525.Az

İnsanlıq qalır bu dünyada


 

İnsanlıq qalır bu dünyada<b style="color:red"></b>

Doxsanıncı illərin axırları idi. Saatlı rayonunda ikigünlük məzuniyyətdə oldum. Pambıq yığımı mövsümünün qızğın çağları olduğuna görə, rayonda hamı yetişdirilmiş məhsulun  tez bir zamanda toplanıb təhvil verilməsi ilə məşğul idi.

Havaya etibar etmək olmazdı, payız yağışları başlasaydı, kəsmək bilməyəcəkdi. Odur ki, fürsətdən maksimum yararlanmaq istəyirdilər.

...Bir günümüz səhər saat 7-dən axşam 11-dək rayon icra hakimiyyətinin o vaxtkı başçısının ratsiya ilə təchiz olunmuş "Niva"sında Saatlının kəndlərini, təsərrüfatlarını, pambıq tarlalarını gəzməyə, işçilərlə, əmək kollektivləri ilə iş başında söhbət etməyə, səyyar qəbullar keçirməyə getdi.Axşam rayondakı  pambıq zavoduna gələndə "Niva"nın taksometri gün ərzində 205 kilometr yol qət etdiyimizi göstərirdi.

Əslində, məqsədim pambıqçılıq rayonunun rəhbərinin mövsümün qızğın çağında bir iş gününü müşahidə etmək idi. Çox zəngin və jurnalist üçün uğurlu gün oldu. Keçirdiyimiz çoxsaylı görüşlərdə, istər sadə zəhmət adamının, istər vəzifə sahibinin, elə rayon icra hakimiyyətinin başçısı Gülhüseyn Əhmədovun da dilindən tez-tez bir nəfərin adını eşidirdim: Bu, Saatlıda 1969-1982-ci illərdə raykomun birinci katibi işləmiş, qurub-yaratmaq, rayonu qabaqcıllar sırasına çıxarmaq, zəhmət adamına lazım olan dəyəri vermək baxımından ad-san qazanmış Əlisaab Babayev idi: "Bunu Əlisaab müəllim tikdirib", "Bu körpünü Əlisaab Babayev saldırıb", "Bu yolu o kişi çəkdirib"...

Əlisaab Baba oğlu Babayev 1927-ci ilin baharında Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuşdu. Ali təhsil alıb Ucar rayonuna qayıdan gənc müəllim ilk əmək fəaliyyətinə doğma kəndlərində - Müsüslü orta məktəbində başlamışdır. Sonra rayon komsomol və partiya orqanlarında işə cəlb olunmuş və müxtəlif vəzifələrdə nümunəvi fəaliyyəti ilə həmişə diqqəti cəlb etmişdir. Gənc kadrın bu cür təşkilatçılığı, işə məsuliyyətlə yanaşması, xüsusən təşəbbüskarlığı yuxarıların da diqqətindən yayınmamışdı. Azərbaycanın sovet dönəmi tarixində inkişafının dönüş nöqtəsi olan -1969-cu ildə  isə onu çox məsuliyyətli bir işə -- Saatlı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə göndərmişlər.

Baxmayaraq ki, ondan əvvəl və sonralar da Saatlıya çox rəhbər gəlib-getmiş, lakin heç birinin adı burada 14 ilədək raykomun birinci katibi işləmiş və 1994-cü ilin yayında dünyasını dəyişmiş Əlisaab Babayev qədər xatırlanmırdı. Bu, nədən irəli gəlirdi? İlk növbədə o, halal adam idi, haqqı qoyub, nahaqqı müdafiə eləmirdi, insanla insan kimi rəftar edirdi. Sözü ilə əməli həmişə bir-birini tamamlayırdı. Gördüyü bütün işlərdə, bir qayda olaraq, ilk növbədə camaatın halını düşünürdü.

Əlisaab müəllim bacarıqlı təşkilatçı idi. Maraqlı təşəbbüslər irəli sürməyi və onu reallaşdırmağı xoşlayırdı. Təsadüfi deyildir ki, bir vaxtlar, adətən, adı geridə qalanlar sırasında çəkilən Saatlı rayonu onun rəhbərliyi dövründə  sürətlə irəli getdi, plan və tapşırıqları yerinə yetirməyə başladı. Bununla bərabər, rayonun və kəndlərin siması da xeyli dəyişdi. İşin düzgün təşkilindən qazanc götürüb varlanan insanlar özlərinə müasir evlər tikdirdilər, yaşayışın səviyyəsi yüksəldi. Eyni zamanda, rayon mərkəzi və kəndlər başdan-başa qazlaşdırıldı, su kəmərləri çəkildi, neçə-neçə sosial obyekt, müalicə ocağı, təhsil müəssisəsi tikilib istifadəyə verildi. Saatlının adı nümunəvi rayonlar sırasında çəkilməyə başlandı...

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dönəmində bu cür işgüzar, təşəbbüskar, işə yaradıcı yanaşan raykom katibləri çox idi. Lakin onların heç də hamısı Əlisaab Babayev kimi xatirələrdə yaşamır. Səbəb nə idi? Bu barədə götür-qoy edərkən Saatlı rayonundan olan bir ziyalının-pedaqogika üzrə fəlsəfə doktoru Rahim Əzizovun Əlisaab müəllimin vəfatı ilə bağlı bir xatirəsini oxudum və mənə çox şey aydın oldu.

Rahim müəllim yazır ki, 1980-ci ilin aprel ayı idi. Saatlıda çox nüfuzlu elmi-praktik konfrans keçirilirdi. O vaxt mən rayonun Comuşçu kənd orta məktəbində coğrafiya müəllimi işləyirdim. Həmin konfransda "Muğan torpaqlarının meliorasiya cəhətdən yaxşılaşdırılması" mövzusunda məruzə etdim. Bir az tarixə ekskurs elədim. Hələ 1914-cü ildə Rusiya çarı tərəfindən Muğan torpaqlarının meliorasiya cəhətdən yaxşılaşdırılması, bunun üçün vəsait və texnika ayrılması ilə bağlı apardığım tədqiqatlardan, görkəmli rus alimi Mixiyevin rəhbərliyi ilə Saatlı rayonunun ərazisində yerləşən Cəfərxan Muğan meliorativ təcrübə stansiyasının yaradılmasından və gördükləri işlərdən söz açdım. Məni diqqətlə dinləyən birinci katib çıxışımın sonunda soruşdu: "A bala, sən harada işləyirsən?" Dedim: "Camuşçu kənd məktəbində coğrafiya müəllimi". "Sən həftənin birinci günü raykoma gələ bilərsənmi?"- dedi. "Gələrəm, yoldaş Babayev"- dedim. Deyilən vaxtda məni qəbul etdi. Xeyli söhbətdən sonra bildirdi ki, məni rayon partiya komitəsində işə götürmək istəyir. Əlbəttə, dərs ili başa çatandan sonra. Elə həmin il iyunun 11-də raykomda məsul vəzifəyə təyin olundum. Şübhəsiz, 28 yaşlı gənc bir kənd müəllimi üçün bu, çox böyük şərəf idi. Xahiş-minnətsiz mənə bir dünya sevinc bəxş etdi. Ümumiyyətlə, Əlisaab müəllim savadlı, təcrübəli və təşəbbüskar gəncləri axtarıb tapır, iş tapşırırdı.

Rahim müəllim daha sonra yazır ki, işə can yandıran adam onun gözünün işığı idi. Belə adamlara daha çox qayğı göstərir, əməyini qiymətləndirir, mükafatlandırırdı. İclaslarda, qəbullarda insanlara tez-tez deyirdi: "Qazancınızın qədrini bilin, yaxşı evlər tikdirin, ailənizə şərait yaradın, maşın alın, istirahətə gedin. Nə qədər burdayam məndən istifadə edin, sizə hər cür köməyə hazıram". Bu kömək əməli işlə tamamlanırdı. Əlisa dayım traktorçu idi. İş başında onunla görüşüb hal-əhval tutur. Ailəsini, övladlarını soruşur, problemləri ilə maraqlanır. Məlum olur ki, Pedaqoji Universitetin ikinci kursunda oxuyan oğlunun imtahandan kəsiri var, daha doğrusu, sonuncu şansı qalıb, qiymət almasa, kursda qalacaq. Əlisaab müəllim ona ürək-dirək verərək, bildirib ki, narahat olma, düzələr. O vaxt o, həm də Ali Sovetin deputatı idi. Axşam işdən sonra mənə dedi ki, sabah Bakıda olacağam, rektorla danışmışam, saat 12-də məni gözləyəcək. Dayın oğlunu götür gəl rektorun qəbul otağına. Dediyi vaxtda orada oldu. Dayım oğlundan soruşdu: "Hazırsan, yoxsa?..." "Hazıram!"- dedi. Rektor onu çox mehriban qarşıladı: "Bunun üçün gəlməyə dəyməzdi, özümüz yoluna qoyardıq"- dedi. Təkid etdi: "Yox, xahiş edirəm həmin müəllimi çağırın, mənim yanımda imtahan götürsün". Müəllim gəlib imtahan götürdü, uşaq sualları lazımınca cavablandırdı və "4" qiymət aldı.

...Bax belə bir xasiyyəti idi Əlisaab müəllimi yaddan çıxmağa qoymayan, unudulmaz edən. Təsəvvür edin, sadə bir əmək adamının-traktorçunun övladından ötrü rayondan Bakıya gəlib onun haqqını müdafiə edən və bu işdən qürur duyan insanı kim unudar ki? Biz birini misal çəkdik, belə faktlar onun həyatında saysız-hesabsızdır.

Əlisaab Babayevi yaxından tanıyan, uzun illər respublikamızın Muğan bölgəsində xüsusi müxbir işləmiş mərhum həmkarımız Telman Əliyev onun haqqında tez-tez söhbət açar, xatirələrini danışardı:

- Əlisaab müəllim Saatlı rayonunun təkcə rəhbəri yox, həm də ağsaqqalı idi. Saatlılılar vəzifəsinə görə ondan qorxub-çəkinmir, sadəcə hörmət edir, yolunu gözləyir, onu sevirdilər. Demək olar ki, hamı üçün yaxşı adam idi, camaatın xeyir işlərində, bayramlarında həmişə öndə olardı. Bir sözü ilə qan yatızdırardı. Ona görə də hamının dərin hörmətini, hüsn-rəğbətini qazanmışdı. Bircə fakt deyəcəm: 1982-ci ilin aprel ayında raykomun plenumu keçirilirdi. "Kommunist"in müxbiri kimi, mən də həmin plenumda iştirak edirdim. Plenumu Azərbaycan KP MK-nın katibi İsa Məmmədov aparırdı. Əslində, həmin plenum təşkilati məsələyə baxırdı. Daha doğrusu, raykomun birinci katibi dəyişirdi, Əlisaab müəllimin əvəzinə Almaz xanım Hacıyevanı gətirmişdilər. İsa müəllim plenum (raykom) üzvlərinə söz verərkən xahiş etdi ki, çıxışlar tənqid və özünütənqid ruhunda olsun. Lakin çıxış edənlərin hamısı Əlisaab müəllimin raykom katibi kimi fəaliyyətindən, gördüyü işlərdən, insanlığından, ağsaqqallığından faktlarla elə danışdılar ki, MK katibi narahat olmağa başladı. Axır ki, dözə bilməyib: "Yəni, deyirsiniz ki, hər şey təqdirəlayiqdir, heç bir nöqsan- zad olmayıb?" - dedi.

...Ən maraqlısı plenum başa çatandan sonra oldu. Əlisaab müəllim yeni katibi təbrik edib, MK katibi ilə xudahafizləşdikdən sonra qaldığı evə sarı getməyə başladı. Rayon fəalları, raykomun üzvləri evinə qədər onu dövrəyə alaraq yol getdilər, heç kəs bu qayğıkeş insandan ayrılmaq istəmirdi...

Əlisaab müəllimin Bakıdakı evi "Xalq qəzeti" redaksiyasının binasının on-on beş addımlığında idi. Ara-bir rastlaşırdıq. Bizi onunla Telman Əliyev tanış eləmişdi. Bir dəfə Telman müəllimlə işə gələrkən Əlisaab Babayevlə rastlaşdıq. Hal-əhvaldan sonra Telman müəllim dedi: Əlisaab müəllim, pensiyaçısınız, vaxtınız da var, arada-bir gəlin redaksiyaya söhbət edək, köhnə əyyamları yada salaq...

-Ay Telman, boş vaxt hardadı? -- dedi. - Ev-eşiyin qayğıları, vaxtilə işlədiyim rayonlardan dost-tanış və məni tanıyan-tanımayan o qədər insan yanıma gəlir ki... Hamısı da öz problemləri ilə. Düşürəm yanlarına, gedirəm üzüm gələn ünvanlara...

...Onun bu fikirləri hazırda Səbail rayon seçki komissiyasında işləyən oğlu Natiq Babayevin  dedikləri ilə necə də üst-üstə düşürdü. Natiq müəllim atası barədə danışarkən dedi:

-Anam Xədicə xanım dünyasını dəyişəndən sonra Əlisaab müəllim bizimlə birgə yaşadı. Bir müddət Azərbaycan SSR Ali Sovetinin deputatı oldu. O vaxtlar və ondan sonralar da, demək olar ki, onun boş vaxtı yox idi. Səhər tezdən evdən çıxır, gecə qayıdırdı. Bəzən vaxtlı-vaxtında nahar etməyi də unudurdu. Sadəcə, vaxt ayıra bilmirdi. Nə qədər insan kömək üçün yanına gəlirdi. Hamıya əl tutmağa, kimlərdənsə xahiş-minnət etməyə çalışırdı. Onun üçün ən əziz gün kiminsə işini düzüb-qoşduğu gün olardı, buna çox sevinərdi. Belə təmənnasız, bütöv şəxsiyyət olduğuna görə nəinki doğulub boya-başa çatdığı Ucar, Şirvan əhli, hətta Muğan camaatı da Əlisaab müəllimlə fəxr edir, onu öz ağsaqqalı sayırdı. Qürurlu kişiydi, giley-güzarı xoşlamaz, qəddini əyməzdi. Həm də son dərəcə ailəcanlı idi, övladlarını, nəvələrini çox sevirdi, necə deyərlər, onlarla nəfəs alırdı.

Onu yaxından tanıyan görkəmli şair Musa Yaqub Əlisaab  müəllimi bu xasiyyətinə görə "Başqalarının xoş güzəranı xətrinə öz rahatlığını itirən dəyərli kişi" hesab edirdi.

Yeri gəlmişkən mədəniyyət, incəsənət, xüsusən poeziya, musiqi Əlisaab müəllimin ruhu və mənəvi qidası idi. Telman müəllim deyirdi ki, onunla çox tədbirlərdə, məclislərdə olmuşam.  Sinədəftər idi, Füzulinin, Seyid Əzimin, Sabirin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və digər şairlərin şeirlərini bəzən saatlarla söyləyərdi.

Əlisaab müəllimin dünyasını dəyişməsindən təsirlənən türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə xatirələrində yazmışdır: "Məni Əlisaab Babayevlə mərhum aktyorumuz Həsənağa Salayev tanış etmişdi. Onlar yaxın dost idilər. İlk tanışlıqdan hiss etdim ki, qəlbən, ruhən çox səmimi insandır. Sonra bir neçə dəfə yolumuz rəhbərlik etdiyi Saatlıya düşdü. Qonaq olduq.  Qəribədir, 60 minə yaxın əhalisi olan rayonda katibdən heç kəs narazılıq etmirdi. Sonralar düşünürdüm ki, axı insanları zəhmətə yönəltmək özü də bir bacarıq, istedad tələb edir. O, hər kəsi öz dilində dindirməyi bacarırdı. Özünə xas şirindilliklə, bəzən də zarafatla ən əsəbi vəziyyətdən belə çıxardı. Bu səmimiliyin özü də istedad, bacarıq tələb edirdi. Məni heyran edən bir də onun çox məlumatlı olması, ədəbiyyatın, şeirin, sənətin incəliklərini başa düşməsi idi. Poeziyanın məftunu idi... Ölümünə təəssüflənirəm. Çünki işıqlı bir vətəndaş itirdik. Onun əziz xatirəsi hamımızın qəlbində özünə əbədi bir məkan tapıb..."

Kamil insan sərrafı olan böyük şairin dediklərindən bir məqama diqqəti yönəltmək istərdim: "O, hər kəsi öz dilində dindirməyi bacarırdı. Özünə xas şirindilliklə, bəzən də zarafatla ən əsəbi vəziyyətdən belə çıxırdı". Bəli, bu sadalananlarla bərabər Əlisaab müəllimdə güclü yumor hissi vardı. Onu tanıyanlar bunu yaxşı bilir və qəbul edirdilər.

Səksəninci illərin əvvəllərində ümummilli lider pambıqçılığın inkişafı məsələsi ilə bağlı Sabirabad rayonunda ümumrespublika müşavirəsi keçirirdi. Bəzi rayonlarda kənd təsərrüfatının bu strateji sahəsinə soyuq münasibət, işin düzgün təşkil olunmaması barədə danışarkən ulu öndər faktlara müraciət edir, müqayisələr aparır, konkret tapşırıqlarını verirdi. Müşavirədə əsəbi bir mühit yaranmışdı. Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin II cildində yazır: "Saatlı rayonunun birinci katibi Babayev çıxış edərək dedi:

-Heydər Əliyeviç, Sizin gəlişiniz münasibətilə biz 150 min ton pambıq təhvil vermək barədə yüksək sosialist öhdəliyi götürmüşük...

Hamının ağzı açıla qaldı - bu, mümkün olan şey deyildi.

Heydər Əliyev ona baxdı:

-Nə dedin?

O isə sözünü belə tamamladı:

-...Sabirabad rayonu ilə birlikdə.

Heydər Əliyev özünü saxlaya bilməyib güldü.

-Yaman zarafatçılsan!-dedi.

Bununla Babayev Heydər Əliyevin əhval-ruhiyyəsini dəyişdi. Müşavirədən sonra ona yaxınlaşıb öpür: "Sən onun hirsini soyutdun,"- deyirdilər.

Ulu öndər respublikaya rəhbərliyinin birinci dövründə üç dəfə -1974, 1976 və 1980-ci illərdə Saatlı rayonuna səfər etmişdi. O vaxt raykomun birinci katibi Əlisaab Məmmədov olmuşdur.  Heydər Əliyevin bu səfərlərindən ruhlanan, onun tapşırıq və göstərişlərini, dəyərli tövsiyələrini əməli fəaliyyət proqramı kimi qəbul edən Saatlı camaatı təsərrüfatın bütün sahələrində nailiyyətlər qazanmışdır. 1970-ci ildə 15,3 min ton pambıq istehsal olunduğu halda, 1981-ci ildə 59,7 min ton məhsul toplanmışdır. Rayonda məhsuldarlıq 2,5 dəfə artaraq, 39,2 sentnerə çatmışdır. Həmin dövrdə Saatlıda taxıl istehsalının həcmi 3,1 dəfə, ət istehsalı 1,6 dəfə, süd istehsalı 2,2 dəfə, yun istehsalı 1,5 dəfə artmışdır. Rayonda 8573 şagird yeri olan 19 məktəb binası, 450 yerlik məktəbəqədər müəssisə, 450 yerlik mədəniyyət sarayı, 390 çarpayılıq mərkəzi xəstəxana, 11 kənd həkim məntəqəsi, neçə-neçə zavod, fabrik kombinat, sosial obyekt tikilib istifadəyə verilmişdir. Əlisaab Babayev Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, müxtəlif medallar, döş nişanları, fəxri fərmanlarla ... təltif olunmuşdur.

... Həyatda elə insanlar olur ki, ölümü təkcə qohum-əqrəbanı, dost-tanışı yox, bütün el-obanı sarsıdır, bu acı xəbəri eşidən hər kəsin ürəyini sızıldadır. Əlisaab Babayev də belə insanlardan biri idi. 1994-cü il mayın 26-da bu fani dünyaya göz yumarkən onun 67 yaşı vardı. Öz vəsiyyətinə uyğun olaraq, onu Müsüslü qəbiristanlığında -doğmalarının yanında dəfn etmək üçün Bakıdan Ucar rayonuna apardılar. Həmin gün və elə qırxı çıxana qədər hər gün Bakıdan, Muğan bölgəsindən Müsüslüyə gedib-gələnlərin ardı-arası kəsilmirdi. Bu, onun sağlığında etdiyi yaxşılıqların, əməllərinin, təmənnasız xidmətlərinin təzahürü idi. Axi o, çox yetimə, kimsəsizə, fəqir-füqəraya, imkansıza əl tutmuşdu, dara düşənə kömək etmişdi, neçə-neçə gəncin əlini çörəyə çatdırmışdı, haqqı nahaqdan ayırmağa çalışmışdı... İndi həmin insanlar onun ruhu qarşısında son borclarını vermək üçün gedib-gəlirdilər.

Belə bir el deyimi var: İnsan ölər, insanlıq qalar bu dünyada. İnsan bioloji mənada dünyasını dəyişir, amma Uca Yaradanın ona bəxş etdiyi qısa ömür payında o qədər xeyirxah iş görür ki, uzun illər boyu unudulmur, yaddaşlarda, xatirələrdə və əməllərində yaşayır, qədirbilənliklə yad edilir.

Bir də insanı unudulmağa qoymayan özündən sonra onun ömrünün davamçıları olan övladları, nəvə-nəticələridir. Hazırda Əlisaab müəllimin 7 nəvəsi və 10 nəticəsi var. Onlar öz babalarının xatirəsini daim uca tutmağa çalışırlar. Fəxr edirlər ki, babaları ləyaqətli ömür yaşayıb, sayılıb-seçilən kişilərdən olub. Təsadüfi deyil ki, bu gün Ucar şəhərinin əsas küçələrindən biri  Əlisaab Babayevin adını daşıyır. Bu küçə ilə addımlayan  yüzlərlə  insan hər gün Əlisaab Babayevin ruhuna dualar oxuyur, Allahdan ona rəhmət diləyir. Haqq dünyasında olan insan üçün bundan yaxşı nə ola bilər ki?

P.S. Deyilənə görə, onun xoşladığı və tez-tez təkrar etdiyi bir kəlam varmış: Elə yaşayın ki, insanlar sizi görəndə sevinsin, görməyəndə darıxsın...

Qüdrət PİRİYEV
Əməkdar mədəniyyət işçisi

 





20.04.2017    çap et  çap et