525.Az

Vüqar Rəhimzadə: dövlətçiliyə sədaqətin jurnalist nümunəsi


 

Vüqar Rəhimzadə: <b style="color:red">dövlətçiliyə sədaqətin jurnalist nümunəsi</b>

Azərbaycan jurnalistikasının media kapitanları  sırasında  hamıya dost olan, insanlıq keyfiyyəti  və yüksək  mədəniyyəti ilə  seçilən  bir redaktor-jurnalist də var: Vüqar Rəhimzadə. Mən Vüqar müəllimi  "yeni jurnalistika"  dönəmindən tanıyıram.

Ətrafımızda elə bir jurnalist yoxdur ki, Vüqar Rəhimzadənin  mədəniyyət adamı  olmağından qürurla  danışmasın. Və mən bizim  Vüqar Rəhimzadə haqqında  düşünəndə ilk növbədə onun mədəniyyətini yada salıram.  Həm də bu xatırlama anında bir daha  belə fikrə  gəlirəm ki, yüksək mədəniyyətə sahib olmaq insanın ən böyük  və ən vacib  keyfiyyətidir.  Çünki Azərbaycan ədəbi dilinin işlək leksikonundakı "mədəniyyət"  sözü öz semantik  mənasına görə min bir rəng  çalarındadır. Mədəniyyət özündə  insanlığa, dünyaya, ətrafa mühasibətin ən ülvi   formatıdır. Mədəniyyət sözü özündə  milli-mənəvi dəyərləri qorumaq və  zənginləşdirmək məfhumu daşıyır. Biz bu sözün məna yükündə  Vətən və vətəndaşlıq,  millətə,  xalqa məhəbbət,  dövlətçiliyə,  azərbaycançılığa  sədaqət və  s. kimi onlarca  prinsipləri  birləşdirir:  yüksəs mədəniyyətə sahibsənsə, səndə ilk növbədə vətən sevgisi,  vətəndaşlıq  ləyaqəti var. Sadaladığım  bu keyfiyyətlərin  hamısı Vüqar  Rəhimzadənin xarakterini  bütövləşdirməkdədir.

Vüqar  Rəhimzadə  Naxçıvanımızın  Culfa rayonunun  bu gün də  uşaq  məhəbbətilə sevdiyi  Saltaq kəndində  doğulub.  Bu kəndin  indi də  sevgi ilə xatırladığı orta məktəbini  bitirib.  Bakıda Neft və Kimya  İnstituna daxil olub.  O zamanın və  indinin də  çox böyük  vəzifələr vəd edən  bu institutdan  sonra orada  qazandığı  peşənin  çoxçalarlı  sahələrində  çalışıb.  Fəhlə kimi, çilingər kimi və s.  Amma bütün irili-xırdalı  vəzifələrdə heç vaxt   mətbuata yazmağı, içində gəzdirdiyi  jurnalist olmaq  arzusunu unutmayıb.  Bakı Dövlət Universitetində  hüquq  fakültəsində  ikinci ixtisas  alıb. "Azərneftyağ"  kimi böyük  bir müəssisənin  direktor müavini işləyib, doğma Culfadan  Milli Məclisin deputatı seçilib - bütün bu müddətdə  də  bir an  da olsun  jurnalist fəaliyyətindən  əl çəkməyib.  Və elə o zamanlar  dəqiqləşdirib ki,  onun taleyi  bu peşə ilə bağlıdır.

Vüqar müəllim  jurnalistliyə  "Böyük kimya  uğrunda" adlı çoxtirajlı  qəzetdən  başlayır.  Hələ lap başlanğıcda  "Kamil qələm", "Qızıl  qələm"  mükafatlarına layiq  görülüb. Və bu yollar onu  bu gün  media mühitimizdə  sayılıb-seçilən, öz informasiya siyasəti ilə  dövlətçiliyə, azərbaycançılıq ideallarına  xidmət edən  "İki sahil"  qəzetinə gətirib.  Bu da bir tale  işidir. Vüqar  Rəhimzadə yaşadığı Vətənə sevgini,  dövlətçiliyimizə  sədaqətini, Ümummilli  liderimizin  tutduğu yola  xidmətini  bu qəzetdə  ifadə etməkdədir.

Azərbaycan Mətbuat Şurasının   yaradılması prosesi  mənim də yaxşı  yadımdadır. Bu şuranın yaradılması ilə bağlı  təşkilat komitəsinin  üzvləri sırasında  mən də Vüqar  Rəhimzadə  ilə birgə iştirak etmişik.  Məhz həmin anlarda  Mətbuat Şurası  ətrafında gedən  qızğın müzakirə  və mübahisələrdə  mən bu cavan  jurnalistin  əzminin və  təşkilatçılıq  qabiliyyətinin  şahidi olmuşam.  Elə o vaxtlar Vüqar  Rəhimzadə  Şuranın  İdarə heyətinə  üzv  seçildi və öz  fəaliyyətinə, peşəkarlığına, dövlətə sədaqətinə görə bu gün  də Şuranın  ən fəal  üzvü olaraq  özünü göstərməkdədir.  Bütün bu geniş  fəaliyyətinə  görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev  öz sərəncamı ilə Vüqar  Rəhimzadəyə "Əməkdar Jurnalist"   adı vermişdir.

Bu gün Azərbaycan jurnalistlərinə  dövlət qayğısının  simvolu olan  Azərbaycan  Respublikası  Prezidenti  yanında Kütləvi  İnformasiya  Vasitələrinə  Dövlət Dəstəyi  Fondunun  Müşahidə  Şurasının  üzvü kimi  də  fəaliyyət göstərmiş Vüqar  Rəhimzadə  harda olur-olsun, öz bacarığını, hadisələrə obyektiv münasibətini  həmişə göstərmişdir.

Vüqar  Rəhimzadə yaxşı bir dostdur. O, dostluğa da  çox sədaqətli bir şəxsiyyətdir.  Bizim ümumi dostumuz  Əflatun Amaşovun Saatlıdan  Milli Məclisə  deputat seçkilərində  biz bir neçə dəfə  media kapitanları  ilə bir yerdə  namizədi müşayiət  etmişik.  Mən o  yoldaşlıq anlarında - yol səfərlərimizdə  Umud  Rəhimoğlu,  Aydın Quliyev,  Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı və b.  kimi jurnalistləri  və İlham İsmayılov  kimi  mütərəqqi  iş adamını  daha yaxından  tanıdım. O səfər  yollarında Vüqar  Rəhimzadəni  hər kəsin necə  sevdiyinin  şahidi  oldum.

Bütün bunlar belədir  və bu beləlikdə Vüqar  Rəhimzadənin   xarakteri  onun redaktorluğunda,  "İki sahil"ə rəhbərliyində  daha çox üzə çıxır. "İki sahil"  Azərbaycan media mühitində,  bir də təkrar edirəm, ilk növbədə dövlətçiliyə və milli ideologiyamız olan azərbaycançılığa   sədaqəti ilə  tanınır.  Yeni dönəm jurnalistikası  dövrünün ilk  çağlarında  Qərbin özünün bir  çox hallarda imtina  etdiyi  bəzi  "standartlara"  uyma məqamında "İki sahil"  milli ideologiyanı  heç nəyə  qurban vermədi. Bu qəzetin amalı   Ümummilli  liderimiz  Heydər Əliyevin  azərbaycançılıq amallarına xidmət  meyarı ilə  ölçülür.  Bu böyük missiyanı  jurnalistikada  həm nəzəri,  həm də  praktik cəhətdən  tətbiq etmək  üçün Vüqar  Rəhimzadə bir istedadlı redaktor  kimi əsl peşəkar  jurnalistləri  ətrafına yığdı.  Bu  jurnalistlərin bir çoxu Bakı Dövlət Universitetində  jurnalistika fakültəsini  bitirmişdir.  Vüqar  müəllim bu fakültəyə və onun  məzunlarına  çox böyük  etimad  göstərir.  Yəqin elə  burdan irəli gəlir ki,  onun tədqiqatçılığa da meyli çox güclüdür. Siyasi  jurnalistikanın  tədqiqi ilə  siyasi elmlər  üzrə  fəlsəfə  doktoru, dosent Vüqar Rəhimzadə fakültəmizin  sayılıb-seçilən  müəllimləri  sırasındadır.  Tələbələri  onun mühazirələrini  xüsusi sevgi ilə  dinləyirlər.  Ən əsası  isə ona görə ki,  peşəkar jurnalist, elmi nəzəriyyəni  praktika ilə  birləşdirən   Vüqar müəllim  medianın  incə sirlərinə  yaxından bələddir.  Və bir də  teledebatlarda, müxtəlif  tədbirlərdə onu dinləyən  hər kəs Vüqar  Rəhimzadənin güclü  nitq qabiliyyətinə, geniş  eradisiyaya, dəqiq məntiqə sahib olduğunu  dərhal hiss edir.

Azərbaycan ideallarına  bağlı  bir jurnalistin  bu gün doğum günüdür. Bütün  jurnalist  dostlarımız adından  Vüqar  müəllimi  təbrik edirik.

 





24.05.2017    çap et  çap et