525.Az

Almaniya və Avstriyada Alxanlı faciəsi ilə əlaqədar etiraz aksiyası


 

Almaniya və Avstriyada Alxanlı faciəsi ilə əlaqədar etiraz aksiyası <b style="color:red"></b> Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə əlaqədar Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən iyulun 16-da Bielefeld şəhərində mitinq keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub.
 
İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!” kimi şüarlar səsləndiriblər. Aksiyada Xocalı faciəsində həlak olmuş şəhidlər də yad edilib. Aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz Alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
 
Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə də Vyana Dövlət Operasının önündə Ermənistanın bu təxribatına qarşı etiraz aksiyası keçirilib. Avstriyada yaşayan Azərbaycan və türk diaspora fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər. Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
 





17.07.2017    çap et  çap et