525.Az

Türkiyə-ABŞ münasibətləri yeni mərhələdə


 

Türkiyə-ABŞ münasibətləri yeni mərhələdə<b style="color:red"></b>

Mayın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarına səfəri və bu ölkənin dövlət başçısı Donald Trampla görüşü tərəflər arasında əlaqələrə “yeni nəfəs” verdi və gələcək əməkdaşlığın strateji prioritetlərinin müəyyənləşdirilməsi baxımından dərin zəmin yaratdı.

Görüş hər iki siyasi lider arasında birbaşa ilk rəsmi təmas olsa da, kifayət qədər səmimi, açıq dialoq şəraitində keçməsi və dinamik təsir bağışlayan danışıqlar, müzakirələrlə müşayiət edilməsi yaxşı atmosferdən və səmərəlilikdən xəbər verdi. ABŞ və Avropa KİV-ləri liderlərin görüşünü "uzun və çətin olacaq" kimi şərh etsələr də, dövlət başçılarının rahat, qarşılıqlı hörmət əsasında bir araya gəlməsi diqqət çəkdi. Görüş neçə aydır ki, davam edən ABŞ-Türkiyə münasibətlərindəki soyuqluğun aradan qalxması, bir sıra məsələlərdə narahatlıqlara və qaranlıq məqamlara aydınlıq gətirilməsi, birgə regional siyasi baxışlarda konkretliyin müəyyən edilməsi baxımından da faydalılığı ilə yadda qaldı.

Xatırladaq ki, iki ölkə arasında son 3-4 ildə münasibətlərdə müəyyən çatlar özünü biruzə verirdi və son bir ildə gərginliyin tonu bir az da qalxmışdı. Obama administrasiyası Ərdoğanla bir neçə dəfə keçirdiyi görüşlərdə nikbin jest nümayiş etdirsə də, əslində attdığı addımlarla Türkiyəyə qarşı ikili standartlardan çıxış etdiyini biruzə verirdi. Xüsusilə də, Yaxın Şərqdə baş verən münaqişələrdə Türkiyənin hücüm diplomatiyasına üstünlük verməsi, Tayyib Ərdoğanın Suriya böhranının nizamlanmasında ABŞ-ın maraqlarına zidd, ümumilikdə Suriya xalqının mənafeyini ifadə edən siyasət yürütməsi və “Fərat qalxanı” əməliyyatlarını aparmaqla regionda güc mərkəzlərindən biri olmasını sərgiləməsi Obama hökumətini sinirləndirməkdə idi. Türkiyə kəşfiyyatının 15 iyul dövlət çevrilişi cəhdində ABŞ-ın bəzi dairələrinin izinin olmasına dair faktlar açıqlaması və Rusiya ilə münasibətlərin normallaşması Ağ Evin Ankara ilə gərginliklərini artırdı.

2016-cı ilin noyabrından davam edən 7 aylıq donmuş əməkdaşlığa məhz Ərdoğan və Tramp görüşü son qoydu və quru atmosferaya nəfəs gətirdi. Hər iki ölkənin birinci şəxslərinin mediyaya açıqladığı fikirlərdən göründüyü kimi ABŞ və Türkiyə onilliklər boyu davam edən strateji tərəfdaşlığın tempinin aşağı düşməsində və ikitərəfli əlaqələrin qırılmasında maraqlı deyil və gələcəyə ümidlə baxırlar. Donald Trampın mətbuat konfransında səsləndirdiyi "Türkiyə ilə çox yaxşı münasibətlərimiz var, bunu daha da yaxşı səviyyəyə gətirəcəyik" fikri rəsmi Vaşinqtonun istəklərində səmimiyyət notlarını biruzə veririrdi. Rəcəb Tayyib Ərdoğanın isə vurğuladığı "bu gün təməlləri atılan yeni dövr ölkələrimiz üçün xeyirli olacaq” fikri pozitiv əhval-ruhiyyənin göstəricisi idi.

Görüşdə Türkiyə üçün əsas məsələlərdən biri olan terrorlla mübarizəyə ara vermədən güclü koalisyon birliyin bir hədəfə vuran həmlələrindən söz açıldı və Ankara bu mövzuda qətiyyətli olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı da 2 əsas detal ali səviyyədə dilə gətirildi və razılaşdırıldı. Birincisi, Yaxın Şərq və Suriya münaqişəsində terrorçulara qarşı birgə səylərin gücləndirilməsi və ABŞ-ın bölgədə İŞİD-lə mübarizədə müxaliflərə verdiyi silahın PKK-nın qolu sayılan PYD-YPG-yə çatmasının dayandırılması ilə bağlı oldu. ABŞ-ın YPG-nin silahlandırılması qərarına Türkiyənin münasibəti əvvəlki kimi sərt tonda ifadə edildi və Ərdoğan Tramdan bu qərarın münaqişə bölgəsində əlavə gərginliklərə yol aça biləcəyindən narahalığını bəyan etdi. YPG-nin Türk ordusuna qarşı hansısa təxribat planı, zərbəsi olduğu halda bunun qarşılığının çox ağır olacağını anladan Tayyib Ərdoğan “Kimsədən soruşmadan ən sərt cavab verilcək. Türkiyə terror dəhlizlərinin yaranmasına yol verməyəcək və buna cəd edənləri vuracaq” mesajını çatdırmaqla yeni “Fərat Qalxanı” əməliyyatının başladılacağını gizlətmədi. Türkiyənin sərhədləri yaxınlığında silahlanana YPG-nin və onu idarə edənlərin həddini bilməsini və Ağ Evin əlaqələrin inkişafına gölgə salan bu amili nəzərə almasını şərt kimi ortaya qoydu.

İkinci məqam, Suriya və Yaxın Şərqdə antiterror əməliyyatlarında Qərbin koalisyon qüvvələrinin ayrı-seçkiliyinin aradan qaldırılması, vahid platformanın yaradılması ilə bağlı oldu. Türkiyə bu məsələdə də əsas aktiv iştirakçı kimi proseslərə ədalətli yanaşmanın vaciv şərt olmasına diqqət çəkdi.

ABŞ konkret mövqe sərgiləməsə də, hər iki məsələdə Türkiyə ilə razılaşdığını ifadə etməyə məcbur oldu. Donald Tramp terrorla aktiv mübarizədə Türkiyənin yanında olduğunu və ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK-ya qarşı antiterror əməliyyatlarının aktual məsələ kimi gündəmində qaldığına işarə etdi. "İŞİD və PKK kimi terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək veririk" ifadəsi ABŞ rəhbərinin regionda qan tökülməsinin dayandırılması və sülhün bərpasında kifayət qədər ciddiliyini göstərir.

Tramp və Ərdoğan arasında keçirilən görüşdə regional əməkdaşlığın möhkəmləndirilməsi, demokratik islahatların həyata keçirilməsi, dünyada təhlükəsizliyin gücləndirilməsi, siaysi və iqtisadi layihələrin davam etdirilməsi və digər məqamlar da müzakirə olundu və tərəflərin bu məsələlərdə ortaq məxrəcə gəldiyi bəyan edildi.

Liderlərin görüşündən bir neçə gün keçməsinə baxmayaraq Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə dair şərhlər ölkənin gündəmində bir nömrəli mövzu olaraq qalmaqdadır. Siyasi tədqiqat mərkəzləri üçün maraqlı olan budur ki, iki ölkə arasında gələcəkdə münasibətlərdə yenidən parçalanmalar baş verməyəcək ki?. Ümumi qənaət isə bundan ibarətdir ki, Ərdoğan və Trampın qətiyyətli siyasi kursu gələcək əlaqələrin hərarətini daha da artırmaq üçün yaxşı bir başlanğıcdır.

Siyasi liderlərin görüşünün müsbət müsbət aurada keçdiyini deyən Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş bildirib ki, Tramp və Ərdoğan ümumi mövzulardan danışsalar da, detallı nəticələrin əldə edilməsi üçün yaxşı şanslar oldu. Ərdoğanın Vaşinqtonda dünyanın əsas supergücünün rəhbəri qarşısında əzmkarlıq və tələbkarlıqla FETO ilə bağlı bəyanat səsləndirməsi də diqqətdən yayınmadı. Türkiyənin siyasi və iqtisadi sabitliyi üçün təhlükə olan bu şəbəkənin darmadağın edilməsində ABŞ-ın lazım olan addımları atmasını istədi.

 





22.05.2017    çap et  çap et