525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə sayımızda)

Parisdə o, öz təlimini açıq şəkildə öyrədirdi, həm də özəl tələbəsi, Paris kafedral kilsəsinin keşişi Fulbertin qız qohumu olan Eloizaya vuruldu.

Abelyarla Eloizanın sevgisindən onların oğlu oldu. Əmisi Fulbertin qəzəbindən yayınmaq üçün Eloiza Parisdən kənardakı qadın monastırına girdi. Abelyar isə Fulbertin təhriki ilə xədim edilməyindən əzab çəkirdi. Başına gələn biabırçılığa görə o, Paris yaxınlığındakı Sen-Deni kral abbatlığındakı monastır həyatına daxil oldu və Eloizanı da könülsüzlüyünə baxmayaraq, rahibə etdi.

 O, “Thelogia”-”İlahiyyat” kitabının birinci versiyasını yazdı, bu kitab rəsmi qaydada 1121-ci ildə Suasson şurası tərəfindən yeretik kimi məhkum edildi. Abelyarın Allahın sirliliyi və Üçlük (Trinity)- (Allah-ata, Allah-oğul və Müqəddəs Ruh kimi üç şəxsiyyətin timsalında mövcud olmaqla, Allahın öz mahiyyətə etibarilə vahid olması barədə xristianlığın mühüm doqmatlarından biri -  məqalə müəllifi) barədə dialektik analizi səhv kimi qiymətləndirildi və o, ev dustağı oldu. Abelyar Fransa kralı qarşısındakı məhkəməyə götürülməkdən yayınmaq üçün abbatlıqdan qaçdı. O, asket həyatı keçirmək istəyirdi. Tələbələri isə onu tapıb, onlara fəlsəfəni öyrətməyi davam etdirmək məqsədilə ona təzyiq göstərdilər.

 Bir qədər sonra Eloiza Paraklet adlanan yeni təşkil edilmiş qadın monastırının başçısına çevrildi. Abelyar isə himnlər kitablarını və 1130-cu illərdə Eloiza ilə birlikdə öz məhəbbət məktublarının kolleksiyasını tərtib etdi.

 Abelyarın Parisin kənarındakı Mon- Sen-Jenevyevada dərs dediyi tələbələrdən bir çoxu sonralar böyük şərəfə nail oldu. 1140-cı ildə Sendəki şura onu məhkum etdi və bu qərar Roma papası tərəfindən təsdiq edidi. Ona görə də Burqundiyadakı Klini böyük monastırına çəkildi və dərs verməkdən uzaqlaşdı. Bu vaxt o, xəstə və qoca idi, adi rahib həyatı yaşayırdı. Onun 1144-cü ildə öldüyü güman edilir, cəsədi Parakletə göndərildi, indi isə o, Parisdəki Per-Laşez qəbristanlığında Eloizanın yanında uyuyur. Abelyarın ölümündən sonra tərtib edilən epitafiyada müasirlərindən bir çoxu onu bütün dövrlərin ən böyük mütəkkirlərindən və müəllimlərindən biri kimi təlqin edir.

 Britanika (Britannica) ensiklopediyasında onun haqqında belə, həm də bundan bir qədər geniş məlumat verilir. Kembric ensiklopediyasında və Merriam Uebster avtobioqrafik lüğətində isə ona həsr olunmuş məqalələrdəki materiallar məhdud olmaqla, onların dəqiqliyinə zəmanət vermək də bir qədər çətindir.  

Abelyarla Eloizanın sevgisinə gəldikdə, onlar görüşən vaxtlarda dünya hələ yeni məhəbbəti öyrənirdi. Bu isə sonralar Renessans ruhu adlanan bir cərəyana diqqət verilməsinin başlanğıcı sayıla bilərdi. Onların sevgisi daş divarlar arasındakı qızılgüllərlə bəzənmiş bağda, kilsə evlərində baş qaldırdı. Abelyar gələcək Notr-Damın yerindəki qədim kilsədə xidmət edərkən, Eloizanı özünün bir tale hədiyyəsi, qismətinin şirin payı kimi tapdı. O, əsl istedad sahibi və ambisiyalı bir adam olmaqla, əyalətdəki kübar ata evindən Parisə gəlmişdi. Burada təhsil aldıqdan sonra bir alim kimi o, sürətlə irəli gedirdi və şəhərin fəlsəfə məktəbinin tanınmış liderinə çevrildi. İlahiyyat təlimi ilə məşğul olmaqla yanaşı, apardığı mübahisələrdə onun nüfuzu əlavə parlaqlığa nail oldu.

Belə bir şəraitdə o, gözəl karyeraya malik idi. Onun həqiqi və böyük hesab edilən bacarığına təriflər deyilirdi, həyatı da ehtiramla əhatə olunmuşdu. Eloiza adlı gözəl bir qız da fəlsəfəni öyrənmək məqsədilə onun ətrafına yığışan tələbələrin sırasına daxil oldu. Qızın əmisi keşiş Fulbert, Notr-Damın yaxınlığında yaşadığından, belə tanınmış ilahiyyat aliminə yaşamaq üçün öz evində yer verdi. Abelyar buna qədər qızı görmüşdü və onu fəth etmək naminə bağlanan müqaviləyə razılıq verdi. Axı qız da əmisinin himayəsində yaşayırdı.

Müəllimlə tələbəsi çox saydakı sakit saatlarını bağda, Sena çayı sularının ayaqlarını yuduğu Site adasında keçirir, qədim fəlsəfəni və onların oyanmaqda olan hisslərinə lay-lay deyən çay kimi sürətlə axan zamanı öyrənməyə həsr edirdilər. Onların arasındakı zahiri sakitlik o vaxta qədər davam etdi ki, bir neçə ay sonra onlar dərin məhəbbətin dərin elmindən yaxşı hali olanlara çevrildilər. Bu vaxt Abelyarın 37, Eloizanın isə 19 yaşı var idi. Eloiza ona tanış olmayan bu yeni münasibətə bütünlüklə cavab verdi, Abelyar isə öz ambisiyasını tamamilə unudub, ona evlənmək fikrinə düşdü. Bu isə onun kilsədə irəliləməsi imkanlarına xətər toxundurdu. Eloiza onun bu rəsmi qərarını rəsmi şəkildə də rədd etdi.

Onların sevgisi bir müddətdən sonra Fulbertə məlum oldu, bu vaxt onun kədəri və hiddəti nəzarətdən bütünlüklə çıxmışdı. Bu adam evində saxladığı qızı ələ keçirmək istədiyindən, Abelyarla Eloizanın sevgisi onun eybəcər eqoistik məqsədinə ağır zərbə vurmuşdu. Onların kənd yerinə qaçmaq təhlükəsi yaranmışdı, Eloiza bu sevginin bəhrəsi kimi uşaq doğdu. Abelyar ona evlənməyi hələ də təkid edirdi və axırda qız bunun vacib xarakter daşıdığını anlayıb, məşuqunun təklifi ilə razılaşması oldu. Lakin həm də bir şərt irəli sürdü ki, bu hadisə gizli qalmalıdır. Onlar belə rəsmi ittifaqa ona görə girişmişdilər ki, qızın əmisini sakitləşdirsinlər. Çünki o, bu məsələyə bir mükafat cavabı kimi onlarla barışacağını vəd etmişdi. Bu hadisə nəhayət baş verdikdə, Abelyar rəsmi qaydada evləndiklərini açıq şəkildə elan etdi. Nikahın bilinməsini istəməyən məşuqəsinin könlünü bu hərəkəti ilə zədələdiyindən, Eloiza sərt qaydada bu həqiqəti dandı.

Onların hər ikisi Fulbertin vəd etdiyi mükafatı həyata keçirəcəyinə inanmışdı. Lakin Eloizanın əmisi bu vaxt dərin narahatlıq keçirməklə, Abelyardan qisas almaq istəyirdi. Ona görə də onu cəzalandırmağı, həm də alçaltmağı qət etdi. Fulbertin adamları gecə Abelyar yatan vaxt onun otağına soxulub, onu xədim etdilər. Bu, iyrənc bir qisas olmaqla, onların taleyinə bu vaxtadək laqeydlik göstərən sivilizasiyanı da dəhşətə gətirdi. Biabır olmuş və alçaldılmış bu eşq qurbanı çıxış yolu kimi gizlənmək qərarına gəldi ki, bəlkə, rahat yaşaya bilsin. Belə səfil həyat naminə də o, kilsəni tərk etdi. Bir müddətdən sonra monastır andını içib, rahib oldu. Onun məhəbbətinə vəfasız çıxmaq istəməyən Eloiza da məşuqunun təklifi əsasında rahibəyə çevrildi. O, itaət altında yaşamağa razılaşdı və Parakletdəki qadın monastırına daxil oldu. Bu vaxt bədbəxt qızın 22 yaşı var idi.

Abelyarın ağlı hələ də güclü idi, onun təəccübünə rəğmən, cəmiyyət hələ də onu axtarırdı, ustalıq nümunəsi sayılan məntiqinə qulaq asmaq istəyirdi. Lakin yenidən təsir gücünə yiyələnməsi onun daha qəzəbli qaydada təqib edilməsinə səbəb oldu və həyatının sonrakı illəri mühakimələrlə və çoxtərəfli ağrının nəticəsi kimi kədərlərlə dolu idi. Sevgililərin bir-birindən ayrılmalarından 16 il keçdikdən sonra Eloizanın əlinə Abelyarın dostuna yazdığı və qızın bir təskinlik əlaməti kimi qəbul etdiyi məktub düşdü. O, bundan təsirlənib məşuquna ehtiras və şikayət saplarından hörülmüş bir cavab yazdı. Bu məktuba bərabər olan digər bir nümunəni hətta dünya ədəbiyyatında da tapmaq çətindir. Məşuqunun soyuq və formal cavabına qız suallarla dolu və utandırıcı xarakter daşıyan, lakin həm də təmkinli, itaət etməyi bildirən üçüncü məktubunu yazdı. Bu üç məktub məhəbbətdən əlavə, ümidsizlik içərisində ruhi təslimçiliyi axtaran bir könüldən xəbər verirdi. Məktubların, təqribən 1128-ci ildə yazıldıqları güman edilir, ilk dəfə isə onlar az qala altı əsr sonra, 1696-cı ildə Parisdə nəşr olunmuşdu.

Abelyar öz məhəbbəti naminə hələ də düşmənləri ilə inadkarlıqla mübahisə aparırdı. Son mərhələdə Romaya səfər etdi, orada öz təlimlərinə yeretinlik (dinsizlik) damğası vuran hökmdən şikayət etdi. Onun “Üçlük” ( “Trinity” ) barədəki təlimi kilsə tərəfindən məhkum edilmişdi. Lakin şikayəti də heç bir fayda vermədi, artıq o, yorulmuşdu. Xəstə Abelyar Burqundiyadakı monastırda öldü.

Eloiza  onun meyitini özünün başçı olduğu Parakletdəki qadın monastırında dəfn edilməsini xahiş etdi. Axı Abelyar Parakletin əsasını qoyan idi və onun cəsədi də öz son sığınacağını orada tapdı. 20 il sonra elə sevgilisinin öldüyü bir yaşda Eloiza da həyatdan getdi və məşuqunun yanında da dəfn edildi.

Belə deyirlər ki, nə vaxtsa o cür şirin anlara daldığı məşuqəsi olan bu qızı, Abelyar uyuduğu dar sərdabədə öz yanında dəfn olunmağa gələndə salamlamaq üçün öz tabe olan əllərini yenidən yuxarı qaldırmışdı. Əlbəttə, məhəbbət heç də əlləri öz zəfərini qoruyub saxlamaq üçün vacib vasitə hesab etmir, çünki bu hissə xidmət edənlər onun qaydalarına və prinsiplərinə heç də tabe olmurlar. Bəhrəsiz, qeyri-münbit torpaqdakı şirin su kimi o, insanların həyatının içərisinə yayılır, hətta onun müəyyən olunmamış formulu adamları daha dolğun azadlıq üçün ilhama gətirir.

XIX əsrin birinci onilliyində Napoleonun imperatriçəsi Jozefina Abelyarla Eloizanın məktublarını oxuduqda riqqətə gəldi, onların tənhalıqda uyuması ilə razılaşmayıb, cəsədlərinin gətirilib Parisin məşhur Per-Laşez qəbiristanlığında dəfn edilməsini istədi. Lakin bu arzu onun özünün ölümündən üç il sonra, 1817-ci ildə həyata keçdi. Həmin qəbiristanlığa gələnlər bu məhəbbət divanələrinə hörmət əlaməti olaraq, onların sərdabəsini ziyarət edir, bu ölməz rəmzə təzim qılırlar. Per-Laşez bu xoşbəxtlikləri miqyasında bədbəxt olanlara uyumaq üçün yer verməklə yanaşı, həm də onların qövsü-qüzehi andıran şöhrətlərinə də şərik oldu.

Onların məhəbbətinin simvolları kimi yazdıqları məktublar isə dünyanı dolaşmaqda davam edir. Bu sevgi ifadələrinin sevinci və hüznü ilə tanış olanlar onların qəbirlərini ziyarət edənlərdən heç də geri qalmırlar, bəlkə də, bu hisslər sərgisinə heyranlıqla tamaşa etdikdən sonra məhəbbət dünyasını daha yaxından tədqiq etmiş olurlar. Çünki bu tanışlıq, bu sehrli dünya ilə ünsiyyət məhəbbət qurbanlarının taleyinə biganə qalmaq istəməyən adamlara çox şey verir.

Bu məktublarda ifadə olunan döyünən ürəklərin nəbzində öz öyrəndiklərini unudub, məşuq rolunda daha böyük şöhrət tapan Pyer Abelyarın buna görə böyük haqq ödədiyi məlum olur. Sakit bir həyatı yaşadığı halda, böyük elm adamı sayılan bir adamın dərslərindən yalnız öyrənməyi arzulayan Eloiza da qızğın bir məhəbbətlə qarşılaşır. Lakin bu sevgi Abelyara olduğu kimi, ona da bədbəxtlik zəhərinin qədəhini içdirdi və uzun illər ərzində onu qəm dünyasında yaşamağa məcbur etdi.

(Ardı var)

 





19.06.2017    çap et  çap et