525.Az

Cağazurlu Ağamməd


 

Cağazurlu Ağamməd<b style="color:red"></b>

1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri-türklərinin apardığı müharibədə, tarixə “Qara göl”  döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmış xalq qəhrəmanlarından biri də Cağazurlu Ağaməmməddir.

Qara göl döyüşləri əslində XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış Azərbaycan milli burjuaziyasının ən görkəmli xadimlərindən biri, öz xalqı qarşısında göstərdiyi xidmətlərə görə Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağamusa Nağıyev, xan qızı Natəvan kimi öz halal zəhmətilə qazandıqları var-dövləti xalqın yolunda sərf edən və onlarla bir sırada dayanan Soltan bəyin bilavasitə rəhbərliyi, təşkilatçılığı və maddi dəstəyi ilə aparılan partizan müharibəsi idi. Bu müharibədə Soltan bəylə yanaşı onun ən yaxın silahdaşları – Seyid Həmid, Hacılarlı Ağalar, Cağazurlu Ağamməd, Bayandurlu Gülüm, Malıbəyli Zaman və digərləri xalqımızın azadlıq mücadiləsi tarixinə əsl xalq qəhrəmanları kimi düşmüş, adları qan yaddaşımıza həkk olunmuş, nəinki Azərbaycan xalqının bütün türk dünyasının qürur duyduğu, fəxr etdiyi şəxsiyyətlərdir.

Çətin dağ şəraitində, keçilməz dərə və aşırımlarda aparılan döyüş əməliyyatları ancaq bu ərazini dəqiq tanıyan, eyni zamanda qorxmaz, igid, doğma torpağın təəssübünü, xalqının, elinin namusunu canımdan əziz tutan qeyrətli oğullar sayəsində uğurla başa çatdı. Bu döyüşlərdə Cağasurlu Ağammədin göstərdiyi igidliklər, şücaətlər sonralar artıq əfsanələr səviyyəsinə qədər yüksəldi.

Ağaməmməd İmamqulu oğlu Quliyev 1873-cü ildə indiki Laçın rayonunun Cağazur kəndində anadan olmuşdu. Hələ yeniyetməlik və gənc yaşlarından mahir ovçuluğu, qoçaqlığı və qorxmazlığı ilə həmyaşıdlarından fərqlənən Ağaməmməd erməni quldur dəstələri Qarabağa soxulmaq istərkən bir an belə tərəddüd etmədən doğma torpaqların müdafiəsinə qalxmışdı. Onun adı xalq arasında o qədər danışılıb ki, sonradan xalq dilində yuvarlanaraq Ağamməd şəklində tələffüz edilib.

Ağamməd iri, cüssəli bədən quruluşuna, ağır çəkiyə malik olmasına baxmayaraq görünməmiş dərəcədə cəld, qoçaq, yorulmaq bilməyən bir igid olub. Ağammədi hər at götürməzmiş. Hər hansı  mənzilə gedərkən Ağamməd ən azı üç at dəyişməli olarmış. Erməni quldur dəstələrinə qarşı müharibədə göstərdiyi igidliklər ən ağır döyüşlərdən, mühasirələrdən ağlagəlməz dərəcədə qalib çıxan Ağamməd və onun ən yaxın silahdaşları Seyid Həmid, Hacılarlı Ağalar haqqında sadə xalq kütlələri arasında əfsanə yaranmışdı ki, bəs, Ağammədin, Seyid Həmidin və Ağaların əyinlərində guya dəmir libasları və ya Quran ayələri yazılmış geyimləri olduğundan onlara güllə təsir etmir.

Soltan bəydən külli miqdarda silah-sursat və maddi dəstək alan Ağamməd Cağazur kəndinin Goruş istiqamətində sonralar yerli əhalinin Qarovul təpə adlandırdıqları məntəqədə, Mərkəzdə, Kömür quyusu adlanan yüksəklikdə gözətçi postları yaratmış, indiki Ermənistanın Goruş rayonunun Tex, Gornidzor, Xindzoresk, Daşkənd kəndləri istiqamətində Cağazur kəndinə doğru bütün erməni hücumlarının qarşısını özünün təşkil etdiyi hərbi dəstələrlə almışdı.

Çünki Ağamməd də, Seyid Həmid də, Ağalar da yaxşı bilirdilər ki, Cağazur kəndinin ərazisi nisbətən düzəngah olduğundan ermənilər məhz buradan cəbhəni yarıb Malıbəy, Qarıqışlaq, Zeyvə kəndlərindən keçməklə irəliləyə bilərlər. Cəmi bir dəfə Ağamməd Qarabağa – Xosrov bəy Sultanovla görüşə gedərkən ermənilər onun kənddə olmamasından istifadə edib Cağazur kəndinə soxulmuş və kəndi yandırmışdılar. Lakin Ağamməd kəndə qayıdan kimi öz dəstəsi ilə hücuma keçərək erməniləri qovub Gorusa qədər bütün kəndlərdən çıxarmış, həmin kəndləri yandırmış və xeyli sayda erməni terorçularımı məhv etmişdi. Ona görə də Soltan bəy bir təşkilatçı və rəhbər kimi Coğazur kəndinin əhəmiyyətli mövqeyinə görə buranı daim diqqətdə saxlamış, Ağammədlə tez-tez, demək olar ki, günaşırı görüşmüş, döyüş əməliyyatlarımı müzakirə etmişdi. Soltan bəy dəfələrlə, istər döyüş bölgələrində istərsə başqa rəsmi məclislərdə həmişə “Mən Ağammədə özüm qədər inanır, özüm qədər etibar edirəm” deyərmiş.

Cağazurlu Ağammədin şəxsi igidliyi Köhnə Gorus kəndinin şimalında, Qazi gölünün sahilində erməni quldur dəstələri ilə gedən döyüşdə daha bariz şəkildə özünü göstərmişdi. Burada ermənilər, Gorus dərəsinə xeyli canlı qüvvə, silah sursat toplayaraq, Minkənd istiqamətində irəliləmək məqsədilə hücuma keçmişdilər. Lakin Ağamməd özünün ən yaxın silahdaşları – Cagazur kəndindən mahir atıcı Mahmudu, Məmmədi, Məhini, Hacılarlı Ağaları öz yanında keçidlərdə yerləşdirilmiş, eyni zamanda Malıbəy, Hocaz, Hacılar, Sadınlar, Əhmədli, Minkənd kəndlərindən əli silah tutan bütün əhalini Bayandur dərəsinə və Qurban bulağına toplamış, Seyid Həmid şüvari dəstəsi ilə ehtiyatda dayanmış və onlar birlikdə ermənilərin hücumunu gözləmişdilər. Ermənilər hərəkət etməyə başlayarkən gözləmədikləri halda Ağammədin mühasirəsinə düşürlər. Ağamməd şəxsən özü xüsusi təlim görmüş 30 nəfər terrorçunu zərərsizləşdirir, 10 nəfərini isə əsir götürür və təpədən dırnağa qədər silahlanmış ermənilərin ən güclü hesab etdikləri terrorçu birləşməsini darmağın edir. Qazi gölü döyüşü Qara göl döyüşlərində dönüş nöqtəsi olur. Bundan sonra bütün döyüş əməliyyatları indiki Ermənistanın Gorus və Sisyan rayonlarının ərazisinə keçir.

Ağamməd Zabux dərəsində Andronikin böyük silahlı birləşməsinin darmadağın edilməsində də xüsusi rol oynamışdı. Məlum olduğu kimi türk düşməni Andronik hiylə ilə Zabux və Abdallar dərələrindən keçməklə Şuşaya oradan Qarabağa soxularaq Qarabağın aran hissəsini ələ keçirməyi planlaşdırmışdı. Lakin Soltan bəyin müdrikliyi və uşaqgörənliyi sayəsində Andronikin terrorçu quldur dəstəsinin özü Zabux dərəcəsində tələyə salınaraq məhz edildi. Həmin əməliyyatlarda əsas və həlledici döyüşlərə Ağamməd rəhbərlik etmişdi.

Cağazurlu Ağamməd öz silahdaşları həm kəndliləri Mahmud, Məhi, Məmməd, İsgəndər, Cəbrayıl, Kərəm, Qəhrəman, Qara Hüseyn, Pənah Heydərov, Həsi, Qaraş, Baloğlan Cavad Malıbəyli Zaman eyni zamanda Hacılarlı Ağalar Seyid Həmidlə birlikdə erməni terroçu dəstələrinə qarşı diz qatlamadan, gecə-gündüz silahdan ayrılmadan mübarizə aparmışdır. Cağazurlu Ağamməd doğma torpaqların düşməndən qorumaqla yanaşı Zəngəzurun türklər yaşayan kəndlərindən dinc əhalinin qətliamlarının qarşısını almış, minlərlə azəri-türklərini erməni terrorçularından xilas etmişdi. Cağazurlu Ağamməd adı ermənilər arasında o qədər ciddi xof yaratmışdı ki, Daşnaqsütyun partiyası Ağammədin başı üçün xüsusi pul mükafatı ayırmışdı. Lakin onların bütün ciddi-cəhdlərinə baxmayaraq nəinki Ağammədi ələ keçirmək  və öldürmək niyyətlərinə nail ola bildilər, əksinə Cağazurlu Ağamməd öz silahdaşları ilə birlikdə ermənilərin indiki laçına, bütün Qarabağa uzanan qara əllərini qırdılar, onlara bu ərazidə elə bir zərbə vurdular ki, onlar uzun illər Sovet imperiyası dağılana qədər gözlərini götürüb Qarabağa tərəf baxa bilmədilər.

Tarixi reallıq bundan ibarətdir ki, məşhur Soltan bəy, onun silahdaşları – Seyid Həmid, Cağazurlu Ağamməd, Hacılarlı Ağalar, Boyandurlu Gülüm və onların digər silahdaşları ermənilərin türklərsiz Qafqaz, dənizdən dənizə Böyük Ermənistan dövləti yaratmaq ideyasını heç kəsdən əlavə kömək almadan, öz gücləri, öz igidlikləri, cəsarətləri doğma torpaqlarını öz canlarından  əziz tutmaları namus və qeyrətləri hesabına pozmuşdular. Böyük türk sərkərdəsi Nuru Paşanın Bakıda Qubada, Şirvanda, aran Qarabağda azadlıq yürüşlərinə onlar Qarabağın dağlıq hissəsində həyata keçirmişdilər.

Nuru Paşanın hərbi dəstələri indi ki Laçın rayonu ərazisinə gələrkən Cağazurlu Ağamməd, Seyid Həmid, Hacılarlı Ağalar türk əsgərləri ilə birlikdə Qarabağın dağlıq hissəsini, indi ki Laçın rayon ərazisini ermənilərdən təmizlənməsində yaxından iştirak etmişdir. Cağazurlu Ağamməd türk əsgərlərini əlavə ərzaqla təmin edilməsində böyük işlər görmüşdür.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər bir çox azadlıq mirahidləri kimi Cağazurlu Ağammədi də həbs etdirmək, ondan qisas almaq üçün dəridən-qabıqdan çıxışdılar. Onlar Moskvaya Cağazurlu Ağammədin başkəsən, quldur, qaniçən, günahsız dinc erməni əhalisini kütləvi şəkildə qətlə yetirməsi haqda ardı-arası kəsilmədən şikayətlər edirlər. Onlar nəhayət 1930-cu ildə öz məqsədlərinə qismən nail olurlar. Ağamməd həbs edilərək Şuşa türməsinə aparılır. Həbs edildikdən sonra Moskvadan onun Şuşa həbsxanasında güllələnməsi haqqında rəsmi qərar gəlir. Lakin Şuşa həbsxanasının rəisi Ağammədin igidliyinə, qocaqlığına görə onu həbsxananın həyətində, erməni dustaqların və erməni milisionerlərinin gözü qarşısında deyil, türmədən kənarda, Topxana meşəsində güllələnməsi barədə göstəriş verir. Deyilənə görə indiyə qədər də mübhəm alan səbəblərdən Ağamməd oradan qaçır və kəndə gətir və ertəsi gün kəndi bir yolluq tərk edir. Onun sonrakı taleyi haqqında heç bir məlumat əldə yoxdur. Ağammədin həyatda dörd övladı – bir oğlu və üç qızı olmuşdur. Onun adını daşıyan nəvəsi Ağamməd hal-hazırda Bakıda məskunlaşmışdır. O, da babası kimi 1988-1992-ci illərdə erməni işğalçılarına qarşı müharibədə iştirak etmişdir.

Qədirbilən Laçın camaatı, bütün Qarabağ eli xalqımızın qəhrəman oğlu, azadlıq mücahidi Cağazurlu Ağammədi bu gün də qürur və fəxrlə yad edir, onun əziz xatirəsini savaş tariximizin ən müqəddəs əmanəti kimi qoruyub saxlayırlar.

Nizami İsmayıl Səfəvi
08 may 2013-cü il

 





17.05.2013    çap et  çap et