525.Az

Sahibkarlığın inkişafi üçün böyük addımlar atılır


 

"PREZİDENT QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF ETDİRİLMƏSİNİ QARŞISINA MƏQSƏD QOYUB"

Sahibkarlığın inkişafi üçün böyük addımlar atılır<b style="color:red"></b>

Post-neft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının yüksəldilməsi, sosial-iqtsadi vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən fəaliyyət bu gün öz nəticələrini verməkdədir.

Təkcə bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır.

Bu mənada, aparılan islahatların nəticələrini dəyərləndirmək, növbəti mərhələ üzrə qarşıdakı vəzifələri müəyyənləşdirmək üçün aprelin 17-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi xüsusi əhəmiyyətə malik idi. Dövlət başçısı tədbirdə çıxış edərək Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, iş adamlarına göstərilən dövlət

qayğısından danışaraq bu istiqamətdə işlərin ardıcıl və davamlı aparılmasının zəruriliyi qeyd edib. Təsadüfi deyil ki, prezident ildə bir neçə dəfə sahibkarlarla görüş keçirir, onların probemlərinin həllini diqqətdə saxlayır, fəaliyyətlərinə ciddi dəstək verir. Son 13-14 il ərzində isə yüzlərlə sahibkarla görüş keçirilib. Ölkə başçısı sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak edib. Öz növbəsində sahibkarlar da prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.

Bu gün cəmiyyətdə sahibkarlara münasibətin müsbətə doğru dəyişdiyini deyən prezident bildirib ki, sahibkarların sosial məsuliyyəti də gündəlikdə duran məsələlərdən biridir: "Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar".

Prezidenti bildirib ki, Azərbaycan üç ayda 1 milyard dollar vəsait qazanıb: "Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən, sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik".Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığı fərman və sərəncamların iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı İlham Əliyev qeyd edib ki, xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir: "Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğruldub və ixracın sürətli artımına gətirib çıxarıb. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsul istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni bu, çox böyük stimul verən təşəbbüsdür.

Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir".

Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildiyini xatırladan prezident onu da bildirib ki, bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq: "Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir".

Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin ixrac potensialının artdığını deyən prezidenti vurğulayıb ki, ölkəmiz yeni iqtisadi modelə keçib, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcək: "Azərbaycanda düşünülmüş siyasət, güclü iradə və ardıcıl fəaliyyət regionların sürətli inkişafını şərtləndirən əsas amillərdir.

Azərbaycan öz iqtisadi potensialını şaxələndirmiş, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir. Dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsasən Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərinin tətbiqinə başlanıb. Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdir".

İlham Əliyev əminliklə bildirib ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik: "Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır".

Prezidentin sədrliyi ilə keçirilən müşavirə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin böyük əhəmiyyəti var. O, "Trend"ə bildirib ki, bu müşavirədən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün imkanlar daha da artacaq: "Bu həm də ixracatı artıracaq. Qeyri-neft məhsullarının dünya bazarına "Made in Azerbaijan" brendi ilə çıxarılması prioritet məsələlərdəndir. Artıq "Made in Azerbaijan" brendi dünyada geniş şəkildə yayılmaqdadır. Bu istiqamətdə atılan addımlar yüksək nəticə verir. Bu ilin birinci rübü ərzində ixracat 50 faiz artıb. Bu o deməkdir ki, bu sahədə aparılan siyasət öz nəticələrini verməyə başlayıb. Müşavirədə iştirak edən sahibkarlar prezidentin çıxışı, mövqeyindən sonra artıq özlərinə bir daha dəstək qazandılar və bundan sonra da onlar istehsalın artırılması üçün dövlət tərəfindən bütün dəstəyin göstəriləcəyinə əmin oldular. Bu müşavirədən sonra qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən böyük dəstək veriləcək və bu işlərin aparılması birbaşa dövlət başçısının nəzarətindədir. Hazırda ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmi artmağa başlayıb, idxaldan asılılıq azalmaqdadır. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı cəmi 30 faizdir".

E.Nəsirov bildirib ki, Yevlaxda keçirilən bu müşavirə ilkdir və bundan sonra belə tədbirlər davamlı olacaq.

Deputat Bəxtiyar Sadıqov isə "Trend"ə bildirib ki, prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkənin qeyri-neft sektoruna göstərilən diqqətin nümunəsidir: "Bu müşavirə, həmçinin böhrandan keçən müddət ərzində Azərbaycanın yeni inkişaf mərhələsində qazandığı uğurların bəyan edilməsinə, faktlarla çatdırılmasına imkan verib. Eyni zamanda, bu, qarşıya yeni vəzifələrin qoyulması baxımından möhtəşəm bir müşavirədir. Dövlət başçısı xeyli müddətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına məqsəd qoyub. Bununla bağlı bir neçə istiqamət müəyyənləşdirilib. Həmin istiqamətlər sahibkarlığın inkişafı, bu inkişaf nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, eyni zamanda ölkəyə valyuta axının artırılmasıdır. Uzun müddətdir ki Azərbaycan regionların inkişafı ilə məşğuldur, bununla bağlı dövlət proqramı qəbul olunub, bu proqram artıqlaması ilə yerinə yetirilib və yetirilməkdədir. Regionların fasiləsiz elektrik enerjisi ilə təchiz olunması yekunlaşıb, qazlaşdırılma 92 faizə çatdırılıb, regionlara yeni yollar çəkilib, infrastruktur yaxşılaşdırılıb, digər dövlətləri birləşdirən magistrallar çəkilib, yenilənib, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bir neçə su anbarı inşa olunub və bu gün həmin işlər uğurla davam etdirilir".

B.Sadıqov qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də çox böyük addımlar atılıb: "Bölgələrdə məhsulların saxlanılması üçün soyuducu anbarlar inşa olunub. Kənd təsərrüfatının inkişafı istiqamətində xeyli addımlar atılıb. Bu gün ölkə sahibkarları müəyyən vergilərdən azad edilib, sahibkarlara uzunmüddətli kreditlər, subsidiyalar verilir. Ona görə də, bu müşavirə qeyri-neft sektoru ixracatçılarının bundan sonra daha rahat fəaliyyət göstərməsi üçün dövlətin dəstəyini təmin edir".

Ceyhun ABASOV

 





21.04.2017    çap et  çap et