525.Az

Möhtəşəm məktub


 

Möhtəşəm məktub<b style="color:red"></b>

Salam, Heydər baba! Bu gün – mayın 10-u sənin anım yox, ad günündür! Ölənləri anarlar, sən ki ölməmisən! Hər il dünya tarixində ən möhtəşəm bir qələbə günündən – 9 maydan sonra sən yenidən doğulursan! Çünki tale səni möhtəşəm qələbələr üçün dünyaya gətirmişdi.

BİSƏT

Sən şöhrətli ailədə doğulmadın! Çünki şöhrəti özün qazanmalıydın! Qazandın da! Sən dövlətli ailədə doğulmadın! Çünki dövləti özün qurmalıydın! Qurdun da! Sən adi, sadə bir ailədə dünyaya göz açdın! Çünki adi, sadə insanların halına yanmalıydın! Əzab-əziyyətin nə olduğunu bilməliydin ki, əzab-əziyyət içində olanların qədir-qiymətini biləsən! Bilirdin də!

Sən – adi, sadə, göygözlü, ağbənizli bir naxçıvanlı balası bilmirdin ki, qarşıda necə bir tale ilə üzləşəcəksən. Min bir güzəran çətinlikləri içində dərslərini hazırlayır, sinif yoldaşın Zəroşla birgə məşhur aktyor, Naxçıvan cavanlarının kumiri İbrahim Həmzəyevin dərnəyinə gedir, özünü səhnədə görürdün. Sonra o balaca Zəroş Naxçıvan səhnəsinin kraliçası – Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva oldu! Səni isə Azərbaycan siyasi səhnəsinin kralı olmaq gözləyirdi! Taleyin yazısı insanın istəyindən güclü idi!

Bakıya gəldin, ali təhsil aldın, dövlət təhlükəsizliyi orqanlarında qulluğa girdin, çevikliyin, intizamın, ağlınla yuxarıların diqqətini çəkdin, qiymətləndirildin, pillə-pillə qalxdın. Tale səni ən böyük mənəvi dəstəyinlə, Xədiceyi-Kübranla – Zərifə xanımla qarşılaşdırdı. Sevginin və sədaqətin örnəyinə çevrildiniz! Övladların dünyaya gəldi. Onsuz da ilhamlı idin, onsuz da sevilirdin, daha da ilhamlandın, daha da sevildin. Buracan olanlar sənin həyatının birinci dövrü, bura qədərkilər sənin BİSƏTin idi! Sən böyük bir missiyanın icrası üçün hazırlanırdın! Bu, taleyin hökmü idi! Bu, sənin hünərin idi!

DƏVƏT 

Sonra SSRİ adlı nəhəng imperiyanın başında duranlar gördülər ki, Azərbaycan taxtında əyləşməyə səndən layiqli namizəd yoxdur. Hakimiyyətə dəvət olundun. Birinci hakimiyyət dövrün başladı. Qəlbinin bir istəyi, dilinin bir sözü oldu – AZƏRBAYCAN! Kommunist Partiyasının bileti döşünün üstündə, Azərbaycan sevgisi döşünün altında oldu! Sənin yenilməz iradənin gücüylə Azərbaycan adlı qartal öz qanadlarını açıb SSRİ adlı nəhəng bir səmada qalibiyyətlə pərvaz etməyə başladı. Şovinist rusların, paxıl ermənilərin, özündənrazı gürcülərin, çoxbilmiş yəhudilərin arasında sən Məhəmməd Hadinin nakam bir arzusunu həyata keçirdin: “Qoymuş millət imzasını övraqi-həyata, VAR millətimin xətti ol imzalar içində!”

Onlar bizim Yevtuşenkomuz var deyəndə, sən bizim də Vahabzadəmiz var deyirdin. Onlar öz Matevosyanları ilə qürur duyanda, sən Anarla fəxr edirdin. Onlar Kobzonumuz, Zıkinamız, Osparyanımız var deyəndə, sən bizim də Maqomayevimiz, Xanlarovamız var deyirdin. Onlar bizim Mordyukovamız, Doroninamız var deyəndə, sən bizim də Məmmədovamız, Pənahovamız var deyirdin. Onlar Rustavelidən, sən Nizamidən, onlar Data Tutaşxia, Sasunlu Daviddən, sən Qaçaq Nəbi, Koroğludan bəhs edirdin. Onlar gümüşlənmiş öküz buynuzlarını qaldırıb böyük bir fəxarətlə özlərini şərab, bizi “çay oğlu” adlandıranda sən üzümçülük mədəniyyətini inkişaf etdirir, öküzün buynuzunu qırırdın. Gürcüstanla üzüm, Orta Asiya ilə pambıq yarışına çıxır və qalib gəlirdin. Sən özünün yorulmaz yarış ruhunla daha nələr eləmirdin... Sən SSRİ-ni dindən-imandan eləyirdin. Sən SSRİyə Azərbaycan adlı yeni bir İNANC gətirirdin! Və hamını bu yeni inanca baş əyməyə vadar edirdin! Sən yeni bir Şah İsmayıl idin! Sən rus, erməni, gürcü... bütlərini yıxırdın! Sənin adın bütün SSRİ ilə bir olmuşdu! Sən Azərbaycanın adını bütün SSRİ ilə bir eləmişdin!

Bu mümkünsüzü necə mümkün eləyə bilirdin? Çünki konkret siyasi durumu, tarixi situasiyanı dəqiq görən iti zəkanla sağa-sola ifratlardan yan keçir, qızıl ortanı tuta bilirdin. Birmənalı kommunist ideologiyası, yoxsa radikal millətçilik! Sən Nizaminin Bəhramı kimi qələbə tacını bu ifrat və təfrit şirləri arasından götürdün! Azərbaycanın gələcəyinə dair bəlkə də ən böyük xəyallarla yaşayırdın. Amma nəhəng sovet imperiyasının real gücü qarşısında xülyalara da qapılmırdın! İncəsənətə, ədəbiyyata heyrətamiz bir sevgi bəsləyən romantik, duyğusal bir insanıydın! Amma bayağı, romantik, siyasi uzaqgörənlikdən uzaq “vətənpərvərliyə” də uymurdun! Reallıqla hesablaşmaq və konkret durumda mümkün olanları etmək! Sənin ildırım sürətli siyasi uğurlarının əsasında bu müdrik qənaət durdu. Səndə qılınc və qələm birləşmişdi!

Sən SSRİ siyasi mənzərəsinə təyyarə uçuşundan baxır, panoramı bütöv görürdün. Ona görə müdrikiydin. Ona görə səhv eləmirdin. Bu müdrikliyinlə də sən öz xalqının tarixi taleyində silinməz izlər qoydun! Bu müdrikliyinlə də sən İŞ görə bildin. Buracan olanlar sənin həyatının ikinci dövrü, bura qədərkilər sənin DƏVƏTiniydi! Daha böyük missiyan hələ qabaqda idi!

HİCRƏT 

Sonra gördün ki, Azərbaycanı on beş “qardaş” arasında başa çıxarmaq üçün başa keçməlisən. Sonra gördülər ki, artıq Azərbaycana sığmırsan. Səni Kremlə çağırdılar. Doğma Bakıdan hicrət elədin. Məkkədən Mədinəyə vardın! Amma ruhən yox, cismən! Əlin həmişə Vətənin üstündə oldu! Gözün həmişə Azərbaycanın üstündə oldu! Davan həmişə Azərbaycanın üstündə oldu! Qromıkolar, qrişinlər, qorbaçovlar... Bir sürü slavyan şovinisti arasında tək qaldın! Tale ən böyük mənəvi dəstəyin Zərifə xanımı da əlindən aldı! Amma sən ona sadiq qaldın! Sənin sədaqətin oldu! Dastanlara sığmayacaq bir sədaqət! Bu sədaqətlə də dəhşətli sınaq dövrüylə üz-üzə qaldın!

Sənin siyasi peyğəmbərliyinə slavyan-yəhudi Mədinəsi biət eləmədi! Öz Məkkəndən də dalınca daş atanlar az olmadı! Yeganə hayanın, yeganə dayağın Tanrıya inancın, Azərbaycana sevgin oldu! Bu sevgini sənə bağışlamadılar! Azərbaycanlı olmağını əfv eləmədilər! Ağıllısan, müdriksən, Kremlə rəhbərlik edəcək qədər təcrübəlisən, lap belə dahisən, amma slavyan deyilsən dedilər! Slavyan-rus mühiti sənin timsalında özünün ən böyük rəqibini gördü! Və ən böyük səhvə yol verdi – SSRİ-ni nə Qromıko, nə Qrişin, nə də Qorbaçov yox, yalnız sən qoruyub saxlaya bilərdin! Tanrı bunu istəmirdi! Sən tarixin gedişini dəyişə bilərdin! Tarix bunu istəmirdi! Dünya da bunu başa düşürdü! Vatikana, Qərbə və Amerikaya özünün bayağı yenidənqurması və dəhşətli yenidənqırması ilə Qorbaçov sərf eləyirdi! Əliyevdən xilas olmaq lazımıydı!

Azərbaycan fobiyası, türk fobiyası, müsəlman fobiyası baş qaldırdı! Nərimanovu cismən zəhərləyən slavyan-erməni mühiti səni ev dustağı elədi, mənən zəhərləmək, mənən sındırmaq istədi! Bacarmadı! Topxanadan bir ağac kəsdilər, Azərbaycan dedin! Qarabağ olayları başladı, Azərbaycan dedin! Yanvar qırğını baş verdi, Azərbaycan dedin! Tanrı sənə dayaq durdu! Vətən eşqi sənə güc verdi! Və ölümə qalib gəlib Azərbaycana döndün! Həyatımın yerdə qalan hissəsini də Vətənə həsr edəcəyəm dedin! Buracan olanlar sənin həyatının üçüncü dövrü, bura qədərkilər sənin Hicrətin idi! Əsas iş – maqnum opus hələ səni gözləyirdi! Sən Vətəni xilas etməliydin! Vətən səni gözləyirdi!

NÜSRƏT

Qayıtdın! Nə qoyub getmişdin, nələr gördün! Aclıq, müharibə, siyasi hərc-mərclik, iqtisadi xaos, vətəndaş qarşıdurması, tüstüsü kəsilən ocaqlar, zülmətə qərq olmuş kəndlər, Əlikram Hümbətov, Surət Hüseynov, Rövşən Cavadov qiyamları, Sadval...və yaddan çıxmış Qarabağ – “Yağı səni nerədən daramış, gözəl yurdum!” Qazan xandan fərqli atın da yoxuydu ki, boynuna sarılıb ağlayasan! Ürəyini qucaqladın! Vətəni ürəyinin başına sıxdın! Bu ürəklə də atəşkəsə nail oldun, siyasi, iqtisadi xaosa son qoydun, vətəndaş qarşıdurmasını aradan qaldırdın. Torpağı kəndliyə verdin, əsrin neft kontraktını imzaladın. Qaçanı qovmadın, aman diləyəni öldürmədin! Sonuncu məişət əşyalarını satmağa hazırlaşan sənət adamlarını dilənçiliyin astanasından qaytardın, ədəbi-mədəni həyatı öz ritminə qaytardın... Və öz tarixi missiyanı başa yetirdin – çağdaş Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni bünövrəsini qoydun! Qalib gəldin! Amma qarşılığında ürəyini verdin, həyatını verdin...

Bura qədərkilər sənin həyatının sonuncu – dördüncü dövrüydü. Bu, sənin NÜSRƏTin idi! Bu, sənin son qələbən idi! Sən Azərbaycan siyasətinin peyğəmbəri idin! Sənin Quranın qurduğun Azərbaycan idi! Qoy sənin ölməz ideyaların müqəddəs, üçrəngli, ay-ulduzlu bayrağımız kimi Vətənin buludsuz göylərində əbədi dalğalansın!

Ölməzlərə də rəhmət düşür! Allah sənə rəhmət eləsin, Heydər baba!

 





13.05.2013    çap et  çap et