525.Az

Yol bəlli, məkan bəlli - Fotolar


 

ƏDƏBİYYATIN TRABZON BAYRAMI

Yol bəlli, məkan bəlli - <b style="color:red">Fotolar</b>

Ədəbiyyatın özəyində tanıtım missiyası var. Bu missiya ədəbiyyat festivallarında daha çox gerçəkləşir.

Ayrı-ayrı millətlərə məxsus insanlar ədəbi tədbirlər zamanı doğmalaşır, bir-birini daha da yaxından tanıyırlar. Hətta bir araya gəldikləri məkanla da yaxından tanış olurlar. Ədəbiyyatın birləşdirici gücünün nümayişinə ev sahibliyi etmək görəvi bu dəfə Türkiyənin Trabzon şəhərinin üzərinə düşdü.

“Yol və məkan” şüarı ilə Uluslararası Trabzon Ədəbiyyat Festivalı (UTEF) aprel ayının 21-dən 26-na kimi davam etdi. Festivalın layihə rəhbəri Qaradəniz Yazarlar Birliyi Dərnəyinin rəhbəri Esma Ala Türkmen idi. Festival beynəlxalq səciyyə daşıdığından bir neçə ölkənin nümayəndələri və Türkiyənin müxtəlif şəhərlərindən qələm adamları təmsil olunurdular. İkinci dəfə həyata keçirilən festivalda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid və mən təmsil edirdik.

UTEF-2-nin açılış törəni aprelin 21-də Trabzon hava limanında reallaşdı. Festivalın əsas mövzusu “Yol və məkan” olduğu üçün bu açılış mərasimi rəmzi xarakter daşıyırdı. İlk dəfə idi ki, ədəbiyyatla bağlı bir tədbir hava limanında həyata keçirilirdi. “Karvan yolu fotoqraf sərgisi”nin nümayiş olunduğu məkanda gerçəkləşən açılış mərasiminin aparıcısı Canan Güvən Kalaycı giriş üçün sözü layihə rəhbəri Esma xanıma verdi. Ardınca Azərbaycan təmsilçisi Rəşad Məcid çıxış etdi və Gəncə şəhərindən hədiyyə olaraq apardığı Nizami Gəncəvi xalçasını E.A.Türkmənə təqdim etdi. Digər ölkələrin təmsilçiləri ilə yanaşı, hava limanının müdiri Ahmet Aydın da belə festivallara dəstəkçi olduğundan məmnun qaldığını bildirdi. Tədbirin yüksək səviyyədə keçməsi üçün bir neçə gün əməyini əsirgəməyən İlhan Küçükali də bir müəllim kimi şagirdlərini yazarların görüşünə aparmışdı.

Səhərisi gün -  aprelin 22-də Qaradəniz Texniki Universitetində (KTÜ) rus ədəbiyyatı və Tolstoyun yaradıcılığına həsr edilmiş tədbiri KTÜ-nün tələbələri və Avrasiya Universitetinin öyrənciləri hazırlamışdılar. KTÜ müəllimlərinin və tələbələrinin geniş miqyaslı rus ədəbiyyatı ilə tanışlıq proqramı ilə yanaşı Rusiyanın Tula Universitetinin professoru Qriqori Valeriyeviç Tokarevin də geniş məruzəsi dinlənildi, ona ünvanlanan suallara ətraflı cavab verdi. Bununla yanaşı. Lyudmila Petrovna Muhammad da rus ədəbiyyatı və Tolstoy haqqında fikirlərini bölüşdü. Tolstoyun məşhur əsərinə çəkilmiş “Anna Karenina” filmi izlənildi.

Günün ikinci yarısında KTÜ-nün Qara dəniz sahilində yerləşən korpusunda şairanə gəzintilər oldu. “Ədəbiyyat yoluyla toplumsal buluşmalar” mövzusunda çıxışlar Ortahisar bələdiyyəsi Çox Amaclı konfrans salonunda baş tutdu. Görüşün aparıcısı Ümit Yaşar Gözüm mənim də tərkibində olduğum çıxışçıları səhnəyə dəvət etdi. Mənə ünvanlanan sual müasir Azərbaycan ədəbiyyatında qadın mövzusu idi. Mən də dinləyicilərə həm Azərbaycan qadın yazarları, həm də müasir dövrdə yazıçılarımızın yaratdıqları qadın obrazları haqqında düşüncələrimi bölüşdüm.

Günün şam yeməyi “Əhməd usta” adlı kafedə baş tutdu. Həmin şam yeməyinin mənim üçün xüsusi özəlliyi onda idi ki, bu cür ziyalı insanlarla bir arada ad günümü qeyd edirdim. UTEF-in rəhbəri Esma xanımın təşkilatçılığı ilə sürpriz ad günü tortunu da kəsdik.

Növbəti günün tədbirləri Ortahisarda baş tutdu. 23 aprel Türkiyədə uşaq bayramı kimi də qeyd edildiyi üçün  proqrama yeniyetmə yazarlar da qatılmışdı. Həmin günkü tədbirin mövzusu “Türk ədəbiyyatı - Yunus Əmrə” idi. Bu mövzu ətrafında Talat Ülkərin hərtərəfli çıxışını dinlədik. Onunla yanaşı Ümit Yaşar Gözümün, Gözde Beceriyin, Haşım Albayrakın müxtəlif məzmunlu məruzələri oldu.

Günün ikinci yarısında silsilə tədbirlər Hüseyn Kakaz Kültür Mərkəzində keçirildi. Bu mərkəzin özəlliyi onda idi ki, ora əvvəllər həbsxana olmuşdu. Burada kitab günü “Okur-yazar buluşması” ilə yanaşı, əl işlərinin və müxtəlif xalqların yeməklərinin də nümayişi oldu. Çoxşaxəli yaradıcılığa malik yazar Necip Saraçoğlu yarpaq və şüşə üzərində hazırladığı əl işlərindən Rəşad müəllimə və mənə də hədiyyə etdi. Horon xalq oyununun mahir ustası Cavid Şentürkün ifasında oyunla yaxından tanış olduq.

Oxucu-yazar görüşməsində Artvin, Bayburt, Girəsun, Gümüşhanə, Ordu, Rizə, Samsun şəhərləri ilə yanaşı, Trabzonun gəncliyə yenicə qədəm qoyan iki qız yazarının da kitabları sərgilənirdi. Mustafa Durmuş, Mustafa Yazıçı, Abdullah Gülay, Esin Üçüncüoğlu, Hikmet Pala, İbrahim Hakkı Gündoğdu, Mümin Sağlam, Murat Akyol, Ayşe Karaçam, Nurşen Karayanız kimi yetkin imzalarla yanaşı, on beş yaşlı Bahar Hacısalihoğlunun “Baharın tatlı gezisi” və səkkizinci sinif şagirdi Ayşe Zeynep Çubukcunun “Minik” kitablarının da imza günü keçirildi. Baharla tanış olduqda öyrəndik ki, o, dördüncü sinifdə oxuyandan yaradıcılıqla məşğuldur. Hekayələrinin məğzini gəzinti xatirələri təşkil edir. O həm də fikirlərini danışaraq çatdırmaqdan daha çox, yazaraq və ya rəsm çəkərək çatdırmağa üstünlük verir. Ən əsas özəlliyi ondadır ki, yazdığı əsərlərin rəsmini də çəkir. Ayşə isə yazıb-oxumaq öyrənəndən yaradıcılıqla məşğuldur. Bir fənn olaraq riyazıyyatı daha çox sevsə də, bədii yaradıcılığa çox böyük önəm verir. Bunu onun özünəməxsus əlyazma dəftərçəsinə baxaraq da görmək olur. Həmin günün tədbirləri Osmanlı Kültür evini ziyarət və tanışlıqla yekunlaşdı.

Aprelin 24-də Vakfıkebir proqramı özünəməxsusluğu ilə yadda qaldı. Bildiyimiz kimi, türklər öz mənsub olduqları bölgənin tarixini sevə-sevə anlatmaqdan xüsusi zövq alırlar. Həmin gün bunun bir daha şahidi olduq. Vakfıkebirin adının Sultan Səlimin anası Gülbahar xanım tərəfindən verilməsinin şanlı tarixcəsini dönə-dönə danışmaqla yanaşı, möhtəşəm bir səhnəcik də hazırlamışdılar. Digər ilçələrin rəhbərləri kimi Vakfıkebirin kaymakamı ilə bələdiyyə başkanı Muhammet Balta da həmin tədbirlərin mükəmməl alınması üçün yaxından köməklik göstərmişdilər. Kaymakam və bələdiyyə başqanının iştirakı ilə Vakfıkebir Fırınında oranın özəl çörəyi və kərə yağının qonağı olduq. Həm də festival iştirakçılarına çörəyin necə bişirilməsini də göstərdilər. Bunun ardınca Vakfıkebir limanında kamança ustası Bekir Çobanoğlunun müşayiəti ilə bölgənin milli oyunu olan horon oyunu nümayiş etdirildi.

 Həmin günün əsas mövzusu İran ədəbiyyatı və Sədi Şirazi olduğundan bu mövzuda danışıqlar Vakfıkebir Mesleki və Teknik Anadolu Lisesi və Uygulama otelində baş tutdu. İlk öncə “Vakfıkebir panoraması” adlı foto sərginin açılış mərasimi oldu. Açılışda Rəşad Məcid çıxış etdi. Tədbirin aparıcısı Canan Güven Kalayacı Rəşad müəllimin çıxışını gözəl bir şeir kimi dinlədiyini bildirdi.

Festivalın rəsmi hissəsi də həmin məkanda keçirildi. Əsas məruzəçilər İrandan dəvət olunmuş azərbaycanlılar Rahim Kuşeş və Hasan Didbanla yanaşı, Nimet Yıldırım və Hüseyn Albayrak idilər. Tədbirlərin yekunu Vakfıkebirin çoxçeşidli mətbəxi ilə yaxından tanışlıq və yeməklərinin dadına baxmaqla yekunlaşdı.

25 aprel Sürmene proqramı gürcü ədəbiyyatı və Şota Rustavelli  yaradıcılığına həsr edilmişdi. Rəsmi və tanıtım çıxışları Sürmene Kültür Mərkəzində gerçəkləşdi. Sürmene bələdiyyə başqanı Rahmi Üstün də qonaqları salamlayandan sonra Gürcüstandan dəvət olunmuş ziyalılar Rusudan Sagınadze, Ramaz Khalvaşi, Avtandil Nikolaishvili, Pikria Tchabukianı mövzu barəsində fikirlərini söylədilər. Gürcü dilində tərcüməyə yardımçı isə türk yazarı Harun Çimke idi.

Günün ikinci yarısı Trabzon kəndlərinin yaxından tanışlığına həsr edilmişdi. Uca dağ başında yerləşən Karaca Kaya kəndindəki tarixi abidələri və Dirilik Məhəlləsindəki tarixi cameni ziyarət etdik. Günün yekunu Memişağa Konağında oldu. XIX əsrə aid olan bu tikilinin tarixi, Memişağanın həyat və fəaliyyəti barədə qonaqlara məlumat verildi. Onu da öyrəndik ki, keçən əsrin əvvəllərində Nazim Hikmətin Türkiyədən getməsinə kömək edən şəxs Memişağanın törəmələrindən olub.

Nəhayət, 26 aprel Akçaabat proqramı Azərbaycan ədəbiyyatı və Nizami Gəncəviyə həsr olunmuşdu. Akçaabat Bələdiyyəsi Kültür Müdürlüyündə həyata keçirilən tədbirdə AYB-nin katibi Rəşad Məcid Nizami Gəncəvi yaradıcılığı haqqında geniş məruzə edərək, bir neçə şeir də söylədi. Mən də çağdaş Azərbaycan ədəbi prosesi haqqında iştirakçılara məlumat verdim. Bununla yanaşı, İsmail Topalın moderatorluğu ilə  “Dədə Qorqud və Buğac xan” mövzusunda müzakirələr keçirildi. Bu müzakirələrdə Trabzon Yazarlar Dərnəyi başqanı Mustafa Durmuş da iştirak edirdi. 

Akçaabat bələdiyyə başqanı Şefik Türkmenlə görüşdən sonra 17 şubat Anadolu Lisesi toplantı salonunda şeir şöləni təşkil edildi. Ahmet Taş, Garip Ayata, Halit Macit, Haydar Çoruhlu, Kamuran Tuna, Keramettin Bayram, Miktat Eyüboğlu, Mustafa Mazlum, Murat Cihan, Ömer Lütfi Çoban, Sebahəttin Şentürk, Yahya Demeli kimi yazarlarla yanaşı, gənc yazar Mustafa Öztürk şeirlərini söylədilər.

Festivalın yekunu Akçaabata Kültürəl Yolculuqla tamamlandı. Əvvəlki günlərdə olduğu kimi, bu səfər zamanı da iştirakçıların sağ-salamat mənzil başına çatdırılması görəvi Murat Aydının üzərinə düşdü. Bu səfər Akçatepe adlı dağlar qoynunda bir kəndlə tanışlıqla nəticələndi. Uca dağlar başında yaradılmış müasir istirahət zonaları insanın könlünü oxşayırdı. Bu gözəl məkanda UTEF-2017-nin bağlanış mərasimi keçirilməklə möhtəşəm ədəbiyyat festivalı yekunlaşdı.

Beləcə, bir neçə ölkənin yazarları bir-biri ilə yaxından tanış olmaqla yanaşı, gözəl dostluq əlaqələri də quruldu. Bu isə gələcək ədəbiyyatın inkişafına öz töhfəsini verəcək.

Gülnar SƏMA

 





01.05.2017    çap et  çap et