525.Az

Musa Yaqub dünyası - şairin 80 illik yubileyinə


 

Musa Yaqub dünyası - <b style="color:red">şairin 80 illik yubileyinə</b>

Çağdaş ədəbiyyatımızda, Azərbaycan ictimai fikrində bir Musa Yaqub fenomeni var.
 
İlhamı dəniz tək çağlayan, xalqının xoş gününə sevinib narahat çağlarına kədərlənən, ətrafdakı olaylara öz münasibəti, mövqeyi olan Musa Yaqub. Dünyamızdan narahatlığını vətəndaş qeyrəti ilə əks etdirən söz ustası deyir:

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nədənsə Musa Yaqubun adı çəkiləndə istər-istəməz daha çox təbiət yada düşür. Bəlkə də bu, Musa müəllimin ulu təbiətin özü qədər saf, pak insan olması ilə bağlıdır. Ecazkar, ülvi təbiətdən əxz olunası nə varsa, Musa Yaqubun şəxsində cəmləşib. Görünür, bunun əsas səbəbi şairin doğulduğu əsrarəngiz İsmayıllının Buynuz kəndində, şeirlərində az qala ilahi gözəlliklərini təsvir etdiyi bu isti, əziz yurd yerində hələ lap erkən çağlarından, gənclik illərindən daim təbiətlə təmasda olmasıdır.

İlhamını ana təbiətdən alan söz sərrafı şeirləri ilə dünyaya tanıtdığı Buynuz kəndindəki ağacların baş-başa verib yaratdığı yamyaşıl, nəhəng çətir də, evlərinin həyətindən burula-burula axan çay da, qayada bitən vələs də, zəmidəki tək qovaq da, ay işığında görünən gər ağacı da şairin ruhuna hakim kəsilir, onun fikir yelkənini, təxəyyülünü qanadlandırır. Və göz önündə bitkin bir təbiət lövhəsi canlanır. Bu həyati, təbii şeirləri oxuyan, duyan rəssam heç tərəddüd etmədən gözəl təbiət mənzərəsi, ona şöhrət gətirən tablolar yarada bilər.

Musa Yaqub üçün vətən kəlməsi doğma ocaqdan, qapısında bitən dağdağan ağacından, güldən-çiçəkdən, kəhrizli bulaqdan, kəndindən dünyaya uzanan cığırdan-izdən...başlanır. Şair qoynunda yaşadığı təbiəti,  vətənin bir parçasını qəlbən duyur, onu poetik rənglərlə göstərir.

Ətraf aləmdəki hadisələr necə baş verirsə, onun şeirləri də bir labüd təbiət hadisəsi kimi doğulur, yaranır.

Musa Yaqub şeiri sadəliyi, təmizliyi, büllurtək saflığı ilə dilimizin möcüzəsi, nadir hadisəsidir.

Bəzən onu sırf təbiət şairi hesab edirlər.

Əslində isə Musa Yaqubun şeirləri heç vaxt həyatın olaylarından, ictimai mühitdən ayrı olmayıb.

Onun tək qayada bitən vələsi də, zəmidəki qovağı da, kənddə yaşayıb müəllimlik etdiyi illərdə tez-tez həmsöhbət olduğu dağdağan ağacı da, bir aydın gecənin ay işığında qəribə halətdə, özgə biçimdə gördüyü gər ağacı da dolğun, bitkin insan obrazları, şairin, necə deyərlər, "qulaq yoldaşları"dır.

Musa müəllimin kitablarından biri "Nanə yarpağı" adlanır. Bu kitaba belə poetik ad verilməsinin səbəbi, yəqin ki, şairin, nadir bir şəxsiyyətin öz milləti, yurddaşları üçün ürək döyüntülərindən irəli gəlir. "Bir əsim nanə yarpağı şeirində" şair sevgilisi üçün keçirdiyi qəlb çırpıntılarını nanə yarpağının həzin, xəfif əsintilərinə bənzədir:

Bu meh hardan əsdi belə,
Elə bildim sənsən gələn.
Yanıb söndü şam sayağı
Yazıq könlüm,
Nazik könlüm
Bu mehdə sənsiz üşüyən
Bir əsim nanə yarpağı...

Daha sonra sevgilisinə həsrət qalan şair "su gələn arxa bir də gələr" misalı ilə yarımçıq qalmış məhəbbətinə yenidən qovuşacağına inamını, ürək çırpıntılarını belə ifadə edir:

Quru bəxtim gülə bəlkə,
Bir arxa ki su gəlibdir,
Bir də dönüb gələ bəlkə.
Həmin bəlkə sorağında,
Həmin arxın qırağında
Bir əsim nanə yarpağı
Ürəyimin çırpınmağı.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Musa Yaqub poeziyası, onun poetik düşüncələrinin nə qədər zəngin olduğunu əks etdirən əsərləri barədə fikirlərini xatırladım. O qeyd edir ki, "şairin kimliyini bilmək istəyirsənsə, şeirlərini oxumalısan. Çünki şairin  duyğuları, sevgisi, vətəndaşlığı onun şeirlərindədir. Musa Yaqub təbiətin dilini bilən, onunla öz dilində danışan şairdir".

Mərhum Xalq yazıçımız Hüseyn Abbaszadənin bu təbiət aşiqi, bənzərsiz şairimiz haqqında söylədikləri də təbii səslənir: "Musa Yaqubu təbiət yaratdı, o isə təbiəti şeirə gətirdi". Nə qədər dəqiq, düzgün qiymətdir.

Doğrudan da, Musa müəllimin şeirlərinin çoxu təbiətlə söhbətdən, dərdləşmədən yaranıb. Özünün etiraf etdiyi kimi, "bu şeirləri yazarkən poetik məna və obrazlar tapmaq üçün bir o qədər də baş sındırmayıb".

Şairin yenicə çapdan çıxmış "İndi bildim nağıldı..."(Bakı,2017) kitabında yer almış "Zoğal ağacı" şeirində oxuyuruq:

Mən də yaranmışam,
Mən də bitmişəm,
Bilmirəm heç hansı kama yetmişəm.
Demirəm baharla həmişəliyəm,
Sevgidə bir topa bənövşəliyəm.
Olmadın meşənin
                şumal ağacı,
                           sığal ağacı,
Çiçəkdə tələsən, barda gecikən,
Zoğal ağacıyam, zoğal ağacı.

"Üzü üstə yatan söyüd" şeirində isə şairin bu ağaca xitabən söylədikləri, əslində insanlara çatdırmaq istədikləridir:

Böyrü üstə düşüb qalan,
Üzü üstə yatan söyüd...
Nə vaxt yıxıb tufan səni?...
Bu torpaqda kökün yoxsa,
Saxlamaz bu aman səni.

Göründüyü kimi, şair bu obrazları poetikləşdirib təsvir edəndə təbiət insanlaşıb, insan isə təbiətləşib. Qarşılıqlı ünsiyyətin vəhdətindən isə bənzərsiz bir şeir yaranıb. Müəllimi təbiət olan, ilhamına, təbinə yad nəfəs qatılmayan, insanlardan küsəndə poeziyaya üz tutan şair "dünyaya gəlmədim, hayla-harayla" deyir.

Musa Yaqubun hər yeni şeirini oxuduqca, neçə illər əvvəl qələm yoldaşlarımızla birgə səfər etdiyimiz

Buynuz kəndi, onun ecazkar gözəllikləri gözlərim önündə canlanır. Kəndin tən ortasından axan yamyaşıl, zümrüd meşələrlə dövrələnmiş Göyçay çayının möcüzəli sahilləri insanın ruhunu yerindən oynadırdı. Bu gözəlliklər məskəninə ilk qədəm qoyan hər kəs sanki cənnətə düşdüyünü zənn edirdi. Qarşısına bənd çəkilmiş çayın gur sularının yaratdığı şəlalə də xatirimdən çıxmır. Sünbül saçlı, gur hörüklü qızların zülflərinə bənzəyən bu şəlalə yaradıcı insanın təbiətə əlavəsiydi. Misilsiz əlavəsi.

Təbii ki, Buynuz kəndinə güzarı düşən hər bir kəsdə bu yurd yerimizin adını məmləkətimizdən çox-çox uzaqlarda tanıdan, bu torpağın şair oğlu Musa Yaqubu görmək, onun qapısını açmaq istəyi yaranır. Bu, bizim də arzumuz idi. Amma həmişə qonaq-qaralı olan Musa müəllimin özünü bu dəfə qonaq çağırmışdılar.

O, qonşu kəndə toya, yeni ailə quran gənclərə xeyir-dua verməyə getmişdi.

Şairlə görüşə bilməsək də, onun axar-baxarlı kəndinin mehmanı olmaq, evinin qarşısındakı yaşıl təpəyə qalxıb ətrafı seyr etmək, Musa Yaqubun sirdaşı olan şeirlərindən tanıdığımız elə həmin dağdağan ağacının budaqlarını, yarpaqlarını bir müqəddəs tutyatək sığallamaq nə qədər xoş idi.  

 Qarşımızda özgə bir aləm, sirli-sehrli dünya açılmışdı - Musa Yaqub dünyası...

 





17.05.2017    çap et  çap et