525.Az

Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açıldı


 

Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açıldı<b style="color:red"></b>

İyunun 19-da Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkının açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində Kiyev şəhər Peçerski rayon Administrasiyasının başçısı Sergey Martinçuk çıxış edərək belə bir gözəl və yaraşıqlı istirahət guşəsinin şəhər sakinlərinin ixtiyarına verilməsinin tarixi hadisə olduğunu qeyd edib. S.Martinçuk vurğulayıb ki, şəhərin mərkəzi ərazilərindən birində yerli sakinlərin xoş və mənalı istirahəti üçün istifadəyə verilən park Azərbaycan-Ukrayna dostluğunun bariz nümunəsidir.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev iki ölkə arasındakı dostluq əlaqələrindən danışaraq belə bir parkın açılmasının xalqlarımız arasında mədəni körpü rolunu oynayacağını bildirib. Səfir gələcəkdə bu parkda Azərbaycanın və Ukraynanın görkəmli şəxsiyyətlərinin büstlərinin ucaldılacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən müstəqil Azərbaycanın xarici ölkələrdə, o cümlədən Ukraynada uğurlu sosial, mədəni layihələr həyata keçirdiyini bildirib. Ukraynalı deputat Kiyev şəhərinin mərkəzində yeni istirahət parkının istifadəyə verilməsini buna bariz nümunə kimi dəyərləndirib.

Çıxışlardan sonra parkda Azərbaycan və Ukrayna dostluğunu əks etdirən ağac əkilib.

Tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Azərbaycan mahnı və rəqs ansamblının konserti ilə davam etdirilib.

Qeyd edək ki, bu park Kiyev şəhərində Azərbaycanın təşəbbüsü ilə salınan ikinci istirahət guşəsidir. Bundan öncə Kiyevdə 2004-cü ildə ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkının açılışı olub.

Parkın inşası azərbaycanlı investorların sahib olduğu “Drujba Narodov” şirkəti tərəfindən həyata keçirilib.

Parkda xüsusi rənglənmiş xırda daşlarla Azərbaycanın və Ukraynanın dövlət bayraqları həkk olunub. Abidə daşının üzərində isə hər iki ölkənin dövlət dilində parkın rəsmi adı qeyd edilib.

İstirahət parkında qazon örtüyü salınıb, dekorativ gül və ağaclar əkilib. Bununla yanaşı, parkda oturacaqlar, işıq dirəkləri quraşdırılıb.

 





19.06.2017    çap et  çap et