525.Az

Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq


 

Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: <b style="color:red">problemli dostluq</b>

1920-ci ilin başlanğıcında ingilislərin Malta əsarətindən xilas olmaq üçün yollar axtaran Əhməd Ağaoğluna həyat yoldaşı Sitarə xanım və bacısı Humay mümkün ip uclarından biri kimi Azərbaycan Cümhuriyyətinin Parisdə, Versal Sülh konfransındakı Nümayəndə heyətinin başçısı, həmkarı və köhnə dostu Əlimərdan bəy Topçubaşovun ünvanını göndərmişdilər.

Suda boğulan saman çöpündən yapışar-deyirlər. Böyük güclərin meydan suladıqları Versalda özlərini dünya ağaları sayan harın, iddialı britaniyalıların Əlimərdan bəyin sözünə qulaq asacaqları ehtimalı son dərəcə  cüzi idi. Lakin ailə başçısının bir an əvvəl geri dönüb evinə, övladlarına sahib durmasını istəyən köməksiz qadınlar bu cüzi imkanı da sınaqdan çıxarmağı zəruri saymışdılar. Əvəzində isə heç gözləmədikləri halda Əhməd bəydən tənəli, tikanlı sözlər eşitmişdilər: "Topçubaşovun ünvanını yazmısınız. Ona məktub göndərməkdən vaz keçdim. Əbəs yerə minnətdar olmaq istəmirəm. Hər kəsi tanıdıq, öyrəndik. Getsinlər, zövq və səfalarını sürsünlər". Məktub Malta adasından 1920-ci il fevralın 28-də yola salınıb.

Bu tarixi yadda saxlayaq.

Əhməd bəyin 20 ildən çox tanıdığı böyük ziyalının, Rusiya türklərinin qürur duyduqları görkəmli ictimai-siyasi xadimin, əməl və mübarizə yoldaşının ünvanına şəxsi xarakterli məktubunda da olsa, gizlətmək istəmədiyi kəskin hiddət Ağoğlu-Topçubaşov münasibətləri üzərində daha ciddi düşünməyə vadar edir.

Şübhəsiz, Əlimərdan bəyi zövq və səfa sürməkdə ittiham edən Əhməd Ağaoğlu tamamilə haqsız idi. Yəqin ki, özü də bunu başa düşürdü. Amma ilk baxışdan, məsələlərin pərdə arxasından xəbərsiz olanların nəzərində haqlı da görünə bilərdi. Çünki birinci Parisdə, dünyanın görkəmli siyasətçiləri arasında idi, qurucularından biri olduğu dövlətin tanınması uğrunda mübarizə aparırdı, ikinci isə Malta adasında, ingilis əsirliyində zillət çəkirdi. Birinci ailəsini də yanına gətirmişdi, sonralar ehtiyacın, məhrumiyyətlərin hər üzü ilə görsə də, ilk vaxtlar üçün az-çox düzənli həyat qurmuşdu. İkinci isə özündən çox İstanbulda imkansız, vəsaitsiz qoyub gəldiyi xanımının və uşaqlarının dərd-səri ilə yaşayırdı. Birincinin dövlət başçısı kimi“zati-aliləri” çağırıldığı, hörmət-izzət gördüyü, Parisin Yelisey çöllərində, lüks “Klaric” otelində yaşadığı müddətdə ikinci  faşist həbs düşərgələrindəki kimi 2706 nömrəsi altında  ingilislərin əsirlərini yolüstü saxladıqları Limni adasında bir neçə gecəni  hətta soyuq dəmir sisterna içərisində keçirməli olmuşdu. Paralelləri yenə də  davam etdirmək mümkündür.

Bakını fərqli vaxtlarda tərk etsələr də son məqsəd Paris idi. Ə.Topçubaşov Fransa paytaxtına, Versal Sülh  konfransına Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin sədri, Ə. Ağayev isə başqa iki millət vəkili ilə birlikdə üzv kimi yollanırdı. 25 illik ayrılıqdan sonra yenidən Mars çölündə gəzmək, Latın məhəlləsində dolaşmaq, rus təbəəsi sifətində şiə-İran düşüncəsi ilə gəlib əqidəli türkçü kimi tərk etdiyi Sorbonna divarları arasında tələbəlik illərini xatırlamaq, ehtiyac, məhrumiyyət gördüyü Parisə indi azad millətinin və müstəqil dövlətinin təmsilçisi kimi  ayaq basmağın qürurunu yaşamaq –yəqin ki, o günlərdə Əhməd bəyin xəyalına hakim kəsilən düşüncələrin axarı təxminən belə ola bilərdi.

Lakin Parisə gedən yolu İstanbulda qırılmışdı. Şəhərdə ağalıq edən Britaniya işğal qüvvətləri ermənilərin fitnəsi ilə onu həbs etmişdilər.

Nümayəndə heyətinin başçısı kimi İstanbuldan Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi 4-5 mart tarixli  məlumatda Ə.Topçubaşov Antanta güclərinin Azərbaycan heyətini Versal Sülh konfransına buraxmamaq üçün çeşidli bəhanələrə əl atdıqlarını qeyd edərək yazırdı:

“Belə cəhətlərdən biri kimi ingilislər və fransızlar nümayəndə heyətimizin tərkibində Əhməd bəy Ağayevin (Əhməd bəy 1909-cu ildən sonra daha çox Ağaoğlu soyadı ilə tanınmışdı. Lakin Azərbaycan hökumətinin rəsmi sənədlərində və “Kaspi” qəzetində “Ağayev” kimi qeyd edildiyinə görə mən də orijinalın mətninə sadiq qalmağa üstünlük verdim – V.Q.) olmasını irad tuturlar. Məsələ burdadır ki, az qala  gəlişimizin ertəsi günü yerli mətbuatın əsasən fransız dilində çıxan bir qismi, xüsusən də “Renaissence” adlı fransızdilli erməni qəzeti Əhməd bəy Ağayevin əleyhinə amansız kampaniya başladı. Qəzet onu ittihadçıların (İttihad və Tərəqqi partiyası nəzərdə tutulur. – V.Q) lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin  əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılır.

Onun haqqında təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan Nümayəndə heyəti Əhməd bəy Ağayevi özü ilə aparmamalıdır. “Bu bizim məsləhətimizdir. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, daim əleyhimizə danışan və yazan bir adam kimi arzuolunmaz şəxsdir”. Mənim Əhməd bəyin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti üçün son dərəcə zəruri şəxs hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda  bilmədi. General Tomsonun  Əhməd bəy Ağayevə verdiyi zəmanət məktubu da heç bir rol oynamadı”.

Əhməd bəy İstanbula çatan kimi ağır xəstələndiyindən Ə.Topçubaşov və Azərbaycan  heyətinin digər üzvləri bir neçə dəfə evində ona baş çəkmiş və işğal qüvvələri komandanlığı ilə çətin danışıqlar barədə məlumat vermişdilər. Lakin görünür yaranmış incikliyi aradan qaldırmaq mümkün olmamışdı.

1919-cu il aprelin sonlarında Nümayəndə heyəti min bir məşəqqətdən sonra viza alıb yunan gəmisi ilə İtaliya üzərindən Parisə yola düşəndə Əhməd bəy Ağayev - Əhməd Ağaoğlu artıq həbs olunaraq Osmanlı imperiyasının bir çox tanınmış şəxsləri ilə birlikdə hərbi qışlada - Bəkir ağa bölüyündə saxlanırdı.

Burada Əlimərdan bəyin bir günahı vardımı? Əksinə, o mükəmməl fransızcası, asan kontakta girmək qabiliyyəti, parlaq publisist qələmi, ehtiraslı polemika bacarığı, tribunluğu, Fransa paytaxtındakı köhnə əlaqələri ilə Nümayəndə heyətinin az qala yarısının işini görə biləcək Əhməd bəyin Parisə gedə bilməməsinin nə qədər ağır itki olduğunu hamıdan yaxşı başa düşürdü. Başa düşür

və təəssüflənirdi. Lakin nəyisə dəyişmək qüdrətinə malik deyildi. Belə məqamda köhnə dostdan, əqidə yoldaşından inciməyə dəyərdimi?

Amma Əhməd bəy incimişdi. Və bunu gizlətməyi lazım bilməmişdi.

İndi isə yenə Əhməd bəyin Ə.Topşubaşovun guya Parisdə zövq-səfa sürməsindən bəhs edən 28 fevral 1920-ci il tarixli məktubuna qayıdaq.

Həmin məktubdan təxminən 40 gün əvvəl və Versal Sülh konfransında Azərbaycan Cümhuriyyəti dövlətinin de-fakto tanınmasından 9 gün sonra (!)-1920-ci il yanvarın 20-də  Əlimərdan bəy Nümayəndə heyətinin başqa bir əməkdaşına - sirdaş bildiyi, dərdlərini bölüşdüyü  Ceyhun bəy Hacıbəyliyə yazırdı: “Maddi vəziyyətimiz son dərəcə acınacaqlıdır. Gürcüstandan borc aldığımız 100 min frank artıq qurtarıb. Fevralı bir təhər başa vuracağıq. Sonra isə biabırçılıqdır”

Bu insanlar aslanlar arasından tacı-dünyanın böyük güclərindən Azərbaycan dövlətinin faktiki mövcudluğunun tanınması haqqındakı tarixi sənədi hətta öz dövlətlərindən halal maaşlarını ala bilmədikləri, borca yaşadıqları bir şəraitdə qoparmağı bacarmışdılar.

Belədə hansı zövq-səfadan söhbət gedə bilərdi?

Başqa bir sənəd də var.

Əhməd bəyin 18 yaşlı qızı Sürəyya Ağaoğlunun İstanbuldan Maltaya göndərdiyi 5 mart 1921-ci il tarixli məktub. Həmin məktubda gənc Sürəyya xanım Parisdən, Əlimərdan bəydən pul alqıqlarını, həmin puldan atasına 15 funt-sterling göndərdiklərini, tapşırdığı adamların hamısı ilə görüşdüyünü bildirirdi.

Bu elə bir dövr idi ki, Ə.Topçubaşov özü də heç bir yerdən maliyyə yardımı ala bilməyən, heç bir disporaya, zəngin, səxavətli soydaşa güvənmək imkanı olmayan fərəhsiz mühacir həyatı sürürdü. Lakin son sent də qurtarana qədər Nümayəndə heyətinin sərəncamındakı vəsaiti hər ay maaş kimi üzvlər arasında bölüşdürürdü. (Əhməd bəy Parisə gələ bilməsə də rəsmən Nümayəndə heyətinin tərkibində sayılır və aylıq məvacibini alırdı).

Amma bu yüksək centlmenlik nümunəsinə baxmayaraq arada yenə də soyuluq, inciklik vardı. İncikliyin kökləri isə daha əvvələ - “Kaspi” redaksiyasında birgə çalışdıqları vaxta gedib çıxırdı. İkisi də nisbətən gənc və iddialı idi. Bacarıqlarına da söz ola bilməzdi. Biz indi nə qədər yüksək dostluq və həmkarlıq münasibətlərindən  danışsaq da, aralarında gizli “birincilik” savaşının getməsi təbii və gözlənilən idi. El arasında deyildiyi kimi “iki qoçun başı” sindromu...

***

1898-ci ilin iyulunda Ə.Topçubaşov Hacı Zeynalabdin Tağıyevin mətbəəsi ilə birlikdə satın alıb Azərbaycan ziyalılarının sərəncamına verdiyi “Kaspi”nin  baş redaktoru kimi fəaliyyətə başladı. Şübhəsiz, bu ağır, məsul yükün altına girərkən güvəndiyi qələm sahiblərindən biri, bəlkə də birincisi Əhməd bəy idi. 1898-ci ilə qədər “Kaspi”də ara-sıra imzası görünən Ə.Ağayevin adı yeni baş redaktorun gəlişi ilə qəzetin yazarları sırasında yer almışdı. Adı hər ilin sonunda fərqləndirilən əsas müəlliflərin siyahısında yer almışdı. Bu, sadəcə gəlişi gözəl sözlər deyildi. “Öz qəzetinin” – “Həyat”ın nəşrə başladığı 1905-ci ilə qədər Əhməd bəy lokomotiv kimi yorulmadan “Kaspi”ni çəkib arxasınca aparırdı.

Sabirin epiqramlarının birində Bakı qəzetlərində “mabədi var” qeydi ilə uzun-uzadı məqalələr yazan Molla Ərəszadə (akademik Həmid Araslının atası – V.Q.) haqqında işlətdiyi “Gündə çıxan qəzetənin bircəsi boş getməyir” misrasını yaxşı mənada Əhməd bəyə də şamil etmək mümkün idi. Amma onun yazıları uzun deyildi, lakonikliyi və ifadəliliyi, daim hədəfə sərrast tuşlanması, ağrılı məsələləri ictimai fikrin diqqət mərkəzinə gətirməsi ilə seçilirdi.

Bir az da statistika. 1898-ci ilin iyunundan sonra -39, 1899-cu il -71, 1900-cu il – 77, 1901-ci il – 58, 1902-ci il -77, 1903-cü il – 142, 1904-cü il – 101, 1905-ci ilin aprelinə qədər -21. Bunlar “tez və asan yazmağı bacaran Əhməd bəyin” (Yusif Akçura)  “Kaspi”nin əsas müəllifi kimi çalışdığı illərdə qəzetdə çap olunan məqalə, publisist yazı, oçerk, felyeton və zarisovkalarının sayıdır. Təbii ki, gündılik redaktə xarakterli işlər, redaksiyanın tapşırığı ilə hazırlanan xəbərlər və s.  yuxarıda gətirdiyim saya daxil deyildi.  Bu yazıların tam siyahısına əsaslanaraq əminliklə demək olar ki, işıqlandırdıqları mövzular üzrə qruplaşdırmaqla (islam dini, Avropa maarifçiliyi, çağdaş dünya siyasəti, rus ədəbiyyatı, “erməni məsələsi”, islam dünyasının tarixi, XX əsrin əvvəlləri Azərbaycanın mədəni-mənəvi həyatı və s.) onları bir neçə cilddə, həm də ictimai-siyasi və ədəbi fikir tariximizə işıq salan cilddə  birləşdirmək mümkündür.

Şübhəsiz, Əhməd bəy Ağayev “Kaspi” üçün əvəzedilməz əməkdaş idi. Hər şey barədə vaxtında, operativ, ən başlıcası isə yüksək peşəkarlıqla yazmağı bacarırdı. Gündəlik nəşrin redaktoru kimi Əlimərdan bəy bunu hamıdan yaxşı başa düşür və yüksək qiymətləndirirdi. Ona görə də xarakterinin impulsiv cəhətləri ilə seçilən, tez hövsələdən çıxan qələm dostunun  şıltaqlıqlarına da dözürdü. Hələ 1902-ci ilin oktyabrda Əhməd bəy özünə şöhrət  qazandıracaq əsərlərin çoxunu ortaya qoymadığı bir vaxtda F.Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabına yazdığı resenziyada Əlimərdan bəy səmimiyyət və ürək açıqlığı ilə dostunun da artıq milli ədəbi fikrin tarixində yer tutduğunu xüsusi vurğulayırdı.

Yaxud yenə həmin 1904-cü ildə “Şərqi-rus”la “Kaspi”, Məhəmməd ağa Şahtaxtlı ilə Əhməd Ağayev arasında qızışan və zaman-zaman etika hüdudlarını aşan polemika zamanı Əlimərdan bəy “Şərqi-rus” naşirinin özünə daxili senzura tətbiq etmədiyini yaxşı bildiyi halda, yaxasını kənara çəkməmişdi. Əksinə, müdafiəyə ehtiyacı olmasa da, açıq şəkildə Əhməd bəyin tərəfində dayanmışdı, onu çağdaş jurnalistika etalonu kimi özünü çətin və mürəkkəb qəzetçilik fəaliyyətinə qədəm qoyan hər kəsə örnək göstərmişdi: “Kaspi” oxucuları cənab Ağayevi yaxşı tanıyırlar. Həm də publisist fəaliyyəti ilə o qədər yaxından tanışdırlar ki, burada əlavə məlumat verməyə heç bir lüzum qalmır.

Onun dərin biliyi, işinə məhəbbəti, müdafiəsində durduğu mütərəqqi ideyalarla bağlı diri və canlı qələmi tatar dilindəki yeni qəzetin müsəlmanların maarifi və tərəqqisi yolunda əzmlə irəliləyəcəyi, onlar üçün yaşadıqları həqiqi həyatın – bütün tələbləri və çatışmazlıqları, bütün sevincləri və kədərləri ilə mövcudluğun güzgüsü olacağının sarsılmaz təminatıdır”.

Lakin bu yüksək etimada baxmayaraq prinsipial və tələbkar Əlimərdan bəyin fikrincə, həmkarının vəzifəsini layiqincə  yerinə yetirmədiyi, öz eqosunu ümumi işdən, cəmiyyətin maraqlarından üstün tutduğu məqamlar da  olmuşdu.

Əlimərdan bəy 14 sentyabr 1904-cü ildə aralarında baş verən kiçik bir münaqişə ilə bağlı hər ikisinin müştərək və müdrik dostu  kimi tanınan Əli bəy Hüseynzadəyə yazırdı: “Həsən bəy də (gələcək Azərbaycan Cümhuriyyəti Parlamentinin faktiki sədri, doktor Həsən bəy Ağayev nəzərdə tutulur – V.Q.) bizdən ayrılacaq. Qalan ümumi tanışlarımız öz yuvalarına çəkiliblər və qışı bağlarda keçirməyi qərara alıblar. Müsəlmanların çoxu (burada azərbaycanlılar mənasında işlənmişdir - V.Q.) hələ şəhərə qayıtmayıblar. Ümumiyyətlə, indiki zamanda bizimkilər özlərini son dərəcə ləyaqətsiz, qorxaqcasına aparırlar. Əməkdaşımız Əhməd Ağayev elə qorxuya düşüb ki, nəticədə əsəb xəstəliyinə tutulub, ailəsi ilə birlikdə buradan tamam çıxıb getmək istəyir. Baxmayaraq ki, cəmisi dörd gün  qabaq qayıdıb”. Burada müəyyən izahata ehtiyac var.

Xatirimdədir ki, bir neçə il bundan əvvəl ciddi tarixçi kimi dərin hörmət bəslədiyim Aydın  Balayevin rəhbərlik etdiyi ann. az saytında məsələnin mahiyyətinə varılmadan sitat gətirdiyim məktub təxminən “Əlimərdan bəy Topçubaşov Əhməd Ağayevə “qorxaq” dedi” tipli sensasiyon görünəcək çığırğan başlıq altında verilmişdi. Əslində isə hər şey başqa cür olmuşdu.

1904-cü ilin iyul ayında Bakıda vəba epidemiyası yayılmağa başlamışdı. İnfeksiyanın ilk daşıyıcısı bir müddət qabaq Vyatka quberniyasından Bakıya köçüb neft mədənlərində arabaçılıq edən Stepan Reşetnikov adlı rus olsa da, xəstəlik tezliklə şəhərin antisanitariya girdabında boğulan  kasıb rayonlarına, ilk növbədə isə müsəlman məhəllələrinə sıçramışdı. Əlimərdan bəyin də üzvləri sırasında yer aldığı şəhər idarəsinin bütün səylərinə baxmayaraq təhlükəli epidemiyanı lokallaşdırmaq və qısa zaman ərzində qarşısını almaq mümkün olmamışdı.

“Kaspi”nin baş redaktoru və böyük nüfuza  malik ziyalı kimi ölüm saçan xəstəliyin tüğyan etdiyi günlərdə Əlimərdan bəy həqiqi insanlıq və fədakarlıq nümunəsi göstərmişdi. Qəzetin 1904-cü il 29 iyul tarixli sayında onun həyəcan təbili xarakteri daşıyan  “Bakıda vəba xəstəliyinin ilk təzahürü haqqında” adlı məqaləsi çıxmışdı. Sonrakı günlərdə Ə.Topçubaşov şəhər Dumasında hər gün keçirilən iclaslarda fəal iştirakla, vəziyyətlə yerində tanışlıqla,  şəhərin üzdə olan azərbaycanlılarını maddi və mənəvi cəhətdən mübarizəyə səfərbər etməklə bir sırada tibbi maarifçilik fəaliyyətini də əsla dayandırmamışdı.  Həmin günlərdə biri-birinin ardınca “Kaspi”də “Sanitar qeydləri” ümumi başlığı altında 6 yazıdan ibarət silsilə məqalələri çap olunmuşdu.  “Sahə (şəhərin yaşayış ərazisi nəzərdə tutulur –V.Q) himayəçiləri” (8 sentyabr), “Sahə himayədarlığı” (11 sentyabr), “İctimai xeyriyyəçilik” (12 sentyabr),” “Həkimlər” (19  sentyabr), “Əsas rəhbər” (22 sentyabr”), “Əhalinin münasibəti” (23 sentyabr) adlı bu yazılarda Bakını xəstəliyə təslim edən rus və erməni idarəçilərin laqeydliyindən, bürokratik şirma arxasında gizlənmələrindən, imkanlı və nüfuzlu azərbaycanlıların yalnız öz canlarnın hayına qalmalarından, xalqı düşünmələrindən qəzəblə söz açılırdı. Əlimərdan bəy kasıb, imkansız soydaşlarından hər gün 40-50 nəfərin ölməsinə seyrçi münasibət bəsləyən həmvətənləri və dindaşları birliyə, həmrəyliyə çağırırdı.

Əhməd Ağayevə gəldikdə isə o, məzuniyyət hüququndan yararlanaraq hələ epidemiya yayılmamışdan - iyulun 20-dən avqustun 23-nə qədər ailəsi ilə birlikdə Qarabağda, Şuşada olmuşdu. Geri qayıtdıqdan sonra qəzetdə ilk yazısı avqustun 25-də (“Sultan Muradın ölümü”) işıq üzü görmüşdü. Bundan sonrakı günlərdə redaksiyada ənənəvi məhsuldar fəaliyyətini davam  etdirmiş, biri-birinin ardınca “Səciyyəvi polemika” (16 avqust), “Tənbəllik mikrobu” (28 avqust), “Müsəlman xeyriyyəçilər diqqətinə” – çağırış xarakterli bu yazı vəba epidemiyası ilə bağlı idi –V.Q; 2 sentyabr), “Yuxu, yuxsa ölüm? (4 sentyabr), “Fars hökumətinin bəyanatı” (10 sentyabr), “Müharibə ətrafında” (12 sentyabr), “Dostlara məktublardan” (14 sentyabr) kimi günün tələbləri ilə səsləşən yazıları çıxmışdı.

Epidemiyanın səngimək əvəzinə daha da şiddətləndiyini görəndə isə yenidən   iki həftəlik məzuniyyət götürərək ailəsini daha təhlükəsiz yerə -Şuşaya aparmaq qərarına gəlmişdi. Sentyabrın sonlarında şəxsi problemini həll edib redaksiyadakı işinin başına qayıtmış, qəzetdə əvvəlki intensivliklə çap olunmağa başlamış, (“Müsəlman söhbətləri”, məqaləsi sentyabrın 30-da çıxmışdı), epidemiynın hələ də səngimədiyi oktyabr ayında isə Bakıdan kənara ümumiyyətlə, ayaq basmamışdı.

1904-cü ildə Əhməd Ağayevin ilk övladının – qızı, gələcəyin ilk türk qadın hüquqşünası Süəryyanın (Sürəyya  Ağaoğlu, 1903-1989) bir yaşı vardı. Ömrü boyu Qarabağda yaşamış xanımı Bakıya bələd deyildi. Təbii ki, həyəcanlı günlərdə  hər bir valideyn kimi Əhməd bəy də  ailəsinin taleyi ilə bağlı narahatlıq keçirirdi, onları mümkün qədər tezliklə qorxusuz yerə aparmağa can atırdı. Yeri gəlmişkən, özü təhlükə ilə üz-üzə qalmasına baxmayaraq, Əlimərdan bəy də xanımını və uşaqlarını Mangilisə göndərmişdi, yenə Mangilisdə olan ümumi dostları Əli bəy Hüseynzadəyə isə epidemiya qurtarana kimi Bakıya gəlməməyi, Salyanda, yaxud Şamaxıda gözləməyi məsləhət görmüşdü. Əlbəttə, belə olan təqdirdə yalnız Əhməd bəyə xüsusi tələbkarlıqla yanaşmaq, fədakarlığı yalnız ondan tələb etmək o qədər də ədalətli görünməyə bilərdi. (Hərçənd baş redaktor özü belə nümunə göstərirdi).

Təsəvvür etmək olar ki, hər gün onlarla can alan vəba xofunun qarşısında ailəsini bir an öncə şəhərdən çıxarmaq istəyən Əhməd bəy dostunun redaksiyada qalmaq, gündəlik işi ilə məşğul olmaq təklifindən necə hiddətlənmişdi! Sadəcə, yazını gecikdirdiyinə görə Əli bəyin üstünə kətil çəkən Əhməd Ağayevin ortada xanımının, kiçik qızının taleyi olan məqamda necə hərəkət edəcəyini göz önünə gətirmək çətin deyil. Məncə, onun həmin andakı hərəkəti qorxaqlıqdan deyil, yaxınları qarşısında məsuliyyət və cavabdehlik hissinin dərkindən irəli gəlirdi.

Əslində ictimai borca münasibətdən qaynaqlanan bu kiçik münaqişə “Həyat” qəzetində birgə çalışdıqları dövrdə daha da dərinləşmişdi. “Həyat”ın sahibi-imtiyazı H.Z.Tağıyev, naşiri Ə.Topçubaşov, redaktorları isə Ə.Ağayevlə Ə.Hüseynzadə idi. Nisbətən azad yaradıcı adamlar olan, üzərlərinə hər hansı mühüm təhəddüd götürməyən iki dostu ilə müqayisədə Əlimərdan bəy daha çox məsuliyyət daşıyır və redaksiyada “Tağıyevin adamı” kimi tanınırdı. Əslində də belə idi və təbii ki, “millət atası” önündəki cavabdehlik üzərinə bir sıra ciddi vəzifələr qoyurdu.  O, təkcə qəzeti deyil, xeyirxahları olan Hacının təmiz adını, hökumətlə münasibətlərini qorumağı da özünə borc sayırdı. Buna görə də bir sıra hallarda əslində istədiyindən daha liberal mövqe tutur, ehtiyatlı davranmağı  məqbul sayırdı. Qısa müddət ərzində “Həyat”ı erməni millətçiləri ilə ideoloji mübarizənin tribunasına çevirən çılğın təbiətli Əhməd bəy isə belə yanaşma ilə razılaşmırdı.  Münaqişə də buradan doğurdu.

1905-ci ilin oktyabrında dincəlmək üçün bir neçə günlüyə getdiyi Mərdəkan kəndindən  Əli bəy Hüseynzadəyə (zavallı Əli bəy! İki dostun arasında qalmışdı.) fransız dilində (!) məktubunda Əhməd bəy bir tərəfdən imtiyaz sahibi, o biri tərəfdən isə naşirlə aralarında yaranan fikir ayrılıqlarına toxunaraq yazırdı:     "Qəzetin dünənki sayı məni üzmüşdü. Bu günkü sayı isə o qədər razı saldı.

Məni dəstəklədiyin üçün çox təşəkkür edirəm. Bu, şəxsi bir sevgi nümayişi deyil. Xeyr! Bütün məsələ sərvət, sərmayə, yaxud başqa yolla, bir sözlə, pul hesabına güc sahibinə çevrilmək istəyən qaba bir adamla azad və müstəqil olmağa can atan bilikli, bacarıqlı insan arasındakı uçurumdadır. Azad, sərbəst olmamız   lazımdır. Hələ dünənə qədər ticarətlə uğraşan və bu gün ancaq bir bank sahibi ruhuna malik bir insanın mayasında duyğu və düşüncə dayanan belə böyük,  müqəddəs davaya qarışmasına göz yummamalıyıq”.

“Dünənə qədər ticarətlə uğraşan”, “bank sahibi ruhuna malik insan” təyinləri heç şübhəsiz, Hacı Zeynalabdin barəsindədir. Pulu ödəyənin musiqini də sifariş vermək haqqına malik olması prinsipini qəbul etməyən Əhməd bəy, göründüyü kimi, Hacının qəzetçilik fəaliyyətinə, nəşrin işinə hər hansı şəkildə müdaxiləsinin əleyhinə idi. Burada ideya və peşə təəssübü göstərilən xeyirxahlığa da üstün gəlmişdi. Təfərrüatını bilmədiyimiz mövqe toqquşması başlanğıcda Əli bəylə Əhməd Ağayevin (bəlkə də daha çox ikincinin!) üstünlüyü ilə nəticələnmişdi. Yaradıcılıq azadlığını hər şeydən üstün tutan, xarakter etibarı ilə həlim təbiətli dostunu da buna səsləyən Əhməd bəy daha sonra yazırdı:

“İlk zəfərimizi belə qazandıq. Möhkəm dayansaq, daha neçələrini də qazanacağımıza əminəm. Sabah həmin adam (ad çəkilməsə də söhbətin Ə. Topçubaşovdan getdiyi aydındır - V.Q.) burada olacaq. Hacının qarşısında şiddətli bir çarpışma yaşayacağıq. Çünki mən bu adamın heç bir işə qarışmasını istəmirəm. Əvvəl Hacı da mənə qarşı çıxırdı. Lakin fikirlərimdə qərarlı olduğumu görüb vaz keçdi. Sən də güclü və qərarlı ol. Kimsənin sənsiz bir iş görməsinə izin vermə”.

Təbii ki, Əhməd bəy milli mədəniyyətə böyük qayğısına  görə xeyirxah Hacıya minnətdar idi. Eyni zamanda  Əlimərdan bəyə də böyük hörmət bəsləyirdi. Hər ikisinin "Həyat"ın ərsəyə gəlməsindəki rol və xidmətinə yaxşı bələd idi.   Lakin bununla bir sırada ictimai fikirdə sərvət sahibinin deyil, ziyalının aparıcı qüvvə olmasını mühüm amil sayırdı. Qəzetin pul verənin deyil, dövrün və zamanın istəyinə güzgü tutmasını jurnalist fəaliyyətinin ümdə prinsiplərindən biri kimi qəbul və müdafiə edirdi. Əlimərdan bəyin bilərəkdən bir sıra hallarda bu prinsipdən vaz keçməsi ilə barışa bilmirdi. Ona görə də, mövqelərindən çəkilməmək, “Həyat”ı öz istədikləri şəkildə çıxarmaq üçün bundan sonra da Əli bəylə birgə olmalarının, eyni mövqedə dayanmalarının zəruriliyini vurğulayırdı:

 “Müsəlman camaata ağlın qaba qüvvət qarşısında əzildiyini göstərən örnək deyil, əksinə, hətta heç nəyə sahib olmadığı halda müstəqillik və sərbəstliyin qalib gəldiyini sübuta yetirən bir nümunə verməliyik. Bu da ancaq birlikdə və bir-birimizə inanıb hərəkət etdiyimiz, biri-birimizə qarşılıqlı dəstək verdiyimiz halda mümkün olacaq”. Göründüyü kimi, Əhməd bəy Ə.Hüseynzadə ilə özünü barrikadanın bir, Hacı ilə Ə.Topçubaçovu isə başqa tərəfində görürdü. Lakin, görünür, özünə etibarlı müttəfiq saydığı Əli bəy müqavimət qarşısında duruş gətirə bilmədiyindən tezliklə yollar ayrılmışdı  - Ə.Ağayev 101-ci sayından etibarən həqiqətən də ürəkdən bağlandığı “Həyat”la vidalaşaraq milyonçu M.Muxtarovun maddi vəsaiti hesabına “İrşad” qəzetini nəşr etməyə başlamışdı.

Açıq müstəviyə keçməsə, mətbuat səhifələrinə çıxmasa da, aralarındakı soyuqluq, münasibətlərindəki gərginlik yəqin ki, artıq çoxlarına sirr deyildi. Bunu qayınanası, Həsən bəy Zərdabinin dul xanımı, Bakıda rus-müsəlman qız məktəbinin müdirəsi Hənifə xanım Məlikova - Abayevanın 1908-ci ilin aprelin 13-də, III Dövlət Duması Müsəlman fraksiyası Bürosunun sədri kimi Peterburqda olan Əlimərdan bəyə yazdığı aşağıdakı sətirlərdən də sezmək mümkündür: “Ah, sizi necə tezliklə burada görmək istərdik. Sizin işiniz haqqında fikirləşəndə ürəyim partlamağa gəlir, qan beynimə vurur. Axı bu həqiqətən də bir titan əməyidir.

Əhməd Ağayev “İrşad”ı  atıb Misirə getmək istəyir. O, hər məsələdə sizi ittiham edir, tanınmadığına görə sizi günahkar sayır. Psixopatın biridir. Qalan ziyalılar haqqında isə danışmağa dəyməz. Sadəcə, ölüdürlər”

Budapeşt
(Ardı var)

 





23.06.2017    çap et  çap et