525.Az

“Söylədiyim Azərbaycan dilidir”, yaxud "hər şeyin var, nəyin yoxdur, Azərbaycan!.."


 

 “Söylədiyim Azərbaycan dilidir”, <b style="color:red">yaxud "hər şeyin var, nəyin yoxdur, Azərbaycan!.."</b>

XIX əsrin sonu, XX əsrin əvvəllərində  Qazax mahalından böyük bir ziyalı çıxdı... Hacı Kərim Sanılı...  1878- ci ildə Çaylı- Kəsəmən kəndində doğuldu, 1937- ci ildə isə məlum repressiyanın qurbanı oldu.

Hacıkərim (Hajkərim) Sanıyev (Sanılı)  1919-cu ildə Azərbaycan aşiqlərinə həsr etdiyi  “Yeni şərqilər” kitabını nəşr etdirəndə  Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü idi. Və həmin kitabın ilk şeiri “Qabaq sözü” belə başlayır:

Söylədiyim Azərbaycan dilidir,
Mən dərdiyim vətənimin gülüdür.
Bu çaldığım el sazının telidir,
Gərək səsi ürəkləri oynada.

Aşıq bunu çalacaqdır ellərdə,
Çoban-çoluq oxuyacaq çöllərdə,
İnandığım budur, gəzə dillərdə,
Çağıralar onu bağda-bağçada.

Türk  dillərindən biri olan Azərbaycan dilinin necə adlandırılması uzun müddət mübahisəli olmuşdur. Hətta bu şeirin çap olunduğu ildə Azərbaycan dili Hacı  Kərim Sanılının üzvü olduğu Cümhuriyyət Parlamentində də rəsmi olaraq “türk dili” adlanırdı. “Yeni şərqilər”in müəllifi isə Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə kimi  müasirlərinə qoşulub ana dilini “Azərbaycan dili” adlandırır. Və  söhbət o dildən gedir ki:

Mən bilirəm, eşidəndə bu dili
Çırpınacaq Azərbaycan bülbülü,
Dindirəcək öz dilində o gülü,
Açılacaq şirin söhbət ortada.

Gah ərəbin, gah da farsın dilində,
Gah onların, gah da rusun dilində,
Danışanda özgəsinin dilində
Öz dilini yanılmışdı dünyada.

Bundan belə təzə yollar açılar,
O yollara əlvan çiçək saçılar,
Özgə şivə, özgə sözdən qaçılar,
Daha bir də biz uymarıq hər yada.

Hacı Kərim Sanılı xalq içindən çıxmışdı, Qori seminariyasında təhsil almışdı, Azərbaycanın müxtəlif yerlərində müəllim işləmişdi. Və həmyerlisi Səmədağa Ağamalıoğlu ilə birlikdə gəlib Azərbaycan parlamentinin üzvü olmuşdu... Hər ikisi eyni partiyadan - “Hümmət”dən... Ancaq Səmədağa Ağamalıoğlundan fərqli olaraq, Hacı Kərim Sanılı siyasət adamı deyildi, milli demokrat idi...

XX əsrin əvvəllərinin Azərbaycanı himnlərlə yaşayırdı, deyilən hər sözün musiqisi, hər fikrin meydanı, tribunası vardı. Və “Azərbaycan” sözünü nə qədər təkrar  edirdilərsə, o qədər siyasi- ictimai effekt doğurur, o qədər mənalı səslənirdi...

İlk “Azərbaycan” şeirini Hacı Kərim Sanılı yazdı!.. Özü də necə!..

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı,
Dərələri şirin narlı,
Azərbaycan, Azərbaycan!

Səməd Vurğunun “Azərbaycan” şeirini həm ondan əvvəl, həm də ondan sonra yazılmış “Azərbaycan” şeirlərilə nə ideya- məzmun, nə də forma-struktur mükəmməlliyi baxımından müqayisə etmək, yəqin ki, mümkün olmazdı. Ancaq bir məsələ var ki, dahi şair-mütəfəkkir özündən əvvəlki “Azərbaycan”lardan, xüsusilə bilavasitə yerlisi  Hacı Kərim Sanılının “Yeni şərqilər” kitabında çıxmış “Azərbaycan”ından xəbərdar olmaya bilməzdi.

“Sanılı dünyası” (Bakı, 2015) kitabının müəllifi, gənc tədqiqatçı Könül Məhərrəmova yazır:

“Yeni şərqilər”in ikinci şərqisi məşhur “Azərbaycan” şeiridir. Lakin bu şeir professor Əli Saləddin tərəfindən Əhməd Cavadın əsəri hesab olunaraq Ə.Cavadın əsərləri sırasına daxil edilmişdir... Professor Ə.Saləddin Ə.Cavadın əsərlərini toplayarkən “Azərbaycan” şeirinin ona Tovuzda Ə.Cavadın əsəri kimi təqdim edildiyini qeyd etmişdir.

Bu şeir Qazax rayonunda da dillər əzbəri olmuşdur. Müəllifi isə doğru olaraq, hər kəsə H.K.Sanılı kimi məlum olmuşdur”.

Bu isə o deməkdir ki, Səməd Vurğun H.K.Sanılının “Azərbaycan”ını həm “Yeni şərqilər”dən oxuya, həm də 20- ci, 30- cu illərdə xalqın dilindən eşidə bilərdi.

Məsələnin mahiyyəti isə bundadır ki, Səməd Vurğunun “Azərbaycan”ı öz istedadlı (və kifayət qədər məşhur) sələfinin  eyniadlı şeirinə o qədər oxşayır ki, bunu təsadüfi sayıb üstündən keçmək heç cür mümkün  deyil...

Səhrəların sünbüllüdür,
İl müdam üstü güllüdür,
Bağçaların bülbüllüdür,
Azərbaycan, Azərbaycan!

Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların,
Geniş-geniş otlaqların,
Azərbaycan, Azərbaycan!

Ormanında maral böyrür,
Çöllərində ceyran ürkür,
Göllərində qazlar üzür,
Azərbaycan, Azərbaycan!

Hacı Kərim Sanılı mənsub olduğu xalqı, məmləkəti təmmənnasız bir məhəbbətlə sevirdi. Və xalqdan, məmləkətdən çox, bu sevginin övladı idi. Ona görə də yazırdı:

İlxında ayğır kişnəşir,
Naxırda buğac güləşir,
Süründə əmlik mələşir,
Azərbaycan, Azərbaycan!

Qayaların əlvan mərmər,
Belində var qızıl kəmər,
Bir yanında bəhri-Xəzər,
Azərbaycan, Azərbaycan!

Sənbək odu şölə salır,
Dünya səndən işıq alır,
Verməyəndə xapan qalır,
Azərbaycan, Azərbaycan!

Təsəvvür edəndə ki bu şeiri yalnız xalq içərisindən çıxmış istedadlı bir şair deyil, yeni yaranmış müstəqil dövlətin parlamentinin fəal bir üzvü yazıb, onda təəccüb etməyə bilmirsən ki, o illərdə də bu millətin nə qədər böyük (və təbii!) özünütəsdiq enerjisi varmış...

İpək, pambıq, yunun çoxdur,
Arpa, buğda, dügün çoxdur,
Hər şeyin var, nəyin yoxdur,
Azərbaycan, Azərbaycan!

Yer üzündə yoxdur tayın,
Gur- gur axar sənin çayın,
Bol veribdir fələk payın,
Azərbaycan, Azərbaycan!

Laçının var, tərlanın var,
Çoxlu şirin, qaplanın var,
Qorxun yoxdur, düşmanın var,
Azərbaycan, Azərbaycan!

Və bu şeirdən təxminən on beş il sonra dahi Səməd Vurğun üzdə “mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam” desə də, eyni   intonasiya, eyni ritmlə eyni sözü (ancaq daha yüksəkdən!) dedi:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!..

 





26.06.2017    çap et  çap et