525.Az

Professor Arif Səlimov - Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı


 

Professor Arif Səlimov - <b style="color:red">Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı</b>

Riyaziyyatın ən qədim qolu olan həndəsə sahəsində Azərbaycanlı alimlər hər zaman öz elmi nailiyyətləri ilə dünyada isimlərini tanıda biliblər. Bu ənənə məşhur Nəsrəddin Tusi ilə başlayıb. Onun Evklid həndəsəsinin 5-ci postulatı ilə əlaqədar verdiyi təkliflər daha sonralar yaranan Lobaçevski həndəsəsinin ortaya çıxmasında önəmli rol oynayıb. 

20-ci əsrdə Nəsrəddin Tusi irsinin önə çıxan layiqli davamçılarından biri də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Maqsud Cavadovdur. Onun cəbrlər üzərində qurulmuş fəzaların həndəsəsində əldə etdiyi nəticələr Azərbaycan həndəsə məktəbinin bütün dünyada qəbul edilən önəmli nailiyyəti idi. 1972-ci ildə vəfat eden Maqsud Cavadovdan sonra Azərbaycan həndəsə məktəbində bir müddət durğunluq yarandı.

1973-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə Arif Səlimov adlı bir tələbə qəbul olundu. O zaman həndəsə kafedrasının müəllimləri bu 17 yaşlı gənc oğlanda böyük istedadı görüb, onu həndəsənin "Məkkə"si sayılan və Lobaçevskinin yaratdığı elmi məktəbin fəaliyyət göstərdiyi Kazan Dövlət Universitetinə istiqamətləndirdilər. Bu gənc tələbənin istedadı Kazan Dövlət Universitetinin məşhur həndəsəçi alimləri A. Norden,  A. Şirokov və V. Vişnevskinin diqqətini çəkdi və daha sonra bu alimlər onun bu universitetin əyani aspiranturasında qalıb oxumağına dəstək oldular. 80-ci illərdə məşhur Nordenden "... sən Tusi və Cavadov məktəbinin davamçısı olacaqsan ..." sözlərini eşidəndə gənc elmlər namizədi Arif Səlimov çox sevinmiş və gələcək elmi xəyallarını qurmağa başlamışdı.

Riyaziyyat dünyasında "Arif Salimov" kimi tanınan Azərbaycanlı alim həm namizədlik (1984), həm də doktorluq (1998) dissertasiyasını Rusiyanın Kazan Dövlət Universitetində "Həndəsə" ixtisası üzrə müdafiə edib. O, ölkəmizdə bu ixtisas üzrə hazırda yeganə elmlər doktorudur. A.Səlimov elmi-pedaqoji fəaliyyətini Rusiya, Azərbaycan və Türkiyədə davam etdirib, bu ölkələrdə həndəsə ixtisası üzrə ümumilikdə, 14 nəfər fəlsəfə doktoru yetişdirib, bunlardan 4 nəfəri "professor" elmi adını alıb.  Görkəmli alim Türkiyədə 4 dəfə dövlət qrantlarının qalibi olub. Onun Tenzor operatorları ilə bağlı yazdığı və bu mövzuda dünyada ilk sayılan elmi monoqrafiyası ABŞ-ın "Nova Science Publishers" nəşriyatının "Mathematics Research Developments" seriyası üzrə çap olunub və "Amazon.com" kimi məşhur e-ticarət şirkətlərində böyük tirajlarla satışa çıxarılıb.

A.Səlimov həndəsə sahəsində aldığı elmi nəticələri 50-dən çox beynəlxalq elmi konfranslarda məruzələrlə təqdim edib, bu nəticələrin 100-dən çoxu ayrıca elmi məqalə şəklində çap olunub. Onun elmi məqalələrinin çoxu "Springer", "Elsevier", "World Scientific" kimi məşhur nəşriyyatlarda nəşr edilib. Bu məqalələrdən 47-si ABŞ-ın "Thomson Reuters" şirkətinin "Web of Science" elmi bazasının SCIE indeksində yer alıb. Məhz bu nəticə ilə A. Səlimov dünyada həndəsə üzrə ən yüksək reytinqə sahib olan elm adamlarından biridir.

A.Səlimov bir çox mükafatlara layiq görülüb. O, ən böyük mükafatını 2015-ci ildə Tenzor strukturalar üzrə rəhbərlik etdiyi layihə ilə əldə edib. Görkəmli alim Türkiyədə Elm və Texnika Komitəsinin (TUBİTAK) təqdimatı ilə elm sahəsindəki ən yüksək məbləğli Dövlət Mükafatına (20 min ABŞ dolları) layiq görülüb  Müqayisə üçün qeyd edək ki, riyaziyyatçıların kiçik "Nobel mükafatı" hesab olunan Filds mükafatı  15 min Kanada dolları (təqribən 12 min ABŞ dolları) miqdarındadır.

Uzun illər xaricdə elmi fəaliyyətlə məşğul olan A.Səlimov 2016-cı ildə öz doğma Vətəninə qayıtmağa qərar verib. O, hazırda Bakı Dövlət Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, əldə etdiyi yüksək elmi nailiyyətlərinə görə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu akademiyanın müxbir üzvlüyünə keçiriləcək seçkilərdə A.Səlimovun namizədliyini irəli sürüb.

Qeyd edək ki, Türkiyə dövlət mükafatı laueratı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov AMEA-nın müxbir üzvlüyünə seçkilərdə riyaziyyatın bütün sahələri üzrə qeydə alınmış 22 namizəd arasında "Thomson Reuters" şirkətinin "Web of Science" elmi bazasının SCIE indeksindəki məlumatlara görə ən yüksək nəticə - 47 məqalə ilə birinci yerdədir.

Ceyhun ABASOV

 





20.04.2017    çap et  çap et