525.Az

Multikulturalizm Azərbaycandan başlayır


 

Multikulturalizm Azərbaycandan başlayır<b style="color:red"></b>

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan tarixi inkişaf və təkamül pillələrindən addım-addım keçmiş ən qədim sivilizasiya və mədəniyyət mərkəzlərindən biridir.

Ölkəmiz əlverişli təbii şəraitə - mülayim iqlim, münbit torpağa və zəngin təbii sərvətlərə malikdir. Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti sarsılmaz təməl və tükənməz qüdrətə malik özül üzərində qurulub. Belə möhkəm dayağa söykənən maddi və mənəvi mədəniyyət dünyamızda tərəqqi edib, öz milli-psixoloji axarına düşərək yüksək inkişaf zirvəsinə yetişib.

Azərbaycan multikulturalizmə tarixən meyilli dövlət olub, başqa xalqlara, millətlərə, müxtəlif  etnik qruplara, onların adət-ənənələrinə və milli mənəvi dəyərlərinə həssaslıqla yanaşıb. Bunu da Azərbaycan xalqında olduğu qədər heç bir xalqda və cəmiyyətdə müşahidə etmək olmur. Ona görə də bir çox Qafqaz xalqı, etnik azlıqlar özləri üçün Azərbaycanı doğma vətən hesab ediblər. Çünki Azərbaycan xalqı qeyri-millətlərlə həmişə səmimi ünsiyyət və mehriban münasibət saxlayıb, ayrı-ayrı xalqların mədəniyyətinə və digər milli dəyərlərinə daim hörmətlə yanaşıb.

Məhz mədəniyyətlərin çoxluğu, yaxud çoxmədəniyyətlilik multikulturalizmin təşəkkül tapmasında başlıca rol oynayıb. Bu da şübhəsiz ki, dövlət tərəfindən gerçəkləşdirilən məqsədyönlü siyasətdən, onun başlıca istiqamətlərindən və tolerantlıq meyllərinin dərəcəsindən asılıdır. Siyasi quruluşundan və idarəçilik formasından, eləcə də tarixi şəraitdən asılı olmayaraq, dövlət özünün daşıyıcısı olduğu mədəniyyətə uyğun siyasət yeritməlidir. Bu tarixən belə olub. Məsələn, ellinizm bütövlükdə klassik Yunanıstan və Şərqi Avropa xalqlarının  tarixi inkişafının ən yüksək mərhələsi olub. Ellinist hökmdarlarının paytaxt şəhərlərinin və iqamətgahlarının, onların mərkəzi idarəetmə aparatlarının nəinki öz dövlətində, bütövlükdə ellinizm məkanında mədəni mərkəzlərə çevrilməsinə xüsusi diqqət yetirilib.

Ellinizm mədəniyyəti və ideologiyasındakı ənənəvilik qismən də olsa, özünü Azərbaycanda da bürüzə verib. Məhz ellinizm dövründə yunan dili Azərbaycanda surətlə yayılmağa və öyrənilməyə başlanıb. Yunan dilinin şeyx Nizami tərəfindən mükəmməl öyrənilməsi onun qədim yunan fəlsəfi fikri və mədəniyyəti ilə tanış olmasına imkan yaradıb.

Məlum olduğu kimi, hüquq ümumbəşəri mənəvi dəyərlərin ayrılmaz tərkib hissələrindən biridir. Söhbət mədəniyyət elementi olan, insan varlığının əsasını, onun həyatının mənasını təşkil edən hüquqdan gedir. Təsadüfi deyil ki, fəlsəfi cəhətdən hüququn həyatiliyinin bir elementi də mədəniyyətlərin yaxınlaşması ilə təcəssüm olunur. Budur multikulturalizm. Azərbaycan məhz bu multikulturalizmin özəyini təşkil edir və onun keşiyində duran qüdrətli dövlətdir.

Bənövşə MƏMMƏDOVA 
Filologiya üzrə fəlsəfə doktoru

 





19.05.2017    çap et  çap et