525.Az

"Buzovna broyler"ə qadağa qoyuldu


 

"Buzovna broyler"ə qadağa qoyuldu<b style="color:red"></b> Buzovna qəsəbəsində fiziki şəxs Sahib Abbasova məxsus müəssisədə broyler cücə əti və toyuq içalatının istehsalı və satışı qadağan edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sahib Abbasova məxsus broyler müəssisəsində dövlət nəzarəti aparılıb.

Xidmətdən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin Komitənin Təcrübə- Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi  zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilib. Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə (ГОСТ 25391-82 bənd 1.1 və AZS 299-2008 bənd 3.1.1) müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur.

Bundan başqa müəyyən olunmuşdur ki, müəssisdə halal məhsul istehsalı üçün mövcud normativ sənəd AZS 372-2012 “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda məhsullar “Halal” məhsul kimi təqdim edilir. Bununla da müəssisə tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinin tələbləri pozulub.

Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilib. Həmçinin müəssisə tərəfindən “Murad Agro” MMC və “Maştağa Broyler” MMC üçün kəsimin həyata keçirildiyi müəyyən olunmuşdur. Bu məhsullar müəssisənin soyuducu anbarından aşkar edilib. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməyib.
Məhsul istehsalında istismar olunan ölçmə vasitələri “Ölçmələrin  vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda  istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə fizki şəxs Sahib Abbasova məxsus sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı  və  satışı qadağan edilib.
 





01.10.2012    çap et  çap et