525.Az

Məmmədəmin Rəsulzadə, yoxsa Heydər Əliyev?


 

Məmmədəmin Rəsulzadə, yoxsa Heydər Əliyev?<b style="color:red"></b>

Hörmətli redaksiya!

Mən sosial psixologiyanın əskidən qalmış "Belə danışsam, belə etsəm -nə deyərlər" xofunu heç vaxt yaxına  buraxmadım. Hər zaman düşündüyümü ifadə etdim, yazdım və tərəddüd göstərmədən müvafiq addımlar atdım. Prinsipial məqamlarda, həlledici siyasi dönəmlərdə seyrci olmaq əxlaqıma və təbiətimə yaddır.

Söhbət fövqəladə ciddidir: Müxtəlif dövrlədə, fərqli mühitdə fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərdən danışılır. Və əlavə edim ki, bu yerdə təkcə elmi-tarixi dəqiqlik, obyektiv  araşdırmaçı vicdanı kifayət etmir. Həddindən ziyadə həssas olan bu mövzu  həm də bir mövqe məsələsidir...

Belə ki, mənim Əvəz Zeynallının "Qaynar qazan" layihəsində  "Heydər Əliyev ictimai-siyasi və dövlət xadimi, M.Rəsulzadə isə dövlət xadimi yox, ictimai-siyasi xadimdir", - deyə verdiyim açıqlama  birmənalı qarşılanmayıb.

Müxtəlif şərhlər gəlir. Məqbul, həm də kifayət qədər qaragüruhçü yozumlar var. Düşünürəm ki, bəzi suallara aydınlıq gətirməm lazımdır. Elə bu səbəbdən mövzuya  aid bəzi qeydlərimi oxucularınız ilə paylaşmaq istərdim...

Bəri başdan vurğulayım ki, sərlövhə heç də ürəyimcə deyil. Nədən? Çünki bu cür müqayisə sağlam məntiqlə daban-dabana ziddir. Amma fakt budur ki,bu gün ictimai fikrin idarə olunma mexanizmi təkcə sağlam məntiq üzərində bərqərar deyil. Qeyri-sağlam məntiq hələ də öz  "söz"ünü deməkdədir. Və onun fəsadları ilə hər addımbaşı üz-üzə gəlməli oluruq...

Bizdən asılı olmayaraq, bu məzmunlu dartışmalar gizli və ya açıq şəkildə aparılmaqdadır..

M.Rəsulzadə haqqında dediklərimi yenidən təkrarlayıram: Onun imici daha çox  ictimai-siyasi xadim tipinə uyğundur. Nə etməli ki, əlahəzrət tarix M.Rəsulzadəyə özünü dövlət xadimi kimi sınamaq üçün şans tanımadı.  Amma bu talesizlik onun Cümhuriyyət qurucularından biri kimi statusunu aşağılaya bilmir.

Məmmədəmin Rəsulzadə AXC-nin qurucularından biri , görkəmli ictimai-siyasi xadimdir. Bunu kim inkar edir? Kim inkar edə bilər ki?

Bəs, problem nədədir?.. Söhbət ondan gedir ki, M.Rəsulzadə haqqında deyilən fikirlərin, açılan müzakirələrin əksəriyyəti mənfəətçi yönümlüdür. İdeoloji siyasi dəyər daşımır, mövzu təsərrüfatlaşdırılıb, bir  az da dəqiqləşdirsək, Rəsulzadə mövzusu bu gün "yardımçı təsərrüfat" funksiyasını yerinə yetirir...

Etiraf edək ki, bizim milli tariximiz və tarixi simalarımız həmişə konyuktur münasibətdən əziyyət çəkibdir:ayrı-ayrı şəxsləri, ayrı-ayrı mərhələləri ya məddahcasına ideallaşdırmışıq, ya da qəddarcasına təftiş etmişik.  Hətta bəzən məddahlıqla qəddarlığın sərhədlərini müəyyənləşdirmək çətinləşir. Məddah təftiş etdiyi obyekti "uf" demədən amansızcasına təftiş edə bilir. Bə ya əksinə, təftiş edilən utanıb qızarmadan mədh olunur. Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına və irsinə yönəlik  eyni, ənənəvi davranış, konyuktur bir "sevgi" bəslənilir. Bu gün Rəsulzadəni fikrini korrekt ifadə edə bilməyən millət vəkilindən, büstünə corab hörən məmurdan yox, mənfəətçi canıyananlıqdan - konyuktur sevgidən qorumaq vacibdir. Konyuktur  sevgi daxili rəğbətin və ehtiramın əlaməti sayıla bilməz, bu hər  şeydən öncə öz  gəlir-çıxarını, yalnız və yalnız cibini güdən adi, hesabdar təəsübkeşliyidir. M.Rəsulzadəyə qarşı konyuktur sevgi əksər hallarda hakimiyyətdən deyil, özlərini Rəsulzadə yolunun davamçıları elan etmiş müxalif və qeyri-müxaliflyönlülərdən qaynaqlanır... 

Məşhur bir sənətçi var. Elə ki, övladının vəzifə ieararxiyasındakı irəliləyişi ləngiyir və ya hansısa xahişinə soyuqqanlı yanaşılır, yaxası növbəti orden üçün qəribsəyir - dərhal Rəsulzadəni xatırlayır: "O kişiyə niyə heykəl qoymursunuz" - deyə bir-iki cümlələlik müsahibə verir. İşləri yoluna düşür və hər şey həmən də yaddan çıxır..

İlk baxışda dünyanın get-gəlindən baş çıxaran, mütaliəsi, yazısı-pozusu yerində olan bir tanışım deyir ki, müəllim, Siz öz saytınızın adını niyə "28 may" qoymusunuz, siz axı Heydər Əliyevçisiniz? 28 may Məmmədəmin Rəsulzadəyə məxsusdur.

"Niyə belə düşünürsünüz" deyə soruşuram.

 O israr edir ki, necə yəni niyə? 1918-ci il mayın 28-də  Rəsulzadənin başçılığı ilə müstəqilliyimiz elan olunub.

Mübahisə etmirəm. Deyirəm ki, sizin kəramətinizlə onda 28 apreli də Rəsulzadənin və onun silahdaşlarının ayağına yazmaq olar və mümkündür. Baxmayaraq ki, mən şəxsən bu fikirdən çox-çox uzağam.

Tanışım  qayıdır ki, düz deyirsiniz, aa  orası heç ağlıma gəlməyib.

"Orası"nı  fikirləşməyənlərin dəst-xətti ictimai şüurda izsiz ötüşməyib və ötüşmür.

Yeri gəlmişkən, neçə vaxtdır ki, yeri gəldi-gəlmədi, belə bir əfsanə xatırladılır: 1988-ci idə Azərbaycan xalqı "İlin xalqı" elan edilib. Təbii ki, o dövrdə xalqımızın göstərdiyi dirəniş müzakirə və mübahisə yeri ola bilməz və olmamalıdır. O tarixi  günlər iftixar və qürur mənbəyimiz kimi qalır. Ancaq  “İlin xalqı” elan edilməyimizlə bağlı deyilənlərin arxasında heç bir ciddi əsas dayanmır. Kəsəsi, heç kim bizi “İlin xalqı” seçməyib. Bunun bircə adı var: siyasi avantura. Kimsə (və ya kimlərsə) özünə şanlı keçmiş düzəltmək, inqilabçı-hərəkatçı fəaliyyətini maddiləşdirmək üçün bu ideyanı dövriyəyə yeridib. Və təxribat öz işini görüb, istənilən nəticə əldə edilib.

Bu o demək deyil ki, təxribat müəllifləri fövqəladə qabiliyyət sahibləridirlər. Yox. Sadəcə, kütlənin elə bir əhvalı olur ki, ağzı açılı, gözü yumulu, əlləri yanında  dinməz-söyləməz hər deyilənə inanmaq istəyir. Və inanır. 1988-ci ildə belə bir böyük yalanı kütlə nə baş verdiyinin fərqinə varmadan böyük həqiqət kimi öz yaddaşına pərçimləyib... Bugünkü ictimai övqat mənə hərdən 80-ci illərin həmin sadəlövhlüyünü  xatırladır və narahat edir.

Cəmiyyətimizin mühüm bir kəsimi şayiələrə qulaq asmaqda, yaymaqda və inanmaqda həvəsli görünür. Bəzən kimsə hakimiyyətə acıq verirmiş kimi, irəli gedib guya ki, hədələyici bəyanatlar səsləndirir: "Bakının ən uca yerində Rəsulzadənin heykəli qoyulmalıdır". Heç kim narahat olmasın. Bakının ən hündür yerində, paytaxtımızdakı inşa edilmiş ən nəhəng və nadir, siyasi təşəbbüskeşliyi Heydər Əliyevə məxsus olan heykəltaraşlıq nümunəsi var. Bu, Nəriman Nərimanovun heykəlidir. Nə dəyişir? Nərimonovun heykəli mövcud siyasi ab-havaya nəyi diktə edə bilir ki? Abidənin pyedestalındakı genişlik heç kimin tarixdəki yerini dar eləmir. Abidənin nəhəngliyi heç kimin tarixi-siyasi obrazına  kölgə salmır... Əksinə, pyedestalının genişliyi ilə Nərimanovun tarixdəki yeri arasında bir tərs mütənasiblik, ziddiyyət mövcuddur. Nə yazıq ki, abidənin əzəməti və möhtəşəmliyi bu ziddiyəti birmənalı olaraq Nəriman Nərimanovun xeyrinə həll etmək gücündə deyil.

"Təsərrüfatçı" yanaşma M.Rəzulzadəni ideoligi-siyasi mahiyyətindən təcrid edir. Onun irsi, adı istismara məruz qalır, birləşdirici amilə çevrilmır. Onun ideoloji ardıcılları bir-birləri ilə heç cür  yola  gedə bilmirlər. Hətta Rəsulzadənin Novxanıdakı heykəli də onun heykəlinin xiffətini çəkənləri bir yerə toplaya bilmir. Hər il yanvarın 31-də onu  fərqli dəstələrlə, fərqli vaxtda, fərqli marşrutlarla ziyarət  edirlər.

Rəzulzadəni cümhuriyyət qurucularından ayırmaq dəbdə olan bir üslubdur. Niyə heç kim "Nədən M.Topçubaşova heykəl qoymursunuz, onun yubileyini keçirmirsiniz" deyə hakimiyyəti ittiham etmir? Belə bir fikir səslənsəydi,  axı,  daha  ədalətli olardı. Çünki iki ilə yaxın bir dövrdə Cümhuriyyətin başçısı, hüquqi təmsilçisi olmuş Topçubaşovun heç bir yubileyi dövlət səviyyəsində qeyd  edilməyib.

Bu, mənfəətçi gedişdir, hədəf bəllidir. Məqsəd Rəsulzadəni tarixin köksündən və silahdaşlarından ayırıb böyütmək və böyüklüyə şərik çıxaraq siyasi meydanda duruş gətirə, Heydər Əliyev faktoruna qarşı dayana bilməkdən ibarətdir. Əlbəttə ki, bütün bunlar uğur vəd etməyən perspektivsiz cəhdlərdir.

Bəzi Rəsulzadəçilər isə "təsərüfat"larını daha praqmatik üsullarla qorumağa və genişləndirməyə üstünlük verirlər. Heydər Əliyev hakimiyyətinin maddi-inzibati resurslarından, mandatından bəhrələnir, eyni zamanda, siyasi gələcəklərinin qayğısına qalaraq aradabir Rəsulzadə sevgisindən söz  açırlar. Təəssüf ki, qocaman müəllimimiz, hörmətli Şirməmməd Hüseynovun "Dövləti Məmədəmin Rəsulzadə qurub, Heydər Əliyev hakimiyyət qurub" fikrini də "təsərrüfat" əhəmiyyətli hesab etməmək qeyri-mümkündür.

Dövlət  smetası əvvəlcədən tutulmuş tikinti quraşdırma kompleksi - bina deyil ki, divarlarını qaldırıb, qapı-bacasını qoyandan sonra qılçalarını qatlayıb arın-arxayın oturasan. Dövlət daim mükəmməlliyə ehtiyac duyan və can atan bir mexanizmdir. Dövlətçilik inkişafda olan bir prosesdir. Dövlətə münasibətdə söhbət yalnız kimin hansı tarixi şəraitdə nələr etmək istəməyindən və  nələr edə bildiyindən gedə bilər.

Məmmədəmin Rəsulzadə və onun silahdaşlarının Azərbaycan dövlətçiliyinə verdiyi  töfhə haqda  ən  etibarlı mənbə elə Rəsulzadənin özüdür. AXC-nin süqutundan sonra İosif Stalin "Bu ilyarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?" - deyə  Məmməd Əmin Rəsulzadədən soruşur. "Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı" - deyə Rəsulzadə cavab verir.

Həmin dövrü dəyərləndirən Heydər Əliyev Rəsulzadədən fərqli heç nə demir: "AXC gərgin şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında  tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda  müstəqillik fikirlərini və azadlıq duyğularını gücləndirmiş oldu".

Xalqa "çox şey verə bilmədiyinə" görə M.Rəsulzadəni heç kim mühakimə edə bilməz. Dövr gərgin idi. Obyektiv amillər həllediciydi. Hər şeydən öncə, dünya güclərinin Cənubi Qafqazda müstəqil dövlətlər görmək planı yoxdu. Subyektiv amillər təcrübə və peşəkarlıq ilə birbaşa bağlıydı.

Qeyd edim ki, bu yerdə "dövlət və hakimiyyət başqa-başqa anlayışlardır" mülahizəsi artıq  keçərliliyini itirir. Müstəqilliyini yenicə elan etmiş ölkədə hakimiyyət  dövlətin mühüm, həlledici və onu tamamlayan atributu rolunu oynayır. Hakimiyyəti qurmadan dövləti qurmaq olmur . Cümhuriyyət qurucuları məhz belə bir acı gerçəkliklə üzləşmişdilər. Hakimiyyəti qura bilən təcrübə sahibi, hakimiyyət ustası yox idi.  23 ay ərzində 5 dəfə, demək olar, üç-dörd aydan bir hökumətin istefaya göndərilməsini başqa cür necə izah etmək olardı? Doxsanıncı illərdə Ayaz Mütəllibovla Əbülfəz Elçibəy də məhz təcrübəsizlikdən və səbatsızlıqdan  eyni aqibətə - iflasa məhkum idilər...

Rəsulzadədən fərqli olaraq, Heydər Əliyev ictimayi-siyasi və dövlət xadimidir. Dövlət xadimi öz siyasi baxışlarını quruculuq relsləri üzərinə kökləyir, hakimiyyətini qurur və dövlət maşınını yığıb sazlayır və işlək duruma gətirir.

Mən tarixi şəxsiyyətləri  qarşı qarşıya qoymağı yanlış və zərrərli hesab edirəm. Hər ikisi Azərbaycan naminə mücadilə verib.Vuruşub, döyüşüb. Müxtəlif şərtlər altında, fərqli vasitələrlə. M.Rəsulzadə qələmilə silahlanıb. Heydər Əliyev hakimiyyətin verdiyi ən kiçik şansı belə milli maraqlarımıza yönləndirib. Rəsulzadə bədii-fəlsəfi əsərlər yazıb. Heydər Əliyev unikal idarəçilik və dövlətçilik dərslikləri yaradıb. M.Rəsulzadə xalqımızın milli-mənəvi böyüklüyünü tərənnüm edib. Heydər Əliyev milli-mənəvi böyüklüyümüzü siyasi müstəvidə canlandırıb və s.

Mülahizələri genişləndirmək və davam etdirmək münkündür. Amma mənim bəlli və birmənalı siyasi mövqeyim var. Nə və necə deməyimdən asılı olmayaraq, fikirlərim qərəzli təsir bağışlaya bilər. Razılaşaq ki, ən etibarlı mənbə ilkin mənbədir. Heydər Əliyev haqqında özü dolğun təsəvvür yaradır. Məmmədəmin Rəsulzadə və silahdaşlarından fərqli olaraq, Heydər Əliyev Azərbaycan xalqına çox şey verə bildi...

Tarixi bir  sənəd  var: 1oktyabr , 2003-cü il,  "Azərbaycan xalqına müraciət".

Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyinin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyinin 10 ili tamam olduğu bu tarixi dönəmdə Heydər Əliyev deyir:  "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik.

İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.

İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.

Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik".

Heydər Əliyev Azərbaycan xalqı üçün taleyüklü məsələni həll etməyi bacardı - müstəqilliyimizin dönməzliyini təmin etdi.

Bəzi şeyləri isə verə bilmədi: "Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik".

Bəzi işlərini tamamlaya bilmədi.

 Səbəbini izah edir: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım".

Nikbinlik üçün əsaslar var: çünki "tamamlanmamış planlar  nəticəsi və  perspektevi aydın görünən işlərdir"...

Yekunlaşdırsaq, Heydər Əliyev Azərbaycan dövlətçiliyi üçün əvəzsiz xidmətlər göstərmiş ən Böyük Azərbaycanlıdır.

Cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə gəlincə...

Müasir və müstəqil Azərbaycan dövlətinin mövcudluğu cümhuriyyət xadimlərinin şəninə ucalan ən böyük abidədir.

Abidənin bir şəriksiz memarı var: Heydər Əliyev.

Alqış HƏSƏNOĞLU

 





20.04.2017    çap et  çap et