525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

TARİXÇİYƏ QARŞI SİYASİ

“Sovetlər ittihadı”nda cərəyan edən vəqayi bütün dünyanın nəzər diqqətini cəlb etməkdədir. Çılğın “təcrübə” bütün sürətilə kəndi məntiqi nəticəsinə yaqlaşıyor. Sovet rejimi olduğu kibi, komunizm diktatorluğu dəxi tarixçə məhkum olduqları uçuruma doğru yuvarlanıyor.

Köylü Rusiyayı bir həmlədə sənayeləşdirmək kibi müəzzəm planilə Stalin diktatorluğu bu içtinabı qabil olmayan aqibətin önünə keçə biləcəkmidir?

İxtisas və fənn əhilləri, obyektiv məlumata istinad edərək, Stalin “beş sənəliği”nin çökəcəyini qəti surətdə elan ediyorlar.

Şu halda Sovet rejimilə birlikdə komunist diktatorluğunun inqirazı da mühəqqəqdir. Gərçi başqa türlü düşünənlər də yox degildir. Az da olsa “bolşevik təcrübəsinin” müvəffəq ola biləcəgini təxmin edənlər də vardır. Fəqət bu təqdirdə belə “kapitalist dünyasilə sosyalist aləmi” arasında qanlı bir toqquşmanın zühuru təxmin olunuyor ki, bu dəxi “Sovetlər ittihadı”nın hərb nəticəsi olaraq parçalanmasına mucib ola bilir.

Siyasi rus mühacirliginin müməssilləri Sovet rejiminin möhtəməl aqibəti haqqında birinci görüşdə iştirak ediyorlar. Keçənlərdə Parisdə vüqu bulan ümumi konfranslarından birində, rus liberalizminin müməssili P.Milyukov, Sovet industralizasyonunun təxsis olunan beynəlmiləl müəlliflərə aid əsərləri təhlil edərək bunlardan bu təşəbbüsün əqamətə uğrayacağını dava edənlərə haqq veriyordu.

Bolşeviklərin yaxın bir gələcəkdə düşəcəklərinə inandıqdan sonra, bolşevik əleyhdarı rus qüvvətləri üçün, istər-istəməz, aşağıdakı sualı qoymaq zərurəti vardır. O halda şimdiki hökuməti dəyişəcəkmi?

“Cümhuriyyətçi Demokratlar İttihadı”nın lideri Milyukov, yuxarıda məzkur konfransında, bu canlı məsələyə dəxi təmas eyləmişdir. Rusiya daxilində bolşeviklərə qarşı fəal bir surətdə mücadilə edən qüvvətlər varmıdır? Kəndisi tərəfindən bu şəkildə qoyulan suala, onun verdigi cavab olduqca mübhəmdir. Böylə bir mücadilənin mövcudiyyətini bildirən havadisin ələlümum, Minsk (Belorusiya paytaxtı), Xarkov (Ukrayna), Tiflis və Bakı (Qafqasya) kibi mərkəzlərdən xəbər verildiklərindəki məna üzərində “məlum səbəblərə görə” Milyukov o zaman, “Pək də durmaq istəməmişdi”.

Fəqət Parisdə bu mövzu üzərində təfsilata girmək istəməyən Milyukov Prağda daha cəsarətlə hərəkət etmişdir.

“Cümhuriyyətçi Demokratlar İttihadı”nın Prağ şöbəsi naminə Meysner tərəfindən verilən “Rusiyadakı vəziyyət və mühacirligin vəzifələri” nam konferansın münaqişəsi əsnasında Milyukov pək mühüm bir bəyanatda bulunmuşdur.

“Rus kültürü” ilə münəvvərlərinin qırbaç altında vücuda gəldigini söylədigi üçün dinləyənlərin protestosunu cəlb edən beloruslu bir tələbəyi himayəsinə alan Milyukov kəndi tərəfdarlarını “Rusiya millətlərinə diqqət və etina ilə yanaşmaya” dəvət etmiş. “Çünkü bolşevik hakimiyyətinin düşəcəgi sırada millətlərin alacaqları vəziyyət pək mühüm bir rol oynayacaq: ehtimal ki, kənar vilayətlər daha əvvəl təşəkkül edəcəklərdir” - demişdir. Daha sonra rus lideri demiş ki: “Rus cəmiyyəti millətlərə ümumi lisan bulmaya borcludur - çünkü yenidən həyat bulacaq Rusiyanın tutacağı istiqamət əzəmi dərəcədə, bu keyfiyyətdən asılıdır (“Posledniye Novosti”, № 3572)”

Milyukov məruf bir siyasi olduğu qədər, bəlkə daha ziyadə məruf bir tarixçidir. Yuxarıya aldığımız bəyanatda tarixçi Milyukovu görməmək qabil degildir. Biz tarixçi olmaq həsəbilə, o başqalarından daha iyi görüyor ki, əsrimizdəki ictimai və siyasi amillərin inkişafı “Vozrojdenya” qəzetəsindəki rus imperialist-monarxistlərinin qorumaq istədikləri “tarixi Rusiyayı” müdafiə etməyə qətiyyən imkan vermiyor.

Siyasi qüvvətlərin ümumi cərəyan və istiqamətlərini təhlil ilə tarixi vaqeələr arasında yapılan qiyas tarixçi Milyukovu millətlərlə anlaşmaq tərəfinə sövq ediyor: o millətlərlə ki daha keçən sənə eyni Prağda, eyni C.D.İ. tərəfindən təşkil olunan bir konferans əsnasında siyasi-Milyukov tamamilə başqa bir lisansla qonuşmuşdu.

Hazirundan birisinin “milliyyətlərlə nədən anlaşmazsanız?” deyə verdigi suala, Milyukov o zaman “onlarla bizim müştərək lisanımız olamaz!” deyə cavab vermişdi.

Siyasi-Milyukov, zatən şimdiki halda dəxi tarixçi-Milyukova müxalifdir. Millətlərin tam istiqlala haqlı olduqlarını tarixçi Milyukov müdrikdir, o eyni zamanda “Rusiya millətlərinin” bolşevizmin düşəcəgi əsnada, rus millətindən daha əvvəl təşəkküldə edəcəkləri imkanını da qəbul ediyor.

Bununla bərabər siyasi Milyukov demokrasinin ən böyük və müqəddəs, deyə elan etdigi milli istiqlal haqqını tam bir şəkildə qəbul edəmiyor. Onun təmsil etdigi Cümhuriyyətçi Demokratlar İttihadı “millətlərin tam istiqlallarilə Rusiyadan ayrılmaq haqqını” şimdi belə həzm edəmiyor.

Fəqət, nə olsa da, “siyasi” “tarixçi”yi təskin ediyor. “Əvvəlcə millətlərlə anlaşmaq, onların almış olduqları inadçı vəziyyətdən dolayı müşküldü...”, şimdi isə - Milyukova görə “əvvəlcə inad göstərən seperatistlərə mənsub bəzi mühafilin haləti-ruhiyyələrində bəzi təbəddülat təmayülləri” varmış.

İştə bu “təmayülləri” “iyi surətdə qarşılamayı və təşviq etməyi” siyasi-Milyukov tarixçi-Milyukova sərih surətdə təmin ediyor.

Hankı məhafil və hankı “təmayüllərdən” bəhs olunduğu Milyukova məxsus diplomatik bir sirr olaraq qalıyor. Fəqət biz, vəqt ikən, tarixçi Milyukova anlatmaq istəriz ki, siyasi Milyukovun məxəzi məchul şübhəli xəbərlərinə gönül verməsin. Kəndi istiqlalları üçün cəhd edən millətlərin haləti-ruhiyyələrində “təyini müqəddərat haqqının tamamiyyətindən” zərrə qədər inhiraf etmək meyli və təmayülü bizim bildigimiz heç bir mühafildə nə var nə də mütəsəvvürdür.

Qızıl imperializmin zəvalə məhkum olduğu böylə bir zamanda, bir zamanda ki, millətlər kəndi insani haqq və hürriyyətlərini qazanmaq üçün qəhrəmanca çarpışıyorlar və böylə bir zamanda ki, millətlər kəndi dövlətlərini  daha əvvəl və daha müvəffəqiyyətlə təşkil edəcəkləri hiss və etiraf olunuyor - kəndi müqəddəratlarını, ən təbii hürriyyət və istiqlal haqlarını inkar edən bir siyasətin müməssillərilə bağlamaq meyl və arzusunu millətlər qətiyyən ibraz etməzlər!

Biz kəndi tərəfimizdən “tarixçi”yə “siyasi”nin hisslərinə qapılmamayı tövsiyə edəriz. Hürriyyətlərini əldə etmək üçün çalışan millətlər boyunlarındakı qızıl əsirlik zəncirini atdıqdan sonra onu yeni bir zəncirlə təbdil etmək istəməzlər!

M.Ə.Rəsulzadə
9.I.1931
“Odlu-Yurd”, Şubat (fevral) 1931, № 25

İçtinab - saqınma, çəkinmə
İnqiraz - sonu kəsilmə, məhv olma
Əqamət - yaşamağa
Məruf - məşhur
Qiyas - müqayisə
Hazirun - iştirak edənlər
Məhafil - məclislər, toplanmış heyətlər
İnhiraf - dönmə, sapma

AZƏRBAYCANDA 

Azərbaycan Komunist Firqəsində təmizlik 

Bakıda çıxan “Vışka” qəzetəsi ilə (№ 369) vaqe olan mülaqatında, Azərbaycan komunist firqəsi mərkəzi kontrol komisyonu təşkilat qismi müdürü Podolski, Azərbaycanda komunist firqəsi təmizliginə həziranın 1-də başlanıb eylülə qədər davam edəcəgini söyləmişdir. 

Gizli cami inşası 

Azərbaycan sovetlərinə seçki propağandası getdigi zaman məmləkətin müxtəlif qəzalarında, xalqın camiləri klub və qiraətxanayə çevirdikləri xəbər veriliyordu. Bu xəbərləri bilaxirə Qarayev təkzib etdi və zorla klub yapılan camilərin “təxliyə” edilməsini əmr eylədi. Bu hadisə Azərbaycan köylərində vəziyyətin heç də “allahsızlar” lehində olmadığını göstəriyordu.

Şimdi Bakı qəzetələrində oxuyoruz ki, (Vışka, № 359) Azərbaycanın paytaxtında Türk əhalisi 2 yerdə, hökumətdən gizli olaraq cami inşa etməkdədir. Camilər gecələri yapılmış və “allahsızların” xəbəri olmadan tamam olmuşdur.

Bakı-Moskva petrol borusu

Rusiya hökuməti baş mədəniyyat idarəsinə Bakı ilə Moskva arasında petrol borusu inşası üçün lazımi istikşatata başlamasını əmr etmişdir. Boru, Moskvadan başlayıb Ədil çayı sahilində olan Saratovdan keçərək, Dağıstan Cümhuriyyətinin şimdiki paytaxtı Şamil qala (sabiq Petrovski)də bitəcək və 2000 kilometro uzunluğunda olacaqdır.

Borunun inşası üçün Amerikanın mühüm mütəxəssislərilə bir çox böyük firmalar cəlb edilmişdir.

Boru ildə Bakıdan Moskvaya 100.000.000 put petrol sövq edəcək həcmdə olacaqdır. Sırf Bakı xam petrolundan ibarət olacaq bu miqdar dəniz vəzifəsi ilə Bakıdan Şamil-Kalaya gətiriləcək və Moskvada inşa ediləcək böyük benzin, yağ v.s. emalatxanalarda emal ediləcəkdir (Bakinskiy raboçiy, № 115).

Bu surətlə Moskva, Bakını sənaye mərkəzi halından çıxarıb sırf sağmal inək kibi xam mal mərkəzi halına salmaq planını tətbiq ediyor. Vaxtilə bu projeyi çar hökuməti tətbiq etmək, petrol emalatını Moskvaya köçürmək istəmişdir. Fəqət o zamankı texnika ilə bu baxalığa mal olduğundan vaz keçilmişdi. Şimdi petroldan benzin, yağ, qaz, ğazelin, liğroin v.s. emalatını Bakıdan uzaqlaşdırmaq, benzin fabrikalarını Batuma, Suxuma və Moskvaya köçürmək planını bolşevik Rusiya tətbiq etmək istiyor.

Qazax partizanlar 

Bakıda nəşr olunan “Yeni yol” qəzetəsinin (№ 98) verdigi məlumata görə 1922 sənəsindən bəri Azərbaycanın Qazax qəzasında Sovet hakimiyyətilə müsəlləh mücadilə edən və məruf Ələkbər bəy ilə İsmayıl bəyin komandası altında olan “Müsavat partizanları” ilə “Çeka” qüvvətləri arasında Qazax qəzasının Zəyəm nayihəsində müsadimə olmuş, nəticədə partizanlardan 6 kişi şəhid düşmüşdür. Müsadimə zamanı “Çeka” qüvvətləri komandan müavini Yadigarov dəxi öldürülmüşdür. 

Türk sözləri lüğəti 

Bakıda çıxan türkcə “Komunist” qəzetəsinin (№ 123) yazdığına görə “Azərbaycanı öyrənən cəmiyyət” - “Türk sözləri böyük lüğəti” nam əsəri bitirmişdir. Bu il son baharda əsərin ilk cildi intişar ediləcəkdir. Lüğət Dalin rusca lüğəti misalında olub 65.000 Türk-Azəri xalq sözlərini ehtiva etməkdədir. 

Yun hazırlığı 

Bu il Azərbaycanda bahar yun hasilatı 453 ton olmuşdur. Bu miqdar əvvəlcə dövlət kooperativ idarəsi olan “Köy birligi” tərəfindən təsəvvür olunan hasilatın 30% təşkil etməkdədir.

“Sabir kütübxanəsi”nin onuncu ildönümü 

Milli Azərbaycan Cümhuriyyətinin 1-ci ildönümü münasibətilə 1919 sənəsi Mayısının 28-də Bakıda, Milli Xalq şairi “Sabir” adına böyük bir kütübxanə təsis edilmişdi. Məzkur kütübxanənin minlərlə əzası, 10 minlərlə oxucuları bu il 28 Mayıs 1929-da kütübxanənin 10-cu ildönümünü təsid eyləmişlərdir.

Kütübxanə, daimi əzalar tərəfindən intixab edilmiş bir şura vasitəsilə idarə ediliyor, nəzdində ədəbiyyat dərnəgi, qadınlar qismi, qiraətxanə v.s. vardır.

Bakı qəzetələrinin yazdıqlarına görə hal-hazırda kütübxanənin 12.311 cild kitabı vardır. 1929 sənəsində oxunan 73.991 kitabın 18.391 cildi bədii ədəbiyyata dair, 55.600 cildi isə fənni və elmə aid əsərlər olmuşdur. Kütübxanənin 4000 kişiyə yaxın daimi əzaları içərisində yalnız 102 komunist vardır (Komunist, № 123).

Kütübxanədəki statistik oxucu kütləsinin get-gedə fənni, elmi, incəsənət və ədəbi əsərlərə həvəs göstərməkdə olduğunu, fənni əsərlərə olan həvəsin bilxassə artmaqda olduğunu, komunizmə dair əsərlərə isə kimsənin maraqlanmadığını göstərməkdədir. 

Beş illik plan 

Rusiya Sovet hökuməti tərəfindən qəbul olunan “beş illik inşaat planı” mövcibincə 5 il içərisində Azərbaycanda Bakı-Culfa dəmir yolu ikmal ediləcək, Nuxa və Qarabağdan Yevlax stansiyonuna, Daşkəsəndən Gəncəyə, Qubadan Xaçmaza, Muğan pambıq məntəqəsindən Bakı-Culfa dəmir yolu xəttinə dəmir yolları çəkiləcəkdir.

Dəniz işlərində 1933 sənəyə doğru Bakı dəniz vəsaiti nəqliyyəsi 11.050.000 ton quru yük, 7.350.000 ton petrol məhsulatı, 230.000 yolçu daşınacaq bir hala gətiriləcəkdir.

Azərbaycan şose yollarına 5 il müddətində 38.000.000 manat sərf ediləcək və şose yollarının uzunluğu 2 misli artacaqdır. 

Həbsi sərxoş 

Bakıdan gedən bir təftiş heyəti başda stasyon müdiri Diyaçkov olduğu halda, Akstafa dəmir yol məmurlarını və bolşevik firqəsi əzalarını həp sərxoş bir halda bulmuşdur. 

Çekistin ölümü 

Zakatala qəzasında 9 ildən bəri Sovet hökumətinə qarşı mücadilə edən və Sovet qəzetələrinin məlumatına görə, bu vaxta qədər tək başına 50 məsul komunist öldürmüş olan məruf “Qaçak Şua” mayısın sonlarında vaqe olan bir vuruşmada Çeka qüvvətləri rəisi Hacı Nəsibovu öldürmüşdür. Təyid olunmayan bir xəbərə görə “Qaçak Şua” kəndisi də şəhid düşmüşdür. 

Məhkəmədə bir hadisə 

“Zarya Vostoka” qəzetəsinin (№ 137) yazdığına görə sabiq cümhuriyyət müddei-ümumisi (prokuroru) Zöhrabbəyov mühakimə edilirkən şahidlərdən gizli polis məmuru Sultanov məhkəmə rəisi Poladxanov ilə müddəi-ümumi Ağayevi, məhkəmə əzaları ilə polisləri öldürmək qəsdilə atəş etmiş və kəndisi də intihar eyləmək istərkən tutulmuşdur.

Zöhrabbəyov, ismi zikr edilməyən məruf bir “qaçağı” gizlətməklə ittiham olunuyordu.

Mühakimə davam edəməmişdir. 

“Odlu-Yurd”, avqust 1929, № 6 

“MİLLİ GECƏ” HAQQINDA 

Milli Azərbaycan gecəsi!..

Təfsilatı qismi məxsusumuzda verilmişdir. Fəqət bu təfsilat ancaq gecənin texniki “həvadisini” qeyd edən bir müxbir raporundan ibarətdir. Gecəyə gəlməmiş bulunanlar bu rapor üzərinə onun haqqında məlumat alır, fəqət hazır olanların o gecə duyduqları fövqəladə həyəcan haqqında qabil degil, həqiqi bir fikir edinəməzlər.

Milli qiymətlərlə, xüsusiyyətlərin nə böyük bir yaradıcılıq qüvvətinə malik olduğunu “Unyon Fransez” salonunda təmsil edilən o gecəki Azərbaycan həyatı nə parlaq bir müvəffəqiyyət və qüdrətlə göstəriyordu.

Bu gecə isbat ediyordu ki, yabancı istila üzərinə vətənlərindən ayrı düşən azərilər vətənin ancaq cismindən ayrılmışlardır, yoxsa vətənin əsil özəgini təşkil edən mənəviyyatından heç də ayrı degildirlər.

Qarşımızda gərək proğram, gərək “aktyor və akterisləri” etibarilə çox mütəvənni bir səhnə vardı. Mini mini yavrulardan tutaraq, dəliqanlılar və gənc qızlara qədər, böyüklü-kiçikli bir gönüllüdən ibarət olan bu səhnə, Azərbaycanın harsı və mədəni həyatından ayrılmış və bizə nümunə kibi göstərilmiş bir parça idi. Əvət, bu bir səhnə degil, həyat kəndisidi. Milli Azərbaycan həyatı!

Məmləkətinin səadət və fəlakətini tərənnüm edın şairlərini unudan, çocuqluğundan bəri alışdığı doğma nəğmələrindən yadırqayan, mühitinin bədii zövqlərini oxşayan mövzun hərəkətlərdən nəşələnmiyən - bir sözlə milli hars və bənligindən mənən uzaqlaşan bir mühacir, məmləkət və vətən nöqteyi-nəzərindən qeyb edilmiş bir insandır.

Kəndini qeyb etdirməmək - iştə Azərbaycan mühacirətinə hər şeydən əvvəl tərəttüb edən mühüm bir vəzifə Azərbaycan türk xalqının milli haq və istiqlalının mədəniyyət dünyası qarşısında davaçısı bulunan siyasi Azərbaycan mültəcilərinə düşən vəzifə sadə kəndilərindən olmayanları kəndi məsələlərilə aşina etməkdən ibarət olamaz. Onların ən böyük vəzifələrindən biri də oradakı maddi maneələri yehrək, məmləkətlə çox sıxı bir əlaqə və ruhi mərbutiyyət təsis etməkdir. Bunun ən doğru yolu isə toplu halda məmləkət mənaviyyatı ilə yaşamaq, vətənin ruhi həyatilə səmimi ünsiyyətdə bulunmaqdır.

Milli Azərbaycan gecəsi - iştə böylə bir proğramı tətbiq eyliyor, böylə bir ehtiyacı həqqilə tətmin ediyordu. Ürəklərin ta təkindən gələn bir həyəcanla qopan o coşqun alqışlar arasında Sürəyya xanım tərəfindən söylənən “məsəl” məsələ uydurulmaq istəndigi üçün, sırf ədəbi şəklə rəayətlə, məsəllərdəki ənənəyi pozmayaraq, bir “şahzadə”dən bəhs ediyordu, yoxsa, gecə Azərbaycan istiqlal və səmimiyyətinin istiqbalə malik dəgərli bir müməssili bulunan Dilşad xanımın müəssir ləhnilə söylənib də salonu canladan bir alqış tufanı arasında “kəndilərini kəsmək üçün enən xəncərə hürriyyət istəriz! - deyə yazan” milli qəhrəmanların yapdığı şanlı mücadilə nəticəsində “gözəl qızın belindən çalınan göy, qırmızı və yaşıldan ibarət üç rəngli  kəmər” mütləqa bulunacaq və təkrar “Azərbaycan” gözəlinin belinə bağlanacaqdır.

Bu vədi həqiqiləşdirən, bu ümidi qüvəvtləşdirən o gecədə nə qədər vaqeə, nə qədər səmimiyyət, nə qədər həyəcan, nə qədər ruh, nə qədər əzm və iman vardı!!.

Musiqinin də, şeirin də, təğənninin də, rəqsin də bu gecə ayrı bir xüsusiyyəti vardı: qütsi məfkurə xüsusiyyəti. Mövzular həp vətən, millət və istiqlal ətrafında dolaşıyordu. Kiçik çocuqların belə tansları “bayrağa dua” idi. “Şamilin duası” rəqs olduğu kibi.

Sadə istiqlal bayramı degil, milli Azərbaycan türk kültürünün də bayramını təşkil edən “gecənin” bir xüsusiyyəti də qeydə şayandır. Azərbaycan mühacirləri mədəni məmləkət rabitələrini sadə böyüklər arasında saxlamaqla iktifa etməyib, onlar bu ruhu burada böyüyən yeni nəslə də aşılıyorlar, çünki milli məfkurənin, nəsillər arasında bir ənənə halına keçmək surətilədir ki, yenilməz bir qüvvət olduğunu bilirlər. Kiçiklərin bu gecə göstərdikləri sevimli müvəffəqiyyətləri bu xüsusda nə böyük ümidlər verməkdədir. Bütün ənat və təfsilatını təsvirdən aciz olduğum “gecə”nin istixdam etdigi iki böyük qayəi əzəmi surətdə hasil oldu. Həm İstanbuldakı azəri kolonisi ruhən çox möhtac olduğu bir məmləkət havası içində candan bir gecə yaşayaraq, mənəvi vətəninə qovuşdu, həm də möhtərəm müsafirlər Azərbaycanın nə kibi ruhi xüsusiyyətlərə malik bir Türk məmləkəti olduğu haqqında bir fikir edinmiş oldular.

“Bir sənəlik nəşriyyatın işini bu “gecə” bir gecədə gördü” - deyənlər bizcə heç də yanılmamışlardır.

Azərbaycan mütəşəbbüsləri bu kibi milli kültür nümayişlərini daha ziyadə ümumiləşdirirlərə və genişləndirilərsə, çox böyük bir ehtiyacı rəf edəcəkləri kibi, çox müəssir bir propağanda silahını da qullanmış olacaqlardır!

Azəri (M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”, Temmuz (iyul) 1929, № 5

Tərəttüb - sıralanma, tərtibə salma
Mültəci - pənah gətirən, pənah aparılan yer
Ləhn - gözəl, ahəngdar səs
Təğənni - oxuma
İstixdam - xidmət

TÜRK İLİ 

Türk ocaqları mərkəz heyəti tərəfindən Türkiyə Cümhuriyyətilə bərabər bütün Türk dünyasının əhvalını xülasə etmək üzrə təsis olunan “Türk Səlnaməsi”nin keçən sənə martda çıxması bəklənilən ilk nüsxəsi ancaq şimdi nəşr edilə bildi.

Türkçiligin əməkdar xadimlərindən möhtərəm Y.Akçura bəy tərəfindən toplanılan “Türk ili” namini daşıyan və ərəb həriflərilə bəlkə də ən son basılmış olan bu mühüm əsər türk milliyyətpərvərligin mənşəi, tarixi və fikri amillərini qeyd və təsbit etməsi həsəbilə çox böyük bir ehtiyacı tətmin eyləməkdədir. Əsasən məlum olsalar da, türkçülük hərəkatına aid bir çox materyalları, daha toplu surətdə, ustada məxsus metodik tərzdə, daha canlı olaraq verən bu qalın cilitdə (650 əski “Türk-Yurdu” səhifəsi) Lehistan mültəcilərindən milli türk şüuruna hizmət etmiş Mustafa Cəlaləddin paşa kibi bilmədigimiz yeni kəşiflərlə, az məlumatdar olduğumuz tərcümeyi-hal vaqeələri də vardır.

“İlin” ən canlı səhifələrini təşkil edən bu qismi, türkçülügün tarixi, bizzat Y.B. tərəfindən qələmə alınmış və bu “tarix” məşrutiyyət dövrünə qədər yazılmışdır. Bu dövrdən sonrakı qismin yazılacağı isə 1930-da çıxacağı möhtəməl ikinci cildə buraxılmışdır.

Bu qismidən maəda - “İldə” Türkiyə Cümhuriyyətinin tarixi, Cümhuriyyət müəssisi Qazi paşanın tərcümeyi-hallarilə, məşhur nitqlərinin gəncligə xitab edən qismi, Cümhuriyyət müəssisləri haqqında pək zəruri və statistik məlumat dərc olunduğu kibi, Türkiyə ədəbiyyatı, iqtisadiyyatı və sair xüsusatına aid dəxi ixtisas əhli tərəfindən yazılmış məaqlələr vardır.

“Yıl” yalnız Türkiyədən bəhs etməz. Cildin 3-cü qismi “Türkiyə Cümhuriyyəti xaricində bulunan türklərə - təxsis edilmişdir. Bu qismin girməsi mütəsəvvir məqalələrin həpsi texnik səbəblərdən dolayı, məətəəssüf dərc edilməmişdir. Türkistan məqaləsilə İran türkləri məqaləsi bu cümlədəndir. Bununla bərabər bu qism dəxi 200 səhifəyi ehtiva etməkdədir ki, bundan 80 səhifəsi Rəsulzadə M.E. bəyin qələmilə yazılmış “Qafqasiya türkləri”nə təxsis edilmişdir.

“Qafqasiya türkləri” - Emin bəyin “Azərbaycan Cümhuriyyəti” nam kitabındakı məlumatı ixtisarən ehtiva etməklə bərabər, Azərbaycan tarixinə aid müfəssəl və metodik məlumatla məmləkətin iqtisadiyyatına və bu günkü vəziyyətinə aid dəxi epiyi məlumat vardır. Ayrıca Dağıstana da məqalədə bir fəsil ayrılmışdır.

Azərbaycandan maəda bu qismdə Qərbi Trakya türkləri, Krım türkləri, Kazan türkləri və sairləri haqqında da C.Seyid Əhməd, A.Seyid Battal bəylər kibi səlahiyyətdar zəvatın məqalələri vardır.

Türk məmləkətlərindəki milliyyət və istixlas hərəkatları ilə əlaqədar olan zəvatə işbu əsəri oxumalarını hərarətlə tövsiyə edərkən, bu əsəri vücuda gətirən möhtərəm müəllifilə Türk Ocaqları mərkəz heyətinə də təşəkkür etməyi ehmal edəməyiz.

Azəri (M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”, 1 mart 1929, № 1

Təxsis - həsr etmə

(Ardı var)

 





03.07.2017    çap et  çap et