525.Az

Fransada prezidentliyə namizədlər ermənilərdən səs almaq üçün yarışa çıxıblar


 

"AZƏRBAYCAN QANUNLARINA TABE OLMAYAN ERMƏNİLƏR ÜÇÜN PARİS YAXINLIĞINDA MUXTARİYYƏT YARATMAQ LAZIMDIR"

Fransada prezidentliyə namizədlər ermənilərdən səs almaq üçün yarışa çıxıblar<b style="color:red"></b>

Fransada prezident seçkiləri ilə bağlı namizədlər arasında rəqabət gücləndikcə, müxtəlif vədlər və iddialar artmağa başlayıb.

Seçkinin birinci mərhələsinə sayılı günlər qaldığı bir vaxtda namizədlər həmişəki kimi Fransada yaşayan ermənilərin səsini qazanmaq üçün populist bəyanatlar səsləndirir, qərəzli mövqelərini ortaya qoyurlar. Bu mənada, Fransada prezidentliyə əsas namizədlərdən biri olan Fransua Fiyon "Stalin Qarabağı Ermənistandan qoparıb Azərbaycana birləşdirib" kimi özündə real tarixi həqiqətləri əks etdirməyən bir bəyanat səsləndirib. Prezidentliyə digər namizəd Marin Le-Pen isə siyasi riyakarlığa əl ataraq deyib ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır.

Halbuki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, Fransa öz tərəfsizliyini qorumalı, münaqişə tərəflərinə münasibətdə həssas mövqe nümayiş etdirməlidir. Ancaq görünən odur ki, adları çəkilən namizədlər məsələyə şəxsi maraqlar və dini təəssübkeşlik prizmasından yanaşaraq ermənilərə olan sevgilərini gizlətmirlər. Bu fakt Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən böyük narazılıq və narahatlıqla qarşılanmaqla bərabər, Fransa kimi dövlətin imicinə ciddi zərbə vurur. Rəsmi Bakı həmsədr ölkə kimi, Fransadan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe gözləyir.

Digər diqqətçəkən hadisə isə ondan ibarətdir ki, qatı ermənipərəst namizədlərdən biri olan Benua Amon ölkəsində dərc edilən "Nouvelles d'Armeni" fransız dilli erməni nəşrinə müsahibəsində həyasızlığı əks etdirən vəd verib. SİA-nın məlumatına görə, o, uydurma "erməni genosidi"ni 20-ci əsrin nəhəng hadisəsi adlandırıb və bunu erməni əsilli fransalılar, həmçinin, bəşəriyyət və Fransa üçün "travma" adlandırıb.  Benua Amion hətta vəd verib ki, prezident seçilərsə, "qondarma erməni soyqırımında həlak olanların anım mərasimi"ndə iştirak edəcək. O, hətta bir az da irəliyə gedərək, bir gün bu arzusunu İrəvanda reallaşdıracağını da həyasızcasına bəyan edib. Təsadüfi deyil ki, Fransada keçirilən sorğular nəticəsində Benua Amon namizədlər arasında qeyri-ciddi namizəd kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Fransada seçki kampaniyasında erməni səslərini qazanmaq üçün əməlli-başlı yarış başlayıb. Prezidentliyə namizədlərdən olan Marin Le-Penin bəyanatına münasibət bildirən deputat deyib ki, ki, bu faşist xanıma çatdırmaq lazımdır ki, heç narahat olmasın, Azərbaycan Ermənistanı özünə birləşdirəndən sonra Dağlıq Qarabağın belə bir dərdi olmayacaq: "Yəni, birləşməyə Ermənistan adında dövlət olmayacaq. Le-Penə də deyəcəyik ki, Azərbaycan qanunlarına tabe olmayan ermənilər üçün Paris yaxınlığında bir muxtariyyət yaratsın, ona üz tutan erməniləri öz vəsaiti hesabına qarşılasın ki, yol yorğunluqları canlarından çıxsın".

Deputat Sahib Alıyev isə bildirib ki, son zamanlar Qərbdə lider rolunda çıxış edən adamlar çirkli imicləri, savadsızlıq və səbatsızlıqlarıyla diqqət çəkirlər ki, onlardan biri də Fransanın prezidenti olmaq istəyən və bunun üçün də aprelin 23-də orada keçiriləcək seçkidə namizədliyini irəli sürən Fransua Fiyondur: "Fiyon frasanlı hayların dərc etdirdikləri "Nouvelles d'Armenie" nəşrinə verdiyi müsahibədə Dağlıq Qarabağı Stalinin Ermənistandan qoparıb Azərbaycana birləşdirdiyini deyir və ötən ilin aprelində baş verənlərdə də bizi günahkar çıxarır.  Onun Dağlıq Qarabağla bağlı açıqlaması təkcə hay kökənli fransızların səsini qazanmaq məqsədilə səsləndirilməyib. Fransua Fiyonun Krım məsələsinə yanaşması da Dağlq Qarabağa yanaşmasından elə də fərqlənmir. O bundan əvvəl deyib ki, əgər Kosovo Serbiyadan ayrıla bilərsə, Krım Ukraynadan niyə ayrılmasın. Buradan belə nəticə çıxarmaq olar ki, Fransua Fiyon bazar günü keçiriləcək seçkidə Fransadakı haylardan daha çox Rusiyanın dəstəyinə bel bağlayır. Rusiya isə ilk baxışda ifrat sağçı Marin Le-Penin namizədliyinə isti yanaşdığını sərgiləyərək seçkiqabağı onu Kremlə dəvət etsə də, əslində Fransanın prezidenti kürsüsündə görmək istədiyi adam Fransua Fiyondur".

S.Alıyev hesab edir ki, Qərbdəki bəlli çevrələr hansı oyunun getdiyindən xəbərsiz deyillər: "Amerikadakı seçkilərdən sonra bəzi dərslər də çıxarılıb. Ona görə də Fiyonun prezident seçilmək ehtimalı elə də yüksək deyil. Onun bu seçkidən qazancı xanımıyla bağlı yayılan xəbərlərdən də göründüyü kimi, ancaq korrupsiyaya qurşanmış siyasətçi imici olacaq, vəssalam".

Qeyd edək ki, Fransada keçiriləcək prezident seçkilərinin birinci turu aprelin 23-nə təyin olunub. İkinci tur isə iki həftə sonra - mayın 7-də baş tutacaq. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

Ceyhun ABASOV

 





21.04.2017    çap et  çap et