525.Az

Sonu olmayan ricətlər... - (Esse)


 

Sonu olmayan ricətlər... - <b style="color:red">(Esse)</b>

Salam, Oxu, - xilasım mənim... 

Ürəyimə yatıb oxumağa macal tapa bilmədiyim kitabı çox zaman özümlə gəzdirirəm, sanki kitab da buna can atır, ta o vaxtacan ki, oxu prosesi başa çatdı.
 
"Oxu"ya "proses" demək, nə bilim, vallah, nəsə qəribə gəlir adama. Bəzən sözlərdə əndazəsiz bir şuxluq olur, əvvəl keçirlər önə, sonra başlayırlar durduğu yerlər haqda düşünməyə...

Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" kitabı da dediyim taleyi yaşayır, hara gedirəmsə, mənimlədir. Evdə, məktəbdə, kafelərdə! 60 yaşımla bağlı başım çox qarışıb. Dostlar sağ olsun, lap "yubiley"ə çevirdilər. Gəldilər, getdilər, gəlirlər, gedirlər... Hələ gəlib getmək üçün gözəl bir bəhanə də uydurublar: Yubiley ilboyu olur! Belə çıxır ki, hələ çox gəlib gedəcəklər. Hər şey gözəldir! Təki gəlsinlər! Yeni fikir deyil, gözəl dostlar həm də peşəkar vaxt oğrularıdır - ayılıb görürsən ki, çırpışdırdılar e...

Bu gün də kitab mənimlə qonşu kəndə gedəcək. "Səyahət zamanı" vərəqləyib istənilən yerdən oxuyaram. Hələ də sistemli başlamağa vaxtım olmayıb. Amma halım kitabın strukturu ilə uyuşur, kitab da anaxronik - zahirən bir-biri ilə əlaqəsi olmayan mətnlərdən biçilib. Özümü xilas edə bildimmi?!    

Şairləri tarixə yaxın qoymayın... 

Canbatisto Vikonun (1668-1744) sözləri kitaba epiqraf seçilib: "İnsanlıq tarixini Şairlər yazmağa başladı". And içə bilərəm ki, Viko da özünü xilas etmək istəyib. Kamal Abdulla da  yeni kitabı ilə Yazıya son qoymaq, biryolluq qurtulmaq, qurtulmaq istəyir. (Bunu dilə gətirməsə də!) Öz Kitabını yaradan Dədə Qorqud da bu halı yaşayıb. Amma... Və lakin Kamal Abdullanın xoşbəxtliyi ondadır ki, o bizi xəbərdar eləyib: "Mənə əyan oldu ki, bu kitabın yazılışı bitməyəcək" ("Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" Bakı, 2009, səh: 11). Bax, sirr bu "əyan" kəlməsindədir. Bu saniyə mənə də əyan oldu ki, insanlıq tarixini şairlər yazdığından bu tarix heç bir zaman bitməyəcək. Bu, yaxşı haldımı?! Sonda cavablandıracağıq. Bir şərtlə, əgər Mətndə "son"un yerini mənə desəniz...

Əsər "Kitabi-Dədə Qorqud"un poetikası" da ola bilərdi. Çünki müəllif bu adı haqq eləyib. Amma o, daha iddiasız bir variant seçir: "Kitabi-Dədə Qorqud" poetikasına giriş". Desək ki, "giriş" sözü ilk dəfə metafizik məna ilə dolur, yanılmarıq. Əslində bütün çabalarımız girişdi, vəssalam. Lap Eyneşteynin nisbilik, Lütfüzadənin qeyri-səlis məntiq nəzəriyyəsi də dünyadərkimizin bir kodu, şifrəsi, girişi ola bilər. Bununla müəllif təkcə özünü "xilas etmir", həm də "Dədə Qorqud" poetikasının nəhayətsizliyini və vaxtilə Yazının heç bir zaman bitməyəcəyi ilə bağlı verdiyi vədə sadiqliyini nümayiş etdirir. Burada "özünüqoruma" instinkti də rol oynayır - ən yaxşı halda, niyə haqsız hücumlara tuş gələsən?!

Müəllif "poetik" sözünün əvvəlinə bir "bədii" sözünü də əlavə edərək "Dədə Qorqud"da proza ilə poeziyanın vəhdətdə olduğunu diqqətə çatdırır. Belə: Bədiipoetik. Həm də tədqiqatın sərhədsizliyinə aid mesaj verir. Bədiipoetizm ilkin variantdır. Bir az da primitiv. Amma qədimliklərə gedib çıxdığına görə əntiqdir. 

Sonu olmayan ricətlər...

Azərbaycan ədəbiyyatşünaslığında yeri gəldi, gəlmədi nəsrin və dramaturji materialın  lirizmindən, poetikasından yetərincə danışılıb. Lirik-psixoloji təhkiyə tərzi, üslubi-poetik özəlliklər, sintaktik biçimlər və emosional-psixoloji ovqat daha çox qabardılıb. Hətta folklor süjetləri və intonasiyası da bu sıraya daxil edilib. Bədii təsvir vasitələri ilə "bəzədilmiş" xırda bir mətn də bəzən poetik nümunə kimi qələmə verilib. Bu yazılarda az qala "poetika" fiziksəl görüntülü əcaib bir varlığa dönüşüb. Həqiqətənmi poeziya (Və ya poetizm!) təkcə görünəndi? Primitiv bir düşüncə ampulasında: Hə! Kosmik anlamda isə: Yox! Və yenə də: Yox!

Kamal Abdullanın yeni kitabı heyrətamiz elmi improvizələr və hissi-analitik təhlillərlə dünya ədəbi-mədəni-elmi kontekstində məhz bu "Yox"un Var Oluşunu sübutlayır. Özü də "görünənlərdən çox-çox güclü olan görünməyənlərin əlaqələri" (Heraklit) fonunda! Bax, bu sonuncu fikir müəllifin özünü də əndişələndirib - bəlkə, oxucu kitabı başa düşə bilmədi?! Narahat olmağa dəyər! Kitab, həqiqətən, belə bir qorxunu maddiləşdirir. 12-ci ricətdə (səh: 56) müəllif, O.Şpenqlerdən belə bir sitat gətirir: "Dünyəvi qorxu hissi özündə həm də yaradıcılıq məqamını gizlədir və bu hiss bütün ilkin hisslərdən ən yaradıcı olanıdır". Bu dəqiqə özüm də bu hissi yaşayıram. Nə yaxşı ki, Kamal Abdulla sanki mənim məlumatsızlığımı nəzərə alıb yazır: "Qorxu və Təəccüb. Yaxud Təəccüb və Qorxu. Yaxud bunların hər ikisi bir yerdə, bir-birinin içində..." (12-ci ricət, səh: 56). Kitab önündə Qorxu və Təəccübümü gizlətmirəm. Zənnimcə, müəllifin elmi və bədii yaradıcılığına az-çox bələd olan hər bir oxucu bu qorxu hissini yaşayar. Çünki Kamal Abdulla mətnləri çox mürəkkəb və qəliz struktura malikdir. Onlar Birun və Əndərundan biçilib. Çox zaman Birunun içində Əndərun, Əndərun içində Birun... (Bax: "Düma ilə Coys arasında" səh: 21) Anaxronikdir. Labirintvaridir. Labirintdən çıxmaq üçün hökmən Ariadna ipi gərəkdir. Bunsuz mümkün deyildir. Lakin o da var ki, bəzən heç bu ip də kömək etmir...

Nəhayət, bu sirli və zəngin şəhərə - Kitaba daxil olmaq üçün ricətlər mənə ipucu verdilər. Kitabda ricətlər nömrələnməyib, yəni onların sayı dəqiq göstərilməyib. Onları sayıb nömrələdim və hansı səhifədə olduğunu müəyyənləşdirdim. Beləcə, qırx yeddi ricəti bir-birinin ucuna bağlayıb uzun bir ip düzəltdim. Yaxud kəndir. İndi Mətnə enmək olar! İçimdəki qorxunu dəf etmək üçün mətnlə və ya müəlliflə danışmaq zamanı gəldi. Çünki "fəlsəfənin işi qadağalar qoymaqdan ibarət deyil. Fəlsəfənin məqsədi ortaq ağlın təlqin etdiklərini həll etməkdən ibarətdir". (İ.Kant). Düşünürəm ki, müəllif və ya Mətnlə söhbətim tutacaq... Amma bir həqiqəti öncədən demək istəyirəm: Əlahiddə şair, yazıçı dilçi, ədəbiyyatşünas alim-semiotik Kamal Abdulla yoxdur. Bunlar hamısı bir-birinin içindədir. Birun və Əndərun kimi. Onun mətnlərində bir bumeranq effekti vardır - dünyanı gəzib dolaşandan sonra başlanğıc nöqtəsinə qayıdır, yaxud özünü elə göstərir ki, qayıdıb...    

Niyə məhz ricətlərdən başladıq?! (Məgər ricətlərdən başlamışam?!) Ərəb dilindən tərcümədə "qayıdış" anlamını verən "ricət" sözü Kamal Abdulla mətnlərində çox sirli, mübhəm mətləbləri ehtiva edir. Labirintli ricət, kriminal ricət, lirik ricət, düşündürücü ricət, adi ricət, fonetik ricət, "multikultural" ricət, musiqili ricət və s. Bunlar "Düma ilə Coys arasında" kitabındandır. "Ricət"in başqa bir anlamı "haşiyə", "kənaraçıxma"dır. Obrazlı desək, Kamal Abdullada kənaraçıxmalar həmişə olub. O, heç zaman mövcud qəliblərə sığmayıb. Demək, "ricət" sözü onun mətnlərinə həm də bir qiyam, üsyan, etiraz havası gətirir. Bu, bir. İkincisi, "ricət" onun mətnlərinin partlayış anıdır. Mətndaxili enerjinin dışa sıçrayış məqamıdır. Sonsuz qəlpələrdən, tutaq ki, bircəsinin "yaxalanıb" adlandırılmasıdır. "Kriminal ricət" kimi. Qorxulu səslənir, elə deyilmi?! Bunun arxasınca isə "Ricətin sonu" gəlir. "Ricətin sonu" o deməkdir ki, "dağıdıcı" enerjini - və ya Divi, Cini yenidən şüşəyə yığıb  qapağı qoydum. Lakin bu, ədəbi ilğımdan, blefdən, aldanışdan, qısası, oxucunu "sakitləşdirməkdən" başqa bir şey deyildir.  Və təkrarən Hər Şey o "son"dan sonra yenə başlanır...   

İlk ricətdə (səh: 10) Canbatisto Viko ilə Fridrix Şellinqin (1775-1854) Homer haqqında fikirləri xatırlanır.Vikoya görə "İlliada"nın müəllifi Homerlə və "Odisseya"nın müəllifi Homeri çox əsrlər ayırır. F.Şellinq isə Homeri epoxanın təcəssümü hesab edir. Kamal Abdulla "hazır" formulları Dədə Qorquda tətbiq edəcəyini bəyan edir.

47-ci, sonuncu ricətdə isə (səh: 239) Homer dövrünün axtarışlarını aparmış alman arxeoloqu Henrix Şlimanın (1822-1890) əslində Troyanı deyil, məhz illər uzunu arzuladığını tapmasından söhbət gedir. Bunların arasında fərqin böyük olduğu vurğulanır. Fərqin miqyası: Həqiqətdən fantoma qədər. Biz isə deyirik: Həqiqətin özü də fantomdur. Gözümüzə görünür və yox olur! Dədə Qoqud həqiqətləri kimi...

Kamal Abdulla da Şlimana oxşayır. O, Gizli Dədə Qorqudu deyil, arzuladığı və bütün ruhu ilə can atdığı "aşkar" bir İtiyin arxasınca düşüb. Həmin İtiyi Troya da adlandırmaq oar. O, öz Troyasını tapmayınca Kitabdan qopmayacaq. Sizcə, Troya mövcuddurmu?! Mövcud olmayanı axtarmaq ehtirası onu "Dansökülən"dən "Qürub"a atır. "Günortac" hər ikisinin arasında bir bitiş nöqtəsidir...

"Doğru olan nədir, Qazan?! Doğru olanı söylərsən, yeni-yeni bəlalar gətirərsən qara başına, bilməzmisən?!" ("Yarımçıq əlyazma", Bakı, Mütərcim- 2012, səh: 41). Həqiqəti söyləsək, işıqlarımız sönəcək. Bunu işıq idarəsinin işçisi edəcək. Çox rahat, işıq dirəyinə qalxıb evimizə gələn xətti kəsəcək. Amma Qardaş, sənin həqiqətin onu işıq dirəyinə qaldıracaq! Həm də o dirək insanla işıqlanacaq!

Müəllifin işinə mətn də "müdaxilə" edir (46-ci ricət, səh:231). Heç mətn də həqiqətin deyilməsini istəmir. Ona görə də müəllif ləngiyir. Autentik - gerçək, əsl, lap sənədlə təsdiqlənmiş mətnin qarşısında müəllifin duruş gətirməsi çətindir. Belə mətnlər müəllifi "itələyir". Uzun illərdir ki, Kamal Abdulla ilə "Dədə Qorqud" arasında həm gizli "sövdələşmələr", həm də amansız savaşlar gedir.  Bunlar mətndə və mətndənkənar baş verir. (Və ya zamandankənar!) "Gizli Dədə Qorqud", "Yarımçıq əlyazma", "Mifdən Yazıya..." və sözügedən kitab fikrimizi sübut edir. Müəllif oxucunu "natamamlığı bütövləşdirdiyinə" inandırır. Nə fayda?! Natamamlıq artıq öz damğasını vurub. Təkcə "Yarımçıq əlyazma" deyil, adıçəkilən kitablar da  yarımçıq olaraq qalır. Budur, müəllif daha ağır bir işin altına verib çiyinlərini. Yenə də nəyisə tamamlayacağına inanır. Onu heç "giriş" də xilas edə bilmir. Hər dəfə qədimliyə "toxunanda" nəyisə "zədələyir". Və mətnin də gözlənilən müdaxiləsi başlanır. Bir sözlə, yeni kitab köhnə savaşın davamıdır...

"Dədə Qorqud" yaşamımızı simvollaşdırır. Kiçik bir nümunə: Hər gün elə cavablarla rastlaşırıq ki, onların suallarını bugünəcən "gördüm!" deyən yoxdur. Bəs bu suallar harada ölüb? Özüm sərt deyirəm! Məs, tez-tez təkrarlanan "hamımız öləcəyik!" kimi. Və ya Kitabdakı "Çıxan can geri dönməz" hökm-cavabını xatırlayaq. (38-ci ricət, səh: 188). Kamal Abdulla bəyan edir: "Mətnxarici" sualları "bərpa etməklə" biz, əslində, Dədə Qorqud dərslərini, daha dərindən götürsək, qədim kahin ritualını bərpa etmiş oluruq". (səh: 188) Biz isə deyirik: Belə hazır hökm-cavablar bizə mane olur. İstəyirik ki, o cümlə bu cür olsun: Çıxan can geri dönər... Geri dönüşümüzə inam yaşamağımıza kömək edər. Və bu yerdə müəlliflə biz də "savaşmaq istəyirik". Dədə Qorqudun mətnxarici suallarını bərpa etməyək, o qata enməyək, çünki ora ensək, o qat bizi daha çox darıxdıracaq...

Homer öz poemalarında başqa bir dilin mövcudluğundan danışır. Homerə görə bu, Allahların Dili idi. C.Viko belə düşünür. (30-cu ricət, səh:135-136). Bəs Kamal Abdulla?! Əgər Allahların Dili hesabına sinonimlər yaranmırsa, bu fikrin elmiliyinə inanmaq olmaz. (səh:136). Bu da onun qənaətidir. Biz bir qədər başqa cür düşünürük. "Allahların Dili" ifadəsini kosmik anlamda götürmək gərək! Hər bir böyük sənətkarın ən azından iki dili olmalıdır. Məhz ikinci dil - Allahların Dili vəhy olunan dildir. O dil olmasa, yazıçı, sehrbaza, cadugərə, masterə və s. çevrilə bilməz.     Kamal Abdulla özü də çevrilmələr səltənətindədir. Bunlar isə Dillə hasilə gəlir. Onun sükutu da özgə bir dilin - sükutun dilindən xəbər verir. "Tək əldən sükutun səsinin gəldiyini" o illər öncəsi söyləyib. "Sehirbazlar dərəsi"ndə susan sözlərin danışan sözlərdən qat-qat çox olması da bunu işarətləyir. "Yarımçıq əlyazma" romanında isə tamam "ayrı" bir Dili görmüşdük. "Unutmağa kimsə yox" Azərbaycan nəsrində İlk və hələ ki, Son möhtəşəm Poeziya Kitabımızdır. Burada poeziyanın ölməz atributları: Sükut, Ölüm, Ruh, Sevgi, Qadın, Ağac, Külək, Yazı, havada dolaşan Mistik Ətir, Pərdə və bütün bunların antik Virdi ustacasına verilir!   

"Unutmağa kimsə yox..." yorğun Allahların məhz Dildə dincəlməsini təkzibolunmaz poetik faktlarla ortaya qoyur. Hadisələrin Üfüqündən Möhtəşəm Anəng - məhz Dil-Allah görünür!!!

"Kitabi-Dədə Qorqud poetikasına giriş"də təsvir olunan başlıca məkanı müəyyənləşdirək! Müəllif bu işdə özü bizə kömək edir. Məkan - poetik dansöküləndir, yəni ilkin autentik mif. Yaxud tarixəqədərki (kosmoloji) mifoloji mətnlərlə mifin kalassik dövrü arasında körpü rolunu oynayan arxaik bədiipoetik vasitə və ünsürlər. Və yaxud mif dövrünün mətni Dəşti-Müstəqimiyyə ilə yazı dövrünün mətni Dəşti-Məcaziyyə!  Buradan isə Füzulinin "Şəbi-hicran" və Cavidin "Gülbahar"ına yol var. Bu məsafəni mif yaradıcılığı dövründən mif təsvirinə qədərki dövr də adlandırmaq olar. (11-cu ricət, səh: 54).

Tədqiqatın predmetini konkret olaraq göstərmək qeyri-mümkündür. Dərinliklərə endikcə işin kökü, gövdəsi (mətndə dansöküləni - M.Q) böyüyür. Aysberq şəklini alır. Sonra tədricən aysberqin üst qatındakı şüalanmalar aşağıya axır. Və üst qatla alt qat sanki yerlərini dəyişir. Aysberqin nəhəng kövdəsini görərkən insanın keçirdiyi hisslərə bənzər hiss keçirirsən...

Anaxronik mətndə gərək olan laya enib ədəbi-elmi araşdırmalar - kəşfiyyat işlərini aparmaq, özəl cəhətləri seçib ayırmaq, mətnin seysmik gücünü, potensialını Kosmosla Xaos müstəvisində müəyyən etmək və bütün bunların fonunda qonşu yataqlara xətər toxundurmamaq müəllifdən zərgər dəqiqliyi, səbr və təmkin tələb edir və son dərəcə ağır bir işdir. Amma Kamal Abdulla bu işin öhdəsindən ustalıqla gəlir. O, yeri gəldikdə Azərbaycan və türk qorqudşünaslarının, rus və dünya mifoloqları və mədəniyyətşünaslarının fikirlərinə istinad edir, öz elmi qənaətlərini onlarla sintezdə verərək fərqli yanaşmalar ortaya qoyur, hətta bəzi hallarda roman və hekayə modellərini tədqiqat işinə transfer edir.

"Kitabi-Dədə Qorqud poetikasına giriş" Azərbaycan ədəbiyyatşünaslığında, ümumən, bədii-elmi-analitik araşdırmalar tariximizdə qeyri-səlis məntiq nəzəriyyəsini möhtəşəm bir formatda (İşin əvvəli 80-ci illərdən başlanıb!) faktlaşdıran ilk tədqiqat işidir.  

 





18.05.2017    çap et  çap et