525.Az

Qaqauz Yeri başqanı: "Azərbaycanla oxşar baxışlarımız çoxdur"


 

Qaqauz Yeri başqanı: "Azərbaycanla oxşar baxışlarımız çoxdur" <b style="color:red"></b>

Bu yaxınlarda Moldova prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olmuş Qaqauz Yeri başqanı İrana Vlaxın müsahibəsi
 
- Qaqauzlar Moldova cəmiyyətinə nə dərəcədə inteqrasiya edir?
 
- Biz 200 ildir, bu torpaqlardayıq. Moldova Respublikası yaranandan burada yaşayırıq. Biz özümüzü Moldova sakinləri hesab edirik və ölkədə yaşayan bütün millətlərlə yaxşı münasibətlərimiz var. Biz tolerant xalqıq, müxtəlif din və millətdən olanlarla yanaşı, sülh şəraitində yaşamışıq. Dövlətçiliyimiz uğrunda mübarizəmiz asan olmayıb, amma digərlərdən fərqli olaraq biz ona sülh yolu nail olduq. Bu bizim regionun üstünlüyüdür və özümüzü post-sovet məkanına nümunə hesab edirik. Çünki qısa müddət ərzində Moldova parlamenti Qaqauz muxtariyyətinin statusu barədə qanun qəbul etdi. Əlbəttə, bu qanunun necə icra olunması barədə suallarımız var, amma qanun özü qəbul olunan günün reallıqlarını əks etdirirdi. Bu gün deyə bilərik ki, bu qanun ən yaxşı qanunlardan biridir. Biz dilimizi qoruyub saxladıq, mədəniyyət və ənənələrimi qoruduq, öz tariximiz yazırıq. Uşaqlarımızı türk xalqların ruhunda tərbiyələndiririk. Bu bizim xüsusiyyətdir. Digər xüsusiyyətimiz pravoslav olmağımızdır. Biz dünyada yeganə pravoslav türk xalqıyıq.

- Muxtariyyət qarşısında hansı aktual vəzifələr və çağırışlar var?
 
- Biz statusumuzun möhkəmləndirilməsi istiqamətində işlər aparırıq. Amma qarşımızdakı  əsas vəzifə regionun iqtisadi inkisafıdır. İş elə gətirib ki, bizim region dotasiyalar hesabına dolanır. Bölgənin gəlirləri cəmi 40 faiz təşkil edir. Ona görə hökumət qarşısında əsas vəzifə iqtisadiyyatın inkişafı və gəlirlərin artırılmasıdır. Tərəfdaşlar bizə fəal kömək edir. Bizim fərqimiz nədir? Sabit bölgəyik. Bu da tərəfdaşlarımız və sərmayəçilərə imtiyazlar və üstünlüklərin verilməsi üçün qanunverici aktlar qəbul etməyə imkan verir. Sərmayəçilər deyəndə, bu, həm Moldova, həm də əcnəbilərə aiddir. Biz bir çox ölkə ilə iş görürük, eyni zamanda türk dünyasının dəstəyini hiss edirik. Biz Türkiyə, Türkmənistan, Azərbaycan, həmçinin Tatarıstanla fəal əlaqələr qururuq. Qaqauzlar Avropanın mərkəzində yaşayan yeganə türk xalqıdır. Bizə kömək və dəstək lazımdır. Mən şadam ki, Qaqauziyada bizim tərəfdaşlarımızla birgə reallaşacaq sosial və mədəniyyət layihələri icra olunacaq.

- Qaqauz Yerinin digər türkdilli dövlətlər və qeyri-türkdilli dövlətlərlə əməkdaşlığı hansı səviyyədədir?
 
- Biz həmçinin Rusiyanın 10 regionu ilə dostluq və əməkdaşıq edirik. Bunlar Sankt-Peterburq, Moskva vilayəti və digərləridir. Belarusda isə Minsk və Moqilyov vilayətləri ilə əməkdaşlığımız var. Bu əlaqələr vasitəsi ilə yeni müəssisələr yaratmağa nail oluruq. Biz həmçinin Baltikyanı ölkələr, qonşularımızla əməkdaşlıq edirik. Ukraynada 35 min qaqauz yaşayır. Biz onları bir sıra mədəni layihələr çərçivəsində dəstəkləməyə hazırıq. Qaqauziya bura yaxşı niyyətlə gələnlər üçün həmişə açıqdır. Şadam ki, tərəfdaşlarımız bizi etibarlı dost hesab edir. Son iki ildə bir sıra yaxşı layihələrin təməlini qoymuşuq.

- Mədəniyyət və humanitar sahələrdə muxtariyyət Azərbaycanla hansı birgə layihələr həyata keçirə bilər?
 
- Şadam ki, prezidentin başçılıq etdiyi nümayəndə heyətində Qaqauz Yeri başqanı da yer aldı. Yaxşı ki, hakimiyyət orqanlarımız Qaqauz Yeri başqanının da səfərlərdə iştirakının vacibliyini anlayırlar. Mən hiss etdim ki, Azərbaycan prezidenti də şadıydı ki, Qaqauziya başqanı nümayəndə heyətində yer alıb. Mən qaqauzca danışırdım, cənab prezident-azərbaycanca və biz bir-birimizi çox gözəl başa düşürdük. Bir çox oxşar cəhətimiz var və bizdə çox yaxşı təəssürat yarandı. Çünki gələcəkdə əlaqələrin qurulması üçün müsbət əhvalı hiss etdik. Biz Azərbaycanın regionlarından biri ilə Qagauziya arasında razılaşmanın imzalanmasını müzakirə etdik. Hökumətlərarası komissiya çərçivəsində həmin razılaşmanın işə salınmasını düşünürük. Həmçinin Heydər Əliyev Fondunun himayəsi altında yeni layihə ilə bağlı müzakirələr aparılır. Biz öz növbəmizdə Azərbaycanda baş verənləri yaxından izləyirik. Bizim uşaqlar çox fəal şəkildə musiqi festivallarında iştirak edir. Keçən il biz 15 -ci yer tutduq , bu il isə 3-cü yer. Xalçaçılıqla bağlı müxtəlif forumlarda iştirak edirik, Azərbaycanda keçiriləcək sərgilərdə bizim yazıçı və rəssamların iştirakını müzakirə etdik. Ümumilikdə bir çox layihələri müzakirə etdik. Maraqlarımız birdir. Razılaşmalar imzalanan kimi iqtisadi, sosial-mədəni sahələr üzrə tədbirlər planı bu sənədlərdə yer alacaq. Turizmi müzakirə edəcəyik. Oxşar baxışlarımız çoxdur. Ümidvaram ki, hökumətlərarası komissiyanın iclasından sonra konkret layihələrə start veriləcək.

APA

 





10.07.2017    çap et  çap et