525.Az

Milli mədəniyyətimizin fədakar təmsilçisi və təbliğçisi - professor Babək Qurbanov


 

Milli mədəniyyətimizin fədakar təmsilçisi və təbliğçisi - <b style="color:red">professor Babək Qurbanov</b>

"Gətir, oğlum, gətir..." - Azərbaycanda bu misranı bilməyən çox az adam tapılar.
 
Aşıqlarımızın hamisi olaraq da tanınan Xalq şairimız Osman Sarıvəllinin şah misralarındandır. Oğlu Babək Qurbanova ithafən yazıb. Bu şeiri dinlədiyim gündən bugünədək 50 illik bir zaman keçib. Bugünkü kimi yadımdadır. Atam - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti, iqtisad elmləri namizədi Cəmil Əkbər o dönəmdə Osman qağamızın yeni nəşr olunmuş göy cildli kitabını evə alıb gətirdi. Başdan sonadək həmin şeirləri oxuyub tanış olduqdan sonra "Gətir oğlum, gətir" poemasını mənə də oxudu. O zaman 10 yaşım var idi. Etiraf etməliyəm ki, ilk dəfə Osman Sarıvəlli yaradıcılığı və oğlu Babək Qurbanovla poetik dünyada beləcə bir gündə, bir məqamda tanış oldum. Şeiri dinləyib bir anlıq düşüncəyə daldım. Öz-özümə dedim: "Görəsən, böyük şairimizin hələ həyatda, elm və sənət aləmində mühüm uğurlara imza atmamış bir övladı haqda belə gözəl şeir yazmaqda məramı nə imiş? Görəsən, Babəkdə hansı keyfiyyəti görüb ki, oğlunun şəninə möhtəşəm bir şeir ərmağan edib? Hələ öz balaca düşüncəmlə mən elə bilirdim ki, yalnız böyük şəxsiyyətlər haqda şeirlər, poemalar yazılmalıdır. Lakin həyat yollarında yaşa dolduqca anladım ki, böyük şəxsiyyətlər elə kiçik yaşlarından da böyük qəlbə, böyük məfkurəyə, böyük amallara və düşüncələrə sahib olarmış. Məhz bu keyfiyyətləri uşaqlıq dönəmində hiss etdiyi üçün Osman qağa öz düşüncələrində, hisslərində yanılmamışdı.

Müəllimlik fəaliyyətinə yeni başladığım illərdə Azərbaycan Dövlət Konservatoriyasının İctimai Elmlər Kafedrasına (Azərbaycanın ilk qadın dəniz kapitanı ) Şövkət Xanım Səlimova rəhbərlik edirdi. Şövkət xanım ayrı-ayrı ali təhsil ocaqlarından "fəlsəfə", "tarix", "elmi kommunizm" dərslərini vermək üçün saathesabı da olsa, akademik Firudin Köçərlini, Şahnəzər Hüseynovu, Yasin Qaraməmmədlini, Babək Qurbanovu və başqa tanınmış alimləri dəvət edib tələbələrimizlə "görüşdürərdi". Bu dərslər tələbələrimiz üçün çox maraqlı idi.

Babək Qurbanovla ilk olan əyani tanışlığım 1984-cü illərdə Üzeyir Hacıbəyli adını daşıyan müqəddəs sənət məbədində, Azərbaycan Dövlət Konservatoriyasında, filosof Şahnəzər Hüseynovun vəsiləsi ilə baş tutdu. Bu görüş tanışlığımızın ilk mərhələsi oldu. Bu insanı gördüyüm zaman "Gətir, oğlum, gətir" şeiri ağlıma gəldi. Diqqətlə süzüb Osman Sarıvəllinin gözü ilə seyr etməyə çalışdım. İlk baxışda ağıryana təbiətli, səmimi, təbii və mədəni bir insan kimi qəlbimə yatdı. Sonrakı illərdə bu alimin sədasını televiziyadan, mətbuat səhifələrindən, elmi məqalələrdən, kitablardan, simpozumlardan, imtahan komissiyasından eşitmək mənə nəsib oldu. Böyük alimlərlə - akademiklər Firudin Köçərli, Tofiq Köçərli, Rasim Əfəndiyev, professorlar Camal Mustafayev, Süleyman Ələsgərov, Qəzənfər Paşayev, Kamil Vəliyev və Mustafa İsgəndərzadə ilə görüşdüyüm zaman bilərəkdən Babək müəllim haqda söhbət salırdım. Etiraf etməliyəm ki, onlar bu adı eşitdikcə üzlərinə bir təbəssüm qonurdu. Bu minvalla illər keçdi, 2000-ci ildə Ərzurum Atatürk Universitetinə işə dəvət aldığım gündən Babək müəllimlə yaxın tanışlığımın üçüncü bölümü başlamış oldu. Gecə-gündüz çalışan, 3 fakültədə dərsə girən (Fəlsəfə bölümü, Kazım Qarabəkir tədris fakültəsi və incəsənət fakültəsi) azərbaycanlı alim Babək Qurbanov idi. Ara-sıra Türkiyənin məşhur jurnallarında ("Türkiyyat", "Türk eli") və yerli qəzetlərdə yazıları da çap olunurdu. 2001-ci ildə Babək müəllimin fortepiano əsərlərini ilk dəfə professor Həqiqət Məhərrəmovanın Atatürk Universitetinin böyük konsert səhnəsində coşqulu ifasında dinləyərək, Babək müəllimin həm də bəstəkar olduğunu anladım. Sonrakı illərdə Babək Qurbanovun əsərlərini Tamilla Qasımova, Rəfael Məmmədəliyev, Əfqan Salayev, skripkaçı Fərhat Ağamalızadə, bu sətirlərin müəllifi də fərqli konsertlərdə səsləndirdilər. Ərzurum xatirələrimdə Babək müəllimin skripkadan da dərs dediyini oxucularımızın diqqətinə çatdırmaq istərdim. Çünki Babək müəllim musiqi təmayüllü məktəbdə (hazırda Bülbül adına Orta ixtisas Musiqi Məktəbi) skripka üzrə dərs alıb, konservatoriyaya da skripkaçı kimi daxil olub. Ali təhsil illərində musiqi nəzəriyyəsi ilə yanaşı, bəstəkarlıq ixtisasını da qazanıb. O dönəmdə rektor olmuş Xalq artisti, professor Cövdət Hacıyev bəstəkarlıq dərsini tədris edirdi. Dadaş Dadaşov, Rəşid Şəfəq və Babək Qurbanov Cövdət Hacıyevin ən istedadlı tələbələrindən idi.

Babək müəllim bəstəkarlıqla yanaşı musiqişünaslıq elminin sirlərini öyrəndiyi üçün də yayınlatdığı bir çox kitabları məhz klassik və xalq musiqimizin problemlərinə həsr olunub. Xatırlatmaq lazımdır ki, Babək Qurbanov keçmiş SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqlarının  üzvü olub.

Babək müəllim Sovetlər dönəmində öz sahəsində ittifaq əhəmiyyətli tanınmış alimlərimizdən biridir. Çünki musiqi estetikası üzrə doktorluq dissertasiyasını Moskvada məşhur alimlər qarşısında uğurla müdafiə edib. Bu baxımdan da Babək müəllimin adı İttifaq alimləri arasında hörmətlə çəkilirdi. Təsadüfi deyil ki, məşhur bəstəkar Əfrasiyab Bədəlbəylinin yazmış olduğu "Musiqi lüğəti"nin nəşr olunması üçün 1970-ci ildə bu qiymətli kitaba rəy də verib. Bu, Babək müəllimə olan həqiqi alim inamından irəli gəlirdi. Bir zamanlar Azərbaycan dövlət Konservatoriyasının rektoru olmuş Elmira xanım Abbasovanın elmi işinə rəy verənlər arasında Babək müəllim də var idi.

Babək müəllimin fəaliyyətini təsnif etmiş olsaq, anlaşılır ki, o həm bəstəkar, həm xalq musiqimizin, həm də klassik musiqimizin nəzəriyyəçisi, həm skripka mütəxəssisi, fortepiano müəllimi, filosof, estetik, ədəbiyyatşünas, tarixçidir. İncəsənətimizin bir çox sahələrinə aşina olduğu üçün də rəssamlığa, heykəltəraşlığa, musiqişünaslığa, fəlsəfəyə, etikaya, estetikaya aid yüzlərlə məqaləsi, eləcə də kitabları nəşr olunub. Babək müəllimin ayrı-ayrı illərdə yayınlanmış elmi yazıları ilə tanış olduqda gördüm ki, bu çalışqan alimin 700-ə yaxın məqaləsi var. 33 aspiranta rəhbərlik etmiş alimin 41 kitabı işıq üzü görüb. Babək müəllimin Azərbaycanca, türkcə, rusca, yazmış olduğu məqalələrini diqqətə aldığımız zaman təxminən 8-9 cildlik kitablarının yayınlanmasına ehtiyac duyulur. Bu siyahıya nəzər salmaq kifayətdir ki, onun fəaliyyətinin miqyası və nəticələri anlaşılsın: Musiqişünaslıq haqda məqalələr; elmi işlərə rəylər; kitablara ön sözlər; simpoziumlardakı çıxışlar və yayınlanmış elmi məqalələr; klassik musiqi haqda məqalələr; xalq musiqisi ilə bağlı məqalələr; aşıq sənəti və aşıq yaradıcılığı ilə bağlı məqalələr; xalq rəqsləri və oyun havaları barədə məqalələr; muğam sənəti ilə əlaqədar məqalələr; bəstələr; rus dilindən türkcəyə tərcümələr; türk dilindən ruscaya tərcümələr; Azərbaycan dilindən türkcəyə çevirmələr; türkcədən Azərbaycan dilinə çevirmələr; toy adətləri ilə bağlı məqalələr; Novruz bayramı haqqında məqalələr; lətifələrə dair məqalələr; Molla Nəsrəddinlə bağlı məqalələr; botanikaya aid məqalələr; dastanlarla (Koroğlu) bağlı məqalələr; fəlsəfəyə aid məqalələr; estetikaya aid məqalələr; etikaya aid məqalələr; ifaçılıq sənətinə aid məqalələr; kulturologiyaya aid məqalələr; ədəbi məsələlərə aid məqalələr; tarixə dair məqalələr; heykəltaraşlığa aid məqalələr; rəssamlığa dair məqalələr...

Ardıcıl çalışmalarına görə də Babək müəllim 50-dən artıq fəxri fərmana, plaketlərə, fərqli mükafatlara layiq görülüb. Qaziantep Universitetinin kinoşünaslıq fakültəsinin tələbəsi Bəkir Yolaçan 2016-cı ildə Babək müəllim haqda "Qurbətin musiqisi" adlı sənədli film - bəlgəsəl çəkib, bu ali təhsil ocağında həmin filmin təqdimatı da gerçəkləşib.

Babək müəllimin 75 illik yubiley münasibəti ilə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 9 iyun 2014-cü il tarixində göndərdiyi məktub alimin şəninə yazılmış çox səmimi və xoş arzuları özündə ehtiva edir:

"Hörmətli Babək müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və zəngin Azərbaycan musiqisinin, ədəbiyyatının, folklorunun, incəsənətinin, fəlsəfi və estetik dəyərlərinin təbliği istiqamətindəki işlərinizdə, o cümlədən, pedaqoji fəaliyyətinizdə daimi uğurlar arzulayıram".

Bu yaxınlarda - 9 iyunda Babək müəllimin doğum günü, növbəti yaşı qeyd edildi. Bununla əlaqədar Azərbaycanın Türkiyədəki səfirinin təhsil üzrə müşaviri Nəcibə xanım Nəsibova Babək müəllimə üzərində çox xoş sözlər yazılmış gül çələngi göndərmişdi. Qeyd etməliyəm ki, 23 apreldə Akcaabatda düzənlənən "Qafqazın səsi-2" adlı tədbirə, məhz Babək müəllimin orda iştirakı ilə əlaqədar, Trabzon valisi Yücel Yavuzla birgə Nəcibə xanımın da təşrif buyurması B.Qurbanov şəxsiyyətinə olan sayğıdan irəli gəlirdi.

Babək müəllimi ilk həftələri artıq arxada qalan yeni yaşı münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, özünün yeni yaradıcılıq uğurları, parlaq töhfələri ilə xalqımızı hələ çox sevindirəcək.

İlqar İMAMVERDİYEV
Qaziantep Universitetinin və Bakı Musiqi Akademiyasının müəllimi, Sənətşünaslıq elmləri doktoru, professor

 





14.07.2017    çap et  çap et