525.Az

İşıq adam


 

SONA VƏLİYEVANIN “İŞIĞA GEDƏN YOL” ROMANI HAQQINDA QEYDLƏR

İşıq adam<b style="color:red"></b>

Şərqin böyük mütəfəkkirlərindən olan Mövlana Cəlaləddin Rumiyə məxsus bir fikir var. O deyir ki, bir sarayın ən böyük otağına gecənin qaranlığında bir şam işığı ilə girsəniz nə olar? Otaqdakı bütün qaranlığı şam işığı yediyi üçün ətraf aydınlanar. Şam isə otağın qaranlığını yeyib udduğu halda yenə elə kiçik və təvazökar olaraq qalar. Bu, şamın xislətindən doğan xüsusiyyətdir.

Şam misalı ətrafına işıq saçan insanlar olmasaydı, bir milləti cəhalət qaranlığından xilas etmək üçün ömrünü şam kimi əridən maarif fədailəri olmasaydı, XIX əsrin sonu, XX əsrin əvvəllərində adlarını sadaladıqca bitməyən fikir dühalarımız yetişməyəcəkdi, bu gün bizim zəngin ədəbi xəzinəmiz o qaranlıqlar içində görünməz olacaqdı. O şam misalı insanlar Azərbaycanın ictimai-fəlsəfi, ədəbi təfəkkürümüzün, mətbu fikrimizin formalaşmasında müstəsna rol oynadılar. Belə insanlardan birincisi də anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabi idi.

Bu böyük insanın fəaliyyətinin miqyası o qədər genişdir ki, onun haqqında danışanda həm də bütövlükdə Azərbaycan haqqında danışmış olursan. Əlimərdan bəy Topçubaşov “Azərbaycanın mayakı” adlı xatiratında bu fikri çox gözəl ifadə edib: “Onu əhatə edən mövcud həyat işığın bütün şüalarını tələb edirdi, Günəş şüasının bütün spektrlərinə ehtiyac duyurdu. Həsən bəy həyatın bu tələblərinin ardınca getməli idi və gedirdi. O, təkcə hər hansı bir kateqoriyanın tələbləri üzərində dayana bilməzdi. Təkcə bir peşənin işçisi ola bilməzdi - bu peşə nə qədər cazibədar, şərəfli, faydalı olsaydı belə”. Müəllif fikrini inkişaf etdirərək yazır ki, xalq ondan bütünlüklə ona məxsus olmağı istəyirdi və Həsən bəy də xalqını canından artıq sevdiyi üçün özünü bütövlükdə milləti uğrunda fəda etməyə hazır idi. Həsən bəy həyatının mənasını xalqa xidmətdə görürdü. İnsan varlığının müstəsnalığı Həsən bəy Zərdabinin simasında daha qabarıq şəkildə özünü göstərdi. O, elə bir boz-bulanıq mənəvi iqlimdə, cəhalət dumanının gözləri kor etdiyi mühitdə yetişdi ki, onun zəkasına, bilik və bacarığına hava, su qədər ehtiyac vardı. Xilaskar missiyası Tanrı tərəfindən onun taleyinə yazılmışdı. Tanrı onu seçmişdi.

Bu günlərdə yazıçı Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılıq yolundan bəhs edən “İşığa gedən yol” romanını oxudum. Tarixi sənədlərə söykənərək yazılmış bu romanın baş qəhrəmanı Zərdabiylə yanaşı, həm də Azərbaycandır. İmperiya siyasətinin basqısı altında inləyən bir ölkənin xilasını təhsildə görən, xalqının maariflənməsi yolunda mübarizə aparan insanlar çar Rusiyasının gözünün düşməni idi. Çox təəssüf ki, yerli mülkədarlar, bəylər, məmurlar da öz mənafeləri naminə bu xilaskar insanları hər fürsətdə qaralamağa, sıradan çıxarmağa çalışırdılar. Zərdabi bu qaragüruha qarşı təkbaşına döyüşürdü. Sona xanım Vəliyeva bu seçkin insanın, canlı məşəlin doğumundan ölümünə qədərki şərəfli, mübarizələrlə, qovğalarla dolu həyatını bədii sözün qüdrəti ilə yenidən canlandırır. Babasının sevimlisi olan balaca Həsənin yuxularında gördüyü Kürün səthiylə uzanıb gedən nur yolu əslində, onun özünün yolu idi. Tanrı bu yolu onun qismətinə yazmışdı. Bir dəfə məktəbdə şagirdlərə gələcəkdə hansı peşəni seçəcəyi ilə bağlı inşa yazdıranda Həsən müəllim olacağını, Zərdabdan Şamaxıya qədər bütün kəndlərdə məktəblər açdıracağını yazmışdı. Həsəngilin ailəsi bəy nəslindən idi və onların geniş torpaqları vardı, istəsəydi kənddə qalıb qardaşları kimi bu torpaqlara sahiblik edər, əsl bəy kimi yaşaya bilərdi. Amma o, başqa bir sevdanın yolunu tutdu, elm, maarif təşnəliyi onu Zərdabdan Şamaxıya, ordan Tiflisə, ordan da imperiyanın paytaxtı Moskvaya çəkib apardı.

İslamın əsas məzhəblərindən olan ismaililik təriqətinə görə, canlı varlıqlar arasında insanlığın çələngi kimi kamil insan meydana çıxmalıdır. Belə bir insanın təzahür etməsi dünya ruhunun təkmilləşməyə doğru səy göstərməsi ilə izah olunur. Kamil insan dünyaya insanları xilas etmək üçün gəlir. Xilasetmə isə kamil biliyin, elmin, təhsilin nailiyyətidir. Həsən bəy Zərdabi də  Azərbaycanı qaranlıqdan, cəhalətdən xilas etmək üçün dünyaya gəlmişdi. O, toplumun maarif yolu ilə işığa çıxacağına qəlbən inanırdı.

“İşığa gedən yol” romanı Həsən bəyin şəxsiyyət olaraq formalaşdığı bu dövrü canlı bədii boyalarla təsvir edir. Əsərdə dramatik, ürək ağrıdan səhnələr bir-birini əvəz edir. Oxucu Həsən bəyin Moskvada təhsil aldığı dövrdə millətinə nə qədər bağlı olduğunu, xarakterinin bütövlüyünü əyani şəkildə görür. Moskva Dövlət Universitetində böyük rus tarixçisi Sergey Solovyovla çox yaxın münasibətləri yaranmışdı və Həsən bəy dəfələrlə onun evində qonaq olmuşdu. Onunla Solovyovun qızı arasında bir eşq macərası da yaşanmışdı, amma Həsən bəy bir müsəlman olaraq xristian qızı almaqla özünü xalqdan və xalqı özündən uzaqlaşdırmaq istəmirdi. Bu, onun ideallarına zidd idi. Müəllif onların arasında yaranmış munis hissləri o qədər zərif üslubda qələmə alır ki, oxucu bu labüd ayrılıqdan mütəəssir olmaya bilmir. Həsən bəy təhsilini bitirib vətənə qayıdanda da həyatında belə bir xoş təsadüflə üzləşir. Bu dəfə Taclıbəyim adlı bir qızın saf, məsum hissləriylə üz-üzə qalır. Amma Həsən bəy hələ yolun başlanğıcında idi, arzuları hələ gerçəkləşməmişdi. Evlənmək, ev, ailə qayğılarıyla yüklənmək onu bu ali məqsədlərdən uzaq sala bilərdi. Bu məqsədlər uğrunda o, şəxsi hislərindən də vaz keçməliydi, çünki o amallar xalqının işıqlı gələcəyini təmin edəcəkdi, onu cəhalət bataqlığından xilas edəcəkdi.

Həsən bəy bu sevgini də içində boğmağı bacardı və uzun bir yola çıxdı. O, millətin kasıb balalarının təhsil almasını təmin etmək üçün xeyriyyə cəmiyyəti yaratmağı düşünürdü və  Azərbaycanı qarış-qarış gəzərək bütün imkanlı, nüfuzlu bəyləri, mülkədarları bu müqəddəs işə cəlb etmək istəyirdi. Bu səyahət boyunca qarşımıza Azərbaycanın ictimai, ədəbi-bədii, fəlsəfi fikir tarixində müstəsna rol oynamış parlaq simalar çıxır. Ümumiyyətlə, romanda XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın maarifçilik hərəkatında iştirak etmiş bir çox şəxsiyyətlərin parlaq obrazları yaradılıb. Həsən bəyin şagirdləri və daha sonra davamçıları olmuş Nəcəf bəy Vəzirov, Əsgərağa Adıgözəlov (Gorani), özündən sonra gələn nəsilləri öz ədəbi məfkurə bayrağı altında birləşdirən Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Xurşudbanu Natəvan, Məhəmmədağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdin Tağıyev və daha kimlər, kimlər... Roman müəllifi hadisələri real və irreal sintezdə təqdim edir, Həsən bəyin mütəmadi olaraq eyni yuxunu cüzi fərqlərlə görməsi paralel olaraq onun tale marşrutunu müəyyənləşdirir. Bu missiyanın obrazlı təqdimi əsərin ideya və məzmunca zənginləşməsinə xidmət edir.

Romanda daha bir məqam diqqəti çəkir. Müəllif Həsən bəyi el-el, oba-oba gəzdirdikcə bu yurd yerlərinin hər birinin tarixi, etnoqrafiyası haqqında müfəssəl bilgi verir və bu cənnət guşələri (Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Şuşa) sonsuz bir məhəbbətlə təsvir edir. Yazıçı coğrafi məkandan kənara çıxır, bu şəhərlərin ruhuna xitab edir, bu şəhərlərin qəlbini mənəviyyat, sənət, estetika, elm vasitəsilə fəth edir.

Ən ürək göynədən məqamlar isə Həsən bəyin bu müqəddəs missiyasının uğursuzluqla nəticələnməsi idi. Getdiyi bütün şəhərlərdə iki-üç maarif xadimindən başqa heç kəs onun yaratdığı cəmiyyətə cüzi miqdarda da olsun, maddi yardım etmək istəmir. Hərəsi bir bəhanə ilə pul verməkdən boyun qaçırır. Onlar kasıb balalarının onların övladları ilə eyni məktəbdə təhsil almasını qəbul edə bilmirdilər. Həsən bəy tək qalmışdı, yığılan pul isə uşaqların uzun müddətli təhsili üçün yetərli deyildi. Hənifə xanım öz ömür-gün yoldaşını ruhdan düşməyə qoymur, çiyin-çiyinə verib öz evlərində imkansız uşaqlara dərslər keçirlər. Hənifə xanım uşaqlar üçün qış geyimləri tikir, onları yedizdirib-içizdirir, öz övladlarından ayırmır. Həsən bəyin sarsılmaz iradəsi, millət sevgisi olmasaydı, başladığı işlər də yarımçıq qalacaqdı, Hənifə xanımın dözümü, səbri, fədakarlığı olmasaydı, Həsən bəy bu ağır missiyanı çiyinlərində təkbaşına daşıya bilməyəcəkdi. Romanda Həsən bəyin “Əkinçi”nin nəşri üçün qatlaşdığı əzablar, narahat günlər, aylar, Zərdabda qaragüruhla mübarizəsi, Dövlət Dumasındakı qaynar fəaliyyəti dolğun və əhatəli şəkildə, prozaik dillə qələmə alınıb.

Milli teatrımızın və mətbuatımızın banisi Həsən bəy Zərdabinin irsi zaman-zaman araşdırılıb, haqqında monoqrafiyalar, tədqiqat əsərləri, kitablar yazılıb. “İşığa gedən yol” isə Azərbaycan ədəbiyyatında Həsən bəy Zərdabidən bəhs edən ilk romandır. Düşünürəm ki, gələcəyini jurnalistika, yazı sənəti ilə bağlamaq istəyən hər bir gənc bu romanı oxumalıdır.

Həsən bəyin maarif yolunda yorulmaz mübarizəsi, millət sevgisi bu kitabın hər səhifəsində, hər cümləsində işıq saçır. Ürəyimiz növbəti səhifəni əlimizdən tez açmaq istəyir. İşığa gedən yol heç zaman tükənmir. Sələflərin yolunu xələflər davam etdirməlidir ki, gələcəyimizin yolları həmişə işıqlı olsun.

İşığa gedən yol həm də bu kitabdan keçir.

 





19.06.2017    çap et  çap et