525.Az

“Mən İLESAM-a görə bir çox şey itirdim, əslində...”


 

MEHMET NURİ PARMAKSIZ: “ANCAQ QAZANDIQLARIMLA İTİRDİKLƏRİMİ YAN-YANA QOYARKƏN MƏMNUN OLURAM, GÖRÜRƏM Kİ, XOŞBƏXTƏM”

“Mən İLESAM-a görə bir çox şey itirdim, əslində...”<b style="color:red"></b>

Müsahibimiz Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Sənət Birliyinin - İLESAM-ın rəhbəri, Azərbaycan ədəbiyyatının dostu və təbliğçisi olan şair Mehmet Nuri Parmaksızdır.

- Mehmet bəy, söhbətimizə elə rəhbəri olduğunuz qurumla başlayaq. İLESAM-ın məqsəd və vəzifələri nədən ibarətdir?

- İLESAM 1986-cı ildə Nazirlər Kabinetinin qərarı ilə qurulmuş, Mədəniyyət Nazirliyinə bağlı qurumdur, hazırda üzvlərinin sayına görə Türkiyənin ən böyük sənət birliyidir. Yaradılmasında əsas məqsəd şair, yazıçı, elm xadimi və bu kimi sənət adamlarının çap olunmuş kitablarının, əsərlərinin müəllif hüquqlarını qorumaqdır. Burada musiqi, təsviri sənət, kino, elm və ədəbiyyat sahələri bir arada nəzərə alınır.

- Siz nə zamandan İLESAM-ın rəhbərisiniz?

- 2006-cı ildə İdarə Heyətinə daxil oldum, 2007-ci ildə müavin seçildim. Sonra iki il müəyyən səbəblərdən ayrı qaldım, 2010-cu ildə isə başqan seçildim. Hazırda qurumun fəaliyyət prinsipi ilə bağlı qanun layihəsi təklif olunub. Əgər o qanun qəbul olunarsa, onda bu təşkilatın vəzifələri daha da artacaq, üzvlərimiz daha çox müəlliflik haqqı qazana biləcəklər. Məsələn, sizdə sürətçıxarma mərkəzləri var, hər hansı kitabın sürətini çıxarıb çoxalda bilirlər. Ancaq Türkiyədə həmin qanun təsdiqləndikdən sonra bu, tamamilə qadağan olunacaq. Eləcə də mədəniyyət və akademik sahələrdə də fəaliyyətimiz var. Türkiyənin hər bir vilayətində, digər türkdilli ölkələrdə və eləcə də Azərbaycanın özündə son üç ildə xeyli işlər görmüş, layihələr həyata keçirmişik. Balkanlar, Kərkük, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və başqa ölkələrdə, yəni türk dünyasının hər yerində təmsilçilərimiz var. Ancaq onların hamısı ardıcıl fəaliyyətdə deyillər. Sadəcə bizim varlığımızı göstərirlər. Türkiyənin 81 vilayətində plagiatla mübarizə aparırıq. Bura kitablar, albomlar, film diskləri, kassetlər və başqaları daxildir. Artıq Avropaya, Amerikaya doğru yön alırıq. Gələcəyə yönəlik çox önəmli layihələrimiz var.

- Sizin rəhbərliyiniz İLESAM-a nə qazandırdı və bu qurum Sizdən nələri aldı?

- İLESAM mənim - Parmaksızın rəhbərliyi ilə yeni-yeni “barmaqlar” qazandı. Əlbəttə, görülən bütün işləri “tək mən etdim” deyə bilmərəm, çünki idarə heyətinin doqquz üzvü var. Onların bu təşkilata qatdığı çox şeylər var. Biz bu il 31 illiyimizi qeyd edəcəyik. Bu illərdə İLESAM Türkiyənin ən böyük birliyi olub. Düşünürəm ki, İLESAM mənimlə hərəkət, enerji, yeni layihələr, layiqli üzvlər qazandı. Mən sonunda uğur gördüyüm layihə çətin belə olsa, onu həyata keçirmək üçün çalışıram. Çünki müəyyən zaman sonra özümə hesabat verərkən “mən bunları etdim, bunu da bacardım” deyə bilmək önəmlidir. Bu yeddi il boyunca İLESAM-ın məndən aldığı ən mühüm şey zamandır. Ailəmdən, övladımdan, özümdən aldığım zamanı İLESAM-a verdim. Əgər İLESAM mənimlə nələrisə qazanıbsa, mən İLESAM-la bir çox şey itirdim, əslində. Ancaq qazandığım və itirdiklərimi yan-yana qoyarkən məmnun oluram, görürəm ki, xoşbəxtəm. Çünki çox mühüm layihələr, tədbirlər həyata keçirmişik.

- Birliyə üzvlük qaydaları necədir?

- Əsas məsələ kitabının çap olunmasıdır. Ancaq əlbəttə hər kitabı çap olunanı da qəbul etmirik. Bu sənətdə müəyyən bir səviyyəyə, təcrübəyə malik olması, imzasının az-çox tanınması, qələminin müəyyən kütlə tərəfindən qəbul olunması lazımdır.

- Gənclərə yer verirsinizmi?

- Təbii ki, gənclərə mütləq yer veririk. Gənclər arasında da kifayət qədər istedadlı yazarlar var. Onları gözardı etmək olmaz. Məsələn, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Biz bununla bağlı 100 nəfər gənc şairin vətənpərvərlik şeirlərindən ibarət antologiyanı Türkiyədə çap etdirəcək, həmin kitabları onlara hədiyyə edəcəyik. O gənclərdən bir neçəsini Türkiyəyə aparıb antologiyanın təqdimatını həm də Türkiyədə keçirəcəyik. Biz onların Türkiyədə də tanınmasını istəyirik. Bizdən sonra estafeti gənclər alacaq. Onlara dəstək olmaq indi bizim işimizdir.

- Azərbaycanda sizə və birliyə qarşı münasibət necədir, nə kimi əlaqələr qura bilmisiniz?

- Ən önəmli təşkilatlar - Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Elmlər Akademiyası, “Kaspi” qəzeti, Folklor İnstitutu, Avrasiya Fondu, “Azərkitab” və başqaları ilə əməkdaşlıqlarımız var. Gələcəkdə bu siyahı daha da genişlənəcək. İLESAM Azərbaycan təmsilçiliyinin rəhbərliyini Xəyal Rzaya tapşırarkən iki il içində bu qədər önəmli layihələr həyata keçirəcəyini düşünməmişdim.  Bu layihələr sayəsində İLESAM Azərbaycanda çox tanındı.

- AYB ilə müştərək almanaxlar, kitablar nəşr edirsiniz. Bu kitabların keyfiyyətindən razısınzımı?

- Adətən, hər il iki kitab çap edirik. Bu, almanax da olur, ayrı-ayrı müəlliflərin kitabları da. Bu işi daha da çoxaltmaq tərəfdarıyam. İndi Elmlər Akademiyası və Folklor İnstitutu ilə də birgə kitablar çap etməyi düşünürük. Bacardığımız qədər əməkdaşlıq etdiyimiz hər qurumla onun sahəsinə aid kitablar nəşr etdirmək istəyirik. Çünki söz uçar, yazı qalar. Bizim çap etmədiyimiz hansısa əsər zamanla itib gedə bilər, ancaq o çap olunarsa yüz il sonra da oxunacaqdır. Təbii ki, əməkdaşlıq etdiyimiz qurumun seçiminə qarışmırıq. Onlar bizə hansı əsəri, kitabı təqdim edərlərsə, biz də onu çap edirik. Bu seçim onların öz içərisində olur. Mən bu işlərimizi uğurlu hesab edirəm, ancaq yetərli deyil. Daha da artmalıdır.

- Azərbaycan ədəbiyyatına bələdsinizmi?

- Əvvəllər az oxuyurdum, ancaq son üç ildə daha çox oxumağa başlamışam. Çünki hər gəlişimdə şəxsən özümə kitablar hədiyyə olunur. Aralarında o qədər gözəl kitablar var ki, kitabxanamın ən yaxşı guşəsində yer alıb. O kitablar sayəsində Azərbaycanı daha çox tanıdım və sevdim. Mətbuatınızı izləməyə çalışıram. Digər mətbu orqanları izləməyə çox vaxtım olmasa da, Türkiyədə olarkən “525-ci qəzet”i davamlı oxuyuram. 

- Siz həm də şairsiniz. Şeir sizin üçün nədir?

- Elə bir an olar ki, kəlmələr yetərsiz qalar. Şeir də elə bir şeydir. Onu təsvir etməyə heç bir sözün qüvvəti çatmaz. Şeirdə ahəng, gözəllik, dərinlik, çağırış, bilinməyən bir sirr var. Şeirin içərisində hər şey var. Onu anlamağa çalışmaq həm də həyatı anlamağa cəhddir. Ondan nə qədər danışsaq da anladıb bitirə bilmərik. “Şeir yazıb bitirdim”- dedinsə, demək ki, sən də bitdin. Şeir bitməz. Şair heç zaman şeirə çatmamalıdır. Biz hər dəfə şeir yazarkən ona doğru bir addım atarıq, o isə bizdən iki addım uzaqlaşar. Ona çatmaq mümkün deyil. O, bununla sizdən qaçmır, əksinə, sizi daha böyük gözəlliklər içərisinə çəkir.

- Sizə şeir yazdıran səbəb kimi Funda adlı uşaqlıq sevginizin adını çəkmişdiniz. İlk şeirlərinizin ünvanı bəllidir. Bəs, sonrakı şeirlərinizdə həmin ünvan qaldımı, yoxsa zaman-zaman dəyişdimi?

- Fundanın bundan heç zaman xəbəri olmadı. Bu, elə bir hissdir ki, sanki içinizdə hansısa alov gizlənir, onu yandırmaq üçün sadəcə bir qığılcıma ehtiyac var. Funda mənim üçün o qığılcım oldu və sonradan o alov daha da böyüdü. Bəlkə də o qız olmasaydı, başqa birisi də ola bilərdi. Çünki hər şeyin özündə bir eşq var, anaya, vətənə, bayrağa, sevgiliyə... Hər insanın da bir az eşqə ehtiyacı var. Kimdən soruşsanız ki, sevirsənmi, əksəriyyət gizlədəcək, ancaq əmin olun ki, hər kəsin içində bir sevgi mütləq vardır.  Sevgi həm də dəyişən bir şeydir, müəyyən müddət sonra bir başqasını da sevmək mümkündür. Sevgini ancaq qarşı cinsə deyil, sənətinə, ailənə, vətəninə olan hiss kimi də anlamaq lazımdır. Bir də şair üçün əsas məsələ kədərdir, kədər hissi yaşamasıdır. Həmişə xoşbəxt olan birisi şeir yaza bilər, ancaq o şeirə dad verən, ruh qatan kədərdir.

- Həyat yoldaşınıza şeirlər yazmısınızmı?

- Təbii ki, yazmışam. Hətta bir çox kitablarımı ona həsr etmişəm. Həyat yoldaşım mənim üçün çox önəmlidir. Çünki həqiqətən həyatıma yoldaşdır. İşimlə əlaqədar dünyanın hər yerinə gedirəm, evdən uzaq düşürəm, onlara zaman ayıra bilmirəm. Əvvəllər şikayət edərdi, indi artıq öyrəşib. Bir oğlumuz var, ən çox onunla zaman keçirir. Həftənin altı gününü işləyirəm. Bazar günü nə cür tədbir də olsa getmirəm, bir günümü ailəmə həsr etməyi daha üstün tuturam. Ailə və işi birgə eyni səviyyədə idarə edə bilmək mümkün deyil, zaman-zaman hansısa üstün olur. Ancaq işə zaman ayırarkən ailəni unutmaq olmaz, hər fürsətdə onların da könlünü almaq lazımdır. O zaman özümü xoşbəxt hiss edirəm.

- Və nəhayət, yaxın zaman üçün planlarınız...

- Planlarımızı, demək olar ki, öncədən bilmirik. Çünki həyat planı sevmir. Ancaq onu deyə bilərəm ki, böyük işlər planlayırıq. Bunun bir az da pulla əlaqəsi var. Büdcəmiz nə qədər böyüyərsə, o qədər də böyük layihələr həyata keçirəcəyik. Yaxın zamanda planlaşdırılan ən böyük layihələrdən biri odur ki, Türkiyədə çap olunmuş 20-30 min türkcə kitabı gətirib burada Azərbaycanın bütün kitabxanalarına hədiyyə edəcəyik. Bu, davamlı olaraq həyata keçiriləcək. Yəni, yalnız Azərbayca deyil, digər ölkələrə də həmin sayda kitablar hədiyyə ediləcək. Gələcəkdə bir televiziya proqramı ola bilər, ya da mətbuatda nələrsə edə bilərik. Hazırda bu sahədə bizə ən böyük dəstəyi “525-ci qəzet”, onun baş redaktoru Rəşad Məcid göstərir. Ancaq bunların hamısı əməkdaşlıq etdiyimiz qurumlarla birgə mümkündür, biz bir yerdə güclüyük.

Şahanə MÜŞFİQ

 





15.07.2017    çap et  çap et