 3 şöbədən və 18 işçidən ibarət idi. Ədəbiyyat şöbəsində Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Mübariz Əlizadə və Tamara Əhmədova çalışırdı.

SSRİ EA Azərbaycan Filialının sədr müavini Əhəd Yaqubovun rəhbərliyi ilə 5 yanvar 1939-cu ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun geniş istehsalat müşavirəsi keçirildi. Gündəlikdə yeganə məsələ: "Nizami adına Ədəbiyyat və Dil İnstitutunun iş perspektivləri haqqında" idi.

Yığıncaqda institutun əməkdaşlarından H.Araslı, A.Avadyayev, Y.Əliyev, M.Əlizadə, C.X.Hacıyev, H.Hüseynov, M.A.Dadaşzadə, İ.Cəfərzadə, F.Qasımzadə, M.H.Təhmasib və başqaları iştirak edirdi.  Mikayıl Rəfili söz alaraq dedi: "Şöbələrin adlarını dəyişməklə irəliləyiş mümkünsüzdür, ona görə də ədəbiyyat və dil şöbələrini olduğu kimi saxlamalı, folklor şöbəsini ləğv etməli, onu ədəbiyyat tarixi şöbəsinə folklor komissiyası kimi birləşdirmək lazımdır. Folklorun ədəbiyyatla sıx əlaqəsi vacibdir. Məsələn, "Koroğlu" eposunun mövzusu haqqında araşdırmanı ədəbiyyat tarixindən necə ayırmaq olar?

İşin əsas istiqaməti nəşryönümlü yox, ədəbiyyat tarixi, dil, folklor və sair problemlərlə bağlı elmi-tədqiqat yönümlü olmalıdır.

İndiyədək işdə əsas çatışmazlıqlar elmi iclasların yoxluğu ilə bağlıdır. Elmi-tədqiqat institutu ölkənin elmi-tədqiqat həyatına rəhbərlik etməlidir. Proqramların müzakirəsində, dərsliklərin hazırlanmasında ali məktəblərə köməklik göstərilməlidir. Bir sıra məsələlərin qoyuluşu üçün işçilərin cəlb olunması vacibdir. İndiyədək bu məsələlərlə heç kim məşğul olmamışdır. Dəyərli elmi işlərin yerinə yetirilməsi üçün ezamiyyətlər zəruridir. 1938-ci ildə ezamiyyətlərdən istifadə olunmamışdır. Ezamiyyət zamanı yeni materiallar araşdırılmalı, seçilməli və onun əsasında dissertasiyalar yazılmalıdır. Daha sonra, İnstitutun Azərbaycan ədəbiyyatının əsas problemlərinə həsr edilmiş əsərlərinin nəşri məsələsini vurğulamağa ehtiyac duyulur. Nəşrinə ehtiyac duyulan çoxsaylı materiallar var, məsələn "Qarabağnamə", "Bakıxanovun şeirləri", "Kəmaləddinin əsərləri", "Qədim İndus ədəbiyyatı abidələri",  Azərbaycan dilinə çevrilmiş ədəbi məclislərin əsərləri...

Yalnız öyrənmək və nəşr etmək deyil, həm də işi təşkil etmək vacibdir. Daha böyük intuziazm ilə (indi hiss olunur ki, hamı çalışmaq istəyir) işi yenidən qurmaq, ölkəyə, xalqa onların tələb etdiyini vermək - ölkəsinin vətəndaşı olan hər bir işçinin borcudur".

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun yeni təşkilatlandığı dövrdə professor Mikayıl Rəfilinin fəaliyyəti və təşəbbüsləri bu gün də əhəmiyyətini qoruyub saxlamaqdadır. İnstitutun 1941-ci il planını nəzərdən keçirdikdə müşahidə edirik ki, altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin, eləcə də, "Azərbaycan ədəbiyyatı tarixinin qısa kursu"nun hazırlanmasına Məmməd Arif, Cəfər Xəndan, Mir Cəlal, M.H.Təhmasib ilə yanaşı, Mikayıl Rəfili də cəlb olunub.

Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə professor Mikayıl Rəfili 1951-ci il 1 sentyabrda Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri seçilib. Lakin o, bu vəzifədə uzun müddət səmərəli fəaliyyət göstərə bilmədi. Açıq və sərt çıxışları ona baha başa gəldi. Bir il sonra, 1953-cü il oktyabr ayının əvvəllərində İnstitutun Elmi Şurası onu "burjua ideologiyasının" təbliğində "günahlandıraraq" institutdan xaric etdilər.

Mikayıl Rəfilinin bugünkü oxucu üçün naməlum olan daha bir açıq və sərt çıxışı Moskva Dövlət Universitetinin Ədəbiyyat və incəsənət fakültəsinin tələbəsi adını daşıdığı dönəmdə, 22 yaşında olan zaman etmişdi.

1928-ci ildə Mirzə Fətəli Axundzadənin vəfatının 50-ci ildönümü Bakıda və Moskvada təntənəli qeyd edilirdi. O vaxt Kommunist Universitetinin Ədəbiyyat və İncəsənət seksiyası fevralın 18-də "Mirzə Fətəli Axundov ədib və yeni türk əlifbasının pioneri" adlı elmi sesiya keçirmiş, Seydiyev və İsfəndiyarov məruzə, Smidoviç, Arşanuri və Mikayıl Rəfili çıxış etmişdir. Rusiya Elmlər Akademiyasının Arxivindən əldə etdiyimiz prof. Mikayıl Rəfilinin bu nadir çıxışı gəncliyə xas pafosu, ehtirası və fərqli baxış prizması ilə fərqlənir və çox maraqlıdır. Tədbirin məruzəçilərindən İsfəndiyarov Səncər Seyid Cəfər oğlu 1889-cu ildə Daşkənddə anadan olmuş, ixtisasca hərbi həkim idi. O, Sovet dövründəTürkmənistan Respublikasının səhiyyə naziri, sonra isə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. Nəriman Nərimanovla yaxın dost idi. 1928-ci ildə isə Səncər Seyid Cəfər oğlu Kommunist Universitetinin Nəriman Nərimanov adına Şərqşünaslıq İnstitutunun direktoru idi. Seydiyev isə (Təəssüf ki, onun haqqında geniş məlumat əldə edə bilmədik - A.R.) 1920-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində işləmiş, burada yaradılan Fəlsəfə cəmiyyətinin katibi seçilmiş, jurnallardan birində fəal çalışmış, sonralar isə Moskvaya gedərək Kommunist Universitetində fəaliyyətini davam etdirmişdir.

Mikayıl Rəfilinin Mirzə Fətəli Axundzadəyə həsr etdiyi çıxışının üslubuna toxunmadan, mübahisəli məqamlara şərh vermədən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Ülkər Hüseynovanın  tərcüməsində təqdim edirəm.

Yeri gəlmişkən: bu gün ədəbi ictimaiyyət tərəfindən Ülkər xanımın 80 illik yubileyi qeyd olunur. İstedadlı tərcüməçini, cəmiyyətdə böyük nüfuz sahibi olan professor Şirməmməd Hüseynovun fədakar həyat yoldaşını yubileyi münasibətilə İnstitutumuzun Həmkarlar Təşkilatı adından səmimi təbrik edir, cansağlığı, fəaliyyətində yeni uğurlar arzulayıram.

Asif RÜSTƏMLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri 

MİKAYIL RƏFİLİNİN ÇIXIŞI

(Tərcümə edən: Ülkər Hüseynova) 

"Mirzə Fətəli Axundov, mənə elə gəlir ki, türk xalqlarının, daha doğrusu, Azərbaycanın ictimai fikir tarixinin inkişafında çox böyük şəxsiyyətlərindən biridir. Digər türk-tatar xalqları arasında onun fəaliyyəti çox geniş yayılmamışdı. O, Azərbaycana nisbətdə şübhəsiz böyük xadim, böyük islahatçıdır, ümumiyyətlə, həm də Azərbaycanın ictimai, ədəbi, mədəni həyatında böyük rolu olan böyük şəxsiyyətdir.

Ona görə Kommunist Akademiyasının ədəbiyyat və incəsənət şöbəsi türk xalqının belə böyük xadimini yaddan çıxarmaması, əlbəttə, təqdirəlayiqdir və biz türklər belə başlanğıcı alqışlamalıyıq. Lakin burada bəzi məyusluqla qarşılaşırıq. Bu da ondan ibarətdir ki, məruzəçilərdən biri olan yoldaş İsfəndiyarovun qeyd etdiyi kimi, bu böyük, nadir şəxsiyyətə həsr olunmuş məruzələr bu vaxta qədər də ictimai həyatımızın yeganə, böyük mədəniyyət xadiminə həsr olunmuş məruzələr çox səthi, zəifdir. Axundov haqqında çox danışmaq olardı, onun haqqında danışmaq vacib idi. Az danışmaq da, lakin daha ciddi və əsas, əhəmiyyətli məsələlərdən danışmaq olardı, vacib idi. Onun şəxsiyyətindən, ədəbi fəaliyyətindən, onun mədəniyyət sahəsindəki fəaliyyətindən danışmaq lazım idi, bunları qeyd etmək vacib idi. Bizim məruzəçilərimizin demədiyini, etmədiyini qeyd etmək lazım idi.

Əvvəla, mənim nöqteyi-nəzərimcə, məruzəçilərin özlərinin bu adama olan münasibəti - bu da çox vacibdir - məni təəccübləndirdi. Ümumiyyətlə, çox təəssüf ki, bizim Azərbaycanda da - mənim zənnimcə, fikrimcə, onun adını lazımınca bilmirlər. Bilmirlər ki, o, Axundzadə deyil, Axundovdur. Bilmirlər ki, o heç vaxt özünü Axundzadə adlandırmazdı. Necə ki, Puşkini Puşkov adlandırmaq olmaz, Axundova da Axundov demək lazımdır, çünki bu adam özünü yalnız Axundov adlandırıb. Mən bilən belədir, bəlkə mən səhv edirəm. Belə ki, buna daha ciddi yanaşmaq lazım idi.

Burada həm məruzəçilər tərəfindən, həm də Azərbaycanda mövcud olan elmi mədəni cəmiyyətlər tərəfindən böyük xətaya, səhvə yol verilib. O, Axundov adlandırılacaq. Bu, mənim ilk iradımdır. Sonra yoldaş Seydiyevin məruzəsinə əsasən bir məsələni də qeyd edim ki, o, fars olmayıb, əsl türk olub, babası nə vaxtsa İranda yaşayıb, İranda yox, İran Azərbaycanında yaşayıb. Orada türklər yaşayır, bu, böyük savadsızlıqdır, bu, hətta siyasi savadsızlıqdır. Belə ki, Axundov türkdür və Axundovdur. Məncə, bu, çox böyük iraddır.

(Ardı var)

 





18.04.2017    çap et  çap et