525.Az

Nur yolunun yolçusu - Əflatun Amaşovun 60 yaşına


 

Nur yolunun yolçusu - <b style="color:red">Əflatun Amaşovun 60 yaşına</b>

Azərbaycan dilinin lüğət tərkibində nur deyilən bir söz də var. Hərdən adama elə gəlir ki, nur sözü işıq sözündən də tutumludur. Çünki nur sözünün semantikasında çoxmənalılıq, çoxçalarlılıq məzmunu var.

Torpaq susuzluqdan yananda qəflətən bəxtinə düşən yaz yağışını xalqımız "göydən yerə nur yağır" deyimi ilə qiymətləndirir. Günün də nurlusu olur, ayın da, ilin də. Amma bütün bunların sırasında nur sözü epitetləşib insan sözünə qoşulanda daha böyük məna verir. Çünki əgər, doğrudan da, yerin-göyün əşrəfi insandırsa, onda semantikasında ilahidən gələn bir sevgi gizlənən nur sözü insana daha çox yaraşır və bir də yaxşı insanın xarakterini bu söz çox dəqiq müəyyən edir: Nurlu insan! Bu epitetə sahib olanın üzündə, gözündə nurlu bir aləm olur. Xaricən nurlu insan həm də daxilən nurlu olur. Həmişə belə görmüşük... Bütün bunları mən Əflatun Amaşov haqqında - onun 60 illik ömür yoluna nəzər salanda düşünməli oldum. Əslində ona görə ki, Əflatun Amaşovun nurlu bir insan olduğunu uzun illər bundan əvvəl müəyyənləşdirmişdim özüm üçün...

Onda dünyanın tamamilə başqa yönlərdə dəyişən vaxtı idi; hamımız müstəqilliyin eyforiyası ilə yaşayırdıq və hər kəs Azərbaycanın bu yeni, dəyişən dünyaya qovuşması üçün bacardığını eləmək istəyirdi. Onda Əflatun Amaşov "RUH" Jurnalistləri Müdafiə Komitəsi kimi bir qeyri-hökümət təşkilatı yaratmışdı və bu təşkilatın əsas məqsədi yenicə meydana gələn mətbuat azadlığı fonunda hələ söz azadlığına öyrəşməmiş, həqiqəti deyən hər jurnalistə maneələr yaradan kommunist ideologiyasından qurtulmamış məmurlardan jurnalistləri qorumaq amacı idi. Ə. Amaşov məni də o təşkilatın yaratdığı təlimlərə, söz və mətbuat azadlığı ilə bağlı dərs aparmağa dəvət etmişdi və biz ilk dəfə o təşkilatda tanış olduq. Elə həmin o günlərdən mən hiss elədim ki, ürəyi ideyalarla dolu bu təşkilat rəhbəri öz istəklərini gerçəkləşdirmək üçün hər cür əziyyətə hazırdır. Çox cavan bir oğlan idi, amma buna qədər AzərTAC kimi möhtəşəm bir informasiya agentliyində rəhbər vəzifədə xeyli təcrübə qazanmışdı. Ən çox güvəndiyi məqam isə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirməyinə bağlı idi. Dünyanın bu möhtəşəm universitetində təhsil aldığına görə elə o zamanlar da, indinin özündə də Heydər Əliyevə minnətdarlığını bildirir. Məlumdur ki, bir vaxtlar Heydər Əliyev milli kadrların yetişməsi üçün Azərbaycan universitetlərinin birinci kursundan yüzlərlə tələbəni ölkə xaricindəki ali məktəblərə göndərirdi. Heydər Əliyevin həmin milli qayğısından ona da pay düşdüyünü hər yerdə həvəslə danışan Əflatun Amaşovun Moskva Dövlət Universitetinin dünya şöhrətli jurnalistika nəzəriyyəçilərindən - Y.Zasurskidən, Y.Proxorovdan, A.Kuznetsovdan, M.Yesindən aldığı dərslər heç də havayı getməyib. Mən Ə.Amaşovu tanıdığım andan ilk növbədə onun zəngin biliyinə, yüksək erudisiyasına, yaradıcılıq fəhminə heyran oldum və belə bir şəxsiyyətdən uzaqlaşmamaq qərarına gəldim...

Sonra bir dəstə yaradıcı jurnalist ölkədə Mətbuat Şurası kimi vacib bir ictimai qurumun yaradılması ideyasını irəli sürdü. Arif Əliyev, Rəşad Məcid, Azər Həsrət, Rauf Arifoğlu, Aydın Quliyev kimi tanınmış jurnalistlərin bu ideyasını gerçəkləşdirmək üçün əvvəlcə Təşkilat Komitəsi yaradıldı və yekdil səslə Ə.Amaşov Təşkilat Komitəsinin sədri, bu sətirlərin müəllifi isə sədr müavini oldu. Uzun sürən debatlardan sonra jurnalistlərin I qurultayı keçirildi və bütün ölkə jurnalistlərinin təmsil olunduğu bu tarixi qurultayda Ə.Amaşov Mətbaut Şurasının sədri, bu sətirlərin müəllifi isə sədrin müavini seçildi. Mənim hər dəfə bu işlərdə özümün də iştirakımı qeyd etməyim qeyri-təvazökarlıq kimi də görünə bilər. Ancaq yeri gələndə özümü də qeyd etməyimdə bir məqsəd var: oxucu mənim Ə.Amaşovla uzun müddət çiyin-çiyinə işlədiyimi də bilməlidir ki, mənim keçmişə ekskurslarımın dəqiqliyinə əmin olsun.

Ə.Amaşovun Mətbuat Şurasının sədri kimi fəaliyyəti göz qabağındadır. Onun daxilindəki nur - yəni nurlu insan olması bu vəzifədə Azərbaycan jurnalistlərinin köməyinə çatdı. Əflatun müəllim bir rəhbər adam kimi, müasir jurnalistikamızın inkişafına cavabdeh bir insan kimi bütün tərəflərin - iqtidar, müxalifət və müstəqil mətbuatın bütün nümayəndələrinin sevgisini qazandı. Azərbaycanda o zaman heç bir təcrübəsi olmayan Mətbuat Şurasının Qərb standartlarını öyrənmək və tətbiq etmək zərurəti yarandı. Ə.Amaşovun Avropa səfərləri burdan başladı. O özünü bu ölkələrdə elə təqdim etdi ki, həmin ölkələrin Mətbuat Şuraları ilə elə yaradıcılıq əlaqələri qurdu ki, onu müntəzəm olaraq konfranslara, müşavirələrə, jurnalistika ilə bağlı digər tədbirlərə dəvət etməyə başladılar. O tədbirlərin bəzilərində mən də iştirak etmişəm və Ə.Amaşovun bir tərəfdən xarici təcrübəni öyrənmək, digər tərəfdən bir Azərbaycan vətəndaşı kimi hər dəfə yeri gələndə Qarabağ problemini dünyanı təmsil edən jurnalistlərin diqqətinə çatdırmaq kimi milli ləyaqətinin şahidi olmuşam...

Əflatun Amaşov və bütövlükdə Mətbuat Şurasının bütün üzvlərinin uğurları Ümummilli liderimizin demokratik mətbuat konsepsiyasını həmişə rəhbər tutmaqlarındadır. Heydər Əliyevin belə bir fikri şuranın fəaliyyət prinsinin əsasını təşkil edir: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir". Heydər Əliyevin müstəqillik illərinin əvvəllərində dediyi bu fikir onun fəaliyyəti sayəsində tezliklə gerçəkləşdi və Azərbaycan jurnalistləri onun qayğısını hər an hiss edib də bu rəhbəri özlərinin dostu seçdilər.

Dünya Mətbuat  Şurasının təcrübəsi tezliklə öyrənildi və indi Azərbaycan mətbuatının problemlərini, jurnalistikamızın yaradıcılıq prinsiplərini ciddi müzakirə müstəvisinə çıxaran bir Mətbuat Şurası var. Mən dəfələrlə teledebatlarda belə bir fikrin şahidi olmuşam ki, Mətbuat Şurasının səyi nəticəsində Azərbaycanın yazılı mətbuat sektorunda bir çox problem artıq öz həllini tapıb. Əlbəttə, bu işdə bütövlükdə şuranın üzvlərini alqışlamaq lazımdır. Amma onu da etiraf edək ki, işin müsbət nəticəsi rəhbər kadrın fəaliyyətindən çox asılıdır.

Ə.Amaşov Azərbaycan jurnalistikasına xüsusi qayğısı olan hər kəsin qədrini bilməyi tövsiyə edir. "Jurnalistlərin dostu" kimi şərəfli bir nominasiya şuranın təşəbbüsü ilə yaradılıb. Amma hər şey dünya təcrübəsinə söykənir...

Almaniyanın paytaxtı Berlində səfərdə olanda belə bir təcrübəyə rast gəldik: bizim də dəvət olunduğumuz maraqlı bir mətbuat konfransı keçirilirdi. Məlum oldu ki, Berlinin mərkəzində Almaniya Mətbuat Şurasının təşkil etdiyi bu ənənəvi mətbuat konfransında ölkənin yüksək ranqlı idarələri - nazirliklər, komitələr və s. öz nümayəndələrini həftədə bir dəfə jurnalistlər üçün keçirilən bu konfransa göndərir və onlar media nümayəndələrinə öz idarələrinin fəaliyyəti barədə son məlumatı təqdim edirlər. Konfrans üç mərhələyə bölünür. Moderator elan edir: birinci mərhələ - bu mərhələdə təqdim olunan informasiya olduğu kimi mətbuata çıxarıla bilər. İkinci mərhələ - burada verilən informasiyalar jurnalistin öz interpretasiyasında - təhlillərində təqdim oluna bilər. Üçüncü mərhələ - buradakı məlumatlar jurnalistin gələcək hadisələri əvvəlcədən anlaması və onlara hazır olması üçün nəzərdə tutulur. Hələlik mətbuata çıxarıla bilməz. Amma biz gördük ki, əslində ən maraqlı, hətta indiki jurnalistlərin dili ilə desək, şok xəbərlər məhz bu mərhələdə təqdim olunur. Və öyrəndik ki, jurnalistlər otuz ildən bəri davam edən bu ənənəvi mətbuat konfransının üçüncü mərhələsindəki "şok" xəbərləri zamanı gəlməyincə heç vaxt mətbuata çıxarmırlar. Azərbaycanda təzəcə yaranmış Mətbuat Şurasının sədri Əflatun Amaşov dərindən bir köks ötürüb:

- Allahım, görəsən, biz haçansa belə bir səviyyəyə gəlib çıxa biləcəyikmi? - dedi...

Gəldik çıxdıq. Azərbaycan Mətbuat Şurası yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına peşə etikasına əməl etmək səriştəsinə xeyli dərəcədə nail oldu. Bu şuranın keçirdiyi sorğu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə "Jurnalistlərin dostu" adını qazanıb. İ.Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə ölkə jurnalistlərinin rahat toplaşdığı, min bir tədbirin keçirildiyi Mətbuat Şurası binasının qısa müddətdə tikilib istifadəyə verilməsi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi kimi jurnalistlərə unikal bir qayğı sisteminin yaradılması, ölkə jurnalistləri üçün yüzlərlə mənzilin tikilib istifadəyə verilməsi, neçə-neçə jurnalistin həbsdən azad olması barədə xüsusi sərəncamların verilməsi, onlarca mətbuat işçisinə "Əməkdar jurnalist" və digər dövləti təsisatların verilməsi, ictimai teleradio kimi vacib bir media qurumunun yaradılması və s. neçə-neçə xidmət faktları İlham Əliyevin iki dəfə "Jurnalistlərin dostu" seçilməsinə səbəb olmuşdur. Prezidentin media sahəsindəki xidmətlərinin jurnalistlər tərəfindən bu cür yüksək qiymətləndirilməsi həm də Əflatun Amaşovun başçılıq etdiyi Mətbuat Şurasına bağlıdır.

Ə.Amaşov Mətbuat Şurasında müxtəlif dövlət və qeyri-hökümət təşkilatları ilə möhkəm əlaqələr yaratmışdır. Hansısa məmurun şikayəti ilə cəzalandırılan onlarca jurnalisti müdafiə etmiş, yeri gələndə ölkə prezidentinə müraciətlə onların həbsdən azad edilməsinə nail olmuşdur.

Mətbuat Şurası təkcə jurnalistlərin deyil, həm də hər bir ictimai, yaradıcı adamların, müxtəlif dövlətlərin Azərbaycandakı səfirlərinin, ölkəmiz üçün milli maraq kəsb edən digər qonaqların görüş yeridir. Burada sədrin təşəbbüsü ilə neçə-neçə səfirlə jurnalistlərin görüşü keçirilib. Bu görüşlərdə əsas məqsəd xarici ölkənin nümayəndəsinə Azərbaycanı və xüsusilə onun demokratik, azad mətbuatını təqdim etmək, səfirlərlə jurnalistlərin dostluğunu təmin etmək kimi vacib məsələləri gündəmə gətirməkdir. Belə görüşlərin hər birində sədr şəxsən özü tanışlıq məruzəsi ilə çıxış edir və ağrılı yerimiz olan Qarabağ probleminin həll olunmamasında erməni tərəfinin hiylələrini açıb göstərir.

Mətbuat Şurası Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə tikilmiş  yaraşıqlı və geniş binasında onlarca jurnalistin, ictimai xadimin yubileyini keçirmiş və onlara şuranın səmimi təbrik sözləri yazılmış adreslər, diplomlar təqdim edilmişdir.

Sədr Əflatun Amaşovun təşəbbüsü ilə təsis edilmiş "Ali Media Mükafatı" haqqında ayrıca danışmaq lazım gəlir. Bu mükafat jurnalistlərə və publisistlərə, jurnalistikanın problemlərinə dair samballı əsərlərə müsabiqədə qazandığı uğura görə təqdim olunur. Kifayət qədər yüksək məbləğdə pul mükafatı və xüsusi diplomla qeyd olunan bu mükafatın sponsorları şəxsən Əflatun müəllimin xətrini istəyən biznes qurumlarıdır.

Əflatun müəllimin təşəbbüsü ilə Azərbaycanın klassik jurnalistləri və klassik qəzetləri ilə bağlı çoxsaylı portret filmlər istehsal olunmuşdur. Bu filmlər mətbuat tariximizi və tarixi yaradan klassik jurnalist və publisistlərimizi geniş tamaşaçı kütləsinə, yeni nəslə bir daha tanıtmaq üçün ən yararlı tədbir kimi qiymətləndirilməkdədir.

Əlbəttə, Ə.Amaşovun Mətbuat Şurasında fəaliyyətini saymaqla bitməz. Bütün bunlar təkcə jurnalistlərin deyil, habelə bütövlükdə ölkə ictimaiyyətinin də diqqətini çəkdi və bir gün onun Milli Məclisə deputatlığı gündəmə gəldi. Ə.Amaşov öz namizədliyini Saatlı rayonundan irəli sürdü. 2015-ci ilin oktyabr ayından təbliğat kampaniyası başladı və biz- Əflatun Amaşovun dostları onu bu kampaniyada axıradək müşayiət etdik. Xalqın belə bir deyimi var: deyir, dostun necə adamdır, cavab verir ki, yoldaş olmamışam... Həqiqətən də insanı yol yoldaşlığında daha yaxşı tanımaq olur...

Əflatun müəllimin dostları ilə birlikdə biz dəfələrlə Saatlıya yola düzəldik. Qəribə orasıdır ki, Əflatun Amaşovun bütün dostları da onun kimi nurlu insanlardır. Rəşad Məcid, Umud Rəhimoğlu, Aydın Quliyev, Vüqar Səfərli, Vüqar Rəhimzadə, Akif Aşırlı, İlham İsmayıl, Cavanşir Feyziyev, İlham İsmayıl...  Bu adamların mən nə vəzifələrini qeyd edirəm, nə də xarakterlərini qələmə alıram. Onları bütöv millət tanıyır, xalq tanıyır.

Saatlıya səfərlərimizdə bizi ən çox sevindirən seçicilərlə görüşlərimizdəki səhnələr oldu. Qəribədir, sadə kənd adamları- seçicilər Əflatun Amaşovu sanki doğma bir adam kimi qəbul edirdilər. Hətta ən radikal müxalif adamlar belə onun namizədliyindən çox sevindikərini dilə gətirirdilər. Seçicilərlə çoxsaylı görüşlərdə Əflatun Amaşovun dostları onu xarakterizə etmək istəyəndə hər dəfə yerdən səslər ucalırdı: Biz namizədimizi yaxşı tanıyırıq- deyirdilər.

Bir dəfə biz Saatlıya 30-a yaxın jurnalistlə - media kapitanları ilə getmişdik. Həmin günkü görüşlərin birində Ə.Amaşov üzünü seçicilərə tutub dedi:

- Mən sizə icrası mümkün olmayan vədlər verməyəcəm. Ancaq siz mənimlə sizin görüşünüzə gələn jurnalistlərə diqqətlə baxın. Mənim həll edə bilməyəcəyim məsələləri biz bu komanda ilə elə ictimailəşdirə bilərik ki, əlaqədar qurumlar mütləq işə qarışıb da sizin probleminizi həll edərlər.

...Sonra böyük səs çoxluğu ilə Ə.Amaşov Saatlıdan millət vəkili seçildi. Mən və dostlarımız onun seçicilər qarşısındakı vədlərini necə yerinə yetirdiyini diqqətdə saxlayırıq. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Əflatun Amaşova bir millət vəkili və insan kimi çox hörmət edir. Bəlkə elə bu da deputatın içindəki nurdan irəli gəlir. İndi hələ iki ili tamam olmamış deputatlıq müddətində Ə.Amaşovun təklifi ilə kənd arası nasaz yollar, məktəb yolları təmir edilib, ayrı-ayrı adamların problemləri ilə bağlı müxtəlif nazirliklər qarşısında məsələ qaldırılıb. Hətta xüsusi qayğıya, diqqətə möhtac olan xəstə kənd sakininin paytaxt xəstəxanasında müalicəsinə yardım etmək və s. kimi məsələlərə də millət vəkili Ə.Amaşov həmişə diqqət göstərir.

Seçkilərdən sonra - günlərin bir günü Əflatun Amaşov onun təbliğat kampaniyasında iştirak edən dostlarını indi artıq millət vəkili statusunda Saatlıya apardı. Biz həmişə olduğu kimi, yenə də bir miniavtobusda hamımız bir yerdə yol gedirik. Amma içimizdə bir narahatlıq, bir kədər var. Çünki, bir gün əvvəl Saatlının bir kəndinə cəbhə bölgəsində şəhid düşmüş bir əsgər gətirmişdilər və biz indi ilk növbədə həmin şəhidin dəfn mərasiminə gedirdik. Onsuz da şəhid adı olan yerdə hamımızın ürəyimiz yaralıdır, amma Əflatun müəllim həm də çox nigaran görünür. Əli mütəmadi olaraq telefonun düyməsindədir və tez-tez mühüm bir nazirliklə əlaqə saxlayır. Məlum olur ki, cəbhə bölgəsində şəhid olmuş əsgərə hansısa bir səhv yanaşma ucbatından "şəhid" statusu verilməyib. Ə.Amaşovun nazirliklə yol boyu yazışmaları və telefon danışıqları öz nəticəsini verdi.

Təxminən saat on birdir və biz Saatlının həmin kəndində şəhidin yas mağarına daxil oluruq. Yası idarə edən molla bizi görən kimi məclisə problemin obyektiv həll olunduğunu elan etdi və millət vəkilinə camaatın təşəkkürünü bildirdi. Sonralar mən hər dəfə Ə.Amaşovun həmin şəhidin yetim qalmış balaca uşağına necə qayğı göstərdiyinin, şəhidin atasına, anasına necə təsəlli verdiyinin şahidi olmuşam...

Bir millət vəkili kimi Əflatun Amaşov çox fəal adamdır. Biz onu müntəzəm olaraq camaat içində görürük. Azərbaycan-Gürcüstan münasibətləri kontekstində onun da xeyli əməyi hiss olunmaqdadır. Həm də ona görə ki, Əflatun Amaşov bir elat adamıdır. Onun doğulub boya-başa çatdığı Faxralı kəndi Gürcüstanda olduğu qədər Azərbaycanda da məşhurdur. Bu kənd Gürcüstana və Azərbaycana neçə-neçə qeyrətli, el dərdi çəkən, millət qədri bilən yaradıcı şəxsiyyət bəxş edib. O vacib adamlar içərisində Ə.Amaşovun da ayrıca yeri var. Əflatun müəllim o kəndin, elatın problemlərini dilə gətirən, həm Gürcüstanda, həm də Azərbaycanda hökümətə müraciətlə o problemlərin həllinə çalışan bir eloğludur. Mən onun Gürcüstanda yaşayıb-yaradan bir istedadlı rəssamın əsərlərinin Bakıda təşkil etdiyi sərgisində necə qürur duyduğunun şahidi olmuşam. Əflatun müəllim hökümət dairələri arasında olan nüfuzundan yalnız belə anlarda istifadə etməkdədir.

Millət vəkilinin Milli Məclisdəki fəaliyyətindən həm onun seçiciləri, həm də jurnalistlər çox razı qalırlar. Əflatun müəllim Milli Məclisdə həmişə yaddaqalan təşəbbüslərlə çıxış edir. Onun qaldırdığı problemlər təkcə qanunvericilik aktları üçün deyil, həm də ayrı-ayrı hökümət idarələrinə mesaj olur və bu da çox zaman öz effektini verir.

Əflatun Amaşov ictimai adamdır. O, bir çox ictimai təşkilatlarda, layihələrdə təmsil olunmaqla da cəmiyyət üçün xeyirli iş görməkdədir. Əflatun müəllim Bakı Dövlət Universitetində fəaliyyət göstərən İctimai Nəzarət və Məsləhət Şurasının ən fəal üzvlərindən biridir. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu ictimai təşkilatın şəxsən təşəbbüskarı kimi onun üzvlərinin təklif və məsləhətlərini yüksək qiymətləndirir. Çünki bu şurada Əflatun Amaşov kimi hadisələrə obyektiv qiymət verən neçə-neçə ləyaqətli ictimai xadim təmsil olunur.

Bu yaxınlarda universitetin bir qrup tələbəsi bir millət vəkili kimi Əflatun Amaşova müraciət edərək, ali məktəblərdə ödənişli qayda ilə təhsil alan tələbələrin ödəniş haqqını mərhələlərlə ödəməkləri barədə məsələ qaldırmasını xahiş etdi. Əflatun müəllim dərhal bu məsələni Milli Məclisdə qaldırdı və güman edirik ki, əlaqədar qurumlar bu barədə müsbət rəyə gələcəklər.

Əflatun Amaşov həm Mətbuat Şurasının sədri kimi, həm də bir millət vəkili olaraq jurnalist kadrlarının hazırlanması prosesinə ciddi diqqət yetirir. Son bir neçə ildir universitetlərin jurnalistika ixtisaslarına tələbə qəbulunun müsabiqə yolu ilə keçirilməsinə nəzarətin bir hissəsi də Əflatun müəllimin çiyninə düşür. Müsabiqədə qiymətləndirmə kriteriyalarının abituriyent üçün müəyyən narahatlıq yaratması bir neçə il jurnalistikaya qəbul planının yerinə yetirilməməsi ilə nəticələndi. Ötən ilin qəbul imtahanında Ə.Amaşov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin  rəhbərliyi ilə məsəhətləşmələr apardı və bu məsələ dərhal həll olundu.

Əflatun müəllim jurnalist tələbələrin əzəli və əbədi dostudur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin çox dəyərli bir ənənəsi var: Fakültə hər yeni dərs ilinin ilk saatını milli mətbuatımızın banisi H.Zərdabinin Fəxri Xiyabanda uyuyan qəbri qarşısında keçir. Adətən bu saatın ilk mühazirə müəllimi Əflatun Amaşov olur. Onun Zərdabinin ruhu qarşısında birinci kurs tələbələrinə oxuduğu bu mühazirələr gənc tələbələrin qəlbində mətbuat tariximizə sevgi hissi yaradır.

Ə.Amaşov Jurnalistika fakültəsində nəşr olunan "Jurnalist" qəzetinin hər nömrəsinin təqdimat mərasiminin qonağı olur. Adətən, bu törəndə onun qələm dostları Aqil Abbas, Rəşad Məcid, Umud Rəhimoğlu, Akif Aşırlı kimi ustadlar gənc jurnalistlərə peşəkarlığın sirlərini öyrədir və həm də "Jurnalist" qəzetində yazısı dərc olunmuş tələbələrə qonorar verirlər. Beləcə, Əflatun Amaşov və onun komandası tələbələrin unudulmaz dostlarına çevrilirlər.

Jurnalist tələbələrlə hər görüşündə Əflatun müəllim özünün həyat təcrübəsindən doğan məsləhətlərini verir. Kütləvi informasiya vasitələri ətrafında bütün qanunları yaxşı mənimsəməyi, bu qanunlarda jurnalistin hüquqlarını və məsuliyyətini eyni dərəcədə öyrənməyi tövsiyə edir. Jurnalistin yaradıcılıq prinsipləri sırasında peşə etikasına sahib olmağı tapşırır onlara. Və bir də hər kəsə özünün fərdi yaradıcılıq üslubunu formalaşdırmağı tövsiyə edir. Bunun üçün ustad klassik jurnalist və yazıçıları yaxşı bilməyə çağırır. Onun fikrincə, fərdi üsluba malik olmaq üçün mütləq bədii ədəbiyyata sevginin olması vacibdir.

Tələbələrlə belə söhbətlərin hər biri master-klass təsiri bağışlayır və mən bu anda tələbələrin üzündə, gözündə bir məmnunluq hissi duyuram.

Əflatun Amaşov özünün ictimai fəaliyyətini media sistemində, xüsusilə elektron informasiya vasitələrində göstərən ictimai xadimdir. Onun təkcə ictimai teleradio ilə müntəzəm əlaqəsi dediyimizi sübut edən faktdır.

Əflatun Amaşov dost sözünü müqəddəs tutan adamdır. Bu mənada dostları da onu yüksək qiymətləndirirlər.

Umud Rəhimoğlu:

- Mən həm də bədii sözə, bədii obraza bələd olan bir adam kimi deyərdim ki, Əflatun müəllim tipik Azərbaycan oğludur. Onu bir model kimi qəbul edib bədii əsərdə azərbaycanlının tipik obrazını yaratmaq olar. Bu obrazda Vətənə ləyaqətlə xidmətdən tutmuş, ailə qayğılarınadək hər şey özünün duyğulu xarakterini tapacaq...

Rəşad Məcid:

- Əflatun müəllim bizim qəzetimizin ən fəal müəlliflərindən biridir. "525"in bütün kollektivi bu cavan adamı özlərinə ağsaqqal hesab edir. Mənə gəlincə, mən onunla neçə-neçə xarici səfərdə, beynəlxalq tədbirlərdə olmuşam. Hər səfərimizdə - Nyu-Yorkdan tutmuş İstanbuladək - hər yerdə onun Qarabağ problemini necə izah etdiyinin, Qarabağ dərdini içində necə yaşatdığının şahidi olmuşam...

Aqil Abbas:

- Əflatun müəllim öz xoş aurası ilə, nurlu xasiyyəti və insanlığı ilə, öz işinə yanaşma tərzi ilə, millətə bağlılığı ilə, problemlər yarananda bizə verdiyi təsəlliləri ilə qiymətli adamdır. Onunla hər görüşdə onun necə xoşxasiyyətli bir adam olduğu bir daha üzə çıxır...

Gündüz Camalzadə (Jurnalistika fakültəsinin IV kurs tələbəsi):

- Əflatun müəllim hər dəfə bizimlə görüşə gələndə onun itirilmiş torpaqlarımıza qayıdacağımızla bağlı verdiyi qəti təsəllilər bizdə dövlətimizə, onun başçısına, Ali Baş komandana, ordumuzun gücünə inamı bir daha artırır. Mən Kəlbəcər qaçqınıyam. Qaçqın ailəmiz Bərdədə məskunlaşıb. Mənim atam hər dəfə Əflatun müəllimi efirdə görəndə mənə zəng edir, onun necə nəcib adam olduğunu elə teleefirdəncə hiss edir... Hər dəfə də Əflatun müəllimi bir sözlə qiymətləndirir: nurlu adamdır - deyir.

Əflatun Amaşov mükəmməl bir ailə başçısıdır. Yeganə oğlu Orxan Londonda təhsil alıb, hüquqşünasdır. Mən bu günlərdə Orxanın modern.az-a maraqlı bir müsahibəsini oxudum. Müsahibə bir neçə istiqamətdən maraqlı idi. Əvvəla, bu müsahibə Orxanın intellektual səviyyəsini göstərir. İkincisi, Orxanın ata-ana tərbiyəsinin və ata-anasına sevgisinin ifadəsidir. Üçüncüsü, harada, hansı məkanda yaşayıb işləməsindən asılı olmayaraq, hər zaman Vətənə bağlılığının sübutudur.

Bütün bu keyfiyyətlər Əflatun  Amaşovun ailə qayğısının, ailə tərbiyəsinin nə qədər səmərə verdiyinin göstəricisidir.

Mətbuat Şurasının təsis etdiyi "Jurnalistlərin dostu" nominasiyasını xəyali olaraq başqa təşkilatlara da köçürsək, onda Ə.Amaşovla bağlı belə bir mənzərə yarana bilər: Bakı Dövlət Universitetinin dostu, "525-ci qəzet"in dostu, ictimai televiziyanın dostu, bütün nazirlərin dostu, radikal müxaliflərin dostu və nəhayət, elin-obanın dostu Əflatun Amaşov! Tanıyan hər kəsin dost dediyi bu nurlu adamın  60 yaşı tamam olur. Əzəldən zəka sahibi olan bu insan indi ömrünün ən müdrik çağına qədəm qoyur. Nurlu bir ömrün yolçusuna ən xoş arzularımı bildirirəm...

 





26.04.2017    çap et  çap et