525.Az

Adilikdə böyüklük nümunəsi


 

Adilikdə böyüklük nümunəsi<b style="color:red"></b>

Azərbaycan iqtisad elminin müasir inkişafında mühüm rolu olanlardan biri də Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovdur.

Mütəxəssislər onu ölkəmizdə sosial sahənin və aqrar sektorun iqtisadiyyatının əsas tədqiqatçılarından biri, tanınmış ali məktəb işi təşkilatçısı kimi tanıyırlar.

Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli (keçmiş Şərur) rayonundakı Qıvraq kənd orta məktəbinin məzunu Ağarza Ağahəsən oğlu Rüstəmov 1975-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu Siyasi iqtisadi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan iqtisad elminin inkişafında böyük rolu olmuş görkəmli iqtisadçı alim, professor Ələsgər Qasımov onu iqtisadi nəzəriyyə üzrə yüksək hazırlıqlı tələbələrdən biri kimi fərqləndirmişdir. Ağarza Rüstəmovun taleyində tanınmış iqtisadçı, böyük pedaqoq və geniş dünyagörüşə malik ziyalı Ağayar Həsənovun mühüm xidmətləri olmuşdur. O, professor Ələsgər Qasımovdan iqtisad elmini, Ağayar müəllimdən isə həyatı, ziyalılığı, müəllimliyi öyrənmişdir.

Naxçıvan Dövlət Universiteti Ağarza Rüstəmovun tərcümeyi-halında xüsusi mərhələ təşkil edir. Onun elmi-pedaqoji fəaliyyəti bütünlüklə ölkəmizin bu ali məktəbinə bağlıdır. Ağarza Rüstəmov Naxçıvan Dövlət Universitetində yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, yeni elmi nəslin formalaşmasına 40 ildən çoxdur ki, ürəklə xidmət edir. O, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin təyinatı ilə 1975-ci ildə Naxçıvan Dövlət Universitetinə göndərilmişdir. Bu ali təhsil ocağında o, universitet həyatının bütün mərhələlərinin sınaqlarından uğurla keçmişdir. Ağarza müəllim Naxçıvan Dövlət Universitetində kabinə rəhbərliyindən müəllimliyə, kafedra müdirliyinə, fakültə dekanlığına qədər şərəfli və məsuliyyətli yol keçmişdir. Bu mərhələlərin hər birində o, tutduğu vəzifədə həmişə sabitliyi və tarazlığı qoruyub saxlamağı, ümumi inkişafa fayda verməyi əsas məqsəd kimi qəbul etmişdir. İctimai və elmi-pedaqoji mühitin tarazlı inkişafına xidmət etməklə Ağarza Rüstəmov çalışdığı kollektivdə birlik və sağlam əməkdaşlıq şəraitinin formalaşdırılmasına öz töhfəsini vermişdir. Sabitlik və inkişaf baxımından o, həmişə tərəzinin ağır gözü funksiyasını  yerinə yetirmişdir. Beləliklə, Naxçıvan Dövlət Universitetində Ağarza müəllim mühüm tarazlıq nöqtələrindən biri kimi qəbul olunmuşdur. Bu isə onun ətrafında tədris işinin və elmi mühitin təkamül yolu ilə inkişaf etməsinə kömək etmişdir.

Naxçıvan Dövlət Universitetində Ağarza Rüstəmovun elmi-pedaqoji fəaliyyətinin özünəməxsus izləri vardır. O, Naxçıvan Dövlət Universitetində iqtisad üzrə ən gənc elmlər namizədlərindən biri olmuşdur. Ağarza Rüstəmovun 6 dekabr 1990-cı ildə Bakı Dövlət Universitetinin Dissertasiya şurasında “Elmi-texniki tərəqqi şəraitində əsas istehsal fondlarının sürətləndirilməsi problemləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasında iqtisad elmi üçün aktual və əhəmiyyətli olan bir problem özünün elmi həllini tapmışdır. Onun 2005-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda “Yeni münasibətlər şəraitində əhalinin maddi rifahının yüksəlməsinin iqtisadi problemləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası müstəqillik dövrü Azərbaycan iqtisad elmində sosial sahənin iqtisadiyyatına həsr edilmiş əhəmiyyətli elmi əsərlərdən biridir. İqtisad elmində çox vaxt arxa planda qalan sosial sferanın iqtisadiyyatının müasir problemləri bu elmi tədqiqat işində ilk dəfə olaraq əsaslı şəkildə araşdırılıb təhlil edilmiş və ümumiləşdirilmişdir. Ağarza Rüstəmovun irəli sürdüyü təkliflər və tövsiyələr həm müstəqillik şəraitində ölkəmizdə sosial sahənin yenidən qurulmasına, həm də iqtisad elminin sosial istiqamətinin inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Onun sosial iqtisadiyyata həsr olunmuş elmi əsərləri bu problemin müxtəlif aspektlərinə aydınlıq gətirən əhəmiyyətli tədqiqatlardır.

Ağarza Rüstəmovun hazırlayıb nəşr etdirdiyi “Kənd yerlərində aztəminatlı əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətləri” (2001), “Əhalinin rifah halının yaxşılaşdırılmasında sosial-iqtisadi inkişafın istiqamətləri” (2002), “Respublikada əhalinin maddi rifahının yüksəldilməsinin iqtisadi problemləri” (2003), “Kənd əhalisinin maddi-məişət şəraitinin yaxşılaşdırılması problemləri” (2003), “Bədən tərbiyəsi və idmanın iqtisadiyyatı” (2010) kimi tədqiqat əsərləri ölkəmizdə bu sahə üzrə əsas elmi mənbələr sırasına daxildir. Ağarza Rüstəmov elmi cəhətdən əsaslandırmışdır ki, dövlət müstəqilliyi sosial-iqtisadi sahəni real həyatın və böyük elmin ön mövqeyinə çıxarmışdır. Onun fikrincə, Azərbaycan Respublikasının iqtisadiyyatı sosial yönlü olub, əsas hədəfləri etibarı ilə mənsub olduğu xalqın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. O, haqlı olaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinin sosial yönlü büdcə kimi formalaşması ənənəsinin sabitləşmiş bir siyasətə əsaslanmasını Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmət kimi qiymətləndirir.

Ağarza Rüstəmovun “Bazar və bazar mexanizmləri” (2002), “Biznesin əsasları” (2008), “Aqrar sahənin inkişafının regional problemləri” (2013) monoqrafik tədqiqatlarında da qarşıya qoyulmuş problemin geniş öyrənilib araşdırılması ilə yanaşı, son nəticədə sosial yönlü iqtisadi siyasətin ana xətlərinə doğru inkişafın təmin olunması məsələlərinə də xüsusi diqqət yetirilir. Son 40 ildən artıq bir dövrdə çap etdirdiyi 120-dən çox elmi məqalələrində də əsas etibarilə sosial yönlü aqrar siyasət və biznes mühiti məsələlərinə dair müasir baxışlar öz əksini tapır. Ağarza Rüstəmovun tədqiqatları nəzəri araşdırmalarla praktikadan gələn, təcrübə ilə təsdiq olunmuş müddəalar üzərində qurulduğu üçün elmi əhəmiyyət daşımaqla yanaşı, həm də həyati əsaslara malik araşdırmalar olaraq inkişaf proseslərinə kömək edə bilir.

Professor Ağarza Rüstəmov tələbə gənclərlə işləməyə ürəkdən bağlı olan ali məktəb işçisidir. O, XX əsrin yetmiş-səksəninci illərində o zaman geniş yayılmış tələbə inşaat dəstələrinə bacarıqla rəhbərlik etmiş, Azərbaycandan kənarda, daha çox isə Rusiyanın ucqar vilayətlərində Naxçıvandan olan tələbələrin səmərəli işini yüksək səviyyədə təşkil etmək vəzifələrini layiqincə yerinə yetirmişdir. Naxçıvan Dövlət Universitetində ali məktəb səviyyəsində, xüsusən İqtisad fakültəsində tələbə elmi cəmiyyətinin işinə dəstək verməklə o, yeni nəsil iqtisadçı alimlərin yetişib formalaşmasına zəmin hazırlamışdır. Doktorantura təhsili alanlar üçün isə iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov qaygıkeş elmi rəhbər, xeyirxah məsləhətçi, geniş ürəkli bələdçidir.

Gənc tədqiqatçıların Azərbaycanda və onun hüdudlarından kənarda məqalələrinin çapı, onların beynəlxalq elmi konfranslarda iştirakının təmin edilməsi, dissertasiyalara rəylərin alınması, rəsmi opponentlərin tapılması və sair kimi görünən və görünməyən məsələlərin həllində professor Ağarza Rüstəmovla müqayisə edilə biləcək elmi rəhbər tapmaq çətindir. Hazırda Naxçıvan Muxtar Respublikasında müxtəlif elmi qurumlarda və ali məktəblərdə çalışan elə bir iqtisadçı tapmaq çətindir ki, onun inkişafında Ağarza müəllimin rolu, zəhməti olmamış olsun. Professor Ağarza Rüstəmovun birbaşa elmi rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almış Rəhman Məmmədov, N.Məmmədov, Zaur Tağıyev, A.Rüstəmova, Ə.Ağayev, Ramil İsmayılov, Əşrəf Ələkbərov, Flora Ələsgərova, Elnur Bağırov, Cavadxan Qasımov, Vüqar Abbasov və başqaları hazırda dövlət idarəetməsində, ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində, habelə özəl sektorda uğurla fəaliyyətlərini davam etdirirlər.

İqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovun həyatında onun 1994-2004-cü illərdə Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin dekanı kimi göstərdiyi fəaliyyət xüsusi yer tutur. O, yeni qurulmuş İqtisad fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr potensialının gücləndirilməsinə, istehsalatda əlaqələrin formalaşdırılmasına böyük diqqət yetirmiş, bir çox hallarda bu işlərin ilk addımlarını atmış, əsaslarını yaratmışdır. Ölkəmizin paytaxtından tanınmış iqtisadçı alimlərin İqtisad fakültəsində tədrisə cəlb olunması, yaxud elmi rəhbər və ya rəsmi opponent olaraq cavan tədqiqatçılara yol göstərməsi istiqamətində Ağarza Rüstəmovun apardığı iş Naxçıvanda yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasına sanballı xidmətə çevrilmişdir. Etiraf etmək lazımdır ki, o vaxtlar İqtisad fakültəsinin yaradılması və formalaşdırılması üçün bu işlər olduqca zəruri idi. Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin dekanı, professor Ağarza Rüstəmovun apardığı çoxcəhətli iş muxtar respublika rəhbərliyinin iqtisadçı kadrların hazırlanması istiqamətində qarşıya qoyduğu məsuliyyətli vəzifələrin həyata keçirilməsində mühüm addımlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl olaraq  hərtərəfli şəkildə göstərdiyi böyük qayğının nəticəsində bu gün Naxçıvan Dövlət Universiteti, o cümlədən də İqtisad fakültəsi Azərbaycan Respublikasının əsas elm və ali təhsil mərkəzlərindən biri kimi qəbul olunur. Bu yaxınlarda Naxçıvan dövlət Universitetinin üçüncü dəfə ölkəmizin ali məktəbləri arasında birinci yerə çıxması muxtar respublikada aparılmış məqsədyönlü dövlət siyasətinin və ciddi elmi-təşkilati tədbirlərin qanunauyğun məntiqi nəticəsidir.

Ağarza Rüstəmov artıq on ildən çoxdur ki, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri kimi fəaliyyətini uğurla davam etdirir. Bu kafedra universitetdə tədris işinin təşkilinə öz töhfəsini verməklə bərabər, həm namizədlik və doktorluq dissertasiyalarına rəy verən ölkə miqyaslı aparıcı müəssisələrin sırasına daxil edilmişdir. Ağarza Rüstəmovun hazırlayıb nəşr etdirdiyi tədris-metodiki ədəbiyyatlar, dərs vəsaitləri və proqramlar, metodik göstəricilər tələbələrin və magistrların əlindən tutur, onlara bələdçilik edir.

Ağarza Rüstəmovu ölkəmizin elmi ictimaiyyəti ilə yanaşı, yaxın və uzaq xarici ölkələrin iqtisadçı alimləri də tanıyır, ona ehtiramla yanaşırlar. Ağarza müəllimin Rusiyada, Türkiyədə və Özbəkistanda çap olunmuş 17 elmi məqaləsi onun elmi tədqiqatlarının əhatə dairəsinin genişliyini göstərir. Tempus proqramı çərçivəsində professor Ağarza Rüstəmovun da yaxından iştirak etdiyi layihələr İqtisad fakültəsi müəllim və tələbələrinin üfüqlərinin daha da genişlənməsinə şərait yaradır.

Çoxillik və səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov “Tərəqqi” medalı ilə təltif olunmuşdur. “Avropa” nəşriyyat və mətbuat evi onu “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalına layiq görmüşdür. O, 2013-cü ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü seçilmişdir. Professor Ağarza Rüstəmov bir çox elmi jurnalların redaksiya heyətinin üzvüdur.

Şəxsi keyfiyyətləri ilə də Ağarza Rüstəmovun özünəməxsusluqları vardır. Uzun illərin müşahidələrindən sonra deyə bilərəm ki, mənəvi ucalıq, etibar, sadəlik və xeyirxahlıq Ağarza müəlimin xarakterini səciyyələndirən əsas keyfiyyətlərdən biridir. Onun keçdiyi şərəfli və məsuliyyətli ömür yolunu adilikdə böyüklük nümunəsi kimi xarakterizə etmək olar.

İqtisad elmlər doktoru, professor Ağarza Rüstəmov həyatının mənasına çevrilmiş və 50 yaşı tamam olmuş Naxçıvan Dövlət Universitetində iqtisadçı kadrların hazırlanmasına xidmət etmək yolunu şərəflə davam etdirməkdədir. Ömrünün 42 ilini həsr etdiyi Naxçıvan Dövlət Universiteti onun özünün də yüksəlişinə, tanınmasına böyük yol açmışdır. Professor Ağarza Rüstəmov iş yoldaşları, həmkarları, dostları, yetirmələri və tələbələri ilə birlikdə 65 yaşını qeyd edir. Tanınmış iqtisadçı alim və pedaqoq, etibarlı dost olan Ağarza Rüstəmovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzu edirik.

5 iyul 2017-ci il

 





10.07.2017    çap et  çap et