525.Az

Xoreoqrafiya Akademiyası "Yeddi gözəl"i təqdim etdi


 

Xoreoqrafiya Akademiyası "Yeddi gözəl"i təqdim etdi<b style="color:red"></b>

Mayın 30-da Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş etdirilib.

Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası olan "Yeddi gözəl" baleti həm də Bakı Xoreoqrafiya Akademiyasının "Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili"nə həsr olunmuş növbəti layihələrindən biridir.

Baş rolların ifaçıları Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Fatimə Xələfova və Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov idi.

Rəğbətlə qarşılanan tamaşanın bədii rəhbəri Xalq artisti Kamilla Hüseynova, müəllim-xoreoqraflar Mayra Almaszadə, Lyudmila Həsənova, Fərid İbrahimov və Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Əyyub Quliyev olub.

Q. Qarayevin "Yeddi gözəl" baleti bu təhsil ocağının 90 illik tarixində ilk dəfə tələbələrin iştirakı ilə tam şəkildə səhnələşdirilib.

Tamaşanı Mədəniyyət və Turizm Nazirliyinin, digər dövlət və hökumət təşkilatlarının nümayəndələri, Türkiyə səfiri Erkan Özoral, eləcə də başqa xarici diplomatlar seyr ediblər.

 





01.06.2017    çap et  çap et