525.Az

Alınma terminlər problemi


 

VƏ YA NADİR MƏMMƏDLİNİN "AZƏRBAYCAN DİLİNDƏ ALINMA TERMİNLƏR" KİTABI HAQQINDA

Alınma terminlər problemi <b style="color:red"></b>

Professor Nadir Məmmədlinin "Azərbaycan dilində alınma terminlər" monoqrafiyası, hər şeydən əvvəl, ona görə dəyərlidir ki, birincisi, Azərbaycan dilçiliyində bu sahədə aparılmış araşdırmaların, qazanılmış təcrübənin ən mühüm uğurlarını özündə ehtiva edir; ikincisi, mövzuya münasibətdə onun (terminologiyanın) ümumnəzəri, metodoloji problemləri səviyyəsinə yüksəlir və nəhayət, artıq demək olar ki, uzun illər apardığı həm praktik lüğətçilik, həm də nəzəri tədqiqatların bilavasitə yekunu kimi müəllif mövqeyini sistemli şəkildə nümayiş etdirir.

Əlbəttə, "alınma terminlər"dən bəhs edərkən əsas məsələlərdən birincisi "alınma söz", ikincisi isə "termin" anlayışlarını müasir elmi-intellektual, analitik-funksional təfəkkür mövqeyindən dəqiqləşdirməkdən ibarətdir ki,  fikrimizcə, monoqrafiyanın "Giriş"ində müəllif buna kifayət qədər nail olmaqla yanaşı, öz müvafiq interpretasiyalarını bütün  əsər boyu daha da inkişaf etdirərək zənginləşdirə  bilmişdir.

Hər bir dilin terminologiyasının formalaşması tarixinin həmin dilin elmi üslubunun təşəkkülü tarixinin üzvi tərkib  hissəsi olması barədəki ümumelmi təsəvvür, prinsip etibarilə, ciddi mübahisə doğurmasa da, elmi təfəkkürün digər təfəkkür formaları, məsələn, bədii, publisistik və s. ilə müqayisədə daha çox ümumbəşəri xarakter daşıması, haqqında söhbət gedən təsəvvürü, ilk növbədə, o baxımdan şübhə  altına alır ki, bu və ya digər dilin daşıyıcıları üçün elmi- intellektual təfəkkür, heç də həmin dilin miqyası ilə məhdudlaşmayıb, çox hallarda onun hüdudlarından kənara çıxaraq, bir növ, transmilli məzmuna malik olduğundan terminologiyanın ümumbəşəriliyi ilə elmi üslubun milliliyi arasında  müəyyən ziddiyyət və ya diskomfort mövcuddur. Azərbaycan dilinin XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapmağa başlayan, təxminən XX əsrin ortalarına doğru həm humanitar- ictimai, həm təbiət, həm də texniki elmlər üzrə kifayət qədər  diferensial bir səviyyədə təzahür edən elmi üslubunun istər türk, istər Şərq, istərsə də Qərb mənşəli əsas terminoloji materialının, yaxud  bazasının daha əvvəllərdən Azərbaycan elmi-intellektual təfəkkürünün istifadəsində olduğunu göstərən xeyli mənbələr mövcuddur ki, onların meydana çıxdığı tarix və ya tarixlərlə Azərbaycan dilinin elmi üslubunun təşəkkül tarixi arasında müəyyən  fərq olduğunu etiraf etməmək mümkün deyil. Lakin fakt faktlığında qalır ki,  terminologiya yalnız o zaman bir dilin kontekstində  onun linqvistik əlaməti olaraq təhlilə cəlb edilə bilər ki, həmin dilin elmi üslubunun az-çox stabil faktına- materialına çevrilmiş olsun.

Elmi təfəkkürün ümumdünya miqyası aldığı və ya universallaşdığı XIX əsrin əvvəllərindən etibarən elə bir xalq təsəvvür etmək mümkün deyil ki, onun dilinin elmi üslubunda leksik alınmalar ya olmasın, ya da  əksər hallarda üstünlük təşkil etməsin. Çünki dünya xalqlarının, demək olar ki, əksəriyyətinin təfəkkürü kimi dili də elmi  anlayışı (və termini) ümumi tarixi mənbələrdən alır ki, buraya Qərb mədəniyyəti üçün yunan, latın, Şərq mədəniyyəti üçünsə eyni zamanda ərəb, müəyyən qədər isə fars mənbələri daxildir. Azərbaycan dilinə gəldikdə isə Şərq və Qərb mənşəli terminologiyanın funksional paralelliyinin mövcudluğu nəinki elmi üslubun, hətta milli elmi təfəkkürün təbiətinə, yaxud tipologiyasına təsir edəcək bir səviyyədədir.  

Monoqrafiyanın birinci fəsli ərəb və fars, ikinci fəsli rus, üçüncü fəsli Avropa mənşəli alınma terminlərə həsr olunmuşdur. Dördüncü fəsil isə hər üç  mənşə və ya mənbədən gələn terminoloji leksikanın  azərbaycandilli təfəkkür  kontekstində mənimsənilməsi prosesindən və ya texnologiyalarından bəhs edir ki,  fikrimizcə, həm nəzəri, həm də praktik baxımdan çox aktualdır.

Nadir Məmmədlinin monoqrafiyasında mövzu ilə ya birbaşa, ya da dolayısı ilə bağlı araşdırılan  problemləri xülasə etsək, təxminən aşağıdakı  mənzərə alınar:

1) ərəb və fars mənşəli terminlər - bu terminlərin Azərbaycan dilində funksional tarixi mövqeyi və XX əsrin 20-ci ilərindən etibarən həmin mövqeyə elmi-nəzəri, eləcə də ideoloji münasibət; xüsusilə ərəb mənşəli terminlərin elmi üslubun müxtəlif sahələri üzrə işlənmə dairəsi; ərəb və fars mənşəli terminlərin fonoqrafik "milliləşmə"si və ya assimilyasiya-unifikasiyası; Avropa dillərindən alınmış ərəb və fars mənşəli terminlərin spesifikası və həmin terminlərin  "hərəkət trafektoriyası"; Azərbaycan dilində işlənən ərəb və fars mənşəli terminlərin struktur və semantik interpretasiyası və s.

2) rus mənşəli terminlər - bu alınmaların Azərbaycan dilindəki xüsusilə bilinqvizmdən irəli gələn spesifikası; rus mənşəli terminlərlə rus dili vasitəsilə keçən Avropa mənşəli terminlərin fərqləndirilməsi; rusizm və sovetizmlər; rus mənşəli terminlərin Azərbaycan dilindəki əhatə dairəsi; həmin alınmaların semasiologiyası və s.

3) Avropa mənşəli terminlər - bu terminlərin müxtəlif prinsiplərlə təsnifatı; internasional terminologiya problemi; Avropa mənşəli terminlərin Azərbaycan dilində funksional yayılma sahələri; həmin terminlərin geneoloji təsnifi; termin-elementlər və onların semantik funksiyaları və s.

4) dilxarici və dildaxili amillər - terminalmanın sosiolinqvistikası; alınma terminlərin mənimsənilməsi məsələləri və s.

Bu ümumi mənzərə, başqa sözlə, əsərin sxemi, hələ məzmun- mündərəcəsinə o qədər də dərindən müdaxilə etmədən öz-özlüyündə, aparılan  araşdırmaların ciddi intellektual- metodoloji struktura, yaxud modelə əsaslandığını göstərir. Və həmin əsaslılıq, bir tərəfdən, müəllifin elmi təfəkkürünün konseptuallığını nümayiş etdirirsə, digər tərəfdən, monoqrafiyanın akademik dilçilik mühitində adekvat dərk olunmasını, bu cür hallar üçün heç də az  səciyyəvi olmayan pərakəndə, yaxud ziddiyyətli mülahizəçilikdən, artıq təfərrüatdan qaçılmasını təmin edir.

Məlum olduğu kimi, Azərbaycan dili türk dillərindən biri olmaqla ümumtürkcənin təbii diferensiasiyasının məhsuludur. Və heç bir şübhə yoxdur ki, Azərbaycan dilində işlənən ərəb, yaxud fars mənşəli sözlər, eləcə də terminlər ümumtürkcədən gəlməklə bütün türk dilləri üçün bu və ya digər dərəcədə xarakterikdir. Lakin  Azərbaycan xalqı (və dili) o türk xalqlarındandır (və dillərindəndir) ki, ərəb müsəlman dünyası ilə daha çox bağlı olduğundan milli elmi- mədəni təfəkkür, ümumən dünyagörüşü həmin dünyanın bilavasitə tərkib hissəsi kimi çıxış etmişdir. Türk dilləri tarixinin görkəmli tədqiqatçısı Prof. Dr. Əhməd Cəfəroğlu  Səlcuq türklərinin, demək olar ki, bütün müsəlman dünyasına hakim olduqları XI- XIII əsrlərdə öz saraylarında ərəb, fars dillərinə türkcədən daha çox önəm verdiklərini "naxələflik" kimi qınayır.

Burada müəyyən həqiqət olsa da, etiraf etmək lazımdır ki, həmin əsrlərdə türklərin elmi- intellektual, mədəni səviyyəsi, onların hərbi- siyasi qüdrətindən geri qaldığına görə, əgər belə demək mümkünsə, intibah  dövrü yaşayan müsəlman cəmiyyətin bir üzvünə çevrilməsi tamamilə təbii idi. Hətta iş o yerə çatmışdı ki, türk dövlət xadimləri, hərbçiləri,  ziyalıları yalnız bir türk kimi deyil, həm türk, həm ərəb, həm də fars olaraq düşünmək, "üçayaqlı" bir düşüncə mədəniyyətinin daşıyıcısı olmaq iddiasında idilər. Bu isə  o deməkdir ki, ərəb, eləcə də fars mənşəli sözlər türk dilinə (və onun formalaşmaqda olan Azərbaycan təzahürünə) "kənar"dan yox, "daxil"dən gəlirdi, hətta bir qədər obrazlı desək, "dil"ə yox, "təfəkkür"ə gəlirdi. Və həmin  faktın nə qədər dəqiq olduğunu o da sübut edir ki, nəinki orta əsrlərdə, bütün yeni dövr boyu belə, türkcəyə meylli olan, bu və ya digər sözü (termini) ərəbcə, farsca yox,  məhz türkcə işlətməyə çalışan ziyalılar onlara daha yaxşı məlum olan ərəb, yaxud fars sözünün qarşılığını axtarmalı olmuşlar. O mənada ki, həmin türk ziyalılarının təfəkküründə həm təhsildən, həm də qulluq, yaxud yaradıcılıq praktikasından irəli gələrək, ümumiyyətlə, normativ, ənənəvi olan söz (termin) türk yox, ərəb və ya fars mənşəli idi.

Nadir Məmmədli orta əsrlərdə Azərbaycan dili terminologiyasının təşəkkülündə ərəb  dilinin təsirini, tamamilə doğru olaraq, fars dilinin təsirindən daha güclü (hətta əlavə etmək olar ki, müqayisə edilməyəcək qədər güclü) olduğunu göstərir. Və yazır:

"Azərbaycan dilinə, xüsusilə ərəb mənşəli terminlərin keçməsini təbii hal hesab  edirik. Bu, əvvəla, elm və mədəniyyət anlayışları  ilə əlaqədar ərəb dilində hazır terminlərin  mövcudluğu (qədim yunan, hind elmi traktatları ərəb dilinə tərcümə olunmuş, hələ orta  əsrlərdə ərəb terminologiyası formalaşmışdı),  ərəb, eləcə də fars dilinin yeganə alınma mənbəyi olması, ikincisi və ən başlıcası, ərəb dilinin müsəlman aləmində "Qurani-Kərim" - din dili hesab edilməsi (əslində, olması! - N.C.) ilə bağlı idi".

Türk dillərində, eləcə də Azərbaycan dilində orta əsrlərin ortalarından başlayaraq ərəb terminologiyasının nəinki geniş yayılması, hətta mütləq hakim olması, monoqrafiya müəllifinin göstərdiyi kimi, bir tərəfdən, "Qurani-Kərim"in güclü (və çoxmiqyası) təsirinin nəticəsi idisə, digər tərəfdən (və doğrudan da), ərəb elmi təfəkkürünün (və dilinin) beynəlxalq hadisəyə çevrilməsi, milli (və dini) hüdudları aşaraq həm Şərq, həm də Qərb dünyasının intellektual- mədəni, xüsusilə fəlsəfi düşüncə potensialını özündə kifayət qədər dolğun bir şəkildə  ehtiva eləməsi idi. Və təsadüfi deyildi ki,  qədim dünyanın ən möhtəşəm mütəfəkkirlərinin əsərləri yalnız həm müsəlman, həm də xristian ərəblər tərəfindən deyil, eyni zamanda müsəlman hindlilər, farslar, türklər tərəfindən də ərəbcəyə çevrilmiş, onlara geniş (və mükəmməl) şərhlər yazılmışdı. Bu tərcümələrin, xüsusilə şərhlərin müəlliflərindən biri Türküstan müdriki  Əbu Nəsr əl-Fərafi ət- Türki (XI əsr) idi.

Nadir Məmmədlinin belə bir fikri  ilə də razılaşmamaq mümkün deyil ki, "islam dini bu gün də kifayət qədər güclüdür, dünyanın ictimai- siyasi hadisələrində mühüm rol oynayır. İslam dini qayda- qanunları Azərbaycanın ideya mövqeyinə, sivilizasiyasına, xalqın mənəvi həyat səviyyəsinə öz təsirini göstərmişdir. Burada, ələlxüsus, müsəlman dini ideya ənənələrinin və bu ənənələrin ictimai- siyasi anlayışlarının Azərbaycan dilinə təsirini qeyd etmək lazımdır.  Azərbaycan dilində İslam dini, onun əmələ gəlməsi, prinsipləri, təriqət və cərəyanları,  modernləşdirilməsi, siyasi və sosial rolu ilə bağlı külli miqdarda termin işlənməkdədir"... Bu isə o deməkdir ki, müasir Azərbaycan dil təfəkküründə ərəb mənşəli terminologiyanın mövqeyi o qədər güclüdür ki, bir tərəfdən, milli (türk mənşəli), digər tərəfdən isə modern (beynəlmiləl)  terminologiya ilə rəqabətdə çox zaman  öz tarixi üstünlüyünü qoruyub  saxlayır. Və həmin üstünlük ən azı üç səviyyədə təzahür edir:

1) ərəb mənşəli söz- termin mütləq üstündür; məsələn: alim, hüquq, din, müəllim, kitab və s.;

2) ərəb mənşəli söz- termin həm milli, həm də beynəlmiləl sözlə paralel işlənsə də, daha populyardır: dövr- dönəm, əsr- yüzillik, şeir- poeziya, həkim- doktor, təcrübə- praktika və s.;

3) ərəb mənşəli söz- termin arxaikləşsə də, ən azı ekzotik- üslubi funksionallığını mühafizə edir: əfkari- ümumiyyə, mükəlləfiyyət, müfəssəl, mürşid, müsamirə, mütəvaze və s.

Artıq bir əsrdir ki, nə ərəb, nə də fars dilindən Azərbaycan dilinə, demək olar ki, heç bir söz- termin keçmir, lakin Azərbaycan- türk dili təfəkkürünün təxminən min il ərzində mənimsədiyi ərəb və fars alınmalarına müasirlik mövqeyindən koqnitiv müdaxilə olduqca fəaldır.

Nadir Məmmədlinin monoqrafiyasında rus mənşəli terminlərə xüsusi  yer ayrılması, onların, ənənəvi olaraq, rus-Avropa  mənşəli terminlər daxilində deyil, ayrıca araşdırılması, əlbəttə, düzgündür. Müəllif yazır:

"Rus mənşəli terminlərin alınma prosesinin izlənməsi və ictimai-siyasi, sosial amillərinin izah olunması  Azərbaycan dilçiliyində aktual problemlərdən biridir. Azərbaycan dilində rus mənşəli terminlərin alınma yollarının mənimsənilməsi dərəcəsinin müəyyənləşdirilməsi  ciddi axtarışlar tələb edir".

Məsələnin mahiyyəti bundan ibarətdir ki,  XIX əsrin ortalarından etibarən rus mədəniyyəti Rusiya tabeliyindəki xalqlara birbaşa (və əhəmiyyətli) təsir göstərməyə başlayır ki, həmin təsir, əslində,genetik baxımdan yalnız rus mədəniyyətinin hadisəsi deyildi. Rusiyanın özü Qərbi Avropanın ciddi mədəniləşdirici təsiri altında olduğundan  imperiyanın "ucqarlar"ına rus mədəniyyəti qiyafəsində  Qərbi Avropanın həm maddi, həm də mənəvi texnologiyalarının  nüfuzuna start verilmişdi. Və o da təsadüfi sayıla bilməz ki, həmin  dövrü (və vəziyyəti) təhlil edən Avropa mütəfəkkirləri bu fikirdə idilər ki, Rusiya əsarət altına aldığı xalqlara (bunların əksəriyyəti türk xalqları idi) münasibətdə "bütün  alçaqlığına və slavyan çirkabına baxmayaraq mədəniləşdirici  rol oynayır"... Əlbəttə, Rusiya və ya rus dili vasitəsilə gələn  həm maddi, həm də mənəvi terminologiyanın, eləcə  söz- terminlərin ilk mərhələlərdə Qərbi Avropa, yaxud rus- slavyan mənşəli olduğunu  müəyyənləşdirmək "ucqarlar" üçün nə maraqlı,  nə də əhəmiyyətli deyildi. Lakin XX əsrin əvvəllərindən, xüsusilə həmin əsrin 20-ci illərindən başlayaraq məsələyə diferensial yanaşmaq üçün intellektual- mədəni şərait yarandıqda rusizmlərə (və sovetizmlərə) ayrıca münasibət meydana çıxdı.

Nadir Məmmədli, fikrimizcə, haqlıdır ki,  "rusizm milli, sovetizm isə sosial, ideoloji işarədir. Rus dilindən alınan terminlərin hamısı rusizm deyil: rusizm dedikdə rus məişətini və tarixi dünyagörüşünü ifadə  edən leksik vahidlər nəzərdə tutulur; rusizmlər tarixən formalaşmış rus sözləridir. Sovetizmlər isə sovet gerçəkliyini əks etdirən  söz- terminlərdir. Bunlar müəyyən ictimai quruluşun terminoloji fondudur və sovet həyat tərzini, varlığını əks etdirən sözlərdir".

Müasir Azərbaycan dilində işlənən rus sözlərini ilk dəfə bütün  miqyası ilə araşdıran müəllif belə bir qərara gəlir ki, "Azərbaycan dilində  rus mənşəli terminlərin bir qismi ( fikrimizcə, çoxu - N.C.) artıq müəyyən sahə terminologiyasından daha çox, ümumədəbi dil sözləri hesab edilir". Və əlavə  etmək lazımdır ki, çoxlu sayda rusizmlər mövcuddur ki, heç zaman ədəbi dilə daxil olmamış, lakin danışıq dilində o qədər böyük  populyarlıq qazanmışdır ki, bəzi azərbaycanlılar həmin sözlərin ədəbi qarşışılığını ya bilmir, ya da çətinliklə  tapırlar; məsələn: semiçka, balnisə, priyamoy, çesni, obayatelnı, minitelni, solidnı, vorzakon, kvartirant, xazeyn və s.

Görünür, bu cür sözlərin Azərbaycan dilində bir vaxtlar daha geniş yayılması, ilk növbədə, rus dilinin Azərbaycan dilinə hərtərəfli təsirilə bağlı idisə, digər tərəfdən, məişət dilində ədəbi normativliyin zəifliyindən irəli gəlirdi. Və XX əsrin sonlarından etibarən həmin vəziyyətin sürətlə aradan qalxdığı, yeni nəslin dil təfəkküründə bu cür alınmaların  meydanının daraldığı müşahidə edilməkdədir.

Ümumiyyətlə, Azərbaycan dilinin söz və  ya termin alma mənbələri içərisində rus  dilinin mövqeyi xeyli məhdudlaşmışdır. Ona görə də monoqrafiya müəllifinin "rus mənşəli terminlər alınması dilimizin indiki mərhələsində də ictimai, siyasi, mədəni məzmuna uyğunlaşaraq davam edir. Rus dili yeni realiyaların nominasiyasını intensiv əks etdirən əsas alınma mənbələrindən biri  kimi qalmaqdadır" qənaəti bizə  mübahisəli görünür.

Nadir Məmmədli yazır:

"Azərbaycan dili lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də rus dili vasitəsilə və vasitəsiz başqa dillərdən və ilk növbədə Avropa dillərindən alınan sözlərdir".

Ümumiyyətlə, doğru olan bu fikrin dəqiqləşdirilməsinə ehtiyac vardır... Hər  şeydən əvvəl, bu gün Avropa dillərindən Azərbaycan dilinə sözlər, prinsip etibarilə, vasitəsiz keçir, yəni rus dilinin tarixi vasitəçi rolu nəzərə alınmayacaq qədər cüzidir. İkincisi, Avropa dilləri Azərbaycan dili lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri yox, birincisidir.  Və nəhayət, qloballaşan dünya ingilis dilinin bütün dünya dilləri üçün  söz- termin alma, eyni zamanda vasitəçilik rolunu o qədər  gücləndirmişdir ki, bu dil, bir növ, koordinatora çevrilmişdir. Əslində, monoqrafiya müəllifi dövrümüzün həmin reallığını kifayət qədər düzgün dəyərləndirdiyini konkret şərhlərində təfsilatı ilə əks etdirmişdir. İstər qədim yunan, latın, istərsə də müasir Avropa dillərinə aid terminlərin bütöv (qlobal) bir funksional sistem olaraq ortaya çıxdığı müasir mərhələdə  "qarşı tərəf"in (milli mədəni subyektin!) reaksiyasını izah etməyə çalışan müəllif yazır:

"...Dilimizin leksik- terminoloji qatında  daim təkmilləşmə və inkişaf prosesi baş verir. Avropa mənbəli terminlərin bu prosesdə fəal iştirakı Avropa ölkələri ilə müxtəlif xarakterli birbaşa əlaqələrin, ünsiyyət vasitələrinin yaranması, elmi-kəşflərin  geniş vüsət alması, müstəqil respublikanın ictimai- siyasi fəallığı, mədəni həyatda dəyişikliklər, Avropa dillərinin öyrənilməsi intensivliyinin artması, fəallaşması və s. amillərlə bağlıdır".

Azərbaycan dili terminoloji sisteminin zənginləşməsinin əsas xarici mənbəsini  təfsilatı ilə müəyyənləşdirən bu interpretasiya, fikrimizcə, tamamilə doğrudur. Və o da doğrudur ki, alınma terminlərin hər hansı bir dilə keçməsi mürəkkəb dilxarici və dildaxili amillərlə müşayiət olunur. "Dilxarici amillər sosiolinqvistik, dildaxili isə mənimsəmə prosesdir. Birincini  terminin dilə keçməsi, onun səbəbləri, ikincini isə onların milli dilin tələblərinə,  normalarına uyğunlaşması şərtləndirir".

Kifayət qədər zəngin dil faktlarına əsaslanaraq termin alınmasının həm dilxarici, həm də dildaxili mexanizmlərini iki bölmədə geniş araşdıran müəllif belə bir obrazlı nəticəyə gəlir ki, "alınma terminlərin dilimizin  normalarına tabe olması mənimsəmə prosesinin bitməsidir,  dilimizin müvafiq qanunlarına uyğun inkişafı onların sonrakı "həyatı"dır".

Monoqrafiyanın "Nəticə"si  isə belə başlayır: "Aparılan tədqiqat göstərdi ki, ictimai- siyasi, texniki, mədəni, iqtisadi əlaqələr dilin leksik sistemində, ələlxüsus terminologiyada öz əksini tapır. Həm dillərarası ünsiyyət nəticəsində özgə dillərdən maddi linqvistik varlıq - terminlər alınır, həm  də bu dillərin təsiri ilə Azərbaycan  dilinin daxili ehtiyatları, söz yaradıcılığı imkanları hərəkətə gəlir". Və bu kifayət qədər aydın, eyni zamanda dəqiq elmi qənaətdən sonra müəllif uzun illərin araşdırmalarının nəticələrini konkret maddələrlə ümumiləşdirir ki, onların hər biri yuxarıda xülasə etdiyimiz problem- mövzuların ideya- məzmununu və ya mahiyyətini mükəmməl şəkildə əks etdirir.

Heç şübhə etmirik ki, professor Nadir Məmmədlinin "Azərbaycan dilində alınma terminlər" monoqrafiyası Azərbaycan dilçiliyinin son illərdə meydana çıxmış ən dəyərli əsərlərindən biridir. Və bu əsər milli linqvistik təfəkkür mədəniyyətimizi əhəmiyyətli dərəcədə zənginləşdirir.

 





13.07.2017    çap et  çap et