525.Az

Milli musiqimizin Firəngiz Əlizadə imzalı daha bir uğuru


 

Milli musiqimizin Firəngiz Əlizadə imzalı daha bir uğuru<b style="color:red"></b>

Aprelin 28-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar Firəngiz Əlizadənin "Nasimi Passion" əsərinin videoyazısının təqdimatı oldu.

Bu əsər Niderland Krallığındakı "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiətilə səslənib.

Qeyd edək ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan , "Amsterdam Royal Concertgebouw" tərəfindən son illər ərzində müxtəlif din və məzhəblərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) "İlahilər" layihəsi həyata keçirilir. Dünyanın bir çox ölkələrindən, müxtəlif dinə mənsub olan bəstəkarlara əsərlər sifariş olunub və səsləndirilib. 2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi qərara alınıb və bu, Firəngiz Əlizadəyə həvalə olunub. Beləliklə də "Nasimi Passion" əsəri yaranıb.

Təqdim olunan 35 dəqiqəlik əsərin səsləndiyi konsert sarayında insanların böyük diqqət və marağını videoyazı vasitəsilə yaxından izləmək olar. Bu ürəkaçan görüntüdən təsirlənməmək mümkün deyil. Bunu Azərbaycan musiqi mədəniyyətinin əlamətdar hadisəsi adlandıra bilərik. Təqdimatdan sonra Firəngiz Əlizadə xoş təəssuratlarını bizimlə bölüşdü. Ünvanlanan sualları böyük məmnuniyyətlə cavablandırdı. Firəngiz xanım müraciət etdiyi mövzu ətrafında geniş çıxış edərək orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsimi barədə danışdı. Dahi mütəfəkkirin fəlsəfi görüşlərindən, düşüncələrindən söhbət açdı. Əsərdə Şərq və Qərbin sintezini xüsusilə vurğuladı. Qeyd etdi ki, bu irihəcmli əsərdə müasirlik və eyni zamanda Şərqin fərqli təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi burada bərabər işlənib.

Kadrlardan görünür ki, mövzu layihənin tələblərinə tam cavab verib və Qərbin illər boyu axtardığı sualına sanki bir cavab olub bu əsər. Konsert zamanı sözlərinin tərcüməsinin ekranda yayımlanmağı tamaşaçıların əsəri daha dərindən dərk etməsinə imkan verib. Əsərin ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Musiqidə milli alətlərin və Avropa alətlərinin sintezi dinləyicilərə böyük zövq bəxş edib. Bəstəkar bu əsər vasitəsilə Avropa dinləyicisinə yad və daim onun maraq dairəsində olan sirli bir aləmə aparıb.

Təsadüfi deyil ki, müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəmizdə 2017-ci il Prezident İlham Əliyev tərəfindən "İslam həmrəyliyi ili" elan olunub və bu mühüm mədəni hadisənin mahiyyəti daha da genişlənib.

Azərbaycan musiqi tarixinə əlavə olunan bu mədəniyyət hadisəsini bütövlükdə xalqımızın uğuru kimi qiymətləndirə bilərik. Bu ecazkar əsər və parlaq uğur münasibətilə Firəngiz xanımı bir daha ürəkdən təbrik edirəm. 

 





02.05.2017    çap et  çap et