525.Az

Milli mətbuat gününə dəyərli töhfə


 

Milli mətbuat gününə dəyərli töhfə<b style="color:red"></b>

Bu yaxınlarda "Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)" adlı monoqrafiya Azərbaycan və rus dillərində işıq üzü görüb.

Monoqrafiyaların müəllifi Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin əməkdaşı, mətbuat tarixi tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Lalə Osman qızı Hacıyevadır. Lalə xanımın xüsusi təqdimata ehtiyacı olmasa da, yenə də qeyd etmək istərdim ki, o, zəngin jurnalist təcrübəsinə malikdir, Sovet dövründə "Molodyoj Azerbaydjana", "Mədəniyyət", "Bakinskiy raboçiy" kimi aparıcı mətbuat orqanlarında çalışıb, müstəqillik illərində isə Britaniya Yayım Korporasiyası - BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. Səmərəli jurnalist fəaliyyətinə görə 1996-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi Həsən bəy Zərdabi mükafatına, 2001-ci ildə "Women Press" - Jurnalist Qadınlar Assosiasiyasının "İlin ən yaxşı radio jurnalisti" adına layiq görülüb. Lalə xanım jurnalistika ilə yanaşı, uzun illərdir ki elmi və pedaqoji fəaliyyətlə məşğul olur. 1994-cü ildən Bakı Dövlət Universitetində dərs deyir. Elmi fəaliyyətini mətbuat tariximizin açılmamış səhifələri - Azərbaycanın rusdilli mətbuatının araşdırılmasına sərf edib.

Bakı Dövlət Universitetinin "Mətbuat tarixi" kafedrasının dosenti olaraq etiraf etməliyəm ki, bu vaxta qədər əsasən mətbuat tarixini bir dilli və birtərəfli öyrənmişik. Çox az-az hallarda rusdilli mətbuata istinadlar olub və araşdırmalar da əsas etibarilə fraqmental səciyyə daşıyıb. Ara-sıra dissertasiyalar və monoqrafiyalar olub, məsələn, Səmayə Movlayevanın "Kaspi" qəzetində Azərbaycan mədəniyyətinin təbliği" adlı əsəri olub. Lakin Lalə xanımın yazdığı monoqrafiya onunla fərqlənir ki, burada konseptual yanaşma var, rusdilli mətbuat dedikdə "Kaspi" qəzeti ilə məhdudlaşmır. Tədris baxımından, onu da qeyd edim ki, Azərbaycanda, bu vaxta qədər mətbuat tarixini bir tərəfli tədris etmişik, ancaq Azərbaycan dilli mətbuatın mənzərəsini vermişik, onların polemikalarını, diskusiyalarını verərək, bununla da kifayətlənmişik. Amma biz nəzərə almalıyıq ki, Azərbaycan mətbuatı tarixi bir dilli deyil, çox dillidir, o cümlədən, rusdillidir. Təəssüf ki, bizim əleyhimizə işləyən erməni dilli mətbuatın hələlik mütəxəssisi yoxdur. Çox dillilik mənzərəsindən baxanda, bizim tədrisimiz üçün çox ciddi materialdır. Təbii ki, Azərbaycan dilli mətbuat bizim şah damarımızdır, amma müqayisəli araşdıranda, çox şeylər ortaya çıxır, bunlar əsas verir ki, ictimai fikrin tarixinə, lap elə müstəqillik yolunda mübarizə tarixinə, ideoloji mübarizə tarixinə aydınlıq gətirilsin.

L.Osman qızı rusdilli mətbuatın, bütövlükdə mətbuat tariximizin təşəkkül dövrünü tam əhatə etmək üçün Azərbaycanda nüsxələri olmayan qədim nəşrləri Sankt-Peterburq, Moskva və Tbilisi şəhərlərində yerləşən arxivlərdə və kitabxanalarda aşkar edərək Azərbaycana gətirib. Gətirdiyi sənədlər və nəşrlər arasında Rusiya Milli kitabxanasında qorunub saxlanılan Azərbaycanın ilk mətbu orqanı olmuş "Bakinskiy listok" (1871-1872) qəzeti də var. Lalə xanım nəcib iş görərək həmin qəzetin bütün saylarını kitab halında nəşr edib, elmi dövriyyəyə daxil edib. Qeyd etmək lazımdır ki, bu qəzet milli mətbuatımızın flaqmanı olan "Əkinçi" (1875-1877) qəzetindən dörd il əvvəl Bakıda işıq üzü görmüşdü və bəzi mülahizələrə rəğmən, guya sadəcə vərəqə səciyyəsi daşımışdı, tədqiqatçının araşdırmalarından görünür ki, kiçik həcmli şəhər qəzeti olan "Bakinskiy Listok" əsasən o zamanki Bakının problemlərini işıqlandırmağa və şəhər əhalisinin zövqünü oxşamağa çalışmışdı.  Məhz bu qəzetdə Azərbaycan Milli mətbuatının patriarxı Həsən bəy Zərdabinin Azərbaycanda ilk məqaləsi işıq üzü görmüşdü. Lalə xanımın göstərdiyi kimi, sonrakı illərdə, yəni XX əsrin ilk illərində, rus dilində çıxan mətbuatın Azərbaycan milli mətbuatının inkişafına yetərincə təsiri olmuşdu. "Şərqi-Rus", "Həyat", "İrşad", "Tərəqqi", "Füyuzat", "Hümmət" və s. milli qəzetlərin redaktorları Məhəmməd Ağa Şahtaxtinski, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqaları jurnalistikada ilk addımlarını rusdilli mətbuatda atmış, iti qələm sahibi və publisist kimi məhz bu mətbuatda püxtələşmişdilər.

 Bu təsir qarşılıqlı idi. Həsənbəy Zərdabi mətbuatın rolunu "Əkinçi" qəzetində necə müəyyənləşdirmişdisə, 1898-ci ildə "Kaspi" qəzetinin redaktoru olan Ə.M.Topçubaşov da o yolla gedirdi. İmzasıyla çıxan ilk nömrədə baş məqalədə o, qəzetin vəzifəsini müəyyənləşdirdi. Həsən bəyin dünyagörüşü, mətbuat haqqında dedikləri orada öz əksini tapır.

1891-ci ildə 3 ay qəzetin redaktoru Şahtaxtinski Məhəmməd Ağa olub. O da, o dövr Azərbaycan ziyalılarını "Kaspi"yə cəlb edir, çünki, 1891-ci ildən sonra bizim ana dilində qəzetimiz yox idi. "Kəşkül" bağlanmışdı, ta 1903-cü ilə gədər qəzetimiz olmadı. 12 il biz milli mətbuatdan məhrum olduq. Ziyalılar "Kaspi"yə üz tutdular: N.Nərimanov, Əhməd bəy Ağayev və başqaları "Kaspi"də çıxış edirdilər. Xüsusən də 1897-ci ildə neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən qəzet və mətbəəsi satın alınandan sonra.

Bir şeyi də qeyd etmək lazımdır. Azərbaycanda, ümumiyyətlə Rusiyada mətbuat prosesləri nisbətən parallel gedirdi. Orada hansı siyasi proseslər baş verirdisə, Azərbaycanda öz təsirini göstərirdi. 1865-ci ildə Rusiya kapitalist iqtisadi inkişafına gədəm qoydu. Bakıda sənaye inkişafı başladı. 1865-ci ildə Mətbuat haqqında Nizamnamə imzalandı. Bu nizamnamə o yerdə ki, Senzura Komitəsi var idi, qəzet yaratmaq icazəsi vermişdi. Məsələn, əgər 1861-ci ildə Rusiyada cəmisi 5 müstəqil qəzet çıxmışdırsa, sonradan sürətlə inkişaf  başladı. Elə ki, icazə verdilər, bir neçə adda qəzet açıldı. Biz Rusiyadan tərkid olunmuş deyildik. Biz o qanunlarla işləyirdik, mətbuat o qanunlarla fəaliyyət göstərirdi. Amma bircə şey var idi ki, o qanunlarda, milli qayət  üçün, Azərbaycanda mətbuatın inkişafı üçün istifadə etmək bacarığı Zərdabiyə qədər əmələ gəlmədi.

Söz açdığımız monoqrafiyaya gəldikdə, əsərin ümumi kompozisiyası məntiqlidir və qənaətbəxşdir. Birinci fəsildə Azərbaycanda rusdilli mətbuatın meydana gəlməsini şərtləndirən tarixi şərait, ikinci fəsildə bununla dövrü mətbuatın yaranması qoyulur və tarixi şəraitin tədqiqindən sonra XX əsrin əvvəllərindəki rusdilli mətbuat barədə söhbət açılır. Üçüncü fəsil sanki mövzunun finişinə yaxınlaşdırır, vəd olunan 1918-ci il sərhəddi kontekstində Birinci Dünya müharibəsi və bolşevik irtica illərində Azərbaycanda rus dilli mətbuatın taleyi tədqiqata cəlb olunur. Əlbəttə, yalnız fəsillərin adını çəkdiyim bu monoqrafiyanın çox mühüm və elmi mahiyyət daşıyan bölmələri vardır. Təxminən, 13 bölməni də əhatə edən əsərdə bəzi hallarda təkcə Azərbaycanda deyil, hətta Qafqazda gedən tarixi mətbuat proseslərinə diqqət yetirilir. Və Qafqazda rusdilli mətbuatın xeyli dərəcədə ideoloji kanonları barədə də söhbət açılır.

Ciddi tarixi önəm daşıyan məqamlardan biri Azərbaycanda ilk rusdilli nəşrlərin tədqiqi - məsələn, "Bakinski Listok", "Bakinskiye İzvestiya", "Kaspi", "Baku", "Proqress", "Bakinets"  qəzetlərinin obyektiv tədqiqidir. Sovet dövründə bu mətbu orqanlara burjua mətbuatı kimi yanaşılırdı və ya tədqiqatlardan kənar qoyulurdu, ya da məlum ideoloji prizmadan qiymətləndirilirdi. Monoqrafiyanın süjet xətti (belə demək mümkünsə) XX əsrə keçməsi də, elmidir, ayrı-ayrı inkişaf mərhələsinin yekunudur (tədqiqatın zaman kontekstinə görə). Bu yerdə bütövlükdə mətbuatın, ayrıca olaraq rusdilli mətbuatın mahiyyəti açılır, bolşevik hərəkatının mətbuatla bağlı ideoloji məqamları qeyd olunur, hətta bu dövrün mətbuat üzrə mütəxəssislərə belə bu vaxta qədər məlum olmayan satirik mətbuatı - "Ciqit", "Biç", "Çakinskoye Qore", "Vay-Vay", "Baraban" və s. jurnallar araşdırılır. Birinci Dünya Müharibəsi dövrünün mətbuat ziqzaqları, çarizmin süqutu və çoxpartiyalı mətbuatın meydana gəlməsi, milli özünütəyin ideyası ətrafında müzakirələr və s. məsələlər monoqrafiyanın maraqlı cəhətləridir.

Bu əsər bir sıra tarixi təhriflərin aradan qaldırılması baxımından da çox əhəmiyyətlidir. Məsələn, müəllif tərəfindən ilk dəfə elmi dövriyyəyə daxil edilən qəzet yazılarının araşdırılması nəticəsində 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı" deyilən uydurma hadisələrə obyektiv qiymət verilmişdir. Tədqiqatçı kökləri 1905-1906-cı illərə gedib çıxan və bu günə qədər də davam edən Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra qərəzli təsəvvürləri təkrarən nəzərdən keçirərək, yenidən mənalandırmağa çalışmışdır. S.Şaumyanın "Bakinski raboçi" və "İzvestiya Soveta raboçix i soldatskix deputatov", habelə erməni naşiri X.Vermişevin "Baku" qəzetlərinin məzmunca təhlili sayəsində 1918-ci ilin martında Bakıda və onun ətrafında azərbaycanlı əhaliyə qarşı silahlı hücumların hazırlanmasında bolşevik-daşnak təbliğatının həlledici rol oynadığını aşkar və sübüt etməyi bacarmışdır.

Yekunda onu söyləyim ki, yarım əsr ərzində - XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək - Azərbaycanda nəşr olunan rusdilli dövri mətbuat haqqında bəhs edən bu əsər mətbuatşünaslığımızda ilk təcrübədir. Əminəm ki, ictimai-siyasi fikir tarixi və filologiya məsələləri ilə məşğul olan mütəxəssislər üçün faydalı və yararlı olacaq.

Sima RƏHİMOVA
Bakı Dövlət Universitetinin dosenti

 





18.07.2017    çap et  çap et