525.Az

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirələri


 

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirələri<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 4-6-da Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da Bakı Konqres Mərkəzində Foruma hazırlıqla bağlı müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə iclas olub.

İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən söhbət açıb. "Bakı prosesi"ndən danışan nazir Forumun getdikcə daha vacib platformaya çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıb. Forumun əsas məqsədinin siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etmək olduğu diqqətə çatdırılıb.

"Bakı prosesi" haqqında geniş məlumat verən mədəniyyət və turizm naziri Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilən toplantısından söz açıb. O, "Bakı prosesi"nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib. Bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Nazir deyib ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu iclas bir daha göstərir ki, həmin qurumlar bu işə ciddi yanaşır və üzərlərinə düşən işləri görürlər.

Nazir bu sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı geniş məlumat verib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını söyləyən Ə.Qarayev hazırlıq prosesinin son mərhələyə qədəm qoyduğunu bildirib. Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçiriləcək, həmçinin parlament rəhbərləri foruma qatılacaqlar.

Mədəniyyət və turizm naziri Forumla bağlı BMT-də keçirilən görüşlərdən də söz açıb. Bildirib ki, Forum canlı olaraq 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq.

Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Forum çərçivəsində 40-dan çox dinləmələr təşkil olunacaq.

Nazir deyib ki, Forumda könüllülərin də qüvvəsindən səmərəli istifadə ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.

Bildirib ki, bu Forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirməyə çalışır, həmçinin mədəniyyətlərarası dialoq kontekstindən körpü rolunu həyata keçirir.

Qeyd edilib ki, dördüncü Forumun proqramı olduqca zəngindir. İştirakçılar forumun proqramı ilə bağlı məlumatlandırılıb.

Sonda nazir Əbülfəs Qarayev Forumun proqramının icrası ilə bağlı müvafiq göstərişlərini verib.

 





20.04.2017    çap et  çap et