525.Az

Unudulmaz may günləri - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Unudulmaz may günləri - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Uşaqlıq illərimdən Xalq şairi Mirvarid Dilbazinin misraları yadımda qalıb:

Şadlan a quzum maydır,       
May gör nə gözəl aydır.

Hər ayın, hər fəslin, hər yaşın öz hüsnü, öz özəlliyi, öz gözəlliyi var. Məşhur mahnıda deyildiyi kimi: “Təbiətin pis havası olmur”. Elədir, amma hər halda insanlar baharı və baharın tacı - may ayını daha çox sevir, daha çox özləyir, daha çox gözləyirlər.

Böyük rus şairi Vladimir Mayakovski yazırdı:

Mən və qəlbim
heç bir vaxt
may ayına yetmədik.
Yaşadığım illərdə
ancaq ki, aprellər var.

Mayakovski 1930-cu ilin 14 aprelində intihar etdi. Bu, həyatının otuz yeddinci apreli idi. Şair maya yetişə bilmədi ki, bilmədi...

Hər ayın xoş günləri də olur, boş günləri də, şən günləri də, ağrılı-acılı günləri də. Bilmirəm kim və nə üçün məhz bu günü dəb salıb: Dünya arpelin birini şux sataşmalar, məzəli aldanışlar, gülüş və zarafatlar günü kimi qeyd edir. Bizim ailəmiz üçün Aprelin 1-i ən kədərli gündür - 1981-ci ildə bu gün atam Rəsul Rza dünyasını dəyişdi.

Xalqımızın tarixində də aprel ayının bir məşum günü var - ayın 28-i. 99 il bundan qabaq məhz bu gün 11-ci Qızıl ordu bütün yalançı vədləri tapdayaraq, Azərbaycanın iki illik müstəqil yaşayışına son qoydu. Bolşeviklər Azərbaycan parlamanına ultumatım verdi, vəd edirdilər ki, sovet qoşunları Bakıya girməyəcək, paytaxtın yanından ötüb, Mustafa Kamal paşanın İstiqlal savaşına qoşulacaq və Azərbaycan hökumətinin heç bir üzvü təqib olunmayacaq. Elə ilk gündən hər üç vəd pozuldu: Ordu Bakıya girdi, Cümhuriyyət devrildi, hökumət və parlaman üzvlərindən qaçan qaçdı, dərbədər oldu, didərgin düşdü, ələ keçən qurşuna düzüldü...

Təbii ki, bir alay belə Anadoluya Kamal paşanın yardımına yollanmadı. Eyni gündə (!) Lenin iki teleqram göndərir: Nəriman Nərimanova: “Yaşasın müstəqil sovet Azərbaycanı!” və... Serqo Orconikidzeyə: “Bütün hakimiyyəti öz əlinizə alın”.

Beləliklə, Azərbaycanımızın 71 il davam edən sovet dövrü başlandı.

Şairləri güllələyən bir rejimin qurbanı olmuş, ömrünün ən bəxtiyar çağını Cümhuriyyət elan olunan 1918-ci ilin mayıs günlərində yaşamış Əhməd Cavad sanki 20-ci ilin aprel - nisan müsibətini öncədən görürmüş kimi yazmışdı:

Mən hər ildə bir mayısa,
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün,
Nisan ağlar, mən ağlaram.

Sovet quruluşunun da öz bayramları vardı və ikisi xüsusi qeyd olunurdu: 1 may (Əhməd Cavadın ümid bağladığı 1 may olmasa da)  və 7 noyabr.

7 noyabr “bayramı” ? Oktyabr çevrilişinin il dönümü - xatirimdə soyuq, çox vaxt yağışlı, sazaqlı gün kimi qalıb. İnsanlar nümayişə də üşüyə-üşüyə, büzüşə-büzüşə çıxardılar.

1 may isə adətən işıqlı, günəşli bir gündə qeyd edilirdi. Həm də nəcib bir amalla bağlı idi - dünya zəhmətkeşlərinin həmrəylik günü... Zəhmətkeşlərin də, bütün bəşəriyyətin də həmrəyliyini, dostluğunu, birgəliyini kim istəməz ki? Həm də 1 mayın başqa bir xoş özəlliyi də vardı. Mayın 1-dən sonra mayın 2-si gəlirdi, 2 may isə iş günü deyildi.

Nümayişlərdən, yorucu tədbirlərdən, uzun-uzadı nitqlərdən bıkmış, bezmiş sovet insanlarına bir az sərbəst bayram keçirmək imkanı verilirdi və “mayovka” deyilən bu günü hamı rəsmiyyətdən uzaq, çox vaxt açıq havada, təbiət qoynunda, şəhərdən kənarda, xudmani dost, ailə məclislərində keçirərdi. Uşaqlıq illərimdə “mayovkaların” birini - Süleyman Rüstəmgilin Xaqani küçəsindəki evlərinin damında açıq səma altında keçirməyimiz yadımda qalıb.

May ayının daha bir xoş günü ayın 9-u idi... Qələbə günü... 9 may həm də mənim kiçik bacım Təranənin doğum günüdür. Uşaq olanda Təranəni inandırmışdıq ki, axşam atəşfəşanlıq onun ad günü şərəfinədir.

1945-ci il mayın doqquzunda isə səhər-səhər atam sevincək səslə məni yuxudan oyatdı:

- Ani bala, müharibə qurtardı, qələbə çaldıq.

Gözlərimi ovuşdura-ovuşdura, yuxulu-yuxulu:

- Çoxdan bilirdim - dedim.

Atam güldü:

- Doğrudan da axır günlər radioyla bu barədə o qədər danışırlar ki, uşaqçün də yeni xəbər olmadı.

O ilin sentyabrında ilk dəfə məktəbə getdim.

“Arşın mal alan” filmi o il ekranlara çıxmış, dünyanı fəth etmişdi. Müharibənin ağır sınaqlarından, ölüm - itim illərindən salamat qurtarmış insanlar Üzeyir musiqisi kimi işıqlı, nikbin və rahat gələcəyə inanmaq istəyirdilər. Hansımızın ağlına gələrdi ki, yarım əsr sonra xalqımızın qeyrət və sənət qalası, Üzeyir vətəni Şuşa xəyanət nəticəsində namərd qonşu təcavüzünə məruz qalacaq.

Şuşanın işğalını hikkəylə qələbə günü ərəfəsinə - mayın 8-nə müəyyənləşdirmiş qəsbkarlar, elə bil alman faşitslərinin heyfini çıxmaq, nasistlərin məğlubiyyətinin qisasını bizdən almaq istəyirdilər.

Bu sözləri boşuna demirəm. Sovet qoşunlarına qarşı Hitler tərəfində vuruşan müharibə canisi Njdeyə İrəvanda abidə ucadılması indiki Ermənistan hakimiyyətinin faşistlərə rəqabətinin bariz göstəricisidir.

Müharibədən, qanlı savaşlardan yorulmuş dünya bizi sülh danışıqlarına, barışa çağırır. O cümlədən, Rusiya və Almaniya da... Alman qoşunları Brestdən Smolenskiyə qədər əraziləri tutanda, Leninqradı blokadaya alanda, Moskvanın qapısında dayananda kimsə SSRİ-ni sülh danışıqlarına, Hitlerlə barışığa çağıra bilərdimi?

Atıldı Şuşam,
satıldı Şuşam,
mən də bununla,
gərək barışam?

Əlbəttə ağlı başında olan heç kəs, o cümlədən də biz müharibə istəmirik, qan tökülməsini, cavanların, qocaların, qadınların, uşaqların həlak olmasını istəmirik. Əgər ermənilər və onların havadarları da sülh istəyirlərsə, Şuşanı, işğal olunmuş torpaqlarımızı dinc yolla qaytarsınlar, ölkəmizin ərazi bütövlüyü təmin olunsun və hər tərəf- Ermənistan da, Azərbaycan da əmin-amanlıq, rifah və hüzur içində yaşasın.

May ayı xalqımızın tarixində daha bir şanlı günlə əlamətdardır. Mayın 10-da Ulu öndərimiz, millətimizin böyük oğlu Heydər Əliyevin doğum günüdür. Bu unikal tarixi şəxsiyyət haqqında çox yazılıb, deyilib və hələ çox da yazılacaq, deyiləcək. Mən də yazılar yazmışam, onunla bağlı xatirələrimi “Unudulmaz görüşlər” adlı kitabımda nəşr etdirmişəm. Burda yalnız bir məqamı təkrar etmək istəyirəm: Heydər Əliyev Azərbaycanda, ya Moskvada vəzifə başında olsaydı, nə Qarabağ məsələsi qaldırılardı, nə Şuşamız əldən gedərdi. Heç də təsadüfi deyil ki, Heydər Əliyev ədalətsiz, insafsız və amansız şəkildə yüksək vəzifələrindən uzaqlaşdırıldıqdan sonra, Qarabağ avantürasına start verildi. Onun məcburi “istefasından” düz iyirmi gün sonra, 1987-ci ilin noyabrında adı bədnam akademik Aqanbekyan Parisdə çıxış edərək Qarabağın Ermənistana verilməsi məsələsinin sovet rəhbərliyiylə razılaşdırıldığını aləmə car çəkdi. O vaxtkı, sovet rəhbərliyinin bəyan etdiyi “sovet respublikalarının sərhədləri dəyişdirilə bilməz” riyakarlığını bu gün Azərbaycanın ərazi bütövlüyünü guya ki, sözdə tanıyıb bərpası üçün heç bir konkret iş görməyənlər davam etdirir.

Şuşa qəlbimdə, xatirələrimdə bənzərsiz yeri olan bir məkandır. 1952-ci ildə ilk yazılarımı burda yazmışam və valideynlərimin xeyir-duasını alaraq, ömrümü bu peşəyə həsr etmişəm. Neçə kərə yay aylarını torpağımızın bu dilbər guşəsində keçirmişik. İndi də gözümü yumuram və daxili nəzərim qarşısında atamın təşəbbüsüylə Natavanın adı verilən istirahət evinin şüşəbəndindən füsunkar mənzərələri seyr edirəm: başı qarlı dağlar, dibində çay şırıldayan dərin dərələr, qalın meşələr, yalçın qayalar, sıldırımlı yamaclara sığınmış kəndlər, dişləri donduran buz bulaqlar və gündüzün, gecənin 24 saatı, şəhərin hər tərəfindən ucalan muğam səsləri. Bir də kəkotu, qantəpər qoxuyan çayların insanı məst edən ləzzəti...

1981-ci ildə, yüz gün içində atamla anamı itirdiyim o əzablı aylarda mənə təsəlli verən, hayan olan, qəlbimə məlhəm qoyan şuşalıların həssaslığı idi. Ömrümüzün o yaralı yayında Şuşada “Üzeyir ömrü” filminin çəkilişi məni depressiyalardan xilas etdi.

Unudulmaz Şuşa görüşlərinin bir neçəsi yenə də, Ulu öndər Heydər Əliyevlə bağlıdır. Qarlı, şaxtalı bir gündə Molla Pənah Vaqifin möhtəşəm məqbərəsini açması, təravətli bir bahar günündə Şuşada Üzeyir Hacıbəyli yubileyində iştirakı unudulmaz xatirələrimdəndir və bu barədə də yazmışam.

Heydər Əliyevin şairlərə, yazıçılara, sənət adamlarına xüsusi diqqəti və qayğısı ayrı bir mövzudur. Dünyadan köçmüş klassiklərimizə də, çağdaş yaradıcı insanlara də özəl məhrəm münasibəti vardı və bu sənət adamlarının bir neçəsi də bu May günlərində yad edilir.

Bahara gözəl şeirlər həsr etmiş böyük Səməd Vurğun 1956-cı il mayın 27-də dünyasını dəyişdi. Onun ölüm xəbərini kiçik oğlu Vaqifə böyük oğlu Yusif yetirmişdi və çox illər sonra Vaqif buna təsirli şeir həsr etdi. Ağır qanteli telefon dəstəyinə bənzədən Vaqif Səmədoğlu yazırdı:

Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım
Telefon çağırdı məni.
Götürdüm dəstəyi
Səs gəldi:
-Özünü ələ al,
öldü...
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli.

Neçə dəfə dostlarımın, yaxınlarımın itkisiylə belə “qantellər” mənim də əlimdən düşüb.

İndi Vaqif də yoxdur, Yusif də... Mayın 11-i Maqsud İbrahimbəyovun doğum günüdür. Maqsud da yoxdur. Allah hamısına rəhmət eləsin.

Nazım Hikmət demişkən, nəslimin yarpaq tökümü başladı, çoxumuz payıza qalmayacayıq. Nəslimizin yarpaq tökümü çoxdan başlasa da, hələ ki yaşayırıq. Mayın 13-ü Xalq yazıçısı Elçinin doğum günüdür. Səni təbrik edirəm Elçin! Hələ ki, varıq bir-birimizin qədrini bilək.

Rəsul Rza yazırdı:

Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yay axşamı.
Tabutuma ipək salmayın
Dəfnimə toplamayın izdihamı
Mən xoşbəxt olardım,
Tabutumu özüm apara bilsəm!

O güllü səhər - mayın 19-dur. Hər il həmin gün Xalq şairi Fikrət Qocanın rəhbərlik etdiyi Rəsul Rza fondu şairin adını daşıyan mükafatları təqdim edir. Bu il də mükafatlar atamın doğulduğu şəhərdə, Göyçayda onun ev muzeyində təqdim olunacaq.

Mayın 13-də zərif ruhlu şairimiz Musa Yaqubun 80 yaşı Bakıdan sonra, onun doğma Buynuz kəndində qeyd ediləcək. Buynuzda doğulmuş və uzun illər burda yaşamış Musa Bakıya gələndə Süleyman Rüstəm şeir vasitəsiylə ondan soruşurdu: buz bulaqları, təbiətin əliylə yaranmış çığırları, turaclı, bildirçinli, qırqovullu, leyləkli dağları kimə tapşırıb gəldin? Musa, Süleyman müəllimin sadaladığı bütün bu təbiət gözəlliklərini heç kəsə tapşırmamışdı, hamısını özüylə Bakıya gətirmişdi. Budağı budağa sarmaşan ağacların yaşıl çətir, yaşıl çadır kimi səmanı gizlətdiyi xiyabanı, çiçəkli yamacların, dumanlı dağların min bir rəngini misralarında gətirmişdi. Bir gün dağlar da, ormanlar da, cığırlar da, quşlar da, elə Musanın özü kimi böyük şəhərdə darıxdılar və şairlə barəbər əbədi və əzədi məskənlərinə qayıtdılar.

May ayında yazıçılarımızın bir səfəri də şairlər vətəni Şamaxıyadır. Böyük Mirzə Ələkbər Sabir də, onun xələfi, nə yazıq ki, bu dəfə Şamaxıya Sabir günlərinə gedə bilməyəcək söz sərrafı Fikrət Sadıq da eyni gündə - mayın 30-da anadan olmuşlar. Rəsul Rzanın təşəbbüsüylə yaradılmış, sonralar görkəmli alimimiz Abbas Zamanovun, Xalq şairi Qabilin, elə Fikrət Sadığın rəhbərliyiylə keçirilən Sabir günlərinə bu gün istedadlı şairimiz Əjdər Ol rəhbərlik edir.

Və nəyahət, Maydan söz açarkən bu ayın ən şərəfli tarixi günlərindən birini - mayısın 28-ni Azərbaycanımızın Şərqdə ilk Cümhuriyyət elan etdiyi günü - Müstəqillik bayramını xüsusi qeyd etməliyik. 71 illik sovet dönəmindən sonra - yenidən bərpa olunan müstəqilliyimizi fərəh və kədər içində yaşayırıq. Fərəhimizin səbəbi gün-gündən inkişaf edən, dünyada nüfuzu artan müstəqil dövlətimizin uğurlarıdır. Kədərimiz əzəli torpaqlarımızın hələ də düşmən tapdağı altında inildəməsidir.

80 yaşın içindəyəm. İnanmaq istəyirəm ki, azad olunmuş torpaqlarımızda, Cıdır düzündə üçrəngli bayrağımız dalğalanacaq, 28 mayısı - İstiqlal bayramını, 10 mayı - Heydər Əliyevin doğum gününü, M.P.Vaqifin, Natavanın, Sabirin, Üzeyir Hacıbəylinin, Bülbülün anım günlərini Şuşada qeyd edəcəyik, inşallah və bu tədbirlərdə iştirak etmək mənə də nəsib olacaq. Amin!

 





15.05.2017    çap et  çap et