525.Az

General rütbəsini elmə qurban verən fədai


 

General rütbəsini elmə qurban verən fədai<b style="color:red"></b>

"Əgər qardaşlarım  gəlib çıxmasalar, onda nəyim varsa, T.Levitskiyə qoyub gedirəm. Mənə uzun müddətli sədaqətli xidmətinə görə Severina Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka - mənim şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz".

1943-cü il... Aclıq və səfalətin hökm sürdüyü müharibə illərində bir zamanların tanınmış hərbçisi, general-mayoru ölüm ayağında bu sözləri yazır. Yaşadığı daxma (əslində, zirzəmi) vətəndən çox uzaqda, soyuq Lvovdadır... Ömrünün son illərində burnunun ucu göynədiyi vətəndən, yaxınlarından heç bir xəbər tuta bilmir. Həsrətlə qardaşlarının yolunu gözləyir. Ukraynalı tələbələri ağır xəstəliyə tuş gələn bu şəxs üçün əllərindən gələni etsələr də, o, aclıqdan, soyuqdan, səfalətdən yox, məhz vətənsizlikdən dünyasını dəyişir.

Söhbət Azərbaycan Xalq Cümhuriyyətinin 21 generalından biri, milli hökumətdə daxili işlər nazirinin müavini olmuş general-mayor, Ukraynanın Lvov Universitetinin professoru Məmmədsadıq bəy Ağabəyzadədən gedir.

Həyatda gördüyü ağrı-acılar azmış kimi, ölümündən sonra da onun şəxsiyyətinə laqeyd münasibət göstərilib. Bəziləri onu 21 AXC generalı arasında ən zəif hərbi potensiala malik kadr kimi qələmə verir. Amma azərbaycanlıların hərbi xidmətə çağırılmadığı dönəmdə çox az müddətdə çar ordusunun "əjdaha"ları arasında general rütbəsinə qədər yüksələn Sadıq bəyi milli hökumətə birbaşa nazir müavini kimi işə dəvət edilib. O, polis və güc orqanlarında müəyyən islahatlar apara bilib. Amerika prezidentinin gənc Azərbaycan dövlətinə göndərdiyi şəxsi nümayəndəsi olan generalı da məhz Sadıq bəy qarşılayıb. Həmin general da Hacı Zeynalabdin Tağıyevin evində bütün rəhbərləri bir qırağa qoyaraq ancaq onun sağlığına badə qaldırıb.

Qəhrəmanımızın qısa bioqrafiyası belədir: "Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.

1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb, 10 il keçdikdən sonra - 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə verərək, Sankt-Peterburq şəhərində Şərq Dilləri İnstitutuna qəbul olur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib.

1913-cü ildə Sadıq bəy xəstəliyinə görə general-mayor rütbəsində istefaya çıxıb".

Amma yuxarıdakı bioqrafiyada böyük bir kəsir var: orada Sadıq bəy (rəsmi adı Məmmədsadıq olsa da, hamı onu bu cür adlandırıb) yalnız hərbçi kimi göstərilib. Amma general-mayor kimi yüksək rütbəli zabit olmasına və AXC-də nazir müavini kimi fəaliyyət göstərməsinə baxmayaraq, Sadıq bəyin əsas işi elm olub. Elmə, Şərq dünyasına çox bağlı olan Sadıq bəy hərbçi kimi yollandığı ərazilərin tarixini, folklor və etnoqrafiyasını da öyrənirdi. Bir yandan ağır döyüşlər, bir yandan da xəstəlik məngənəsində qıvrılsa da, bu sevimli işindən ayrı qalmır.

Çar ordusunun Türkmənistana xidmətə göndərdiyi zabit orada türklərin tarixi rəvayətlərini, dastanlarını, əsatirlərini toplayır. Topladığı materialları bir yerə yığaraq "Türkmən ləhcəsi" adlı dərslik tərtib edir. Şərq elmləri, türk tarixi üzərində araşdırmalar onu hərbdən get-gedə soyudub. Nəhayət, o, 1913-cü ildə Türkmənistandan başqa yerə təyinat alan zaman  istefa vermək qərarına gəlir. Bu zaman 48 yaşlı zabit artıq rus ordusunun tək-tük türk generallarından biri idi.

Deyilənlərə görə, Sadıq bəy çox cılız-cansız bir adam olub. Rus ordusunda qafqazlı generallar fiziki göstəricilərinə görə hamısından fərqlənirdilər. Lakin uşaqlıqdan xeyli məhrumiyyətlər yaşayan Sadıq bəy yalnız strateqlik bacarığına, hərbi strategiya və taktikaları yaxşı bildiyi üçün orduda irəli gedə bilir. Demək, burada da ona elm kömək olub. Şərqi dərindən bilən zabitin əlindən yenə də bu qədim hikmət diyarı tutub. O, bəlkə də, Şərqin hərb tarixindən bildiklərini, rus ordusunda tətbiq etməklə "canavarlar" içində general rütbəsinə qədər qalxmışdı. Kim bilir...

Amma xaraktercə çox güclü idi. Bunu iki faktla göstərə bilərik:  Məsələn, 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayan zaman əslində istefa vermiş general bunu özünə sığışdıra bilmir. Yenidən orduya qayıdır. Xəstəliklərlə çarpışa-çarpışa iki il bu orduda döyüşür. Lakin 1916-cı ildə mübarizə gücünün tükəndiyini görüb yenidən istefa verir.

İki il müalicə aldıqdan sonra özünə gəlir. Lakin iki ildən sonra, yəni 1918-ci ildə möhtəşəm tarixi hadisə baş verir: Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti qurulur. İstefada olan generala Rəsulzadə hökumətinin çox böyük ehtiyacı olur. Sadıq bəy bu təklifi geri çevirmir və daxili işlər nazirinin müavini  vəzifəsini qəbul edir.

Lakin əlahəzrət səhhət yenə də təcrübəli kadrın işləməsinə imkan vermir. O, qısa müddətdən sonra istefa verir və xəstəliklə mübarizə apardığı ömrünü elmə həsr edir. Bu həm də onu xilas etmiş olur. 1920-ci ildə AXC süquta uğradıqdan sonra bir çox cümhuriyyətçi nazir və vəzifəli şəxslər bolşeviklər tərəfindən öldürülür və həbs edilir. Bəziləri isə məcburiyyətdən ölkəni tərk etməli olurlar. Amma bu zaman Sadıq bəy gözdən uzaqda qalır. Nəhayət, 1927-ci ildə Lvov universitetinin professoru Ziqmund Smoqjevskinin dəvəti ilə orada işləməyə başlayır. O, ərəb, fars, türk dillərindən dərs deyir, İslam paleoqrafiyasını, epiqrafiyasını və kaliqrafiyasını tədris edir.

Tələbələrə özünün vaxtilə general-mayor, nazir müavini olması barəsində heç nə demirdi. Hamı Sadıq bəyi məhz buna görə sevirdi.

1944-cü ildə uzun sürən ağır xəstəlikdən vəfat edir. Onu iki nəfər tələbəsi Lvov qəbiristanlığında dəfn edir...

Firayə ALLAHVERDİYEVA
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi

 





17.05.2017    çap et  çap et