525.Az

“Günlərdən şeir”də Nəsib Nəbioğlu məqamı - Fotolar


 

“Günlərdən şeir”də Nəsib Nəbioğlu məqamı - <b style="color:red">Fotolar</b>

Ötən gün Açıq Kitabxanada Azərbaycan Yazıçılar Birliyi (AYB) və Milli Kitabxananın birgə təşkil etdiyi “Günlərdən şeir” layihəsi üzrə növbəti tədbir keçirilib.

Layihənin budəfəki qonağı Moskvada yaşayan şair həmvətənimiz Nəsib Nəbioğlu olub.

Qeyd edək ki, Nəsib Nəbioğlu 1954-cü ildə Kəlbəcərdə doğulub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-75-ci illərdə hərbi xidmətdə olub. 1975-80-ci illərdə Bakıda M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada Qorki adına Ədəbiyyat institutunu əla qiymətlərlə bitirib. Daha sonra SSRİ Dövlət Xarici turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. “Ürəyim yurd yeridir”(1988), “Sizə sözüm var”(1994), “Dua edən bulaq”(1996), “Bağışlamaz dağlar məni”(2004), “Nəğməkar əsgər”(2007), “Heç belə də kənd olar”(2011), “Ulduz nur saçırdı qayanın üstdə”(2014) şeir kitablarının müəllifidir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözü ilə açaraq şairi kitabxana oxucuları ilə tanış edib: “Artıq gənclərin, oxucuların, kitab həvəskarlarının sevimli məkanına çevrilən Açıq Kitabxananın bir ili tamam olur. Kitabxana arzu və ideyalarımızı bu bir ildə doğrultdu. “Günlərdən şeir” layihəsi də bu mənada kitabxanamız üçün yeni və uğurlu bir layihədir. Oxucu və müəllifin bir-birilə görüşməsi, onların yaxın, birbaşa ünsiyyəti əlbəttə ədəbiyyat və kitab həvəskarlarının diləyidir. Bugünkü qonağımız çağdaş şairlərimizdən Nəsib Nəbioğludur. O, xaricdə yaşayan, ancaq qəlbi Azərbaycanla döyünən, gözəl şeirləri ilə ürəkləri riqqətə gətirən bir şairdir”.

N. Nəbioğlu öncə görüşə gələn oxuculara minnədarlıq edərək yaradıcılıq yolundan, şeirlərinin əsas mövzularından söz açıb: “Mən 37 ildir ki, Moskvada yaşayıram. 1985-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. O dönəmlər ideologiya tamam başqaydı. Bir çoxları kosmosdan yazırdı. Mənsə vətən həsrətindən - Arazdan. Ümumiyyətlə, qürbətdə yaşayan şair vətən həsrətindən, ana məhəbbətindən, ana yurduna sevgidən yazmalıdır”.

Şair ona məşhurluq gətirdiyini söylədiyi “Nənəmin cəhrəsi” şeirini və yaradıcılığından müxtəlif poetik nümunələr səsləndirib. Tədbirdə N. Nəbioğlunun qonaqları şair Adil Cəmil və AYB-nin mətbuat katibi Xəyal Rza da iştirak ediblər.

Sonda şair oxucuların suallarını cavablandırıb.

Müşfiq ŞÜKÜRLÜ

 





15.07.2017    çap et  çap et