525.Az

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış


 

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: <b style="color:red">keçmişə, bu günə və gələcəyə bir baxış</b>

(əvvəli ötən şənbə saylarımızda)

Hörmətli oxucular, məlumat üçün bildirirəm ki, bu gün müxtəlif səbəblərdən 100-dən çox riyaziyyatçı alim dünyanın müxtəlif ölkələrində - ABŞ, Kanada, Meksika, Rusiya, Türkiyə, İran, Almaniya, Böyük Britaniya, Ukrayna, Orta Asiya, Qazaxıstan, Avstraliya, Yaponiya, Cənubi Koreya, Fransa, İspaniyada çalışmaqdadır.
 
Bu vəzifəyə gəldikdən sonra onlar haqqında məlumatlar toplamağa başladım, riyaziyyatın hansı sahələrində elmi-tədqiqat apardıqlarını, hansı universitetlərdə çalışdıqlarını müəyyənləşdirməyə çalışdım. Onların bəziləri ilə yay tətilində, Vətənə gələndə görüşdüm. Hesab edirəm ki, 100 nəfərdən çox alim böyük qüvvədir və onların potensialından istifadə etmək çox vacib məsələlərdən biridir. Artıq onlardan bəziləri ilə münasibətlər yaratmışıq. Bir neçə alim Ümuminstitut seminarlarında elmi məruzələrlə çıxış edib, institutda çap olunan jurnalların redaksiya heyətlərinin üzvləri və ya rəyçiləri kimi bizə yaxından kömək edirlər. Bəziləri nüfuzlu jurnallarda çap olunmuş məqalələrində bizim institutun da adını qeyd edirlər. Bütün bunlar ölkəmizin riyaziyyat sahəsində reytinqinin yüksəlməsinə öz təsirini göstərir. Hesab edirəm ki, bu istiqamətdə işlərimizi davam etdirməliyik.

Məlumdur ki, elmi-tədqiqat institutlarında çalışan alimlərin əsas nəticələri onların hazırladıqları gənc alimlər, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və çap etdirdikləri elmi məqalələrdir. Hazırda dünyanın müxtəlif agentlikləri bu və ya digər elm sahəsində institutların, jurnalların, alimlərin nəticələrini qiymətləndirməklə məşğuldur. Bu agentliklər arasında ən nüfuzlusu Thomson Reuters agentliyidir. Yeri gəlmişkən onu da qeyd edim ki, hələ 1976-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-riyaziyyat və texnika seriyası həmin agentliyin qiymətləndirdiyi jurnallar siyahısına düşmüşdü. Bu agentlik hazırda hər il 10 mindən çox jurnalı qiymətləndirir.

Son üç ildə yay tətili qabağı, institutun daxili imkanları hesabına Thomson Reuters siyahısına daxil olan impakt faktorlu jurnallarda çap olunmuş hər bir məqaləyə mükafat veririk. 2014 və 2015-ci illərdə institut əməkdaşlarının 34 elmi işi belə mukafata layiq görülmüşdür. Bu il isə 52 məqalənin mükafata layiq olacağını gözləyirik. Başqa sözlə institutda aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində əsas göstəricilərdən birində xeyli artım olub.

Ötən müddətdə artıq neçə illərdir ki, ənənə formasını almış və hər həftənin üçüncü günləri saat 10:00-da işə başlayan Ümuminstitut Seminarının fəaliyyətinin daha da yaxşılaşması (gücləndirilməsi) istiqamətində müəyyən yeniliklər etmişik. Seminara özüm rəhbərlik edirəm və seminarda yalnız institut əməkdaşları deyil, respublikada və xarici ölkələrdə çalışan tanınmış alimlərin məruzələri dinlənilir.

Ümuminstitut seminarında müdafiəyə çıxarılan fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının ilkin müzakirələri, Riyaziyyat və Mexanika İnstitutunun, Respublikanın digər elmi mərkəzlərinin əməkdaşları tərəfindən alınmış yeni və mühüm nəticələr də müzakirə edilir.

İnstitutun əməkdaşları elmi işləri ilə yanaşı ölkəmizin müxtəlif təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Sumqayıt Dövlət Universiteti) mühazirələr oxuyur, ixtisas kursları aparır, bakalavr və magistr dissertasiya işlərinə elmi rəhbərlik edirlər.

Qeyd edim ki, indiyə qədər institutda üç ixtisas üzrə (analiz və funksional analiz, diferensial tənliklər, deformasiya olunan bərk cism mexanikası) doktorluq dissertasiya şurası fəaliyyət göstərmişdir.

Son üç ildə institutda fəaliyyət göstərən dissertasiya şurasının iclaslarında 33 nəfər riyaziyyat və mexanika üzrə fəlsəfə doktoru dissertasiyası, 14 nəfər elmlər doktoru dissertasiyası müdafiə edib. Onlardan 23 fəlsəfə doktoru, 7 elmlər doktoru institut əməkdaşlarıdır.

Onu da qeyd edim ki,1959-cu ildən bu günədək institutun müdafiə şurasında 670 nəfər namizədlik (fəlsəfə doktoru), 68 nəfər doktorluq (elmlər doktoru) dissertasiyası müdafiə edib.

Hazırda institutun nəzdində dörd ixtisas üzrə (analiz və funksional analiz, diferensial tənliklər, dinamik sistemlər və optimal idarəetmə, deformasiya olunan bərk cism mexanikası) dissertasiya şurası fəaliyyət göstərir.

Institutda 16 doktorant (onlardan 6-sı əyani), 30 dissertant (onlardan 6-si elmlər doktoru və 24-ü fəlsəfə doktoru) hazırlığı üzrə elmi-tədqiqat işləri aparılır.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 25 noyabr 2016-cı il tarixli 644 saylı Sərəncamına əlavədə Ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planına uyğun olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 28 tələbə Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir. Tələbələrə Elmi Şurada təsdiq edilmiş proqramlar üzrə təcrübə dərsləri aparılır. 2016-cı ildən Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına 4 nəfər qəbul olunmuşdur. Magistraturada mövcud proqramlar üzrə tədris aparılır.

Məlumat üçün bildirim ki, institutun çox zəngin kitabxanası var. Kitabxana 1959-cu ildən fəaliyyət göstərir. Məlumdur ki, Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi kimdirsə, Azərbaycan elmində də Nəsrəddin Tusi həmin səviyyədə bir şəxsiyyətdir. Təəssüf ki, bu günə qədər onun irsi tam öyrənilməmiş, xidmətləri öz layiqli qiymətini ala bilməmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hələ 2000-ci ildə Ümumilli Lider Heydər Əliyev Nəsrəddin Tusinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında fərman imzalamış, özü həmin komissiyanın sədri olmuşdur.

Həmin fərmanda qeyd olunur ki, “Elmin astronomiya, həndəsə, triqonometriya, fəlsəfə, ilahiyyat, pedaqogika, mineralogiya, tibb və sair sahələrində sanballı əsərlər yaratmış ensiklopedist alim Nəsrəddin Tusinin yaradıcılığı dünya elminin və mədəniyyətinin inkişafına güclü təsir göstərmişdir.

Nəsrəddin Tusi öz zəngin yaradıcılığı ilə yanaşı, böyük bir elmi məktəbin banisi kimi də dünya şöhrəti qazanmışdır. Onun təsis etdiyi Marağa astronomiya rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və zəngin kitabxanaya malik böyük elmi mərkəzə çevrilmiş, bir çox riyaziyyatçı və astronom buraya dəvət edilmiş və onlar Nəsrəddin Tusinin rəhbərliyi altında elmin müxtəlif sahələrinə aid bir sıra qiymətli əsərlər yaratmışlar. Nəsrəddin Tusi özündən sonra olduqca böyük elmi irs qoyub getmişdir. Onun əsərləri dünya xalqlarının bir çox dillərinə tərcümə edilərək dəfələrlə çap olunmuş, neçə-neçə alimlər nəslinin yetişməsində müstəsna rol oynamışdır. Təəssüflə qeyd edilməlidir ki, Nəsrəddin Tusinin çoxsahəli yaradıcılığı ölkəmizdə hələ lazımi səviyyədə tədqiq olunmamışdır. Mütəfəkkir alimin irsinin dərindən öyrənilməsi Azərbaycan elmi qarşısında duran vacib məsələlərdəndir.

Dahi Azərbaycan aliminin xatirəsi ölkəmizdə həmişə böyük ehtiram və iftixarla yad edilmişdir. 1981-ci ildə onun 780 illik yubileyi geniş qeyd olunmuş, adı əbədiləşdirilmiş, şərəfinə medal təsis edilmiş, abidələr yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Şamaxı Astrofizika Rəsədxanası da Nəsrəddin Tusinin adını daşıyır.

Azərbaycanın dahi alimi Nəsrəddin Tusinin 800 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi onun xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, xalqımızın zəngin elmi və mədəni irsinin bütün dünyada təbliği və tərənnümü işinə xidmət edir.

2003-cü ildən isə Nəsrəddin Tusinin elmi yaradıcılığını tədqiq etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 19 fevral 2003-cü il tarixli 9/6 saylı qərarı ilə institutumuzda “Azərbaycan riyazi irsinin tədqiqi” şöbəsi yaradılmışır. Şöbənin əsas iş planının mövzusu “Nəsrəddin Tusinin riyazi və məntiqi əsərlərinin tədqiqi” olmuşdur.

Bu günlərdə tarix elmləri doktoru Həsən Həsənov akademiyanın rəhbərliyinə ünvanladığı məktubda göstərir ki, Nəsrəddin Tusinin irsində indiyə qədər öyrənilməmiş və açıq qalan məsələlər çoxdur. Onların içərisində “İslam atlası”, “Tusi cütlüyü”, “Marağa İnqilabı”, “Səma Qlobusu”, astrologiyaya aid monoqrafiyası, “Türk təqvimi” əsas yer tutur.

İndiyə qədər bizim institutda Nəsrəddin Tusi ilə bağlı aparılan tədqiqatlar ancaq onun riyaziyyat sahəsində irsi ilə məhdudlaşmışdır. Tusinin başqa sahələrdə fəaliyyəti AMEA-nın başqa institutlarında da aparılır.

Bu günlərdə Həsən Həsənovla institutda görüş keçirdik. Onun təkliflərini müzakirə etdik və akademiyanın rəhbərliyinə aşağıdakı təkliflərlə müraciət etdik:

- AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fənlər-arası “Nəsrəddin Tusi Mərkəzi” yaradılsın.

- Nəsrəddin Tusinin irsinin öyrənilməsi AMEA-nın bir neçə institutunda həyata keçirildiyindən, mərkəz institutlararası statusa malik olsun.

- Mərkəzin xarici kitabxanalar, fondlar və alimlərlə əlaqələrini yaratmaq və sistemləşdirmək məqsədi ilə “Məsləhət Şurasının” yaradılmasını məqsədəuyğun hesab edirik.

Düşünürəm ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu qarşısında duran əsas problemlər aşağıdakılardır:

1. Əvvəlki yazılarımızda qeyd olunduğu kimi bu gün institutda 14 elmi şöbə fəaliyyət göstərir. Onlardan 10-u riyaziyyat, 4-ü isə mexanikaya aid olan şöbələrdir. Təəssüf ki, bu şöbələr arasında əlaqələr günün tələblərinə cavab vermir. Daha dəqiq desək şöbələrin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri arasında əlaqələr zəifdir. Yaxın gələcəkdə bu əlaqələri genişləndirmək, möhkəmləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən biridir.

2. Bu gün dünyada tətbiqi əhəmiyyətli elmi tədqiqatlara geniş yer verilir. Riyaziyyat elmi tarixən fundamental elm kimi qəbul olunsa da son illərdə onun tətbiqi sahələrinə daha çox diqqət yetirilir. Məhz bu səbəblərdən hesab edirəm ki, riyaziyyatın tətbiqi sahələrinə diqqəti artırmalı, bu məqsədlə AMEA-nın Fizika, İdarəetmə Sistemləri, İnformasiya Texnalogiyaları, Biofizika, Geologiya, Coğrafiya, Molekulyar Biologiya, Radiasiya Problemləri, Neft və Qaz İnstitutları ilə mövcud elmi əlaqələri inkişaf etdirmək yerinə düşərdi.

(Son)

 





24.04.2017    çap et  çap et