525.Az

“Azərbaycanın fəxr ediləsi zəngin irsi var”


 

ÜLKƏR MEHDİYEVA: “BÖYÜK BİR MEQAPOLİSDƏ BÖYÜSƏM DƏ, HEÇ VAXT ÖZ KÖKÜMÜ UNUTMAMIŞAM”

“Azərbaycanın fəxr ediləsi zəngin irsi var”<b style="color:red"></b>

Bugünlərdə Bakıda YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınmış Azərbaycanın milli örpəyi - kəlağayının tanınması istiqamətində “İpək hekayələr” layihəsinin çəkilişləri yekunlaşıb.
 
Layihənin qəhrəmanı isə öz peşəsində bir çox uğura imza atmış və şəxsi nümunəsində qadının çox şey bacara bildiyini sübut etmiş azərbaycanlı xanım olub.

Layihənin ən gənc iştirakçısı - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, tarix üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Ülkər Mehdiyeva ilə müsahibəni oxuculara təqdim edirik. Ülkər Rusiya Federasiyası Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. Daha əvvəl o, MDU-nun İnformasiya-analitika mərkəzinin eksperti, həmçinin Azərbaycanda aparıcı informasiya agentliklərindən birinin Rusiya bürosunun rəhbəri olub.  

Mən öz nailiyyətlərimdən danışmağı sevmirəm. Başa düşürəm ki, hələ çox işlər görmək lazımdır. Bunun üçün öz üzərində işləmək və hər zaman yeni nəsə öyrənmək lazımdır. Öyrənmək hər zaman xoşuma gəlib. Məktəbi qızıl medalla bitirmişəm. Birinci sinifdən on birinci sinfədək əlaçı olmuşam.

MDU-nə daxil olanda 16 yaşım yeni tamam olmuşdu. Ümumilikdə, universitetdə 10 il keçirmişəm. Bu müddət ərzində ən müxtəlif işlərin öhdəsindən gəlmişəm. Tələbəlik illərində qrupun rəhbəri olmuşam. Daha sonra aspiranturaya daxil oldum. Aspiranturanı bitirəndə mən artıq laborantdan elmi işçiyə qədər yüksəlmişdim. Dissertasiyamı müdafiə etdikdən sonra uşaqlıqda tərk etdiyim Vətənə qayıtmaq qərarına gəldim. Doğma şəhərimdə bəzən hər şey mənə tamamilə yad gəlirdi və burada yeni həyata başlamaq bir qədər vaxt aldı.

Mən tez-tez Moskvaya uçuram. Hər dəfə hava limanında olanda atamın məni səfərlərə necə yola saldığını xatırlatyıram. Mən gedib çatmamış artıq o, mənim qayıdışımı gözləyirdi. Gündə bir neçə dəfə zəng edirdi, bütün uğursuzluqlarıma qəlbən narahat olurdu, qələbələrimə sevinirdi, mənə güclü inamı var idi.

Atam bütün məqalələrimi oxuyub, səbirsizliklə doktorluq dissertasiyamın müdafiəsini gözləyirdi və hədsiz qürurlu idi ki, mən onun qızıyam. O, heç vaxt öz düşüncələrini mənə zorla qəbul etdirmirdi, sərbəst qərar qəbul etməyi və buna görə məsuliyyət daşımağı öyrədirdi. Heç nəyə baxmayaraq, mənə hər şeydə dəstək olurdu. Mən də artıq hərəkət etmirdim. Ona görə yox ki, ondan qorxurdum. Ona görə ki, heç bir vaxt nəyəsə görə atamı məyus etmək istəmirdim. Hətta indi də, o yanımda olmasa belə, elə edirəm ki, hər şey onun xoşuna gəlsin. İstəyirəm ki, o, mənimlə fəxr etməyə davam etsin.

Jurnalistika karyeramın başlanğıc nöqtəsi Moskva Akademik Satira Teatrının direktoru haqda 2012-ci ildə çəkdiyim “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sənədli filmim oldu. Bunun ardınca ölkəmizin həmin vaxt ən məşhur informasiya agentliklərindən birində eksklüziv müsahibəm çıxdı. Artıq iki aydan sonra mənə həmin agentliyin Rusiya bürosuna rəhbərlik etmək təklif olundu. Beləliklə, mən Azərbaycandan akkreditasiya edilmiş ən gənc baş müxbir oldum.

Həyatımdakı ən uzun müsahibə 5 saat çəkib. Mən Dağlıq Qarabağda müharibə zamanı itkin düşmüş şəxsin qohumları ilə danışırdım. Söhbət edə bildiyim bütün qadınlar dayanmadan ağlayaraq öz ərlərini və oğullarını necə itirdiklərini danışırdılar. O qadınların nələr yaşadıqlarını anlamaq üçün onlarla göz-gözə danışmaq lazım idi.

Bizim üçün “itkin düşənlər” sadəcə, qəmgin çalar daşıyan adi bir söz birləşməsidir. Onlar üçün isə bütün həyatın faciəsi, sındırılmış tale, uğursuz məhəbbət tarixidir. Əri müharibədən qayıtmayan həmin qadınlardan heç biri yenidən ailə qurmayıb. O qadınlar bu günə kimi “itkin düşmüş”lərin ad günlərini keçirərək, onların sevdikləri mürəbbələri bişirərək gözləyirlər. Onların ağrısını sözlə ifadə etmək mümkün deyil. Yalnız həmin qadınların tarixçələrini dinləməklə o ağrını hiss etməyə çalışmaq olar. Üzərində bir neçə gün işlədiyim həmin material Kəlbəcərin işğalı günü çap olundu.

Ötən ilin yazında Rusiyada Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı “Milli xəbər xidməti” adlı mətbuat konfransında iştirak etdim. Canlı efirdə ölkəmizin ünvanına yalan ittihamlar səsləndirən spikerlərə qarşı dövlətimizin mövqeyini müdafiə etməli oldum. Sözün düzü, həmin an mətbuat konfransının canlı yayımlandığını bilmirdim. Həmin gün dünyanın müxtəlif guşələrindən xeyli sayda təşəkkür məktubu aldım. İlk dəfə onda özümdə belə bir fikir formalaşdı: Elədiklərim  əbəs yerə deyil.

Nəyəsə görə təəssüflənmirəm. Əminəm ki, həyatımda baş verənlərin hamısı lazım olduğu kimi olub. Mən taleyə və hər kəsin bu dünyada bir təyinatı olduğuna inanıram. Mən heç vaxt məsləhət vermirəm və heç kimi ittiham etmirəm. Fikrimcə, məsləhət verməyə yalnız böyüklərin, ağıllı, təcrübəli insanların haqqı çatır. Kimisə ittiham etməyə isə heç kimin haqqı çatmır.

Təəssüf ki, çoxları Rusiyada böyümüş azərbaycanlılar haqda yanlış təsəvvürə malikdir. Mən kifayət qədər ciddi tərbiyə almışam. Hər zaman icazə sərhədlərini və həddini bilmişəm. Böyük bir meqapolisdə böyüməyimə baxmayaraq, heç vaxt öz kökümü unutmamışam.  Heç olmasa, ayda bir dəfə məscidə gedirdim. Hər bir insanın qəlbində inam olmalıdır. Onsuz həyat heç bir məna daşımır.

Əminəm ki, yalnız keçmişə boylanmaqla gələcəyə əminliklə baxmaq olar. Bunu hər bir qız bilməlidir. Çünki millətin gələcək nəslinin necə olacağı məhz bundan asılıdır. Təsadüfi deyil ki, tanınmış Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev deyib ki, bir oğlana təhsil verməklə siz bir təhsilli insan qazanırsınız, bir qıza təhsil verməklə isə bir təhsilli ailə əldə etmiş olursunuz. Təhsil yalnız dünyanın aparıcı universitetinin diplomunu almaq demək deyil, eyni zamanda öz adət-ənənələrini, mədəniyyətini bilməkdir.

Qız ailəsinin simasıdır. O, nəyisə etməzdən əvvəl hər şeydən öncə düşünməlidir: bu addımı ilə valideynlərini utandırmayacaq ki? Ola bilər, kimsə mənim dediklərimə mənfi yanaşacaq. Mən öz növbəmdə bunu ənənələrə sadiqlik hesab edirəm. Biz Şərqdə müsəlman-qızlara məktəb açan, Şərqdə qadınlara ilk səsvermə hüququ verən xalqın nümayəndələriyik. Bizim fəxr ediləsi zəngin irsimiz var, yeni dəbli tendensiyalar ardınca qaçmamalıyıq. Mən mədəniyyətlərin və adətlərin qarşılıqlı əlaqəsi əleyhinə deyiləm. Əksinə, özüm rus mədəniyyətinə böyük hörmət və sevgiylə yanaşıram. Mən yalnız milli mənsubiyyətin saxlanılmasının tərəfdarıyam.

Day.az

 





15.07.2017    çap et  çap et