525.Az

"Məhtimqulu Fəraqi - Dostluq və qardaşlıq nəğməkarı"


 

"Məhtimqulu Fəraqi - Dostluq və qardaşlıq nəğməkarı" <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin xatirəsinə həsr olunmuş "Məhtimqulu Fəraqi - dostluq və qardaşlıq nəğməkarı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyəsindən danışıb. Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən şairin Azərbaycanda tapılan "Divan"ının çapının ədəbi əlaqələrimizə töhfə olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli, eyni zamanda görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığının, onun xatirəsinin ölkəmizdə əziz tutulduğunu və ardıcıl şəkildə bu münasibətlə konfranslar, tədbirlər keçirildiyini bildirib.

Türkmənistanın Azərbaycan Respublkasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Batır Recepev Azərbaycan-Türkmənistan əlaqələrinin əhəmiyyətindən danışaraq beynəlxalq konfransın təşkilinə görə akademiya rəhbərliyinə, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkürünü bldirib.

Beynəlxalq konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Türk ellərinin böyük şairi Məhtimqulu Fəraqi" mövzusunda məruzə ilə çıxış edib.

Sonra filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının "Məhtimqulu Fəraqinin poemaları" mövzusunda məruzəsi dinlənilib.

Məruzələrdə Məhtimqulu Fəraqinin həyat və yaradıcılığı barədə söhbət açılıb, şairin poemalarının ilk dəfə Azərbaycanda həm Azərbaycan, həm də türkmən dillərində nəşrə hazırlandığı bildirilib.

Filologiya üzrə elmlər doktoru Paşa Kərimov "Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi" və Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Töhfə Talıbova "Məhtimqulu Fəraqinin Azərbaycanın qədim Nuxa (Şəki) şəhərində olması barədə" mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri, ölkənin tanınmış elm xadimləri və media nümayəndələri iştirak ediblər.

 





19.05.2017    çap et  çap et