525.Az

Müdriklik mücəssəməsi (davamı)


 

Müdriklik mücəssəməsi<b style="color:red"> (davamı)</b>

filologiya elmləri doktoru,
ADMİU-nun professoru 

“Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətdir”.

Heydər Əliyev 

O yüksək natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna idarəçilik istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək fenomenal şəxsiyyət Olimpində qərar tutdu. Dünyanın görkəmli ictimai-siyasi xadimləri planetar miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevi hələ onun sağlığında “canlı əfsanə”, “dahi şəxsiyyət”, “siyasət ustadı” adlandırırdılar. Planetimizin super dövlətlərindən birinin – keçmiş SSRİ-nin rəhbərlik piramidasının ən yüksək zirvəsinə qədər ucalan, bir qərinəyə yaxın Azərbaycana rəhbərlik edən, müxtəlif dövlətlərin ən yüksək və çoxsaylı mükafatlarını, orden, medal və fəxri adlarını alan ümummilli lider, əfsanəvi tarixi şəxsiyyət, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev həmişə böyük qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyirdi. Onun bütün ömrü boyu çətin və keşməkeşli məqamlarda arxalandığı, güc aldığı bitib-tükənməz bu milli iftixar hissləri təmiz və qədim gen, soy, köklə yanaşı şübhəsiz ki, milli-mənəvi dəyərlərdən, təlim-tərbiyə aldığı ilk təhsil ocaqlarından da qaynaqlanırdı. Təhsilə xüsusi əhəmiyyət verən, orta və ali məktəblərdə yalnız “əla” qiymətlərlə oxuyan gənc Heydər Əlirza oğlu məktəbi, müəllimi müqəddəs sayır, millətin işıqlı gələcəyi naminə bu peşənin aparıcı missiyasını dərk edir, hətta 8-ci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Ona hörmət və ehtiramla “Heydər müəllim” – deyən pedaqoqların ciddi əsası vardı. Bu böyük şəxsiyyət 1998-ci il sentyabrın 25-də – Azərbaycan müəllimlərinin XI qurultayında sevgi ilə vurğulanan incə eyhama aydınlıq gətirərək dedi: “Mən bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.

Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. ... Mən 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə, müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim.

Bilirsiniz ki, mən pedaqoji texnikumu bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt dərs demək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə, bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə, filan dərsi verməlisən. Nə qədər hazırlaşsaydım da, 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdim. Mən həmin günləri indi də xatırlayıram.”

İbtidai sinif şagirdləri qarşısında 16-17 yaşlı yeniyetmə gəncin həyəcan keçirməsi təbii və başadüşülən hisslər idi. Dünənəcən təcrübəli və nüfuzlu müəllimlərdən dərs alan, öyrənən tələbənin çox erkən müəllim, öyrədən funksiyasını daşıması məsuliyyət və sevinc hissinin həyəcanını yaşaması, məktəb, maarif, təhsil işini uca sayan, müəllim sənətini yüksək qiymətləndirən şəxsiyyət üçün gözlənilən idi. O həyəcan – müəllim hazırlıqsızlığından yaranan təlaş deyildi, o həyəcan – müəllim sənətinə sevgidən qaynaqlanan ürək çırpıntıları idi. Uzun illər keçsə də, o həyəcanlı günlər şirin bir xatirəyə, məktəb işinə, müəllim sənətinə olan sevgi isə böyük məhəbbətə çevrilmişdir. Onun təhsil işçiləri ilə hər bir görüşü bayram əhval-ruhiyyəsi yaradırdı. Açıq və səmimi söhbətlər uğurlar və qüsurlar üzərində köklənirdi. 1995-ci il fevralın 12-də də ölkənin qabaqcıl təhsil işçiləri ilə görüşündə fədakar maarif xadimlərinə sabit və dəyişməz mövqeyini həmişəki kimi çox səmimi bildirdi. “Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. ...Ona görə də məktəb işi, müəllim sənəti mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə – Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi, müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam.”

Hər zaman prinsipial mövqe nümayiş etdirən Heydər Əliyevin siyasi kursunda gənc nəslin təhsilinə və tərbiyəsinə xüsusi qayğı və diqqət ayrılırdı. Çünki ən ali sərvət olan mötəbər və möhtəşəm milli dövlət quruculuğu və milli mentalitetin formalaşması gənclərin yüksək təhsilindən, milli-mənəvi dəyərlərin keşiyində dayanmaq istəyindən və peşəkarlığından çox aslıdır. Bu mənada milli kadrların hazırlanmasında və ziyalılar ordusunun yaranmasında respublikada ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin müstəsna xidmətlərini onun 50 illik yubileyində vurğulayan yenicə rəhbərliyə gəlmiş dövlət başçısı demişdi: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Bakı Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir.”

Ümummilli liderin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycanda təhsilin inkişaf istiqamətləri və milli-mənəvi dəyərlər haqqında söylədiyi proqram xarakterli yığcam və məzmunlu bu fikirlər əslində mövcud cəmiyyət üçün yeni baxışlar toplusu idi. Yeni Baş katib sovet ideologiyasını təbliğ eimək əvəzinə auditoriyanın, professor-müəllim heyətinin və gənclərin diqqətini Azərbaycan mentalitetinin etalonuna çevrilmiş mütəfəkkir şəxsiyyətlərə, elm və fikir adamlarına yönəldir, onlardan öyrənməyə və bəhrələnməyə dəvət edirdi. Əslində bu yol – milli təhsilin milli-mənəvi dəyərlər əsasında inkişafı milli müstəqilliyə və milli dövlətçiliyə aparan yollardan biri idi.

Millətin hərtərəfli tərəqqisində təhsilin rolunu və əhəmiyyətini düzgün qiymətləndirən Baş katib hakimiyyətinin ilk beş ilində respublikada beş yeni ali məktəb yaratmağa müvəffəq oldu. Həmin dövrdə keçmiş SSRİ-nin 40 şəhərinin 140 ali məktəbində təhsil almağa Azərbaycandan tələbələr göndərilirdi ki, bu da təxminən 244 ixtisası və 2500 gənci əhatə edirdi.

Ümummilli lider 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə indi öz adını daşıyan sarayda görüş zamanı gənclərə doğma ata qayğıkeşliyi ilə tövsiyə edirdi. “İxtisasa yiyələnmək, zəngin bilik qazanmaq, seçdiyiniz ali məktəbi qurtarmaq asan iş deyildir. Bunun üçün böyük səy, çalışqanlıq, dözüm, səbir və iradə lazım olacaqdır. Biliklərə mükəmməl və dərindən yiyələnmək sizin əsas vəzifənizdir.

Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Bilik pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Getdikcə zənginləşən bilik xəzinəsindən, geniş elmi məlumat axınından baş çıxarmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürəkkəb məsələlərini həll edə bilən yaxşı mütəxəssis olmalısınız.

Bir çoxunuz gələcəkdə istehsalat rəhbəri və təşkilatçısı olacaq, əmək kollektivinə başçılıq edəcəksiniz. Bu mühüm və məsul işə hazır olmaq üçün iqtisadiyyatı, əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır. Tələbəlik illərindən bu keyfiyyətləri özünüzdə aşılayın, məsuliyyətə və ciddi intizama özünüzü alışdırın.”

Cənab Heydər Əliyevin ali məktəbə qəbul olunan abituriyentlərə uzaqgörənliklə və müdrikliklə ünvanladığı bu kəlamlar 30 il öncə deyilməsinə baxmayaraq, bu gün də aktual səslənir. Azərbaycanda bu il ali məktəblərə girən tələbələrin də “Biliklərə mükəmməl və dərindən yiyələnmək ... yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq” kimi vaxtında verilmiş qiymətli tövsiyələrə ehtiyacı vardır və bu fikirlər müstəqil Azərbaycanın taleyi və tərəqqisi üçün bu gün də xüsusi əhəmiyyət kəsb edir.

Bütün ömrü boyu qurub-yaratmaqla, xalq üçün cahanşümul işlər görməklə məşğul olan, müstəqil Azərbaycanın memarı adlandırılan Heydər Əliyev gözəl bilirdi ki, elmin və iqtisadiyyatın inkişafında, milli tərəqqidə, uğurlu dövlət quruculuğu prosesində təhsil sisteminin rolu əvəzsizdir. O ötən əsrin 80-ci illərin ortalarında SSRİ miqyasında təhsil islahatına rəhbərlik edirdi. Siyasi büronun üzvü və Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin 1-ci müavini kimi SSRİ Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili Komitəsi kimi üç böyük qurum beş il Heydər Əliyevin tabeliyində fəaliyyət göstərdi. O, Sovet İttifaqında məktəb islahatının keçirilməsi üzrə hökumət tərəfindən yaradılmış böyük bir komissiyanın da sədri idi. SSRİ Ali Sovetinin sessiyasında məktəb islahatı haqqında məruzə etmiş, 1984-cü ildə “Məktəb islahatı haqqında” qəbul olunmuş Ümumittifaq qanununun həmmüəllifi idi. Vaxtaşırı kollegiyalarda, yığıncaqlarda təhsil problemləri haqqında nitqlər söyləyən, bu sahəni dərindən bilən ictimai-siyasi xadim üçün müstəqil Azərbaycanın təhsil sistemini dəyərləndirmək, inkişaf yoluna nəzər salmaq, obyektiv qiymət vermək o qədər də çətin deyildi. O yaratdığı və rəhbərlik etdiyi təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının 19 aprel 1999-cu il tarixli iclasında xüsusi vurğulayırdı: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Azərbaycanda  iki milyon uşaq, gənc ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alır... Təhsil Azərbaycanın hər yerini əhatə edibdir. Azərbaycanda savadsızlıq ləğv olunub, insanlar məktəbdə təhsil alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük elmi yaranıbdır. Elmi müəssisələr yaranıb, Azərbaycanın mədəniyyəti inkişaf edibdir. Bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsidir. İndi, burada oturanların hamısı, təkcə onlar yox, bu gün Azərbaycanda yaşayanlar – həm yaşlı, həm orta nəsil öz təhsilini, biliyini həmin bu təhsil sistemində alıbdır.

Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”

Heydər Əliyev təhsil quruculuğu prosesi ilə əlaqədar istər nəzəri görüşlərində, istərsə də müsahibələrində, söhbətlərində məntiqə əsaslanmağı, dünənə, keçmişə münasibətdə ədalətli, obyektiv fikir söyləməyi, ifrata varmamağı, tarixi təhrif etməməyi, müsbət təcrübədən faydalanmağı vacib sayırdı. O sovet təhsil sisteminin fərqli xüsusiyyətlərini, ziddiyyətli məqamlarını dəyərləndirəndə də eyni mövqedən çıxış edirdi. O, ictimai-siyasi fəaliyyəti zamanı fərqli dövlət formasiyalarında uzun illər rəhbər vəzifədə işləsə də, elmi-nəzəri baxışlarında fərqli, ziddiyyətli mövqelərdə dayanması istisna təşkil edir. Çünki onun bütün şəraitlərdə istinad nöqtəsi həqiqət olmuşdur.

Müstəqil Azərbaycanda milli tərbiyə konsepsiyasının təməl müddəalarının gənclər tərəfindən düzgün dərki və qəbulu üçün açıq-aşkarlıq, obyektivlik, ədalətlilik prinsipi mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərin qorunmasında, gənclərlə tərbiyə işinin səmərəliliyinin artırılmasında, tariximizin, dilimizin, mədəniyyətimizin, dini dəyərlərimizin tədrisinin və təbliğinin yüksəldilməsində şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu ciddi amildir. Heydər Əliyevin “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz... Bu gün mənəvi tərbiyə də keçmiş illərdən daha çox lazımdır” – kəlamları mövzunun aktuallığını daha da ön plana çəkir. Milli liderin tərbiyə konsepsiyasında gənclərə vətənpərvərlik və azərbaycançılıq hisslərinin, Vətənə, millətə, xalqa sədaqət və məhəbbət ruhunun aşılanması, dövlət rəmzlərinə – Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət və ehtiram bəslənməsi xüsusi yer tutur. Heydər Əliyev 31 avqust 1999-cu ildə təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə milli təhsilimizin başlıca məqsədlərini şərh edərkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır.”

Azərbaycan tarixinin, Azərbaycan dilinin orta və ali məktəblərdə tədrisinə və təbliğinə xüsusi əhəmiyyət verən, vətənsevər, millətsevər gənclərin böyüyüb layiqli təlim-tərbiyə almasına diqqət və qayğı göstərən ictimai-siyasi xadim, dövlət başçısı Heydər Əliyev işlərinin çoxluğuna, zamanının sıxlığına baxmayaraq bir valideyn, bir ata kimi övladlarının dərsləri ilə mütəmadi maraqlanmış, onların vətənpərvər şəxsiyyət kimi formalaşmasında birbaşa mühüm rol oynamışdır. O, 1 sentyabr 2001-ci ildə yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Bakı şəhərinin Səbail rayonundakı 6 saylı məktəb-liseydə müəllim və şagirdlərlə görüşərkən ötən günləri yada salaraq  dedi: “6 nömrəli məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmnunam ki, o, bu adı indiyə qədər, bütün çətin dövrü yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurtararkən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün  başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünki bizim özümüz də məktəbdən çıxmışıq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum on il burada təhsil almışdır. Əgər yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmişi yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər gərək məktəblə sıx əlaqə saxlasınlar. Gəlsinlər, uşağın dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox, məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görsünlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması üçün yaxşı fəaliyyət göstərə bilərlər.”

Ümummilli lider, dövlət başçısı öz şəxsi nümunəsində valideyn borcundan, cəmiyyət qarşısında valideyn məsuliyyətindən söz açdı, gənc nəslin təlim-tərbiyəsində valideyn – müəllim əlaqələrinin zəruriliyini vurğuladı. Səmimi və açıq xatirələri ilə məktəbə, müəllimə valideynlər tərəfindən hörmət və ehtiram göstərməyin vacibliyini yada saldı. “Uşaqların yaxşı oxuması üçün” valideyn – müəllim təmaslarının sıxlığını tövsiyə etdi.

Təhsil ocaqlarında çoxsaylı görüşlər keçirən böyük valideyn, millət atası Heydər Əliyevin hər bir sözü, kəlməsi, təklifi hər kəs üçün təlimata, fəaliyyət proqramına çevrilirdi. Onun ölkəmizin sabahı ilə bağlı müraciətləri, söylədiyi fikirlər isə milli liderin müstəqil respublikamızın gələcəyi üçün məsuliyyət daşıyan gənc nəslə təxirəsalınmaz məsul tapşırığı, tövsiyələri kimi səslənirdi: “Gənclər, gələcək nəsil haqqında danışarkən yenə də müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər. Biz isə Azərbaycanın müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad yaşayacaqdır. Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik. Ancaq bu işləri gələcəkdə aparmaq üçün daha da biliklənmək, elmə malik olmaq lazımdır. Bu isə sizin, bizim, hamımızın vəzifəmizdir.”

Cəmiyyət üçün layiqli vətəndaşların formalaşmasında milli-mənəvi təmələ söykənən yeni dərsliklərin hazırlanması həmişə dövlət başçısının nəzarətində olmuşdur. Xüsusilə orta təhsil ocaqlarının keçid mərhələsində yeni dərs vəsaitləri ilə təchizi müşkül məsələ olaraq qalmaqda idi. Çətinliklər özünü xüsusilə humanitar elm sahələrində büruzə verirdi. Azərbaycan tarixi qədim və zəngin olsa da, bir sıra siyasi hadisələrin və tarixi dövrlərin obyektiv qiymətləndirilməməsi, faktların təhrif edilməsi, konyukturaya yol verilməsi mətbuatda və ictimai fikirdə mübahisələrə səbəb olmuşdur. Milli öndər problemlərə, qaranlıq məsələlərə aydınlıq gətirilərkən müstəqil Azərbaycanın dövlətçilik prinsiplərindən obyektiv yanaşmanı tövsiyə edirdi. Vətənpərvərliyin, azərbaycançılığın və milli iftixar hissinin rişələrini şərəfli tariximizdə, onun tədqiqində, tədrisində və təbliğində arayan Heydər Əliyev tarix dərsliklərinin həm elmi, həm də poliqrafik baxımdan yüksək səviyyədə hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Ən xırda qüsur diqqətindən yayınmazdı. Bəzən tarixçilərə problemin elmi istiqamətini nişan verirdi, məsələnin həllini sürətləndirmək məqsədilə şəxsi diqqət və qayğısını nümayiş etdirirdi. Bəzən də gənclərin natiqə aludə olduğunu duyub onlara şanlı tariximizin parlaq səhifələrindən qürur hissi ilə danışırdı: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlərdə Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr verilmişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. Və nəhayət, XX əsrin əvvəllərində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr – 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir.

Nəhayət, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir... Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycançılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır”.

II HİSSƏ

Azərbaycançılıq hissiyyatı – Azərbaycanı sevmək, onun yüksəlişi yolunda çalışmaq və mübarizə aparmaqdır. Heydər Əliyevin elmi-nəzəri irsində azərbaycançılıq hissiyyatı – Azərbaycan xalqının tarixi keçmişi ilə yanaşı, onun çağdaş dövrünü, yeniləşən və yüksələn bu gününü də tam və geniş mənada əhatə edir.

Elmin, iqtisadiyyatın, mədəniyyətin və mənəviyyatın tərəqqi yolu şübhəsiz ki, dövlətin təhsil siyasətindən, bu sahədəki işlərin uğurla həyata keçirilməsindən başlanır. Təcrübə göstərir ki, ölkədə təhsil siyasətini dünya praktikasına söykənərək düzgün yürüdən rəhbərlər nəticədə nəinki öz ölkələrinin yüksəlişinə nail olurlar, eyni zamanda, sivilizasiyaya böyük töhfələr bəxş edirlər. Ümummilli lider Heydər Əliyevin titanik xidmətləri sayəsində onun hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, iqtisadiyyatının, mədəniyyətinin və təhsilinin intibah dövrüdür. Fəaliyyətində və siyasi təcrübəsində elmin son nailiyyətlərindən bəhrələnən, elmin, mədəniyyətin, maarifin inkişaf məsələlərinin həllində peşəkarlıq göstərən Heydər Əliyev yüksək intellektə və elmi təfəkkürə malik şəxsiyyətdir. Hər zaman elmə, alimə diqqət və qayğı göstərən öndər Azərbaycan xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik mərhələlərində mühüm dönüş nöqtəsi və fundamental elmin beşiyi olan Elmlər Akademiyasının fəaliyyətini izləmiş, uğurları yüksək qiymətləndirmiş, problemlərdən narahatlıq keçirmişdir. O, 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra respublikada ilk görüş keçirdiyi ən iri auditoriya – Elmlər Akademiyası idi. On illik ayrılıqdan sonra alimlərlə, ziyalılarla görüş məkanı rəmzi məna daşısa da, müstəsna əhəmiyyət kəsb edirdi. Xaos içərisində çırpınan respublikada gedişatı elmi müstəvi üzərinə keçirmək zərurəti yaranmışdı. Azərbaycan xalqının milli sərvəti olan Elmlər Akademiyasının başı üzərində dolaşan qara buludlar haqqında açıq danışmaq, problemlərin həlli yollarını müəyyənləşdirmək vaxtı təxirəsalınmaz idi. Azərbaycan Prezidenti vəzifəsini icra edən, Milli Məclisin sədri Heydər Əliyev Akademiya haqqında bəd niyyətə düşənlərin arzusunu ürəyində qoyaraq 1993-cü il sentyabrın 21-də elm xadimləri və ziyalılar ilə görüşündə dedi: “Bir sözlə, elmimiz, mədəniyyətimiz yaşamalı, inkişaf etməlidir.

Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir.  1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhətlər də var. Ancaq ümumən götürdükdə, şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idi?! Əlbəttə, yox...

Tarix, insanlar həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir.”

Məlumdur ki, hər bir xalqın elmi-mədəni tərəqqisində ana dilinin müstəsna xidmətləri vardır. Azərbaycan dilinin zənginləşməsində, istifadə miqyasının genişlənməsində, dövlət dili kimi statusunun möhkəmlənməsində Heydər Əliyevin xidmətləri danılmazdır. O, natiqlik məharəti, dəqiq məntiqi, nurlu zəkası, heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən bələdliyi ilə ana dilimizin, nitq mədəniyyətimizin ən gözəl nümunələrini yaratmışdır. Hakimiyyətdə olduğu bütün zamanlarda Azərbaycan dilinə üstünlük verən, bu dili Avropa ölkələrinin və beynəlxalq təşkilatların rəsmi məclislərində səsləndirən, ölkədəki yüksək çinli məmurları Azərbaycan dilində danışmağa məcbur edən, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayan Heydər Əliyev gənclərə üz tutaraq onlara dönə-dönə tapşırırdı: “...Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək  lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, du dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz.” Onun qəti qənaətinə görə “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən, xalq, millət ola bilməz.” Ümummmilli lider dünənə, keçmişə nəzər salaraq müsbət meylləri düzgün qiymətləndirir, hətta əsarət altında, imperiya tərkibində olanda da dilin zənginləşməsində aparıcı amilləri açıq nişan verir və yüksək qiymətləndirirdi. O deyirdi: “Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir.”

Heydər Əliyev hələ ötən əsrin 60-cı illərinin sonunda siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin məişət səviyyəsindən dövlət statusu səviyyəsinədək yüksəldilməsində müstəsna xidmətlər göstərdi. Bu müqəddəs işin intişar tapmasında o özü dövlət məmurlarına nümunə olurdu. 1972-ci ildə Azərbaycan yazıçılarının V qurultayında ölkə rəhbərinin doğma ana dilimizdə nitqini ən qocaman ədib və şairlər belə təəccüb və heyrətlə qarşıladılar. Azərbaycan sovetləşəndən sonra hakim dilin rus dili olduğu bir dövrdə dövlət başçısının yazıçıların ali orqanı olan qurultayında ana dilimizdə məruzə etməsini ilk ədəbi-mədəni hadisə adlandırmaq olar. Bu, əslində milli mədəniyyətin, ədəbiyyatın və dilin inkişafı üçün start verilməsinin bariz əlaməti idi. Dilimizin kasıblığına eyham vuraraq özgə, yabançı dillərdə danışanlara, yaradıcılıqla məşğul olanlara cavab ünvanlayan ümummilli lider deyirdi: “Azərbaycanda mövcud olan Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.” O, Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, lüğət fondunun zənginləşməsində yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda ən çox şairə, yazıçıya, elm və mədəniyyət xadimlərinə monumental abidələr ucaldılıb, yubiley mərasimləri böyük təntənə ilə qeyd olunubdur. Dövrün ədəbi-mədəni hadisəsinə çevrilmiş iki yubileyi – Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik təntənəli yubiley mərasimlərinin keçirilməsini xüsusi vurğulamağa ehtiyac duyulur.

Azərbaycan ağır müharibə şəraitində, iqtisadi böhran burulğanında çırpındığı bir zamanda, 1994-cü ilin martında prezident M.Füzulinin 500 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzaladı. İqtisadi çətinliklərə baxmayaraq, yubiley Azərbaycan ədəbiyyatının və mədəniyyətinin bayramına çevrildi, mərasim Bağdadda, Kərbəlada, Kərkükdə, Tehranda, Ankarada, Moskvada, Bakıda böyük təntənə ilə qeyd olundu. YUNESKO-nun hər iki möhtəşəm yubileyin keçirilməsi haqqında qərarları, türkdilli dövlət başçılarının bu tədbirlərdə iştirakı ümummilli liderin uzaqgörən siyasətinin Azərbaycan xalqına əvəzsiz töhfəsi idi. Bu yubiley tədbirləri qədim və zəngin mədəniyyətə malik xalqımızın dünyada sülhsevər millət imicinin formalaşması, dünya türklərinin milli-mənəvi birliyi istiqamətində müsbət rol oynadı.

Heydər Əliyev özünün və ölkənin ən çətin məqamlarında da milli dəyərlərə, mənəvi sərvətlərə həmişə diqqət və qayğı ilə yanaşmış, yüksək səviyyəli bədii əsərlərdən zövq almışdır. Sənət adamları, yazıçı və şairlərimiz də ulu öndərini hər zaman sevgi və səmimiyyətlə qarşılamış, hörmət və ehtiramını gizlətməmişdir. Hələ 1990-1991-ci illərdə keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən ona qarşı ədalətsizliklər ediləndə, əleyhinə böhtan kampaniyası aparılanda, böyük təzyiq və təqiblərə məruz qalanda onu ilk növbədə ədəbiyyat adamları müdafiə edir, yanında olur və dəstək verirdilər. O ağır günləri, eləcə də Azərbaycan yazıçılarının IX qurultayına dəvət olunmasını  sonralar qədirşünaslıqla xatırlayan ümummilli lider deyirdi: “1991-ci ilin əvvəli idi. Unutmamışamsa, martın 21-i idi. ...Çox sevindirici haldır ki, məhz o vaxt, o çətin zamanda, dövrdə siz yazıçılar öz sənətinizə sadiq qalaraq o qurultaya  toplaşmışdınız. İş elə gətirdi ki, mən də sizin qurultayda oldum.

O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki, yazıçılar qurultayı keçəcək. Sizi oraya dəvət edirlər... Fikirləşdim ki, bəlkə xatir naminə dəvət ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki, dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o, mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik. Bu, formal bir xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim. Siz məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki, şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim ki, indi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt mən salonda oturarkən çox düşünürdüm. Gərək ki, mənim sağımda Xəlil Rza, solumda Rəfiq Zəka oturmuşdular. Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik.

...Mən yenə də özümün ədəbiyyatla bağlılığımı və ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha sədaqətli olduğunu qeyd etmək istəyirəm”.

Böyük öndərin ədəbiyyat adamlarına səmimi qəlbdən gələn qayğısı və sevgisi cavabsız qala bilməzdi. Bu məhrəm ünsiyyət, ehtiram hissi həmişə təmənnasızlığa, saf duyğulara əsaslanmış və qarşılıqlı olmuşdur. Odur ki, Azərbaycan yazıçılarının, şairlərinin arasında Heydər Əliyev özünü həmişə ən yaxın doğmalarının, dostlarının arasındakı kimi hiss edirdi.

Bu sətirlərin müəllifinin yaxşı yadındadır. Böyük dramaturq Cəfər Cabbarlının 80 illik yubiley təntənələrini görənlər üçün 90 illik yubileyi 1991-ci il martın 22-də M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında çox sönük keçirdi. Hətta, salonun orta hissələrində yerlərin xeyli hissəsi boş idi. Cabbarlı ailəsi Heydər Əliyevin Bakıda olduğunu bildiyi üçün onu yubiley tədbirinə dəvət etmişdi. Yubiley tədbirinin rəsmi hissəsi başlandıqdan xeyli  sonra yanında qara dəri gödəkçəli, orta boylu, tökmə bədənli bir nəfərlə (çox güman ki, bu şəxs general Bəylər Əyyubov idi – A.R.) gözlənilmədən Heydər Əliyev zala daxil oldu və mənə yaxın sırada boş yerlərdən birində əyləşdi. Salonda xəfif bir pıçıltı sürətlə yayıldı: “Heydər Əliyev gəldi”. Yubiley mərasiminin rəsmi hissəsi bitib bədii hissəyə qədər fasilə elan edildikdən sonra mən Heydər müəllimə yaxınlaşıb onu salamladım. C.Cabbarlının çox möhtəşəm heykəlini ucaltdığını, ev muzeyini yaratdığını, təntənəli yubiley mərasimi keçirdiyini minnətdarlıqla yada salaraq ədibin 90 illik yubileyi münasibətilə naməlum və çap olunmayan əsərlərindən ibarət “Ədirnə fəthi” adlı toplu tərtib etdiyimi və üç ildi nəşriyyatda yatıb qaldığını vurğuladım. O, axırıncı məsələyə dərhal reaksiya verərək soruşdu ki, yaxşı, kitab indiyədək nə üçün çap olunmayıbdır?! Mən fikrimi belə əsaslandırmağa çalışdım ki, indiki rəhbərliyin Azərbaycan mədəniyyətinə, Cəfər Cabbarlı irsinə soyuq münasibətinin nəticəsidir. Foyedə isə bizi Cəfər Cabbarlı ev muzeyinin əməkdaşları əhatəyə aldı. Heydər Əliyev böyük sənətkarın qızı Gülarə Cabbarlı ilə çox mehribanlıqla görüşdü, həmin anlardan xatirə olaraq şəkil çəkdirdik. 1994-cü il dekabrın 28-də Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışında Gülarə xanım həmin şəkli dövlət başçısı Heydər Əliyevə təqdim etdi. Prezident şəkilə baxdı və o ağır günləri yada salaraq dedi: “O vaxt sizin vəziyyətiniz mənimkindən yaxşı idi”.

Ümummilli liderin ədəbiyyata, mədəniyyətə sıx mənəvi tellərlə bağlılığı hələ onun gənclik vaxtlarından, ötən əsrin 50-ci illərinin əvvəllərindən ədəbi ictimaiyyətə bəlli idi. Dövlət Təhlükəsizlik Komitəsində işləməsinə baxmayaraq görkəmli yazıçı və şairlərlə, sənət adamları ilə sıx dostluq əlaqələri yaratmışdı. Bu əlaqələrin örnək ola biləcək nümunəsi kimi 1950-ci illərin əvvəllərində Mehdi Hüseynzadənin kəşf olunub üzə çıxarılmasını göstərmək olar. Müharibədən sonrakı illərdə təhlükəsizlik orqanlarının qarşısına qoyulan vəzifələrdən biri də  əsir düşən həmyerlilərimizdən kimlərin faşistlərə xidmət göstərməsini, legionda qulluq etməsini müəyyənləşdirməkdən ibarət idi. Ələ keçən ilkin sənədlərdə Mehdi Hüseynzadənin faşistlərə xidmət göstərməsi qeyd olunsa da daha dərindən axtarışlar və bu işə Heydər Əliyevin şəxsən özünün qarışması nəticəsində məlum oldu ki, o, həqiqətən əsir düşsə də, faşistlərin yanında xidmət etsə də, düşmən arxasında əsl qəhrəmanlıq göstərmişdir. Ümummilli liderin hələ o illərdə şəxsi cəsarəti, siyasi iradəsi və inadcıl təşəbbüsləri nəticəsində Mehdi Hüseynzadə kimi görkəmli Milli Qəhrəmanımız kəşf olundu, onun halal haqqı – Sovet İttifaqı Qəhrəmanı kimi yüksək adla qiymətləndirildi. Gənc çekistin bu barədə əldə etdiyi kəşfiyyat materialları vətənpərvərlik hissinin təbliğində bəhrələnmək niyyətilə yazıçı-kinossenarist İmran Qasımov və Həsən Seyidbəyliyə verildi və nəticədə “Uzaq sahillərdə” romanı (1953) və eyniadlı film yarandı.

Heydər Əliyev DTK sədri olanda da, respublikaya rəhbərlik edəndə də ədəbiyyat adamlarına, mədəniyyət və incəsənət xadimlərinə mütəmadi qayğı göstərib, həyat həqiqətlərini real əks etdirmək üçün hər cür şərait yaradıb, onları yersiz təzyiqlərdən və təqiblərdən qoruyub, bununla da milli ədəbiyyatın inkişafına misilsiz töhfələr bəxş edibdir. XX əsrin 60-70-ci illərində Azərbaycan ədəbiyyatında dissidentlərdən xalq yazıçısı, məşhur kino xadimi Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə  səmimiyyətlə söz açan ümummilli lider o illəri yada salaraq deyirdi: “...Əgər o illər 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən, Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq.

Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyifslənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı.

Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn, “Qobustan” jurnalının yaranması və o jurnalın səhifələrində yayılan əsərləri şübhəsiz ki, dissident xarakteri daşıyırdı.

Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Çünki onlar eyni ildə – Lenin də, Nərimanov da 1870-ci ildə anadan olublar. O vaxt Moskvadan gəlirdilər və mənə deyirdilər ki, bəs burada millətçilik var, burada antisovet var, burada filan var. Hər dəfə baxırdım və onlara izah edirdim.

Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, “Qobustan” jurnalında yazılıbdır ki, Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər baxdım. “Qobustan” jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dedim, bilirsiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz belədir. Bizim fikrimiz belə deyil. Mən birtəhər bu məsələni sovuşdurdum.”

Sovet dönəmində milliliyə meyllilik həmişə zərərli hesab edilirdi. Ötən əsrin 30-cu illərində “pantürkist”, “panislamist”, “əksinqilabçı” məfhumlarının 60-70-ci illərdə ekvivalenti “dissident” anlayışı idi. 1937-38-ci illər repressiyası zamanı 27 nəfər ən istedadlı şair və yazıçısını, minlərlə ləyaqətli oğul və qızlarını itirən Azərbaycan xalqı 60-70-ci illərdə Heydər Əliyevin qayğısı və himayəsi sayəsində bir nəfərin də olsa dissidentliyə görə burnunun ucu qanamamışdır. Rusiyada Anna Axmatovanın, Marina Svetayevanın, Nikolay Qumilyovun, Mixail Soljınitsinin, İosif Brodskinin və b. başlarına gətirilənlərdən onların azərbaycanlı həmkarları yalnız mətbuatdan məlumat tuturdular.

Azərbaycanda da xalqın qədim tarixinə, zəngin mədəniyyətinə iftixar hissi aşılayan, milli ruhun dirçəlişinə təkan verən, azad fikrə meydan açan sənət əsərlərinin qarşısına kənardan çəpər çəkildiyi hallar az olmamışdır. Kommunist ideologiyasına zidd hesab edilən mənfi meyllər kino sahəsində özünü daha tez-tez büruzə verirdi. Bakıda istehsal olunan “Bir Cənub şəhərində”, “İstintaq” filmləri Moskvanın, xüsusilə SSRİ daxili işlər naziri Şoloxovun qəzəbinə tuş gəlsə də, Heydər Əliyevin məsələyə birbaşa müdaxiləsindən və cəsarətli qərarından sonra hər iki film ekranlara yol açmış və uğurlar qazanmışdır.

Ümummilli liderin zəngin elmi-fəlsəfi irsi içərisində mədəniyyətimizin, incəsənətimizin müxtəlif sahələrinə aid dəyərli fikir və tövsiyələri geniş yer almışdır. Onun Azərbaycanın milli teatrı, musiqisi, rəssamlığı, heykəltəraşlığı, memarlığı haqqında söylədiyi dəyərli fikirləri, təlim və tövsiyələri uzun əsrlər dövlət siyasətinin mədəniyyət sahəsində aparıcı lokomotivi olacağı şübhəsizdir. Müstəqil Azərbaycan Respublikasının memarı ziyalılarımızın gələcək missiyasının əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Bu günümüzü gələcəyə aparan ziyalılarımız, mədəniyyət, elm xadimlərimiz, xalqın qabaqcıl adamları – həm bugünkü, həm də gələcək nəsil olacaqdır. Bu adamların içərisində görkəmli yazıçılarımız, bəstəkarlarımız, alimlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz daim qiymətli olacaq və biz əlimizdən gələni edəcəyik ki, onların yaratması, yaşaması üçün şərait yaradılsın.”

Təməli, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli mənəvi dəyərlərə, elm və təhsil sisteminə, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısı, hörmət və diqqət ənənəsi onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsində də bu gün uğurla davam etdirilir. Mədəniyyət və incəsənət ocaqlarının əsaslı təmir edilməsi, yenidən qurulması, elmi layihələrin maliyyələşdirilməsi, ziyalıların, sənət adamlarının yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində atılan yeni-yeni addımlar danılması mümkün olmayan mötəbər dəlillərdir.

Ümummilli lider siyasi fəaliyyəti dövründə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Azərbaycanda və onun hüdudlarından kənarda saysız-hesabsız abidələr qoydu, heykəllər yaratdı, ən yüksək pyedestal üzərində isə müstəqil Azərbaycanı ucaltdı. Azad, müstəqil, qüdrətli, yenilməz Azərbaycan dövləti onun öz əli ilə özünə və xalqına yaratdığı ən möhtəşəm abidədir.

Əfsanəvi öndər, bütün zamanlar üçün çağdaş tarixi şəxsiyyət Heydər Əliyevin elmi-fəlsəfi, ədəbi-mədəni irsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi, bəşəriyyətin dolğun fikir, sərbəst düşüncə kapitalı, söz sivilizasiyasının sanballı sərvətidir.

 





08.05.2013    çap et  çap et