525.Az

"Özümü xaraktercə Leyli obrazına daha yaxın bilirəm"


 

ƏMƏKDAR ARTİST GÜLÜSTAN ƏLİYEVA: "SÖZLƏRİ MƏNALI, SADƏ VƏ OXUNAQLI OLARSA, MAHNI DAHA ÇOX SEVİLƏR"

"Özümü xaraktercə Leyli obrazına daha yaxın bilirəm"<b style="color:red"></b>

- Təxminən 35 il öncə "Gənc İstedadların Respublika Müsabiqəsi"ndə iştirak edən qızcığaz - Gülüstan Əliyeva indi Respublikanın Əməkdar artistidir. Geriyə dönüb baxarkən ilk xatırladığınız nələr olur?

- İtirdiklərimizlə, qazandıqlarımızla həyat özü bir yoldur. Bu yolda geri çevrilib baxarkən isə daha çox qazandıqlarımızı görürük. Bu, həm də bir növ təsəllimizdir.

- Leyli, Şahsənəm, Ərəbzəngi, Sənəm... Gülüstan Əliyevaya xarakter baxımından bunlardan hansı daha yaxındır?

- Məncə insanın həyat tərzi ilə onun xasiyyəti arasında çox bağlılıq var. İnsan xaraktercə kimdirsə, həyatda da odur. Oynadığım bütün rollarda məndən nəsə var, ancaq daha çox Leyliyə bağlıyam. Yəni özümü xaraktercə Leyli obrazına daha yaxın bilirəm.

- Ana, müğənni, müəllim... Hansı daha çətindir?

- Əslində, bunların hamısı ayrılıqda çətin və məsuliyyətlidir. Hər üçünü bir arada idarə etmək isə daha böyük güc tələb edir. Düşünürəm ki, mən bu üçünü də özümə birləşdirə bilmişəmsə, demək ki, güclü insanam. Ana kimi nəinki bir övladı, bütün bir ailəni illərlə təkbaşıma idarə etməli olmuşam. Bunun öhdəsindən gəlmək üçün mübariz və prinsipial olmaq lazımdır. Yaşamağın başlıca şərti hədəfini düzgün müəyyən etməkdir. Kim olmağından, hansı sənətin sahibi olmağından asılı olmayaraq, hədəfini, məqsədini seçməli və heç bir maneəyə baxmadan ona doğru irəliləməlisən.

- Dediniz ki, güclü insansınız. Bəs gücünüzün bitdiyini hiss etdiyiniz zamanlar olubmu?

- Əlbəttə, çox olub. Elə anlar olub ki, hər şeydən, hər kəsdən yorulmuşam, özümə qapılmışam, nəinki iş görmək, yaşamaq belə istəməmişəm. Amma bu zamanlarımda bir tək övladımın varlığı məni xilas edib. Düşünmüşəm ki, mən özüm üçün olmasa belə, onun üçün yaşamağı bacarmalıyam. Yenə də ona sarılıb, ondan güc almışam.

- Sizin üçün ifa etdiyiniz mahnının sözləri nə dərəcədə önəmlidir?

- Çox böyük önəmi var. Musiqinin gözəlliyini göstərə bilən, əlbəttə ki, sözdür. Sözləri mənalı, sadə və oxunaqlı olarsa, mahnı daha çox sevilər. Sözlə musiqi bir quşun iki qanadı kimidir. Hər iki qanad sağlam olan quş səmaları daha asan fəth edər.

- Xanəndələrimiz hələ də əsasən klassik şairlərimizin sözlərini ifa edirlər. Müasir şairlərimizin şeirlərinə niyə az müraciət olunur? Siz özünüz hansı müasir şairlərimizin sözlərini ifa edirsiniz?

- Əlbəttə ki, müasir şairlərimizin şeirlərini də sevərək mütaliə edirəm, repertuarımda da zaman-zaman onlara yer verirəm. Tələbələrimizə muğamlarımızla birgə klassik irsimizi, qəzəllərimizi öyrətmək bir pedaqoq kimi bizim borcumuzdur. Onlar Füzulini, Vaqifi, Zakiri də, Vahidi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni də tanımalıdırlar. Dediyim kimi, mən müasir şairlərimizin şeirlərinə də müraciət edirəm. Məsələn, Ramiz Rövşənin, Bəhmən Vətənoğlunun, Sücaətin sevdiyim şeirlərini oxuyuram. Yaradıcılığını rəğbətlə izlədiyim Rəşad Məcidin sözlərinə də bu yaxınlarda bir mahnı ifa etdim. "Fərqi yoxdur" adlı bu mahnını istedadlı bəstəkar Aysel Kərim yazıb. Ümumiyyətlə, əgər şeir xoşuma gəlirsə, hisslərimə təsir edə bilirsə, çalışıram, ona yazılmış mahnıya repertuarımda yer verim.

- Bir müəllim olaraq, indiki gənclərimizin incəsənətə, xüsusən musiqiyə axınını necə qiymətləndirirsiniz?

- Axın çox yaxşıdır, bu, məni ancaq sevindirə bilər. Ancaq təbii ki, hər şey zamanla öz yoluna düşür. Ola bilər ki, iki nəfərdən biri musiqiyə olan sevgisi, istedadı ilə, digəri isə sadəcə marağından bu sənəti seçər. Zaman keçdikcə, hər ikisi özlərinin əsl yolunu tapacaqdır. Mən həmişə tələbələrimə misal çəkirəm ki, 1981-ci ildə müsabiqəyə gələrkən ümumən 650 nəfər idik. Sonradan cəmi 12 nəfər qaldıq, zaman keçdikcə isə onlardan da uzaqlaşanlar oldu və bugunki Azərbaycan musiqi sənətində həmin iştirakçılardan çox az sənətçi var. Zamanında Ulu Öndərin təşəbbüsü ilə keçirilmiş müsabiqədə iştirak edən, ölkənin müxtəlif bölgələrindən tək-tək seçilib Bakıya gətirilən uşaqlar indi Azərbaycan muğamında öz layiqli yerlərini tutmuş sənətkarlardır. Bu da muğam sənətimizə verilən dəyərin, qayğının nəticəsidir. İndi də bu qayğını ən yüksək səviyyədə Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan görürük. Heydər Əliyev Fondunun bu sahədə rolu misilsizdir. Bu qayğının nəticəsində Azərbaycan muğamı hazırda bütün dünyada tanınır, sevilir.

Uğurun qazanılmasında istedadla zəhmətin rolu yarı-yarıyadır. Bu sənəti seçən gənclər də əgər uğur qazanmaq istəyirlərsə, öz üzərində çalışmağı, zəhmət çəkməyi öyrənməlidirlər. Mən tez-tez tələbələrimizə deyirəm, nə qədər ki, gəncsiniz, valideynləriniz, müəllimləriniz sizin üçün bu cür şərait yaradıblar, bundan istifadə edin, oxuyun, öyrənin. İnanın ki, o zaman həyatda istədiyin hər bir şeyə nail olarsınız.

Şahanə MÜŞFİQ

 





19.04.2017    çap et  çap et