525.Az

Emin Piri soruşur: "Sağ qalan varmı?!"


 

Emin Piri soruşur: "Sağ qalan varmı?!"<b style="color:red"></b>

Ən yeni Azərbaycan poeziyasında öz dəst-xətti, orijinal fikirləri və yazı tərzi ilə gənclər arasında seçilən imzalar heç də az deyil. Onlardan biri də "Sağ qalan varmı?!" kitabı ilə oxucularının görüşünə gələn Emin Piridir.

Onun imzası artıq bir neçə ildir ki, mənə tanışdır. Hətta gənc şairlərdən ilk tanıdıqlarımdan biri də məhz Emin olub. Eminin yaradıcılığının böyük hissəsini sərbəst vəznli şeirləri təşkil etsə də, heca vəznində də dəyərli poeziya nümunələri var. Bir dəfə özü bu haqda belə demişdi: "Mən əsasən sərbəst vəzndə yazıram. Ancaq hərdən heca vəznində də yazıram ki, sonra deməsinlər yaza bilmir".

Mənim üçün Emin ədəbiyyatımızın səngəridir. Onun bütün şeirlərində sanki müəllif səngər arxasından oxucusuyla söhbət edir. Nədənsə Emini şeirlərində tam olaraq görə bilmirəm. Şeirləri oxuduqca bunun Emin Piri olduğunu hiss edirəm, səssini eşidirəm, kölgəsinə rast gəlirəm, hərdən əlini, başını, gözünü görürəm, amma özünü tam olaraq görmürəm.

Emini ilk dəfə "Çətin keçib uşaqlığım" şeiri ilə tanımışam. Şeir, haqqında danışdığım kitabda da yer alıb.

Demək olar ki, hər şairin, hər yazıçının yaradıcılığında uşaqlığına, gəncliyinə həsr etdiyi ən az bir şeir vardır.
Bu şeiri isə digərlərindən fərqləndirən səmimi, bəzək-düzəksiz, pafossuz təsviridir.

Çətin keçib uşaqlığım,
Ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
Dua etmisinizmi heç?!

Kasıb uşaqlarla varlıların fərqləndiril məsindəki uğurlu tapıntılar şeirin daha təsirli və daha poetik mənalandırılmasına zəmin yaradır:

Paltarının yamağını gizlətməkdi
Varlıların gözündən
Kasıb uşaqlarının oyunu.

Şeirdə hər misra illərlə qalaqlanmış iztirabın, ağrının, gizli utancın, uşaq həvəsinin və bütün bunları özündə cəm edən yüksək müşahidə qabiliyyətinin ən dəqiq göstəricisidir. Yaranışdan müqəddəs hesab etdiyimiz ana obrazı bu şeirdə ən sadə bir neçə misra ilə hətta ilahiləşdirilir:

Kişilər ağlamaz deyən anam
Yerimə özü ağlardı.
Nağıl söylərdi,
Göydən üç alma düşməzdi
nağıllarında,
Deməzdi bunu anam-
Birdən ürəyimiz alma istəyər...

"Sağ qalan varmı?!" kitabında ənənəvi Emin Piri mövzuları öz əksini tapıb: müharibə, sevgi, qadın, Tanrı...

Yenə də ən çox yer müharibə mövzusuna verilib. Düşünürəm ki, bu da Eminin keçdiyi həyat yolu ilə bağlıdır. Belə ki, Emin Piri 2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib. Bəlkə də cəbhədə gördüklərinin, yaşadıqlarının təsirindəndir ki, onları şair hələ də yazır...

Kitab "Eşq ayələri" adlı şeirlə başlayır. "Səadət hər səhər sevdiyinin gözlərində doğulmaqdır"- deyən şeirin ana xətti göründüyü kimi məhəbbətdir.

Susayarsan gecə yarı
Durub şəklinə baxarsan.
Kəbə divarıtək
Üzümü sürtərəm- yanağın
mənim tövbə yerim.

Şeir əsasən maraqlı bənzətmələri, orijinal fikirləri ilə diqqət cəlb edir. Məsələn, "qadının dili ağzında yox, gözlərindədi", "adam ürəkdən yox, çiyinlərdən və dizlərdən sevir" və ya "sənsiz yayın ortasında dişlərim kilsə zəngi" və s.

Qeyd etdiyim kimi, Emin Piri lirikasının ana xəttini müharibə mövzusu təşkil edir. Onun ayrı-ayrı şeirlərində müharibənin yaratdığı faciələr, savaşlar nəticəsində "əlil qalan talelər", "yarımçıq həyatlar", iztirablar, bəzən üsyanlar, bəzən səssiz hayqırışlar fərqli səhnələrlə, müxtəlif obrazların dilindən təsvir olunur. Bəzən şəhid övladı atasını itirəndən sonrakı həyatını, anasının çəkdiyi iztirabları təsvir edir:

...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
Sıxmışdı əllərini...
Camaat görməsəydi
Yumruqlardı atamı:
"bu iki yetimə bəs, kim baxacaq?!"

Başqa bir şeirdə isə altı aylıq körpəsi ilə birgə öz qolunu da itirən ananın bədəninin parçasını unudub, balasının axtarışına çıxmasına, on altı il keçməsinə baxmayaraq, hələ də altıaylıq körpələrin simasında balasını tapmaq ümidinə "tamaşa edirik":

...şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
Qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında,
biri özündə qalmışdı ananın...

...on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında...

Gənc şairin, demək olar ki, bütün şeirlərində bir ana obrazı var. O ana balası üçün yanır, onu qorumaq naminə özünü oda, alova atır, çabalayır, çalışır, çarpışır, həyat adlı qorxulu əjdaha ilə təkbaşına mübarizəyə atılır... Bütün şeirlərdə artıq belə bir ananı görməyə alışan oxucu birdən birə "Abort stolunda yalvaran körpə"  şeiri ilə qarşılaşır. İlk reaksiya, əlbəttə ki, çaşqınlıqdır. Ancaq şair bu priyomla oxucusuna həyatın enişli-yoxuşlu üzünü, insanların müxtəlifliyini, gözlənilməzliyin adiliyini başa salmağa çalışır. Biz bunun vasitəsilə görürük ki, həyatda balası üçün özünü oda-alova atan ana ilə bərabər, körpəsini bətnindəcə doğratdıran "ana" da var. Ədəbiyyat da bu deyilmi ki? - Həyatın əksi...

Cənnət anaların ayağı altındadı
deyən qadın
bətnində doğratdığı körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı...
...Küncə atılmış
          körpə bədəni
          əllərini açıb göyə
          "mən təsliməm, ana,
          yetər bu işgəncə!"-
          deyib yalvarır.

Eminin müharibə mövzulu şeirlərinin Qarabağ dərdindən "su içdiyi" gün kimi aydın olsa da, o, təkcə, Qarabağla kifayətlənmir. Şair bütün dünyada baş verən savaşları, bu savaşların günahsız qurbanlarını böyük təəssüflə yad edir. Artıq dünyamız elə bir zamana gəlib çıxıb ki, "analar uşaq yox, şəhid doğur daha".

Bu müharibələr, baş verən savaşların, qan-qadaların ən məsum qurbanları isə əlbəttə ki, körpələrdir.

Günümüzdə baş verən savaşlara nəzər salsaq, hər gün onlarla, yüzlərlə körpə həyatın dadını almağa, gözünü açmağa imkan tapmamış kor güllənin qurbanına çevrilir. Bu dərd hər kəs kimi Emini də narahat edir, ağrıdır. Hətta şair bu ölümlərdə belə bir gözəllik, bir təskinlik tapmaq üçün çabalayır:

Hamıdan çox uşaqları sevər
Müharibələr.
Kiminin alnından,
Kiminin gözündən öpər.
Tanrı daha tez
Sevdiklərini aparır deyirlər.
Allahın öpüşüdü
bəlkə elə bu güllələr?!

"Babamın əlləri", "Səngərdəkilərin acığına", "Sükutlu səngər", "Ayağım özümdən qeyrətli çıxdı", "İtirilmiş əllər" və başqa bu qəbildən olan şeirlər hər misrasında səngərin soyuğunu, güllənin yandırıcı ağrısını, adına "müharibə" dediyimiz vəhşətin ən sərt üzünü gözlərimizin önündəcə sərgiləyir.

Təbii ki, müharibə varsa, savaş varsa, orada ölən də olmalıdır, yaralanan da, hansısa əzasını itirib əlil qalan da... Ancaq bir gəncin sevgilisinə gül uzadacaq qolunun, bir babanın nəvələri ilə oyun oynayacaq əlinin, bir əsgərin səngəri tərk edəcək ayağının, bir gəlinin sinəsinə qısılacaq ömür -gün yoldaşının, bir ananın balasını qucaqlayacaq qollarının olmaması hər cür ölümdən də betər bir göz dağı deyilmi?!

Şair bütün bunlara etiraz edir, üsyan qaldırır. Ən çox da bu qədər şəhid verən bir torpağın hələ də yad tapdaqda əzilməsi keçmiş leytenantı özündən çıxarır. Burada artıq iki nəfər: şair və leytenant bir-biri ilə çarpışır, amma ikisinin də ortaq cəhəti var: hər ikisi o şəhidlərdən utanır.

Kitabın adını aldığı "Sağ qalan varmı?!" şeiri isə bayaqdan haqqında dəhşətlə danışdığımız o savaşın romantik təsvirini xatırladır:

Əsgər sinəsi axtarır
İsinməyə
Fevral şaxtasından
Üşüyən güllə.

Şeirdə iki obraz var: əsgər və həmin əsgərin yolunu gözləyən sevgilisi. Gecə səhərə qədər anasından gizlin o soyuq səngərə yazdığı məktublarla isti nəfəsini, ilıq məhəbbətini göndərən qız gün gələr sevgilisinin ölüm xəbərini alar:

Daha
gecələri oyaq qalmağa,
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu...

Beləcə atılan hər güllə əsgərlə bərabər ürəyi sevgi ilə çırpınan bir gənc qızın arzularını, xəyallarını da özü ilə aparıb gedər:

səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
tağım komandirinin
kimsə sağdı?!

Bəlkə də dünyanın ən çətin, ən ağır sualıdır bu. O da komandirlərin öhdəsinə düşüb. Bəlkə də nə zamanda bu sualı xidmət əsnasında Eminin özü də soruşub, nə bilmək olar?!

Emin Pirinin qələmində hər kəsin yaxşı tanıdığı, az qala əzbər bildiyi sevgi, məhəbbət də başqalaşır, libasını dəyişir. O, buna da öznəməxsus orijinal və müstəqil baxış bucağından yanaşır. Şair demək olar ki, dünyada baş verən bütün faciələrin alt qatında sevgisizliyin dayandığını vurğulayır. Onun fikrincə, hər kəsin könlünü səmimi və saf sevgi ilə almaq olar:

Söymə bu dənizi, balıqçı qardaş,
Xırda soxulcana gəlməz
Hər balıq.
Bir dəfə də öpüş qoy tilovuna
Bəlkə sevgiyə aldanıb
Bir balıq düşə "toruna".

Ancaq qəlbi sevgi ilə coşub çağlayan şair bəzən sevgidən küsür, bəzən isə hətta sevməyə qorxur. Sözsüz ki, bu qorxu birdən-birə, öz-özünə yaranmayıb. İnsanlardan, sevdiklərindən, güvəndiklərindən gördüyü xəyanətlərin bunda payı heç də az deyildir. Hətta hərdən iş o yerə çatır ki, "Sənin üçün darıxmışıq, İlahi"- deyən şair, darıxdığı Tanrısını sevməyə də qorxur:

Kimi sevdim dönük çıxdı,
Dönüklərim yaman çıxdı.
Mələk sevdim
Şeytan çıxdı,
Səni sevməyə qorxuram,
Qorxuram,
Allah!

Sərbəst vəznli şeirləri ilə tanıdığımız Emin Piri hecada - ənənəvi vəzndə də öz orijinallığını qoruyub saxlamağı bacarır. "Üstü-başı tozlu şeir", "Yalançı dindar", "Sənin üçün darıxmışıq, İlahi" və başqa şeirləri heca vəznində yazılmış fərqli poetik nümunələrdir. Ancaq şair heca vəznli şeirlərində də sərbəstdir. Heç bir vəzn, heç bir quruluş onu qəlibə salmağı bacarmır. Çünki onun düşüncələri, fikirləri azad və qəlibsizdir.

Şeirlərinin çoxunda Tanrıya müraciət edən, Tanrıya sevgisini, inamını göstərən şair yalançı din xadimlərinin, dinin adından öz məqsədləri, mənafeləri naminə istifadə edən şarlatanların oyunlarına qarşı amansızdır. O, belə oyunbazları qılıncdan kəskin söz vasitəsi ilə tənqid və ifşa edir. Mübarizəsinə qalxdığı mövzuları, düşüncələri və hadisələrə yanaşma tərzi ilə şair xələfi Seyid Əzim Şirvanini də xatırladır.

"Sağ qalan varmı?!" şeirlər kitabının son şeirləri kənd həyatına, şəhərli oğlanın kənd mühitinə münasibətinə həsr olunub. Bu da təsadüfi deyil. Belə ki, müəllif artıq bir müddətdir ki, ölkəmizin ucqar dağ kəndlərinin birində müəllimlik fəaliyyəti ilə məşğul olur. Həm şair, həm də müəllim kimi xalqına xidmət göstərən Emin Pirinin "Təndir ətirli qız" şeiri poetik obrazları və tapıntıları ilə orijinaldır:

Mən bir az Sergey Yesenin,
İrana oxşayan bu kənddə sərxoş,
Şəhərli oğlana bel bağlamaz
Bu kəndin qızı,
Uzadar əllərini...
Uzağı bir qurtum sərin su verər.

Şeirdən də anlaşıldığı kimi, şair ömrü uzunu axtarışında olduğu o saf, təmiz, səmimi hissləri "dağın balası" adlandırdığı kənddə, "gözlərində Allahı gördüyü qızın" təndir ətirində tapıb. Ancaq təəssüf ki, kənd qızı şəhərli oğlana bel bağlamaz. Onu inandıra bilib- bilməməsini, könlünü qazanıb -qazanmadığını isə yəqin ki, Emin Pirinin yaradıcılığını izləyərək gələcək şeirlərindən öyrənəcəyik...

 





11.07.2017    çap et  çap et