525.Az

Gülər Əhmədova: "Mən normal, namuslu və qeyrətli bir adamam"


 

Gülər Əhmədova: "Mən normal, namuslu və qeyrətli bir adamam"<b style="color:red"></b>

ABU-nun sabiq rektoru Elşad Abdullayev məlum videonu yayandan sonra YAP-çı deputat Gülər Əhmədova bir neçə gün susqunluq nümayiş etdirdi. Lakin oktyabrın 1-dən etibarən vəziyyətin dəyişməsi müşahidə olunur. Öz Facebook səhifəsində insult olması barədə xəbər yayan (sonradan bu xəbəri onun yaxınları da təsdiqlədilər) xanım deputat qəfildən fəallaşdı və hətta sağa-sola təhdidlər, qınaqlar da yağdırmağa başladı.

Onun bu fəallığının hakimiyyətin Gülər Əhmədova kursunu yumşaltması prosesi ilə eyni günə düşməsi maraq doğurmaya bilməz. Görünən budur ki, hakimiyyətdə G.Əhmədovanın himayəçilərinin onu müdafiə kursu qalib gəlib və bundan xəbəri olan sabiq deputat hərəkətə keçmək barədə qərar verib. Bir sıra agentliklərə qısa açıqlama verən xanım Əhmədova E.Abdullayevə mesajlar yollayıb, onun barəsində yazan jurnalistləri isə qınayıb. Məsələnin maraqlı tərəfi budur ki, G.Əhmədovanın həmin qınaqlarında əslində bir təhdid tonu da var.

Bu ton müxbirimizlə onun telefon danışığında da hiss olundu. Öncə qəzetimizə açıqlama verməkdən imtina edən sabiq deputat dedi ki, gərək “Yeni Müsavat” onun barəsindəki videomaterialı yaymayaydı; həm də onun sahibi olduğu “Mərkəz” qəzetinin reklamını musavat.com-dan yığışdırmayaydı. Bunun ardınca isə Gülər xanımdan ünvanımıza yüngül, örtülü təhdid silsiləsi gəlir: “Necə yazırlar, qoy davam etsinlər, görək nə olur”...

Doğrusu, redaksiya rəhbərliyi müxbirimizlə onun danışığının lent yazısını dinləyəndə heyrətə gəlib. Ölkə miqyaslı bir qalmaqalın baş qəhrəmanı özünü də, təmsil etdiyi hakimiyyəti də ölkədə və dünyada hədəfə gətirən, biabır edən, barəsində cinayət işi açılan bir siyasətçi dönüb başqalarını ittiham edirsə, suçlayırsa, hədələyirsə, bu məqamda heyrətlənməmək mümkün deyil. 19 sentyabrdan - E.Abdullayev məlum videogörüntülər barədə mətbuata müraciət edəndən biz bu barədə yazmadıq. Sabiq rektorun şübhəli reputasiyası, eləcə də qəzetimizlə çəkişməsi, üstəlik, G.Əhmədova ilə normal münasibətlərimizin olması bizi bu mövzuya ehtiyatla yanaşmağa vadar edirdi. Lakin ilk olaraq “Azadlıq” qəzetinin saytında yayılan videogörüntülərdən sonra kənarda qalmaq, mövzunu işıqlandırmamaq mümkün deyildi.

Bunları əsas gətirən müxbirimiz Gülər xanıma iradları qarşılığında deyib: “Axı siz də qəzetçisiniz, bu işləri bilirsiniz. O videonu biz necə yaymaya bilərdik? Hər kəs yaydığı halda biz yaymasaydıq, qəzetin reputasiyası hansı vəziyyətə düşərdi?”

Və bu məqamda aldığımız cavab olduqca ilgincdir. Yazaq, oxucular da heyrətlənsin. G.Əhmədova bizə qəzetçilik dərsi keçərək deyir: “Mən qəzetçi olmamışdan əvvəl normal, namuslu və qeyrətli bir adamam”.

Onun özü barədə bu cür düşünməsi ilə işimiz yoxdur. Lakin bu ifadələr həmin videonu yayan, onunla bağlı reportajlar verən media quruluşlarının hamısına təhqirdir. Yəni həmin qəzetlərə və qəzetçilərə...

G.Əhmədova ətrafında cərəyan edən olaylarla bağlı geniş danışmaq istəmədiyini də vurğulayıb. Deyib ki, agentliklərə danışıb, bunlar yetərlidir.

Sonda Gülər xanım məlum və naməlum bütün ünvanlara növbəti təhdidini ünvanlayıb: “Necə başlayıblar, elə də davam etsinlər, hamıya uğurlar arzulayıram. Mən çox adamın videosunu ortaya qoya bilərəm, ondan multik çəkə bilərəm. Elşad Abdullayevin yaydığı video heç kimə lazım deyildi. O gəlsin bura, danışarıq”.

G.Əhmədovanın sahibi olduğu “Mərkəz” qəzetinin banerini saytımızdan çıxarmaq faktına gəlincə... Biz bu barədə gərəkən açıqlamanı dərhal yaymışıq və təkrara da lüzum görmürük. Lakin yaxşı olar ki, hörmətli G.Əhmədova öz qınaqlarını partiyasının rəhbər şəxslərinə - ona “dələduz” deyən Əli Əhmədova, YAP-dan qovulması xəbərini yayan Aydın Mirzəzadəyə, iqtidardan olan deputat həmkarlarına ünvanlasın, onları təhdid etsin. Bir saytın banerini başqa bir saytdan çıxarmaq nədir ki?! Onun özünü deputatlıqdan, YAP rəhbərliyindən çıxmağa vadar edən, insult imitasiyasına zorlayan hadisənin guya fərqində deyilmi? Burada bizlik nə var ki?

“Yeni Müsavat” olaraq biz olaylara yalnız ayna (güzgü) tutmaqla məşğuluq; barəsində də indiyə qədər etdiyi əmələ adekvat olmayan heç nə yazmamışıq. Öz silahdaşlarının işlətdikləri hörmətsiz ifadələri də işlətməmişik. İndi “özünü bu ayinədə əyri görüb” bizi təhdid etməsin; qəzetlərlə bu cür davranan hələ heç kim xeyir görməyib.

 





02.10.2012    çap et  çap et